Ağciyərlərin amöbiazı

Ağciyərlərin amöbiazı – ibtidai mikroorqanizmlər (dizenteriya amöbü) tərəfindən törədilən infeksion xəstəlikdir. Patologiya ağciyər toxumasında iltihabın inkişafı və absesin əmələ gəlməsilə xarakterizə olunur. Ağciyərlərin amöbiazı təngnəfəslik, qanlı bəlğəm, hərarət və döş qəfəsində ağrılarla təzahür edir. Diaqnoz şüa müayinəsinin nəticələri və laborator metodlarla törədicinin aşkarlanmasına əsaslanır. Amöbiaz zamanı antiprotozoy aktivliyə malik və antibakterial preparatlarla konservativ müalicə təyin olunur. Ağciyərlərin xroniki absesi, plevranın empieması formalaşdıqda cərrahi müalicə aparılır.

Ağciyər amöbiazı barədə ümumi məlumat

Ağciyər amöbiazına müstəqil patologiya kimi az rastlanı və, adətən, xəstəliyin daha geniş yayılmış bağırsaq formasının ağırlaşması olur. Ağciyər zədələnməsinin tək-tük hallarında patoloji ocaq orqanizmin bütün toxumalarında müşahidə olunur. Subtropik və tropik iqlimdə xəstələnmə xeyli yüksəkdir. İnfeksiya il boyunca qeyd olunur; ilin isti fəsillərində xəstələnənlərin sayı bir qədər artır. Pasientlərin çox hissəsini 20-60 yaşlı kişilər təşkil edir. Xəstə kişilərin xəstə qadınlara nisbəti 9:1 şəklindədir. Amöbiazla xəstələnmə riskinə istənilən etiologiyalı immunsupressiyalı insanlar, o cümlədən, hamilə və doğuşdan sonrakı dövrdə olan qadınlar aiddir.

Ağciyər amöbiazının səbəbləri

Amöbiaz protozoy antroponoz infeksiyalara aiddir. Xəstəliyin törədiciləri histolitik (dizenteriya) amöblərdir. Bu parazitlər vegetativ (böyük vegetativ, toxuma, mənfəz və sistaönü) və sista formalarında mövcud ola bilir. Sistalaşma amöbü xarici zərərli təsirlərdən qoruyur. İbtidailər vegetativ formada olduqda çoxalır, orqanizmə yayılır və müxtəlif orqanlarda, o cümlədən ağciyərlərdə ocaqlar formalaşdırır. Xəstəliyin ötürülmə mexanizmi fekal-oraldır. İnfeksiya mənbəyi amöbiazlı xəstə və ya sistadaşıyıcıdır. Sağlam insan törədici ilə çirklənmiş qida məhsulları, su, özünə qulluq vasitələri ilə yoluxur. Yoluxma kontakt yolla da mümkündür. Sistaların ötürücüləri tarakanlar, milçəklər və bəzi başqa həşəratlardır.

Ağciyər amöbiazının patogenezi

Yoluxma sistanın udulması zamanı baş verir. Sistalaşmış dizenteriya amöbü mədənin turş mühitinə davamlıdır. Onlar nazik bağırsağa düşdükdən sonra sistadan çıxaraq sistaönü və mənfəz vegetativ formaları əmələ gətirirlər. İbtidailər kor bağırsaqda və qalxan yoğun bağırsaqda aktiv çoxalırlar. Onlar hərəkətli və bir sıra proteolitik fermentlər ifraz etmək xüsusiyyətlərinə malik iri vegetativ formalara çevrilirlər. Bu xusiyyətlər sayəsində iri vegetativ forma bağırsaq divarına siraət edir və burada sonralar toxuma formasına persistə edir. Törədicinin bu forması limfogen və ya hematogen yolla tənəffüs sisteminə düşür və ağciyər amöbiazına səbəb olur. Ağciyərlərin zədələnməsi həm də qaraciyərin amöb absesinin plevral boşluğa yarılması zamanı inkişaf edir.

Patomorfoloji müayinədə alveolyar toxumada çoxsaylı infiltrasiya və abses ocaqları aşkar olunur. Ağciyərin sağ aşağı payı daha çox zədələnir. Amöb absesinin mərkəzində jelatinəbənzər konsistensiyalı ağciyər toxumasının nekroz hissəcikləri olur. Periferiyaya doğru perifokal iltihab zonası yerləşir. Nekrozlaşmış hissələrdə törədicini aşkarlamaq olar. Plevral boşluqda tez-tez irinli xarakter daşıyan ekssudat aşkar olunur

Ağciyər amöbiazının simptomları

Xəstəliyin başlanğıcında klinik mənzərə infeksiyanın yayılma yollarından xeyli asılıdır. Ağciyər təzahürlərini tez-tez dizenteriya üçün xarakterik olan diareya və ya qaraciyərin zədələnmə əlamətləri qabaqlayır. Subfebril hərarət və sağ qabırğaaltı nahiyədə ağrılar fonunda bəlğəmli öskürək meydana çıxır. Öskürək zamanı qəhvəyi-qırmızı (“ançous sousu” rəngli) bronxial möhtəviyyat xaric olur. Bəzən öd kisəsi-bronxial fistul olduqda bəlğəmin ödlə qarışması və sarı-yaşıl rəng alması müşahidə olunur. Qaraciyər nahiyəsindəki ağrılara güclü torakalgiya, döş qəfəsində ağırlıq hissi, tənəffüsün çətinləşməsi də qoşulur. Yüngül fiziki yüklənmələr zamanı təngnəfəslik əmələ gəlir. Bədənin subfebril temperaturu periodik olaraq yüksəlir və titrəmə ilə müşayiət olunur.  Tez-tez yuxarı tənəffüs yollarının zədələnmə əlamətləri, xoralı qlossit meydana çıxır. Xəstəni tənəffüs və öskürək zamanı güclənən döş qəfəsi ağrıları, səsibatıqlıq, ağız boşluğunda diskomfort və yanma hissi narahat edir. Dilin üzərində çoxsaylı, üzəri ağ ərplə örtülü kiçik xoralar əmələ gəlir. Belə xoralar ərp təmizləndikdən sonra asanlıqla qanayır. Dizenteriya amöbünün limfogen və ya hematogen yolla yayılması zamanı nadir hallarda tənəffüs orqanlarının funksiyalarının pozulması tam sağlamlıq fonunda yaranır. Süst gedişli ocaqlı bronxopnevmoniya simptomları meydana çıxır. Davamlı subfebril temperatur, selikli və ya qanlı-selikli bəlğəmli öskürək, mülayim təngnəfəslik əmələ gəlir.

Ağciyər amöbiazının ağırlaşmaları

Müvafiq müalicə aparılmadıqda ağciyər iltihabı ocağının yerində xroniki abses formalaşır. Ağciyər və diafraqmaaltı abseslərin plevra boşluğuna drenajı empiemaya və ya piopnevmotoraksa səbəb olur. Çox tez-tez bronxial fistullar (bronxo-plevral və bronx-qaraciyər fistulları) formalaşır və əsas xəstəliyin gedişini daha da ağırlaşdırır. Bu fistullar sepsis, ağır arroziv qanaxma, amiloidozun inkişafına gətirib çıxara bilər. Ağciyər amöbiazı tez-tez perikarditin inkişafı və sonralar ürəyin tamponadası ilə ağırlaşa bilər.

Ağciyər amöbiazının diaqnostikası

Amöbiazı həkim-infeksionist diaqnostika edir. Xəstəliyin ağciyər forması olan pasientlər pulmonoloq və torakal cərrah konsultasiyasına ehtiyac duyurlar. Sorğu zamanı anamnezdə diareyanın olub-olmaması, isti iqlimli regionlarda olmaq, dizenteriya amöbü ilə xəstələnmiş pasientlə kontaktın olma imkanı dəqiqləşdirilir. Diaqnozu təsdiqləmək məqsədilə aşağıdakı diaqnostik tədbirlər həyata keçirilir:

  • Obyektiv müayinə. Döş qəfəsinin perkusiyası ağciyər toxumasının sıxlaşdığı və ya ekssudatın toplandığı proyeksiyada perkutor səsin kəskin kütləşməsini aşkarlamağa kömək edir. Həmin nahiyədə tənəffüsün zəifləməsindən başlayaraq tənəffüs küyünün tamamilə olmamasına qədər eşitmək olar. Auskultasiyada həm də krepitasiya, quru və müxtəlif kalibrli yaş xırıltılar eşidilə bilər.
  • Rentgenoqrafiyaİnfeksiyanın yayılma yolundan və patologiyanın davametmə müddətindən asılı olaraq ağciyərlərin rentgenoqrammasında müxtəlif simptomlar aşkar olunur. Ağciyər toxumasında infiltrasiya ocaqları, destruksiya və horizontal səviyyəli maye tərkibli boşluq müəyyən olunur. Ağciyərlərin aşağı paylarında Damuazo çarpaz xətləri ilə homogen kölgələr plevral eksudatın olmasından xəbər verir. Tez-tez diafraqmanın sağ gümbəzinin hissəvi relaksasiyası, həmçinin piopnevmotoraks əlamətləri müşahidə olunur.
  • Laborator analizlər. Qan analizində leykositoz, leykositar formulun sola meyilliyi, EÇS-in sürətlənməsi, kəskin faza göstəricilərinin yüksəlməsi aşkarlanır. Plevral eksudatın, bəlğəmin müayinəsində bəzən dizenteriya amöbünün toxuma formaları aşkar olunur. Diaqnostika məqsədilə seroloji reaksiyalar (İFA, komplementin birləşmə reaksiyası, QDHR (qeyri-düz hemaqlütinasiya reaksiyası) istifadə olunur.

Ağciyər amöbiazını vərəm dəyişikliklərindən, tənəffüs orqanlarının bədxassəli törəmələrindən, ağciyərlərin irinli-destruktiv proseslərindən differensiasiya etmək lazımdır. Belə pasientlər ftiziatra və onkoloqa müraciət etməlidirlər. Yekun diaqnoz çox vaxt yalnız cərrahi müdaxilədən sonra patoloji materialın müayinəsi zamanı qoyulur.

Ağciyər amöbiazının müalicəsi

İstənilən lokalizasiyalı amöbiazdan əziyyət çəkən pasient həkim-infeksionit tərəfindən müalicə olunur. Bağırsaqdan kənar simptomları olan bütün xəstələr ixtisaslaşmış stasionar yardıma ehtiyac duyurlar. Xəstəliyin ağır fəsadları meydana çıxmış pasientlər reanimasion şöbədə hospitalizasiya olunur. Başlanğıc mərhələlərdə ağciyər amöbü konservativ müalicəyə tabe olur. Aşağıda qeyd olunmuş əsas dərman qruplarından istifadə olunur:

  • Amöbisid preparatlarToxuma və universal amöb əleyhinə preparatlar təyin olunur. Amöbiazın müalicəsində geniş tətbiq olunan duz turşulu emetin toxuma vegetativ formalara qarşı yüksək amöbisid təsirə malikdir və monoterapiya rejimində istifadə oluna bilər. Onun mənfi cəhəti insan orqanizminə güclü toksik təsir etməsidir. Toksikiliyi az olan preparatların və ya onların kombinasiyasının təyininə üstünlük verilir. Hazırda seçim preparatı metronidazoldur.
  • AntibiotiklərTetratsiklin sırası antibiotiklər patologiyaya rəvac verən xəstəliyin bağırsaq forması olduqda mikrobiotanı dəyişmək məqsədilə təyin olunur. Ağciyərlərin irinli destruksiyası, plevranın empieması zamanı ikincili bakterial infeksiyanın prosesə qoşulması müalicə sxeminə geniş spektrli antibakterial preparatların daxil edilməsinə göstərişdir.

Xroniki ağciyər absesi, plevranın empieması, bronxoplevral və qaraciyər-ağciyər fistulları olan pasientlər cərrahi müalicəyə ehtiyac duyurlar. Ağciyərin ekonomik rezeksiyası, lobektomiya və ya pulmonektomiya icra olunur. Cərrahi əməliyyatın həcmi patoloji prosesin yayılmasından asılıdır. Empiema zamanı plevral boşluğun drenajı, plevrektomiya, ağciyərin dekortikasiyası həyata keçirilir.

Ağciyər amöbiazının proqnoz və profilaktikası

Erkən mərhələdə diaqnostika olunmuş ağciyər amöbiazı konservativ müalicəyə asanlıqla tabe olur. Bu zaman xəstəlik, adətən, kafi sonlanır. Ağciyər və ağciyərdən kənar fəsadların prosesə qoşulması zamanı proqnoz ciddidir. Vaxtında cərrahi müdaxilə aparılmamış, piopnevmotoraks, perikardit, ağciyər qanaxması ilə ağırlaşmış amöbiaz letal sonlanır. Fərdi profilaktika şəxsi gigiyena qaydalarına ciddi əməl etməkdən ibarətdir. Ümumi profilaktik tədbirlər xəstələrin vaxtında aşkarlanması və müalicəsi; içməli suyun, qida məhsulların keyfiyyətinin sanitar kontroluna yönəlmişdir.

error: Content is protected !!