Ağızda acılıq
Ağızda acılıq — hər zaman qida qəbulu ilə əlaqəli olmayan daimi və yaxud periodik acı tamla xarakterizə edilir. Ona hamilələrdə, siqaret çəkən şəxslərdə, eləcə də keyfiyyətsiz qida qəbul etdikdə rast gəlinir. Acı tamın əsas patoloji səbəblərinə qaraciyər və biliar sistemin xəstəlikləri, mədə-bağırsaq traktının patologiyaları, ağız boşluğundakı lokal proseslər aiddir. Acılığın etioloji faktorunu müəyyən etmək üçün USM, qastroskopiya, duodenal zondlama, qan və nəcis analizi aparılır. Ağızda acılıq fermentlər, öd qovucu və spazmolitiklərlə aradan qaldırılır.
Ağızda acılığın yaranma səbəbləri
Keyfiyyətsiz qida qəbulu
Yaxşı bişirilməmiş, yanmış xörəklər ağızda acı tam yaradır. Su qəbulu bu xoşagəlməz hissi azaltsa da, onun tamamən keçib getməsi üçün 30-40 dəqiqə vaxt tələb olunur. Həmçinin qoz yedikdə acılıq meydana çıxır. Bu, onun tərkibindəki yağ turşularının parçalanaraq, acı kimyəvi birləşmələr əmələ gətirməsi ilə bağlıdır. Qeyd olunan əlamət ağrı və yaxud dispeptik pozğunluqlarla müşayiət olunmur.
Yaş dəyişiklikləri
Yaşlı şəxslərdə selikli qişa tədricən atrofiyaya uğradığından dadları ayırmaq qabiliyyətini itirir. Bununla əlaqədar yemək vaxtı acı tam daha qabarıq olur, digərləri isə hiss olunmur. Pasiyentlər qida növündən asılı olmayaraq, ağızda acılıqdan şikayətlənirlər. Bu isə tüpürcək ifrazının azalması və patogen mikrofloranın aktivləşməsi ilə izah olunur.
Siqaret istifadəsi
Siqaretin tərkibindəki nikotin və müxtəlif zərərli qətranlar ağız boşluğunun selikli qişasında ləngiyərək, acılıq törədirlər. Saqqız və nanəli konfetlər bu narahatlığl azaltmağa kömək edir. Eləcə də siqaret çəkən insanlar qidanın dadını hiss etmək qabiliyyətinin azaldığını bildirirlər. Daimi acılıq fonunda ağızda metal dadı yarandıqda, mütləq həkimə müraciət olunmalıdır.
Hamiləlik
Hamiləlik dövründə təbii səbəblərdən ağızda arabir acılıq yaranır. Progesteron hormonunun ifrazının artması nəticəsində bağırsaq mənfəzinə ödün keçməsi pozulur, öd turşuları MBT-nin yuxarı şöbələrinə atılır və xoşagəlməz hiss əmələ gəlir. Hamiləliyin birinci yarısında ağızda acılıq toksikoz zamanı ola bilər. Belə vəziyyətlərdə qusma aktından sonra acılıq daha da artır.
Ağızda acı tama bəzən hamiləliyin səbəb olduğu patoloji vəziyyətlərdə təsadüf edilir. Ən geniş yayılmış etioloji faktor hamiləlikdə xolestazdır. Ağızda acılıq qadını hamiləliyin 32-ci həftəsindən etibarən narahat etməyə başlayır. Qıcıqlandırıcı-acı dad güclü qaşınma, nəcisin rəngsizləşməsi və sidiyin tündləşməsi ilə müşayiət olunur. Belə əlamətlərlə qarşılaşdıqda ən qısa zamanda həkimlə əlaqə saxlanılmalıdır.
Funksional dispepsiya
Yetkin insanların təxminən 80%-də mədə-bağırsaq traktının fəaliyyət pozğunluqları qeydə alınır. Ağızda acılıq qidanın ləng mənimsənilməsi, bağırsaq motorikasının zəifləməsi ilə bağlıdır. Acı tama əksərən qida qəbulundan dərhal sonra qarında ağırlıq və meteorizm fonunda rast gəlinir. Bu xoşagəlməz hissi limonlu su, nanəli konfetlərlə aradan qaldırmaq mümkündür.
Dispepsiyanın klinik şəkli daha çox cavan və emosional sferası labil olan insanlar üçün xarakterikdir. Əksər hallarda ağızda acılıq və qarında spazmlar məktəblilər, eləcə də tələbələrdə imtahan qabağı yaranır. Simptomlar müvəqqəti olub, adətən stress faktorunun uzaqlaşmasından 1-2 gün sonra keçib gedirlər. Acılıq dözülməz ağrı və ishalla müşayiət olunduqda, mütəxəssisin konsultasiyası mütləqdir.
Hepatit
Qaraciyər zədələnməsinin səbəbləri müxtəlif olsa da, onların bütün klinik variantlarının təzahürləri oxşardır. Ağızda acılıq hepatitin ilkin əlaməti sayılır. Ona əsasən qaraciyər parenximasının xroniki iltihabında rastlanılır. Xoşagəlməz hiss qida qəbulundan 30-60 dəqiqə sonra yaranır. Bəzən acı dad səhər saatlarında da meydana çıxa bilər. Qaraciyər iltihabından əziyyət çəkən şəxs günorta yatarsa, oyandıqda ağzında kəskin, qıcıqlandırıcı dad hiss edir.
Xroniki B və C hepapitli xəstələrdə ağız boşluğunda acılıq 2-3 ay müddətində saxlanılır. Qaraciyərin fibrozlaşdığı hallarda acı dad daimi xarakter daşıyır. Ağır hallarda acılıq hissi sağ qabırğa altında ağrı, ürəkbulanma, öd qarışıqlı qusuntu kütlələri ilə müşayiət olunur. усугубляется болью и тяжестью в правом подреберье, тошнотой, рвотой с примесью желчи.
Biliar sistemin xəstəlikləri
Öd ifraz edən orqanların fəaliyyət pozğunluqlarında ödün sekresiyası nəzarət altından çıxır. Bu səbəbdən ağızda acılıq əmələ gəlir. Xəstəliyin yüngül formalarında acı dad yalnız yağlı yeməklərin və spitrli içkilərin qəbulundan sonra yaranır. Xəstələr həmçinin ürəkbulanmadan, sağ qabırğaaltında küt ağrılardan, nəcis ifrazının tezləşməsindən şikayət edirlər. Pəhriz rejiminə əməl etdikdə vəziyyət yüngülləşir.
Biliar sistemin ağır iltihabi və yaxud destruktiv dəyişikliklərində acılıq hissi insanı daim müşayiət edir. Ödün qida borusuna və mədəyə qayıtması ilə əlaqədar səhərlər güclü acılıq və ürəkbulanma olur. Nəcis ağ və yaxud bozumtul rəng alır. Bəzən dəri şiddətli qaşınır. Biliar sistemlə bağlı ağızda acılıq hissinin əsas səbəbləri aşağıdakılardır:
- Funksional pozğunluqlar: hiperkinetik diskineziya, Oddi sfinkterinin hipotonik çatışmazlığı
- İltihabi xəstəliklər: xolesistit, xolangit, xolesistoxolangit
- Öd daşı xəstəliyi
- Parazitar invaziyalar: opistorxoz, exinokokkoz, lyamblioz.
Mədə-bağırsaq traktının xəstəlikləri
Həzm traktının demək olar ki, bütün funksional pozğunluqları ağızda xoşagəlməz dadla gedir. Bu, qidanın mənimsənilmə prosesinin və ödün onikibarmaq bağırsağa ifrazının pozulması ilə izah olunur. Xroniki qastrit və duodenitlərdə qidalanma tərzinin pozulması və stress ilə əlaqədar ağızda acılıq hiss olunur.
Pankreatit və mədəaltı vəzinin digər xəstəlikləri acı tam və ağızdan xoşagəlməz iy ilə təzahür edir. Pankreatit kəskinləşdikdə acılıq hissi artır, ürəkbulanma müşahidə edilir. Dilin üzəri boz və yaxud sarı ərplə örtülür. Qusuntu kütlələrində həzm olunmamış qida qalıqları və öd izlənilir.
Stomatoloji xəstəliklər
Bakteriyaların ağız boşluğunda fəaliyyəti irinli stomatit və xoralarla nəticələnir. Sadalanan patologiyaların əlamətlərindən biri də ağızda acılıqdır. Bu simptom daimi xarakterli olur. Onun intensivliyi qida qəbulundan asılı olmur. Ağızda spesifik acı tamla üfunətli iyin müştərəkliyi dərin karies üçün səciyyəvidir.
Acı dad həm də stomatoloji manipulyasiyalardan sonra yarana bilər. Plomb materialı keyfiyyətsiz olduqda o, ağız suyunun fermentləri ilə reaksiyaya girib, dağılır. Nəticədə acılıq hissi formalaşır. Eləcə də bu tip əlamətlərə adətən diş protezlərinin qoyulmasından sonra ilkin dövrdə rast gəlinir. Acılıq ağızda yad əşyanın olması ilə bağlıdır.
Nevroloji pozğunluqlar
Ağızda acılıq baş beynin dad nüvələri zədələndikdə yaranır. Pasiyentlər səbəbsiz yerə acı tamın əmələ gəlməsindən şikayətlənirlər. Klinik şəkil üçün dad hissiyyatının təhrif olunması xarakterikdir: şirin turş və yaxud duzlu, eləcə də əksinə qəbul edilir. Ağızda acılıq həmçinin insultdan və kəllə-beyin travmalarından sonra tez-tez rast gəlinir.
Farmakoterapiyanın ağırlaşmaları
Ağızda acılıq çox zaman antibiotiklərlə müalicə fonunda inkişaf edir. Bu preparatlar faydalı mikrofloranı məhv edir, tüpürcəyin tərkibindəki lizosimin aktivliyi pozulur. Nəticədə göbələk mikroorqanizmləri çoxalmağa başlayır. Xəstələr ağızda daimi acılıq, yanğı hiss edirlər. Bu simptomlar yemək zamanı daha da güclənir. Acı tama həm də kimyapreparatları, antihistamin vasitələr, xolekinetiklər səbəb olur.
Ağızda acılığın nadir səbəbləri
- Tənəffüs sisteminin xəstəlikləri: alveolit, pnevmoniya, irinli bronxit
- Endokrin patologiyalar: hipotireoz, şəkərli diabet, hipokortisizm
- Şişlər: hepatosellülyar karsinoma, mədə və yaxud mədəaltı vəzin xərçəngi.
Ağızda acılığın diaqnostikası
Ağızda acılığın ən geniş yayılmış səbəbi MBT xəstəlikləri olduğundan ilk növbədə xəstə qastroenteroloqa müraciət etməlidir. Həkim ilkin mərhələdə anamnez toplayır, acılığın qida vərdişləri və günün vaxtları ilə əlaqəli olmasını aydınlaşdırır. Ardınca laborator və instrumental müayinələr tətbiq edilir:
- Sonoqrafiya. Ultrasəs müayinəsinin köməyilə həzm traktının vəziyyəti qiymətləndirilir, iltihabi-destruktiv dəyişikliklər, törəmələr aşkara çıxarılır. Qaraciyər və öd kisəsinin hədəfli USM aparılır.
- Duodenal zondlama. Ağızda acılığın biliar sistemin xəstəlikləri tərəfindən törədildiyindən əmin olmaq üçün ardıcıl formada 5 porsiya öd götürülür. Mütəxəssis təbii rejimdə və farmakoloji stimulyasiya ilə ödün bağırsağa daxil olma sürətini və miqdarını təyin edir. Sonra bakterioloji müayinə aparılır.
- Endoskopik müayinə. Qida borusu və qastroduodenal zonanın xəstəliklərinin diaqnostikasında qastroskopiya göstərişdir. Endoskopiya zamanı selikli qişaların tamlığına, iltihab və atrofiya sahələrinin olmasına diqqət yetirilir. Böyük duodenal məməciyin və onikibarmaq bağırsağın başlanğıc hissələrinin vəziyyəti yoxlanılır, biosiya edilir.
- Nəcis analizi. Ağızda acılıq yaradan əksər xəstəliklər nəcisdə spesifik dəyişikliklərə səbəb olur. Öd ifrazı pozulduqda nəcis kütlələrində külli miqdarda yağ tapılır. Mədəaltı vəzinin xəstəliklərində isə ifrazatlarda həzm olunmamış liflər və irimolekullu karbohidratlar izlənilir.
- Laborator diaqnostika. Qadınlarda hamiləlik faktlnl inkar və yaxud təsdiq etmək üçün XQ analizi aparılır, cinsi hormonların səviyyəsi yoxlanılır. Xolesistitlərdə qanın biokimyəvi analizində bilirubin və qələvi fosfatazanın səviyyəsi yüksəlir. Virus mənşəli hepatitlərdən şübhələndikdə markerlərin seroloji müayinəsi tələb olunur.
- Əlavə üsullar. Karies, xroniki periodontit və ağız boşluğunun digər patologiyalarında stomatoloqun konsultasiyası mütləqdir. Biliar sistemin patologiyalarında xolangiopankreatoqrafiya məsləhət görülür.
Ağızda acılıq zamanı müalicə
Diaqnoz qoyulana qədər yardım
Diaqnostik prosedurların davam etdiyi müddətdə ağızda acılıq hissini azaltmaq üçün qida rasionundan yağlı xörəklər, eləcə də spirtli içkilər çıxarılmalıdır. Xəstə kiçik porsiyalarla tez-tez qidalanmalıdır. Həmçinin diş məcunu, saplar və irriqatorların köməyilə ağız boşluğunun gigiyenasına riayət edilməlidir. Həkimlər siqaretdən imtina etməyi, bunu bacarmadıqda isə ən azından zərərli vərdişi masimum azaltmağı tövsiyə edirlər.
Acılıq hissi güclü olduqda ağız boşluğunu limonlu su ilə yaxalamaq fayda verir. Acı tam kəskin qarın ağrısı, çoxsaylı qusma və digər dispeptik əlamətlərlə müşayiət olunduqda dərhal həkimə müraciət etmək lazımdır.
Konservativ terapiya
Müalicəvi tədbirlər ağızda acılıq törədən səbəblər nəzərə alınmaqla seçilir. Terapiyanın vacib hissəsini həzm proseslərini yaxşılaşdıran xüsusi pəhriz və fizioterapiya təşkil edir. Müalicənin əsas istiqamətləri medikamentoz etiotrop və patogenetik terapiyalardır. Adətən aşağıdakı dərman qruplarından istifadə edilir:
- Öd qovucu vasitələr. Xəstələrə ödün kolloid xüsusiyyətini yaxşılaşdıran (xoleretik) və onun öd axarları ilə xaric olmasını asanlaşdıran (xolekinetiklər) dərmanlar təyin edilir. Preparatlar xolesistit və xolangitlərdə həzm funksiyalarını normaya salır.
- Spazmolitiklər. Bu vasitələr MBT-nin saya əzələlərini boşaldır, qarında ağrı hissini aradan qaldırır. Sadalanan əlamətlər ağızda acılıqla birgə rast gəlinir. Qeyri-steroid iltihabəleyhinə dərmanlar qrupuna daxil olan analgetiklər iltihabi xəstəliklərin müalicəsində göstərişdir.
- Fermentlər. Pankreatik fermentlər və öd turşularından ibarət kombinəolunmuş preparatlar həzm prosesini stimulə edir. Bunun sayəsində ağızda acılıq hissi itir. Hepatit və qaraciyərin digər infeksion xəstəliklərində fermentlər hepatoprotektorlarla birgə təyin edilir.
- Antihelmint preparatlar. Bu dərmanlar qaraciyər toxumasını və öd yollarını zədələyən helmintozlar – opistorxoz, exonikokkoz zamanı qəbul edilir. Lyamblioz əleyhinə spesifik antiparazitar dərmanlar effektiv sayılır.
- Virus əleyhinə vasitələr. B və C viruslarının səbəb olduğu hepatitlərin müalicəsi xüsusi protokol üzrə aparılır. Belə vəziyyətlərdə virus hissəciyinin yaranmasının inhibə edən dərmanlar və peqiləolunmuş interferonlar təyin edilir.
Cərrahi müalicə
Öd daşı xəstəliyində konkrementlər kiçik ölçülü olduqda ekstrakorporal zərbə-dalğa litotripsiyası aparılır. Öd kisəsi total zədələndikdə açıq və yaxud laparoskopik xolesistektomiya göstəriş sayılır.