Ahevziya

Ahevziya-dadbilmənin itirilməsi. Ahevziya müvəqqəti (məsələn, ağıza isti qida aldıqda) və uzun müddətli ola bilər. Uzun müddət davam edən ahevziya ciddi xəstəliklərin simptomu ola bilər.

Ahevziyanın səbəbləri:

  • Üz sinirinin tam və ya hissəvi iflici. Bu zaman üz əzələlərinin iflici ilə yanaşı, dilin uc hissəsində dad hissiyatı da itə bilər.
  • İltihabi xəstəliklər. Bu hal demək olar ki, hər kəsin başına gələ bilər. Burun-udlaqda qoxu reseptorlarının blokadası və ödem nəticəsində insan qısa müddətli dadbilmə hissini itirir. İltihab keçən kimi, dad hissi də qayıdır.
  • Ağız boşluğunun xərçəngi. Xərçəng əksər hallarda dilin arxa və yan hissəsini əhatə etdiyi üçün dad reseptorlarının nekrozu və dadbilmənin itməsi baş verir.
  • Coğrafi dil. Dil məməciklərinin iltihabı və dilin bütün səthini örtən müxtəlif formalı hiperemiyalı sahələr yaranması ilə xarakterizə olunan xəstəliklər zamanı meydana çıxa bilər.
  • Ağız boşluğunun kandidozu. Bu zaman dil və damaq ağımtıl ərplə örtülmüş olur ki, bu da yanğı hissi və dadbilmənin qismən itirilməsi ilə müşayiət olunur.
  • Şüa terapiyasının nəticəsi. Əgər şüa terapiyası boyun və baş nahiyyəsində aparılarsa, digər simptomlara dadbilmənin itməsi də qoşula bilər.
  • Zink və B12 çatışmazlığı.
  • Bir çox dərman preparatlarının- antibiotiklər, antidepressantlar, allergiya əleyhinə preparatlar və s. qəbulu.
  • Uzun müddət siqaretdən istifadə.
  • Ağız boşluğunun travmaları.
  • Yaşla bağlı dəyişikliklər.

Ahevziyanın formaları:

Dad bilmə mürəkkəb duyğudur və onun pozulması müxtəlif formalarda özünü büruzə verə bilər.

  • Ümumi ahevziya- əsas baza dadları- acı, şirin, turş, duzlu- hiss etməmək.
  • Hissəvi ahevziya- əsas baza dadlar duyulur, amma dad “çalarları”nı seçə bilmir.
  • Spesifik ahevziya- hansısa baza dadı, məsələn, şirin dadı seçə bilmir.

Ahevziyanın diaqnostikası:

İlk növbədə xəstədə qoxu hissinin patologiyasının olub-olmamasını araşdırmaq lazımdır. Çünki, əgər qoxu patologiyası varsa, dadbilmənin patologiyasına o səbəb ola bilər.

Həkim-mütəxəssis ilk növbədəağız böşluğunda “dad həssaslığı”nın sərhəddini təyin etməlidir. Pasientə duz, limon turşusu, şəkər və xinin hidroxloridlə (acı dad) test təklif edilir. Dilin müxtəlif sahələrinə damcı ilə adları çəkilən maddələr tökülür. Bu yolla patologiyanın nə qədər böyük sahəni əhatə etməsi haqda təəssürat formalaşır. Bu üsul pasientin fərdi hissiyatına əsaslanmış olduğu üçün yetərli qədər güvənilir üsul olmasa da, geniş istifadə edilir. (Mövcud elektrometrik müayinə üsulları da dəqiq informativ olmadığı üçün).

Diaqnoz qoyularkən dadbilməyə bu və ya digər formada təsir edə biləcək yanaşı xəstəlik və ya patologiyaların olmasını dəqiqləşdirmək mütləqdir:

  • Xəstənin qəbul etdiyi dərman preparatlarının dəqiq siyahısı həkimə təqdim edilməlidir. Əgər dad hissiyatına təsir edən preparat varsa ya dozası azaldılmalı, ya da alternativi ilə əvəz olunmalıdır.
  • Ağız boşluğunu müayinəsi mütləqdir- tüpürcək vəzilərinin fəaliyyəti, üst dişlərin keyfiyyətsiz protezi və digər səbəblər də dadbilmənin itməsinə səbəb ola bilər.
  • Xəstədə kəllə-beyin travmasının olması, kəllə sinirləri və baş beynin iltihabi xəstəliklərinin mövcudluğu, və ya baş və boyun hissənin lazer şüası ilə təması dəqiqləşdirilməlidir.
  • Qadınlar üçün yaxın zamanda hamiləliyin olması və ya yaxınlaşan menopauza da böyük rol oynayır.
  • Laborator müayinələr- infeksiya ocaqlarının mövcudluğu, qanda şəkərin səviyyəsi, anemiya və ya hər hansı allergiya növünün mövcudluğunu aşkarlamaq mütləqdir.

Əgər aparılan müyinələr dəqiq nəticə verməzsə, 4 həftə sonra təkrar müayinə aparılmalıdır.

Ahevziyanın müalicəsi:

İlk növbədə səbəb olan faktor aradan qaldırılmalıdır. Əksər hallarda səbəb olan patologiya aradan qalxdıqda, dadbilmə də bərpa olunur. Bəzən ağız suyu ifrazını artıran preparat təyini dad hissiyatını müəyyən qədər bərpa etməyə kömək edir.

error: Content is protected !!