Akalkuliya
Akalkuliya — rəqəmləri tanımanın və arifmetriyanın müxtəlif pozulmalarını ümumi bir ümumi anlayışdır. Patologiya ədədləri görmə/eşitmə zamanı tanımama, ədəd məfhumunu, ədəd sırasını, ardıcıl riyazi əməlləri yerinə yetirə bilməməklə təzahür edir. Diaqnostika klinik xüsusiyyətlər, nevroloji və psixiatrik müayinələr, arifmetrik test, serebral tomoqrafiyaya əsaslanır. Müalicə əsas xəstəliyə müvafiq həyata keçirilir; reablitasiya arifmetrik qabiliyyətin bərpası məqsədilə xüsusi məşğələlərdən ibarətdir.
Akalkuliya barədə ümumi məlumat
İnsanın baş beynində hesablamanın xüsusi mərkəzi olmasını XIX əsrin başlanğıcında qeyd etmişdilər. Əvvəllər tibb mütəxəssisləri güman edirdilər ki, bu mərkəz alın payında yerləşir; sonralar müəyyən olundu ki, o, dominant yarımkürənin təpə və ənsə paylarının sərhəddində lokalizasiya olunur. 1926-ci ildə alman fizioloqu Hans Berger hesablama mərkəzinin birbaşa zədələnməsi ilə əlaqəli olan bu patologiyanı beyin qabığının başqa disfunksiyaları nəticəsində meydana çıxan ikincili pozulmalardan fərqləndirmək üçün “birincili akalkuliya” terminini təklif etdi. Bu termin beyin qabığının hesablama mərkəzinin birbaşa zədələnməsi ilə əlaqəli hesablama qabiliyyətinin pozulmasını ifadə edir. Uşaqlarda hesablama qabiliyyətinin pozulması hissəvi xarakter daşıyır; adətən, koqnitiv funksiyaların inkişafdan qalmasının nəticəsi olur. Buna görə də praktik nevrologiyada “diskalkuliya” termini ilə ifadə edilir.
Akalkuliyanın səbəbləri
Patologiyanın müxtəlif formaları beyin qabığının təpə, ənsə, gicgah və alın paylarının zədələnməsi ilə bağlıdır. Serebral qabığın patoloji dəyişikliklərinə gətirib çıxaran əsas etiofaktorlara aşağıdakılar aiddir:
- Serebrovaskulyar patologiya. Akalkuliya tədricən damar demensiyasının yaranmasına gətirib çıxaran kəskin serebral qan dövranı pozulması (işemik, hemorragik insult), beynin xroniki işemiyası zamanı inkişaf edə bilər.
- Kəllə-beyin travmaları. Kalkulyasiyanın pozulması hematomanın əmələ gəlməsi ilə müşayiət olunan, beyin qabığının hesablama proseslərində iştirak edən hissəsi də daxil olmaqla baş beynin əzilməsi ilə əlaqəlidir.
- Neyroinfeksiya. Digər koqnitiv pozulmalarla yanaşı akalkuliya etiologiyasına görə fərqlənən ensefalit, meninqoensefalit, ensefalomielitləri də müşayiət edə bilər.
- İntoksikasiyalar. Beyin qabığının zədələnmələri kəskin zəhərlənmə, xroniki intoksikasiyalar, həmçinin dismetabolik proseslərdə (hiperqlikemiya, uremiya) də baş verə bilər.
- Baş beyin şişləri. Qabıq funksiyalarının zəifləməsinə səbəb olan amillərə həm də beyin qabığına yayılan və ya ona təzyiq edən konveksital yenitörəmələr (qlioma, meningioma), beyindaxili şişlər aiddir.
- MSS-nin degenerativ xəstəlikləri: Kreytsfeld-Yakob xəstəliyi, leykodistrofiya, Altsheymer xəstəliyi. Bu patologiyalar zamanı akalkuliya serebral qabığın proqressivləşən atrofiyası ilə əlaqəlidir.
Uşaqlarda akalkuliya beynin inkişaf anomaliyaları, perinatal patologiyalar (dölün hipoksiyası, bətndaxili infeksiyalar, kəllədaxili doğuş travması), irsi xəstəliklər və dismetabolik sindromlarla bağlıdır.
Akalkuliyanın patogenezi
Hesablama insanın ali sinir fəaliyyətinin çətin, çoxsəviyyəli funksiyasıdır. Hesablama mərkəzi beyin qabığının başqa nahiyələri ilə sıx əlaqədədir və onların iştirakı olmadan bu mərkəzin tam fəaliyyəti mümkün deyil. Rəqəmlərin görmə ilə “tanınması” beyin qabığının ənsə payında yerləşən görmə mərkəzinin, eşitmə ilə “tanınması” yuxarı gicgah qırışığında lokalizasiya olunan eşitmənin qabıq mərkəzi hesabına baş verir. Rəqəmləri tanımaq, hesablama aparmağı yaddaş nahiyəsi təmin edir, diqqətin cəmlənməsini tələb edir. Ən sadə riyazi əməllərin icrasına abstrakt anlayışların qavranmasına və məqsədyönlü fəaliyyətin həyata keçirilməsinə qadir olan beyin qabığının alın payı cavabdehdir.
Etioloji faktorlar neyronların degenerasiyasına və məhvinə gətirib çıxaran beyin qabığı strukturlarının diffuz və ya lokal damar, iltihabi, posttravmatik, distrofik proseslərdir. Akalkuliya beyin qabığının hesablama funksiyası yerinə yetirən hissəsinin patoloji prosesə cəlb olunması zamanı yaranır. Hesablama mərkəzinin zədələnməsi çox nadir hallarda izolyasiya olunmuş xarakter daşıyır, əksər hallarda koqnitiv sferanın başqa patologiyaları ilə kombinasiya olunur.
Akalkuliyanın təsnifatı
Akalkuliyanın yaranma mexanizminə əsasən iki əsas forması – birincili və ikincili təsnif olunur. Birincili (spesifik) formaya dominant yarımkürənin ənsə və təpə paylarının birləşdiyi yerdə nahiyəsində paylarında hesablama mərkəzinin patoloji prosesləri səbəb olur. İkincili (qeyri-spesifik) akalkuliya beyin qabığının mürəkkəb hesablama prosesində iştirak edən nahiyələrinin zədələnməsi nəticəsində meydana çıxır və dörd formada olur:
- Optik — rəqəmin görmə ilə qavranmasının pozulmasıdır. Serebral qabığın ənsə payının patologiyaları zamanı inkişaf edir. Görmə aqnoziyası ilə yanaşı gedir.
- Sensor (eşitmə) — səs və nitqin qavranmasının pozulması ilə əlaqəlidir. Yuxarı gicgah qırışığı ilə bağlıdır; sensor afaziyalarla yanaşı gedir.
- Akustiko-mnestik (amnestik) — əsasında qabığın gicgah nahiyəsində patoloji proseslər zamanı eşitmə-nitq yaddaşının pozulması durur. Başqa yaddaş pozulmaları ilə müşayiət olunur.
- Alın —məqsədyönlü fəaliyyətin təşkili və nəzarətinin (praksis) pozulması nəticəsində rəqəmlərlə əməliyyatlar mümkün deyil. Apraksiyanın başqa təzahürləri ilə müşayiət olunur.
Akalkuliyanın simptomları
Klinik təzahürlər patologiyanın formasından asılı olaraq dəyişkəndir. Birincili akalkuliya ədədlər, ədəd sırası (məs.. pasient 152 ilə 125 arasında fərq görmür) anlayışlarını başa düşə, ədədləri müqayisə edə və sadə arifmetrik hesablamaları həyat keçirə bilmir. Təpə payının zədələnmələri zamanı “sağ-sol”, “yuxarı-aşağı” orientasiyanın pozulması ilə təzahür edən məkan aqnoziyaları, koordinat sisteminin qavranmasının və s. pozulması ilə yanaşı gedir.
İkincili akalkuliya koqnitiv sferanın digər pozulmaları – aqnoziya, apraksiya, afaziya, amneziya ilə yanaşı təzahür edir. Optik forma təsvir olunmuş ədədlərin tanınmaması və ya səhv tanınması ilə özünü göstərir. Xəstələr gördüyü ədədləri tanıya bilmir, oxşar yazılışlı rəqəmləri (7 və 1, 9 və 6) səhv salırlar. Rəqəm anlayışı, ədədlərin eşitmə ilə qavranması, fikrində hesablama aparma qabiliyyəti saxlanır. Görmə aqnoziyasının tipik simptomatikası hərfləri, üzləri, əşyaların təsvirlərinin tanınmamasıdır. Disqrafiya, disleksiya qeyd olunur.
Sensor aqnoziya eşitmə aqnoziyası – səs, nitq elementlərinin tanınmasının pozulması ilə müşayiət olunur. Pasientlər eşitdiklərini dərk etmir; çox, sözlərin yerini dəyişmək, təkrarlar, səhvlərlə danışırlar. Ədədləri oxumaq, oxunan arifmetrik hesablamaları anlamaqdan az əziyyət çəkirlər. Akustiko-mnestik forma ədədlərin, obraz-təsəvvür qavrayış həciminin, ədədlərin adına görə tanınmasının pozulması ilə əlaqəlidir. Sürətlə səsləndirildikdə, tapşırığın həcmi böyük olduqda, küy zamanı diktasiya altında ədədlərin yazılmasında çoxsaylı səhvlər xarakterikdir. Hesablama çətinləşmiş, ədəd anlayışı, sırası, hesablama strukturu saxlanmışdır.
Alın akalkuliyası apraksiyalar fonunda təzahür edir. Patologiyaya riyazi hesablamaların ardıcıl icrasında pozulmalarla yanaşı istənilən tapşırığın həlli zamanı fəaliyyət pozulması da aiddir. Xəstə onluqlar daxilində avtomatlaşmış hesablamaya, sadə ədədlər, vurma cədvəlini tanınmağa qadirdir; lakin mürəkkəb ədədlərlə işləməyə, verilmiş rəqəmlərdən ədəd düzəltmək, ədədin tərkibini tapmaq, sadə ədədlərdən ibarət bir neçə mərhələli misallar həll etmək iqtidarında deyil. Psixoemosional dəyişikliklər – impulsivlik, labillik, stereotiplik, aqressivlik, davranış pozulması qeyd olunur.
Akalkuliyanın diaqnostikası
Akalkuliya kompleks koqnitiv pozulmalara səbəb olduğundan onu aparıcı intellektual-mnestik patologiyalar arasında fərqləndirmək diaqnostik çətinlik törədir. Bununla yanaşı, patologiyanın formasının müəyyənləşdirilməsi, akalkuliya ilə təzahür edən əsas xəstəliyin diaqnostikası da həkimin önünə qoyulan daha bir tapşırıqdır. Bu məqsədlə aşağıdakı diaqnostik metodlardan istifadə olunur:
- Anamnezin toplanması. Xəstəliyin necə başlanması və inkişafı, həmçinin nə ilə provokasiya olunmasını aydınlaşdırmağa imkan verir.
- Nevroloq müayinəsi. Nevroloji statusun müayinəsi ocaqlı simptomatikanı aşkarlamağa, serebral zədələnmənin lokalizasiyasını ehtimal etməyə imkan verir. Uşaqlarda müayinə psixi inkişafın səviyyəsinin dəyərləndirilməsindən ibarətdir. Kəllə-beyin travması, intrakranial şişləri olan pasientlər əlavə olaraq neyrocərrah konsultasiyasından keçir.
- Psixiatr müayinəsi.Psixoloji pozulmaları olan xəstələr üçün mühümdür; koqnitiv patologiyaları psixoloji xəstəliklərdən differensiasiya etməyə kömək edir.
- Arifmetrik test. Akalkuliyanın formasının diaqnostikasına yönəlib. Rəqəmin görmə, eşitmə ilə tanınması, ədədləri yadda saxlama, hesablama qabiliyyətinin müayinəsindən ibarətdir.
- Baş beynin MRT-i, MRST-i. Əsas xəstəliyə xas morfoloji dəyişikliklər – posttravmatik hematomalar, beyindaxili şişlər, insult ocaqları, degenerativ proseslər aşkar olunur. Serebrovaskulyar patologiyalar zamanı baş beyin damarlarının USDQ-i, MRT-i tətbiq olunur.
Akalkuliyanın müalicəsi
Müalicə əsas xəstəliyin etiopatogenetik mexanizmlərinin aradan qaldırılmasına, sonra isə ədədlərlə işləmək qabiliyyəti də daxil olmaqla itirilmiş nevroloji funksiyaların bərpasına yönəlmişdir. Müalicə mərhələli həyata keçirilir.
Əsas xəstəliyin dərman müalicəsi:
- Serebral hemodinamikanın korreksiyası. İntrakranial qansızmalar zamanı antibiotiklər (qamma-aminokapron turşusu), angioprotektorlar (kalsium preparatları, natrium etamzilat); serebral işemiyalarda damargenəldici (vinposetin), mikrosirkulyasiyanı yaxşılaşdıran (pentoksifillin) preparatlar, trombolitiklər (nadroparin) təyin olunur.
- Neyrometabolik terapiya. Demək olar ki, istənilən serebral zədələnmələr zamanı müxtəlif həcmlərdə aparılır. Nootroplar, amin turşular, antioksidantlar və kombinəolunmuş preparatlardan ibarətdir.
- Baş beyin ödemlərinin profilaktikası. Sidikqovucu preparatlar təyin olunur, ödem təhlükəsi olarsa, osmodiuretiklər damcı-damcı yeridilir.
- Psixotrop preparatlar. Psixomotor oyanma, emosional labillik, aqressivliyin dəf edilməsi məqsədilə göstərişlərə uyğun olaraq sedativlər, trankvilizatorlar, neyroleptiklər təyin olunur.
- İnfeksiyaların etiotrop müalicəsi. Beynin infeksion xəstəlikləri olan pasientlərə tətbiq olunur. Müalicə törədicinin təbiətinə (bakterial, virus, parazitar) müvafiq olaraq həyata keçirilir.
Reabilitasion tədbirlər:
- Аrifmetrik məşğələlər. Aşkar olunmuş pozulmaların strukturuna tam uyğun olmalıdır. Müxtəlif metodlar rəqəmli vərəqlərin istifadəsi, ədəd sırasının təqdimatının, ədədlərin tələffüzünün və arifmetrik fəaliyyətin bərpasından ibarətdir.
- Psixoterapiya. Pasientin yaranmış intellekt problemlərinə münasibətinin korreksiyası, reablitasion məşğələlər üçün müsbət əhval-ruhiyyəsinin formalaşması məqsədilə mühümdür.
- Loqopedik məşğələlər. Eşitmə aqnoziyası zamanı göstərişdir. Loqopedlə afaziyanın korreksiyası çərçivəsində reallaşdırılır.
Kəskin proseslər (insult, ensefalit, kəllə-beyin travmaları) zamanı əvvəlcə farmakoterapiya həyata keçirilir; kəskin vəziyyət dəf olunduqdan sonra reablitasiya aparılır. Kəskin patologiyanın xroniki gedişində (xroniki serebral işemiya, MSS-nin degenerativ zədələnmələri) dərman terapiyası bərpaedici müalicə ilə kombinasiya olunur. Kəllədaxili yenitörəmələri olan pasientlərə radikal neyrocərrahi müalicə göstərişdir.
Akalkuliyanın proqnoz və profilaktikası
Akalkuliya beynin əsas patologiyasının klinikasına aid ayrıca bir simptomdur. Onun proqnozu əsas xəstəliyin xarakterindən və gedişindən birbaşa asılıdır. Düzgün müalicə, xəstənin cavan olması keçirilmiş travmalar, ensefalitlər, kəskin intoksikasiyalar, lakunar insultdan sonra hesablama funksiyasının 100% bərpasını təmin edir. Davamlı akalkuliya pasientin həyat keyfiyyətinə mənfi təsir göstərir, onun sosial adaptasiyasını pisləşdirir. Proqnostik baxımdan qeyri-kafi faktorlara serebral anomaliyalar, qocalıq, zədə ocağının genişliyi, şişlərin radikal kənarlaşdırılmasının mümkünsüzlüyü, degenerativ patologiayaların davamlı proqressivləşməsi aid edilir. Profilaktika kəllə-beyin travmalarının, infeksion xəstəliklərin, perinatal patologiyaların, toksik zədələnmələrin qarşısının alınması, serebrovaskulyar xəstəliklərin vaxtında müalicəsi ilə həyata keçirilir.