Akustik travma
Akustik travma (акutravmа) – həddindən artıq güclü səs və ya küyün birdəfəlik və yaxud daimi təsiri nəticəsində daxili qulağın zədələnməsidir. Kəskin akutravmanın əsas əlamətlərinə qulaqlarda qəfil yaranan, tədricən azalan ağrı və uğultu aiddir. Xroniki zədələnmə isə eşitmə itiliyinin azalması, qulaqlarda diskomfort və küy, yuxu pozğunluğu, yorğunluqla təzahür edir. Diaqnostik proqrama anamnestik məlumatlar və şikayətlərin toplanması, otoskopiya, nitq müayinəsi, tonal audiometriya daxildir. Müalicə B qrup vitaminlər, nootropların qəbulu, darsonvalizasiya və oksigenoterapiya, eşitmənin protezlənməsindən ibarətdir.
Akustik travma barədə ümumi məlumat
Müasir otolarinqologiyada akutravmanın 2 forması qeyd edilir: kəskin və xroniki. Xroniki forma daha çox yayılmışdır. Qazanılmış neyrosensor eşitmə zəifliyinin 25%-i daxili qulağın akustik zədələnməsi ilə bağlıdır. Xəstələrin əsas hissəsini peşə fəaliyyəti daimi səs-küylə əlaqəli olan insanlar təşkil edir. Akutravma əsasən qapalı məkanlarda işləyən və yuxarı tənəffüs yolları, eşitmə borusu, orta qulağın xəstəliklərindən əziyyət çəkən şəxslərdə müşahidə edilir. İstehsalat şəraitində fiziki amillərin təsirindən yaranan patologiyaların təxminən 60%-i, peşə xəstəliklərinin isə 23%-i akustik travmanın payına düşür. Bu səbəbdən pasiyentlərin böyük əksəriyyəti əmək qabiliyyətinə malik 30-60 yaşlı insanlardır. Xəstəlik kişilər və qadınlar arasında eyni tezlikdə rast gəlinir. Akutravmanın yayılmasının endemik xüsusiyyətləri qeydə alınmamışdır.
Akustik travmanın səbəbləri
Əsas etioloji amil həddindən artıq güclü səs və ya küydür. Zədələnmənin inkişaf mexanizmi və sürəti, əlamətləri akustik təsirin xarakteri və müddətindən asılıdır. Bunun əsasında akustik travmanın 2 başlıca səbəbi ayırd edilir:
- Həddindən artıq güclü qısamüddətli səs. Bura 120dB-dən yüksək səslər aiddir – qulaq yaxınlığında fit səsi, sirena, nəqliyyat vasitəsinin siqnalı, partlayış, odlu silahdan atəş və s. Nəticədə əksər hallarda barotravma ilə müşayiət olunan kəskin akutravma baş verir.
- Daimi intensiv küy. Ucalığı 90dB və daha yüksək olan (hiperhəssaslıq zamanı – 60dB) küylərin müntəzəm və uzunmüddətli təsiri xroniki akustik travmanın inkişafına səbəb olur. Patologiya daha çox peşə zərərləri ilə qarşılaşan insanlarda – maşın- və gəmiqayırma, metallurgiya, aviasiya, metallurgiya, tikiş sənayesi və digər sahələrin işçilərində müşahidə olunur.
Akustik travmanın patogenezi
Kəskin və xroniki (peşə ilə bağlı) akustik travmaların inkişaf mexanizmi fərqlidir. Qısamüddətli, həddindən artıq güclü səs daxili qulağın əsas hissələrindən sayılan pərdəli labirintin ön şöbəsinin perilimfasına qansızma törədir. Paralel olaraq, korti orqanının daxili və xarici tük hüceyrələrinin yerdəyişməsi, şişməsi baş verir. korti orqanı son reseptor aparatı olub, perilimfanın vibrasiyalarını sinir impulslarına çevirərək, MSS-nə ötürür. Ayrı-ayrı hallarda korti orqanının əsas membrandan ayrılması baş verir. Xroniki akutravmanın patogenezi axıra kimi öyrənilməmişdir. Bu mövzuda bir neçə nəzəriyyələr irəli sürülmüşdür. Onlara əsasən, uca küylərin eşitmə aparatına daimi təsiri korti orqanının degenerativ dəyişikliklərinə, metabolizm pozğunluqlarına, yorğunluq hallarının yaranmasına, qabıqaltı mərkəzlərdə patoloji oyanma ocaqlarının formalaşmasına səbəb olur.
Akustik travmanın əlamətləri
Xəstəliyin kəskin forması uca səs fonunda qulaqlarda güclü ağrı və eşitmənin qəflətən bir və ya ikitərəfli itirilməsi ilə xarakterizə olunur. İnsan xarici səsləri qəbul edə bilmir, o, yalnız tədricən zəifləyən uğultu və cingilti eşidir. Bu əlamətlər başgicəllənmə, qulaqda sızıltılı və ya pulsasiyaedici ağrı ilə müşayiət oluna bilər. Barotravma ilə kombinasiyada simptomlara xarici qulaq keçəcəyi və burundan qanaxma, sahə oriyentasiyasının pozulması əlavə olunur. Akutravmanın sonrakı gedişi zədələnmənin ağırlığından asılıdır. Yüngül dərəcəli akustik travma 5-30 dəqiqədən sonra eşitmə qabiliyyətinin tədricən əvvəlki səviyyəyə qayıtması ilə səciyyələnir. Orta ağır və ağır dərəcəli travmalarda ilk 2-3 saat müddətində insan yalnız uc səs və qışqırıqları eşidir. Daha sonra eşitmə qabiliyyəti mərhələli şəkildə müxtəlif ifadə dərəcəsinə malik eşitmə zəifliyi səviyyəsinə qədər bərpa olunur.
Xroniki akustik travmanın klinik şəklinin inkişafı 4 mərhələdə gedir:
- İlkin təzahürlər mərhələsi səs-küylü şəraitdə 1-2 gün qaldıqdan sonra baş verir. Qulaqda diskomfort və uğultu ilə xarakterizə olunur. Xarici amillərin təsiri kəsildikdən sonra bir neçə saat ərzində bu əlamətlər keçib gedir. 10-15 gündən sonra adaptasiya baş verir, simptomlar tədricən zəifləyir. I mərhələ 1-2 aydan 4-6 ilə qədər davam edir. Ardınca «klinik fasilə» dövrü müşahidə olunur, bu zaman diskomfort hissi yaranmır, sadəcə tədricən, xəstənin xəbəri olmadan eşitmə itiliyi azalır. Onun müddəti 2-7 il arasında variasiya edir.
- Artan əlamətlər mərhələsi qulaqlarda daimi küy və eşitmə zəifliyinin sürətli inkişafı ilə özünü büruzə verir. Bu mərhələdə eşitmə tədricən itirilir: əvvəlcə yüksək, sonra isə orta və aşağı tezlikli səslərin qəbulu kəsilir. Klinik əlamətlərə qeyri-spesifik simptomlar: yorğunluq, qıcıqlanma, diqqətin pozulması, iştahsızlıq, yuxusuzluq qoşulur. Formalaşmış ağır eşitmənin səviyyəsi hətta eyni peşə fəaliyyətini davam etdirərdikdə belə 5-15 il müddətində dəyişilməz qalır.
- Terminal mərhələ səs-küyə həssas insanların zərərli peşə şəraitində 15-20 il çalışmasından sonra inkişaf edir. Onun əlamətlərinə 2 metrdən uzaq məsafədə danışıq səslərinin eşidilməməsi, qulaqda dözülməz küy, tarazlıq və hərəkətlərin kordinasiyasının pozulması, daimi baş ağrıları və başgicəllənmə aiddir.
Akustik travmanın ağırlaşmaları
Akutravmanın ən geniş yayılmış fəsadı karlıqdır. Eşitmə qabiliyyətinin tam itirilməsinin əsas səbəbi gecikdirilmiş diaqnostika və müalicədir. Otolarinqoloqun məsləhətlərinə riayət olunmaması və xroniki akustik zədələnmənin ilkin mərhələlərində peşə fəaliyyətini dəyişməkdən imtina edilməsi karlığa gətirib çıxarır. Daimi akustik təsir sistemli pozğunluqlara: arterial hipertenziya, neyrosirkulyator distoniya, asteno-nevrotik və angiospastik sindromlara səbəb olur. korti orqanının tük aparatının istənilən akustik zədələnməsi onun infeksion agentlərə, sistemli intoksikasiya və ototoksik farmpreparatların təsirinə qarşı rezistentliyini azaldır.
Akustik travmanın diaqnostikası
Təcrübəli otolarinqoloq üçün akustik travmanın diaqnozunun qoyulması heç bir çətinlik törətmir. Bu məqsədlə anamnestik məlumatlar, pasiyentin şikayətləri və eşitmənin müayinəsi kifayət edir. Əlavə müayinələrdən (körpü-beyincik bucağının MRT, akustik impedansometriya) digər patologiyalarla differensial diaqnostika zamanı istifdaə olunur.
- Anamnestik məlumatlar. Akutravma zamanı pasiyentin güclü səsin təsirinə məruz qalması aşkarlanır.
- Оtoskopiya. Xəstələrin bir qismində təbil pərdəsinin içəri batması vizualizasiya olunur, bu da onun əzələlərinin daimi tetanik yığılmaları üçün xarakterikdir. Kəskin akustik zədələnmənin barotravma ilə müştərək rast gəlindiyi hallarda çoxlu miqdarda qan laxtaları və təbil pərdəsinin cırılması müşahidə edilir.
- Nitq audiometriyası. Xəstənin qışqırıq (80-90dB), danışıq (50-60dB) və pıçıltını (30-35dB) eşitmə məsafəsi təyin edilir. Normada danışıq səsləri 20 metr, pıçıltı isə 5metrə qədər məsafədən eşidilir. Eşitmə zəifliyində bu distansiyalar azalır, nitq isə anlaşılmaz olur. Ağır zədələnmələrdə insan yalnız qulaq yaxınlığındakı qışqırtı səslərinə reaksiya verir.
- Тоnal audiometriya. Eşitmə aparatının zədələnməsini əks etdirir, generasiya olunan səslərin tezliyinin yüksəlməsi ilə hava və sümük keçiriciliyinin proqressiv şəkildə pisləşməsi izlənilir.
Kəskin akustik travma qəfil (kəskin) neyrosensor eşitmə zəifliyi ilə differensiasiya edilir. İkinci patologiya allergik reaksiya və ya beyin qan dövranının kəskin pozulması nəticəsində yarana bilər. Xroniki akutravma ilə Menyer xəstəliyi, presbiakuzis və körpü-beyincik bucağının şişləri arasında differensial diaqnostika aparılır. Padalekmiksiya üçün birtərəfli eşitmə zəifliyi səciyyəvidir, əlamətlərin spontan pisləşməsi və ya reqressi müşahidə oluna bilər. Presbiakuzis 70 yaşdan sonra yaranır, ağır eşitmə əlavə küylərlə müşayiət olunmur. Körpü-beyincik şişlərində eşitmə zəifliyi ilə yanaşı, üz və üçlü sinirin zədələnməsi qeydə alınır.
Akustik travmanın müalicəsi
Тerapevtik tədbirlər patologiyanın formasından asılı olaraq, eşitmə qabiliyyətinin maksimal dərəcədə bərpası və ya eşitmə zəifliyinin sonrakı inkişafının qarşısının alınmasına yönəldilir. Kəskin akutravma zamanı tam sakitlik, B qrup vitaminlər, kalsium və brom preparatlarının qəbulu göstəriş sayılır. Pasiyentlərin bir qismində eşitmə itiliyi bir neçə saatdan sonra öz-özünə bərpa olunur. Qısamüddətli kəskin akustik təsirdən sonra ağır eşitmə inkişaf etdikdə müalicə xroniki akustik travmada olduğu kimi aparılır.
Xroniki akutravma zamanı müalicə erkən təzahürlər və «klinik fasilə» mərhələlərində daha effektiv sayılır. Bəzi pasiyentlərdə vaxtında başlanılmış müalicə fonunda əlamətlər geriyə inkişaf edir. Gecikdirilmiş terapiya eşitmənın pisləşməsinin dayandırılmasına istiqamətləndirilir. Terapevtik proqrama aşağıdakı preparatlar və tədbirlər daxildir:
- Peşənin dəyişdirilməsi. Eşitmə aparatına güclü akustik təsirin uzaqlaşdırılması ağır eşitmənin proqressivləşməsinin qarşısını alır.
- Nootroplar. Bu qrupa daxil olan preparatlar eşitmə qabiliyyətini və digər koqnitiv funksiyaları yaxşılaşdırır, baş beynin fəaliyyətini aktivləşdirir.
- В qrup vitaminlər. MSS-nin metabolizminə müsbət təsir edir, onun orta qulağın izafi impulsasiyasına qarşı müqavimətini yüksəldir, eşitmə sinirinin fəaliyyətini tonuslaşdırır.
- Antihipoksantlar. Oksigen və qida maddələrinin çatışmazlığı şəraitində metabolizmi yaxşılaşdırmaqla korti orqanının zədələnmiş tüklərinin funksiyasını normallaşdırır.
- Darsonvalizasiya. İmpuls cərəyanının məməciyəbənzər çıxıntı nahiyəsinə təsiri daxili qulağın fəaliyyətini stimulə edir. Darsonvalizasiya qulaqdakı küylə mübarizə aparmağa imkan verir.
- Hiperbarik oksigenasiya (HBO). Yüksək oksigen təzyiqi şəraitində beyin qan dövranı və daxili qulaqda reparativ proseslər yaxşılaşır.
- Eşitmənin protezlənməsi. Eşitmə aparatları ifadəli ağır eşitmə zamanı effektiv sayılır. Onlar insanın yüksək səviyyədə eşitməsini təmin edir.
Akustik travmanın proqnoz və profilaktikası
Akustik travma zamanı proqnoz zədələnmənin formasından asılıdır. Yüngül dərəcəli kəskin travmalarda eşitmə itiliyi tamamilə bərpa olunur. Ağır kəskin və ya xroniki akutravma zamanı müxtəlif dərəcəli geridönməyən eşitmə zəifliyi inkişaf edir.
Profilaktik tədbirlərə məişət və istehsalat şəraitində təhlükəsizlik qaydalarına riayət, xüsusi qulaqcıqlardan istifadə, səsin izolyasiya olunduğu məkanlarda işləmək aiddir. Səs-küylü şəraitdə çalışan şəxslərə müntəzəm şəkildə profilaktik baxış keçirilməsi eşitmə zəifliyinin qarşısının alınmasında mühüm rol oynayır.