Albinizm – dərinin, saçların və gözün qüzehli qişasının piqmentasiyasının tam və ya natamam pozulması ilə xarakterizə olunan irsi patologiyalar qrupudur. Xəstəliyin əsas simptomları çox açıq rəngli dəri və saçlar, mavi və ya qırmızımtıl rəngli gözlərdir; bir sıra hallarda görmənin pozulması da baş verə bilər. Albinizmin diaqnostikası pasientin həqiqi statusu, həmçinin genetik müayinəyə əsaslanır. Patologiyanın spesifik müalicəsi bu günədək yoxdur; palliativ müalicədən (görmənin korreksiyası) istifadə olunur, həmçinin pasientə özünü günəş altında necə apаması, dərisini qoruması və fəsadlaşma ehtimalının azaldılmasına dair bir sıra tövsiyələr verilir.
Albinizm barədə ümumi məlumat
Albinizm melanin piqmentinin formalaşması və ya onun dəri, dəri artımları, qüzehli qişa və gözün torlu qişasında toplanması prosesinin pozulması nəticəsində yaranan genetik patologiyalar kompleksidir. Bu vəziyyət qədimdən məlumdur, milliyyətindən və irqindən asılı olmayaraq istənilən insanda meydana çıxa bilər. Lakin albinizmin rastgəlmə tezliyi müxtəlif xalqlarda fərqlidir – 1: 10 000-dən 1: 2 000 000-a qədər dəyişə bilər. Bu göstərici xəstəliyin son illər genetik əlamətlərinə əsasən təsnif olunmuş formaları üçün də müxtəlifdir. Əvvəllər albinizmin yalnız iki formasını (göz və dəri-göz) ayırd edirdilər. Lakin müasir genetika patologiyanı azı 7 müxtəlif tipə ayırır. Bununla yanaşı, qeyd olunanlardan başqa məs., Çediak-Xiqasi sindromu, Hermanski-Pudlak xəstəliyi də albinizmlə gedir.
Albinizmin səbəbləri
Albinizmin inkişafının əsas səbəbi tirozin amin turşusunun metabolizminin pozulması, nəticədə melanin piqmenti sintezinin və toplanmasının tam blokadası və ya zəifləməsidir. Bu vəziyyətə melaninin əmələ gəlmə prosesində birbaşa və ya dolayı iştirak edən genlərin müxtəlif mutasiyaları gətirir. Məs., albinizmin daha ağır forması göz-dəri 1A formasıdır. Bu, 11-ci xromosomda yerləşən alb-OCA1 geninin mutasiyası ilə bağlıdır. Həmin gen tirozinaza fermentinin ardıcıllığını kodlaşdırır və nonsense mutasiyalar zamanı onun orqanizmdə sintezi tamamilə dayanır. Nəticədə melaninin sintezi tamamilə dayanır; bu isə ağır göz-dəri albinizminin səbəbi olur. Bu xəstəlik autosom-resessiv mexanizmlə irsən ötürülür.
Bu xəstəliyin başqa tipi göz-dəri albinizmi 1B-dir. Patologiya eyni genin – alb-OCA1 geninin zədələnməsi ilə bağlıdır. Lakin bu zaman funksiyalar saxlanır. Bu patologiya ilə yuxarıda qeyd olunmuş genin 50-dən artıq mutasiyası assosiasiya olunur. Həmin mutasiyaların hər biri tirozinazanın aktivliyinə təsir göstərir. Buna görə də göz-dəri albinizmi 1B-də simptomların ifadəliliyi dəyişkəndir. Belə ki, melaninin toxumalarda tamamilə olmamasından dəri və saçların bir qədər açıq rəngli tonunadək dəyişir. Bir sıra hallarda patologiyanın belə forması ilə xəstə olan pasientlər qarala bilir, yaş artdıqca saçları tündləşir, piqment nevusları meydana çıxa bilər. Patologiyanın maraqlı yarımtipi temperatura həssas albinizmdir; yarımtipdə pasientin bədən temperaturu 37oC-dən qalxan kimi tirozinazaların aktivliyi kəskin azalır. Bu da dərinin daha soyuq nahiyələrində – əllər, pəncədə piqmentasiyanın güclənməsinə gətirib çıxarır. Beləliklə, baş, gözlər, qoltuqaltı boşluq, demək olar ki, piqmentsiz qalır.
2-ci tip göz-dəri albinizmi bu patologiyanın daha geniş yayılmış növüdür. Lakin bu zaman genetik pozulmalar tirozinaza sintezinə təsir göstərmir. Belə ki, fermentin konsentrasiyası kifayət qədər olur, aktivliyi və quruluşu dəyişmir. Albinizmin bu tipi 15-ci xromosomda yerləşən genin mutasiyası ilə əlaqəlidir. Ehtimal olunur ki, həmin gen tirozin nəqlinə cavabdeh olan melanosomların membran proteinlərini (P-zülal) kodlaşdırır. Albinizmin bu formasında melanin defisitinin təzahürü müxtəlifdir; bundan başqa, piqmentasiya tədricən arta bilər. Patologiyanın səbəbləri hələ də məlum deyil. 2-ci tip göz-dəri albinizmi autosom-resessiv mexanizmlə irsən ötürülür.
Xəstəliyin başqa forması 3-cü tip göz-dəri albinizmidir. Patologiya, demək olar ki, yalnız neqroid irqinin nümayəndələrində meydana çıxır. Genetik tədqiqatlar xəstəliyin bu tipində 9-cu xromosomda yerləşən TRP-1 geninin mutasiyasını aşkarlamışdır. Siçanlarda analoji gen xəzin qəhvəyi rənginə cavabdehdir. Onun insanda funksiyaları məlum deyil. Ehtimal olunur ki, gen melaninin qara fraksiyasının (eumelanin) sintezini kontrol edir; onun quruluşunun pozulması əsasən piqmentin qəhvəyi növünün sintezinə gətirib çıxarır. Göz-dəri albinizminin digər formaları kimi 3-cü tipi də autosom-resessiv mexanizmlə irsən ötürülür.
Albinizmin hər bir tipi melaninin nəinki dəri və saçlardan, həm də görmə aparatından – gözün qüzehli qişası və piqmentli qatında olmaması ilə xarakterizə olunur. Bu, refraksiyanın pozulmasına, buynuz qişanın bulanıqlaşmasına, astiqmatizmə, çəpgözlüyə, torlu qişanın foveolyar hipoplaziyasına gətirib çıxarır. Albinizmin yalnız gözlərin zədələnməsi ilə gedən forması da mövcuddur. Həmin forma albinizmin göz tipi adlanır. Göz albinizminin daha geniş yayılmış forması resessiv yolla və X xromosomu ilə əlaqəli ötürülür. O, göz melanositlərinin G-zülalının reseptorunu kodlaşdıran GPR143 geninin mutasiyası ilə əlaqəlidir. Nəticədə melanosomların formalaşması prosesi pozulur, bu da göz albinizminin inkişafının səbəbidir. 1970-ci ildə bu xəstəliyin autosom-ressessiv forması aşkar olunmuşdur; lakin bu tipin patogenezi hələ də müəyyənləşdirilməyib. Belə pasientlərin bir hissəsində (14%) alb-OCA1В geninin mutasiyası, digərlərində (36%) P-zülalının pozulması aşkar olunub. Autosom-ressessiv göz albinizmi ilə xəstə olan pasientlərin, demək olar ki, yarısında xəstəliyin genetik səbəbini aydınlaşdırmaq mümkün olmayıb.
Albinizmin təsnifatı
Əvvəllər albinizmin bütün klinik halları yalnız fenotipik təzahürlərə görə tam və natamam olmaqla bölünürdü. Birinci tipə göz, dəri və dəri artımlarının piqmentasiyasının pozulması ilə xarakterizə olunan göz-dəri albinizminin bütün tipləri aid edilirdi. Natamam formaya xəstəliyin göz tipi, həmçinin patologiyanın ləkəli dəriyə gətirib çıxaran növləri aid idi. Hazırda, adətən, genetik təsnifat istifadə olunur. Həmin təsnifat çərçivəsində albinizmin aşağıdakı növləri ayırd edilir:
- 1А tipli göz-dəri albinizmi– səbəbi alb-OCA1 geninin nonsense mutasiyasıdır. Nəticədə genin ekspressiyası “sönür”. Beləliklə, orqanizmdə tirozinazanın sintezi tamamilə dayanır.
- 1Вtipli göz-dəri albinizmi – bundan öncəki kimi alb-OCA1 geninin mutasiyası ilə bağlıdır. Lakin bu zaman genin ekspressiyası mümkündür. Nəticədə aktivliyi müxtəlif dərəcəli olan defektli tirozinaza fermentləri sintez olunur. Albinizmin bu formasının təzahürlərinin ifadəliliyi gen mutasiyasının tipindən asılıdır.
- Temperatura həssas göz-dəri albinizmi– 1B tipinin növüdür. Tirozinazanın temperaturdan asılı olan dəyişkən aktivliyi ilə xarakterizə olunur. Dəri təzahürləri mülayim, oftalmoloji pozulmalar isə güclü büruzə verə bilər. Bu albinizmin xüsusiyyətləri gözlərin temperaturunun daha yüksək olması ilə bağlıdır; bu zaman gözlərdə tirozinazanın aktivliyi daha az olur.
- 2-ci tip göz-dəri albinizmi– melanosomların hüceyrədaxili membranlarının P-zülalını kodlaşdıran genin mutasiyası ilə bağlıdır. Nəticədə tirozinin hüceyrədə transportu pozulur və melanin sintezi hətta tirozinazanın normal aktivliyində belə beş vermir.
- 3-cü tip göz-dəri albinizmi–eumelanin sintezini kontrol etdiyi güman olunan TRP-1 geninin mutasiyası nəticəsində inkişaf edir. Yalnız afrikalılarda rast gəlinir; dəri və saçların qəhvəyi rənginə, həmçinin oftalmoloji pozulmara səbəb olur.
- Resessiv və X xromosomu ilə əlaqəli göz albinizmi – hüceyrədaxili informasiya ötürülməsinin bəzi elementlərinə cavabdeh olan GPR143 geninin mutasiyası ilə əlaqəlidir.
- Autosom-resessiv göz albinizmi – bu formanı konkret genetik pozulmalarla əlaqələndirmək hələ ki mümkün olmayıb. Ehtimal olunur ki, bu xəstəliyin klinik hallarının bir qismi 1B və 2-ci tip göz-dəri albinizmidir.
Albinizmin hətta bir genotipinin hüdudlarında belə simptomların ifadəlilik dərəcələrinin xeyli müxtəlifliyi mümkündür. Bu, müxtəlif tipdən olan mutasiyaların melanin istehsalına fərqli təsir göstərməsilə bağlıdır.
Albinizmin simptomları
Albinizmin əsas təzahürlərinə dəri örtüklərinin, xüsusən uşaq doğulda nəzərə çarpan solğunluğudur. Adətən, dəri qan damarlarının hesabına çəhrayı tonlu, gözlər doğuşdan mavi olur, lakin gözlərə bəzi istiqamətlərdən baxdıqda qırmızımtıl rəngli görünə bilər. Sonralar uşağın böyümə prosesində xəstəliyin tipindən asılı olaraq albinizmin simptomları bir qədər dəyişə bilər. Daha ağır forma olan 1A tipində orqanizmdə melanin ümumiyyətlə sintez olunmur. Buna görə də ağ rəngli dəri və saçlar, həmçinin mavi gözlər xəstənin bütün ömrü boyu qalır. 1B tipli albinizm saçlarda sarı piqmetin sürətlə toplanması ilə xarakterizə olunur. Buna görə də onlar açıq-samanı rəngli olur; adətən, tədricən kirpiklərin və gözün buynuz qişasının piqmentasiyası baş verir.
Temperatura həssas albinizm tez-tez melaninin özünəməxsus yayılması ilə təzahür edir; ətrafların normal piqmentasiyası müşahidə olunur, başın dərisi solğun, saçlar isə ağ olaraq qalır. Belə pasientlərdə gözlər ətraflardan fərqli olaraq yüksək temperatur səbəbindən göy rəngli qalır. Simptomların kəskin dəyişkənliyi 2-ci tip albinizm üçün də xarakterikdir. Bu zaman piqmentasiya tamamilə olmamasından başlayaraq dəri və saçların nəzərəçarpmayan açıq rənginə qədər dəyişə bilər. Xəstəliyin belə forması üçün bir sıra hallarda yaş artdıqca melanin sintezinin yaxşılaşması xarakterikdir; belə ki, saçlar tündləşməyə başlayır, çillər meydana çıxır, xəstə qaralır. Lakin gün işığında olan zaman ehtiyatlı olmaq lazımdır. Çünki albinizm xəstələrinin dərisi ultrabənövşəyi şüalara qarşı həddən artıq həssasdır; onların dərisində asanlıqla yanıqlar və fotodermatitlər əmələ gəlir.
Albinizmin xarakterik simptomu görmə itiliyinin pozulması və başqa oftalmoloji dəyişikliklərdir. Görmə itiliyi nə qədər zəifləyibsə, orqanizmdə, xüsusən gözün buynuz qişası və torlu qişanın piqment qatında melanin bir o qədər zəif sintez olunur. Bununla yanaşı, albinizm çəpgözlük, astiqmatizm, nistaqmla yanaşı gedir; patologiyalar uşaq doğulduqdan dərhal sonra və ya həyatının ilk ilində inkişaf edir. Xəstəliyin göz formalarında oxşar simptomlar dəri və saçlarda piqmentasiya pozulması baş vermədən meydana çıxır. Albinizm xəstələrində qoruyucu melanosit qatı olmadığından bəzən gündüz korluğuna keçən işıqdan qorxma yaranır.
Albinizmin diaqnostikası
Albinizmi bir çox klinik hallarda xəstə doğulduqdan dərhal sonra müəyyən etmək olur. Dermatoloq dəri və saçların piqmentasiyasını qiymətləndirərkən xəstəliyi aşkarlaya və onun növünü təxminən müəyyənləşdirə bilər. Bu mütəxəssisin sonralar da xəstəni müşahidədə saxlaması patologiyanın gedişinin monitorinqi və mümkün ağırlaşmaların, məs., dəri xərçənginin profilaktikası üçün mühümdür. Albinizm zamanı həkim-oftalmoloq tez-tez qüzehli qişanın şəffaflığını aşkarlayır; böyüklərdə sarı ləkə nahiyəsində torlu qişanın hipoplaziyasını təyin edir. Foveolyar refleks kəskin zəifləmiş və ya itmiş olur. Natamam albinizmli insanlarda göz dibində tez-tez depiqmentasiya ocaqları aşkar olunur. Görmə orqanının başqa patologiyaları – nistaqm, astiqmatizm, miopiya da aşkarlana bilər.
Diaqnozu təsdiqləmək və patologiyanın tipini dəqiqləşdirmək məqsədilə həkim-genetik sekvenləşdirməklə (gen ardıcıllığının sıralanması (sequencing)) xəstəliklə əlaqəli genləri təyin edə bilər. İrsi anamnezin təşkili də mühüm diaqnostik rol oynayır; xəstənin qohumlarında defektli gen daşıyıcılığının aşkarlanması məqsədilə genetik diaqnostika da mümkündür. Albinizmin nadir və daha bahalı diaqnostik metodu toxumalarda (məs., saç follikullarında) tirozinaza aktivliyinin müəyyənləşdirilməsidir; bu metod xəstəliyin proqnozunu dəqiqləşdirməyə imkan verir. Bu piqmentin toxumalarda aktivliyi nə qədər yaxşı saxlanarsa, patologiyanın başqa simptomlarının ifadəliliyi də bir o qədər az olar. Albinizmin differensial diaqnostikası oxşar dermatoloji və oftalmoloji simptomlarla gedən başqa irsi patologiyalarla, ilk növbədə Çediak-Xiqasi və Hermanski-Pudlak sindromu, X xromosomu ilə əlaqəli ixtioz, mikroftalmiya, Kallman xəstəliyi ilə aparılmalıdır.
Albinizmin müalicəsi və proqnozu
Albinizmin spesifik müalicəsi bu gün mövcud deyil; xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verən profilaktik tədbirlər işlənib hazırlanıb. Görmənin mövcud səviyyəsini saxlamaq üçün gözləri günəş şüalarından qorumaq mütləqdir. Xüsusi gün eynəklərinin və ya kontakt linzaların istifadəsi ilə buna nail olunur. Günəş altında olmaqdan qaçmaq və ya dərini qorumaq üçün xüsusi kremlər və losionlardan istifadə etmək vacibdir. Əgər bu tövsiyələrə əməl olunarsa, albinizmin proqnozu ümumilikdə kafidir – xəstələr uzun və dolğun həyat yaşaya bilərlər. Bu zaman dəri xərçəngi və ya torlu qişanın qopması kimi ağırlaşmaların profilaktikası məqsədilə dermatoloq və oftalmoloqun müntəzəm konsultasiyası mütləqdir.