Alimentar distrofiya

Alimentar distrofiya – ağır zülal çatışmazlığı və daha çox güclü energetik çatışmazlıqla xarakterizə olunan xəstəlikdir. Təzahürləri çox müxtəlif ola bilər, əsas klinik əlamətləri bədən çəkisinin 20%-dən çox (və ya BÇİ<16) azalması, dərinin quruluğu və elastikliyini itirməsi, saçların və dırnaqların kövrəkliyi, süstlük, yuxululuq və zəiflik, iştahanın artmasıdır. Diaqnostika anamnez, obyektiv və subyektiv əlamətlər, həmçinin başqa xəstəliklərin istisnasına əsasən qoyulur. Müalicə kompleks aparılır; qidalanmanın qaydaya salınması, orqanizmin qida maddələri, vitamin və mikroelement balansının bərpasından ibarətdir.

Alimentar distrofiya barədə ümumi məlumat

Alimentar distrofiya (alimentar marazm) məcburi və ya şüuri aclıq nəticəsində inkişaf edən sosial xəstəlikdir. Hazırda alimentar marazmdan yalnız inkişaf etmiş ölkələrin əhalisi əziyyət çəkmir; müharibə və fəlakət dövründə yarım milyondan çox insan bu xəstəliyə düçar olur. Çoxları gözəl bədən forması və komplekslərindən azad olmaq naminə aclıqdan ölməyə hazırdırlar. Lakin xəstəliyin ağır nəticələri, hətta letal sonluğu ola bilər. Uzun müddət ac qaldıqda, orqanizmə əvəzolunmaz maddələr qəbul olunmadıqda geridönməz metabolik dəyişikliklər baş verə bilər. İnkişaf etmiş ölkələrdə anoreksiya haqda daha tez-tez eşitmək olar; bu, həmin ağır dərəcəli alimentar distrofiyadır.

Alimentar distrofiyanın səbəbləri

Alimentar marazmın səbəbi uzun müddət ac qalmaqdır; bu zaman orqanizm kifayət qədər qidalı maddə və enerji ilə təmin olunmur. Bununla yanaşı, onların nisbi çatışmazlığı – idxal olunan kalorinin ixrac olunana uyğun olmaması da nəzərə alınır. Aclıq müxtəlif səbəblərdən (insanı uzun müddət qidalanmamağa vadar edən müharibə, ekoloji fəlakətlər və başqa hadisələr; pəhriz; qida borusunun daralması və çapıqları və s.) baş verə bilər. Lakin ağır fiziki əmək, bədənin həddən artıq soyuması prosesin dərinləşməsinə səbəb olur.

Qeyd etmək lazımdır ki, uzun müddət yalnız energetik aclıq zamanı da distrofiyanın inkişafı mümkündür. Bu zaman orqanizmdə əvvəlcə qlikogen və yağ ehtiyatı;  sonra isə əsas mübadilənin təmin olunması məqsədilə daxili zülal ehtiyatı tükənir. Distrofiya prosesləri ilk növbədə dəridə və əzələlərdə başlayır; sonra isə daxili orqanlara, ən sonda həyati vacib orqanlara (ürək, böyrəklər və beyin) təsir göstərir. Müəyyən məqamda katabolizm prosesləri elə forma alır ki, hətta tamdəyərli müalicə başlandıqda belə letal sonlanma qaçılmaz olur.

Xəstəliyin son mərhələlərində orqanizmdə vitamin və mineral ehtiyatları tükənir, immun sistem fəaliyyətini dayandırır. Letal sonluq, adətən, ürək çatışmazlığı və ya immunitetin xeyli zəifləməsi fonunda prosesə qoşulmuş infeksiyalar nəticəsində baş verir.

Alimentar distrofiyanın təsnifatı

Qastroenterologiyada alimentar distrofiyalar formalarına və ağırlıq dərəcəsinə görə bölünür. Formasına görə xəstəlik kaxektik (quru) və ödemli olmaqla ayrılır. Kaxektik forma daha ağır gedişata malikdir. Ödem forma bədəndə və həmçinin daxili orqanlara (assit, perikardit və plevrit) yayılmış ödemlərlə xarakterizə olunur; bu forma müalicəyə daha yaxşı tabe olur.

Xəstəliyin gedişinə görə üç mərhələsi ayırd edilir. Birinci mərhələdə bədən çəkisinin bir qədər azalması, əmək qabiliyyətinin saxlanması, sidik ifrazının tezləşməsi, yanma hissi, iştahanın artması, zəiflik və üşümə qeyd olunur. İkinci mərhələdə xeyli arıqlama və əmək qabiliyyətinin itirilməsi qeyd olunur. Belə xəstələr özünə qulluq edə bilir, lakin hər hansı bir əmək qabiliyyətinə, demək olar ki, malik olmur. Ödemlər meydana çıxa bilər, zülalların miqdarı xeyli azalır, qanda qlükozanın konsentrasiyası tez-tez azalır. Üçüncü mərhələdə xəstələr müstəqil hərəkət edə, çarpayıdan qalxa bilmir; kəskin tükənmiş vəziyyətdə olurlar. Aclıq koması yarandıqda pasientdə komaya qədər əmək qabiliyyəti saxlansa belə, xəstəliyin üçüncü mərhələsindən danışılır.

Alimentar distrofiyanın simptomları

Alimentar distrofiya tədricən inkişaf edir; bir çox hallarda pasientlər özlərinə etiraf edə bilmirlər ki, onlar bu xəstəlikdən əziyyət çəkirlər. Adətən, kaxeksiya əlamətləri yalnız uzun müddət orqanizmə nəinki kalori, hətta zülal, yağ, əvəzolunmaz aminturşular və vitaminlər (daha çox yağda həll olan) daxil olmadıqda meydana çıxır. İlk simptomlar nəzərə çarpmaya və ya təhlükəli simptom (sidik ifrazının tezləşməsi, poliuriya (sutkalıq sidiyin həcminin artması), zəiflik, oyanıqlıq, əmək qabiliyyətinin zəifləməsi, daim yuxululuq) kimi qiymətləndirilməyə bilər. Tez-tez xəstələri yanğı hissi, iştahanın artması narahat edir. Spesifik simptomlardan biri də duz yeməyə meyillikdir.

Qidalanma normallaşdırılmadıqda, xəstəlik proqressivləşir və növbəti mərhələyə keçir. Bu zaman dəri çox quru və elastikliyini itirmiş olur, qırışlar əmələ gəlir, perqamenti xatırladır. İstənilən fiziki işi icra etmək çox çətinləşir, xəstənin ümumi vəziyyəti xeyli pisləşir. Distrofiyanın ilk əlamətləri və daxili orqanların funksiyalarının pozulması (qəbizlik və başqa dispeptik əlamətlər, ürək fəaliyyətinin pozulması, endokrin pozulmalar – qadınlarda menstruasiya baş vermir, sonsuzluq yaranır) meydana çıxır. Bədən temperaturunun yüksəlməsinə meyillik qeyd olunur. Ürək döyünmələri azalır, təzyiq düşür. Psixi dəyişikliklər meydana çıxa bilər.

Xəstəliyin son mərhələsi orqanizmin bütüm funksiyalarının kəskin zəifləməsi ilə xarakterizə olunur. Dərialtı piy qatı olmur, əzələlər çox nazik və elastikliyini itirmiş olur. Üçüncü mərhələdə insan müstəqil hərəkət etmək qabiliyyətinə malik olmur. Bütün qan hüceyrələrinin (eritrositlər, leykositlər, trombositlər) konsentrasiyasının azalması, immunitetin  çökməsi qeyd olunur. Qanda zülalların çox aşağı səviyyəsi, qlükozanın konsentrasiyasının azalmağa meyilliyi aşkarlanır. Vitamin və mineral ehtiyatı tamamilə tükənir, sümüklər kövrək olur. Beləliklə, orqanizm öz zülallarını katabolizmə uğradır (parçalayır), onların zəhərli parçalanma məhsulları qanda toplanmağa başlayır. Bu, vəziyyətin daha da pisləşməsinə, güclü psixi pozulmaların (parçalanma məhsullarının baş beynə təsiri nəticəsində) meydana çıxmasına gətirib çıxarır. Xəstəliyin son mərhələsində, adətən, hətta müalicənin və qidalanmanın başlanması belə qəmli sonluğun qarşısını ala bilmir.

Alimentar distrofiyanın son mərhələlərində inkişaf edən ən ağır vəziyyət aclıq komasıdır. Koma qanda qlükozanın səviyyəsinin həddən artıq azalması və baş beynin lazımi miqdarda enerji ilə təmin olunmaması nəticəsində yaranır. Bu patoloji vəziyyətin klinikası kifayət qədər aşkardır: qəflətən huşun itirilməsi, dərinin solğunluğu və soyuqluğu, bəbəklərin genişlənməsi. Bədən temperaturunun xeyli yüksəlməsi baş verir. Tənəffüs səthidir, nadir və qeyri-ritmik ola bilər. Əzələ tonusu itirilir, qıcolmalar inkişaf edə bilər. Nəbz, demək olar ki, təyin olunmur və zəifdir, təzyiq aşağıdır. Vaxtında müdaxilə olunmadıqda  ürək və tənəffüsün dayanmasından ölüm baş verir.

Alimentar distrofiya müxtəlif infeksiyalarla (bağırsaq infeksiyaları, sepsis, vərəm, pnevmoniya) ağırlaşa bilər. Bir sıra hallarda ölüm fiziki yüklənmə zamanı ağciyər arteriyasının trombla emboliyasından (AATE) baş verir.

Alimentar distrofiyanın diaqnostikası

Diaqnoz anamnezin hərtərəfli toplanması və pasientin obyektiv müayinəsinə əsasən qoyula bilər. Anamnezdə uzun müddət ac qalma varsa, alimentar distrofiya üçün xarakterik simptomatika və  laborator əlamətlər (qanın aşkar klinik və biokimyəvi analizi, USM, MRT və ya KT-nin nəticələrinə əsasən daxili orqanların distrofiya əlamətləri) aşkarlandıqda, həmçinin başqa xəstəliklər istisna olunduqda diaqnoz çətinlik törətmir.

Alimentar distrofiya orqanizmin tükənməsinə gətirib çıxara biləcək bütün xəstəliklərdən (onkoloji proseslər (ilk növbədə mədə və bağırsaq xərçəngi), vərəm, şəkərli diabet, hipofizar pozulma və tireotoksikoz) differensiasiya olunmalıdır. Patologiya yanğı hissi və iştahanın artması, aclıq, əzələlərin çox güclü tükənməsi, dəri dəyişiklikləri, bradikardiya, bədən temperaturunun azalması, bütün endokrin vəzilərin fəaliyyətinin pozulması ilə başqa xəstəliklərdən fərqlənir.

Alimentar distrofiyanın müalicəsi

Xəstəliyin istənilən mərhələsində müalicə  gün rejiminin – qidalanma, istirahət və yuxunun normallaşdırlmasından başlanır. Belə xəstələri isti, havası dəyişdirilmiş palatalara köçürürlər, infeksion xəstələrlə kontakta imkan vermirlər. Xəstəliyin ilk mərhələsində asan sorulan fasiləli qidalanmaya başlanır. İkinci və üçüncü mərhələlərdə enteral (enteral qidalar – xüsusi qidalı qarışıqlar) və parenteral qidalanma (qlükoza və başqa qidalı maddələr venadaxili yeridilir) həyata keçirilir.

Başlanğıcda qidanın kalori dəyəri təxminən 3000 kkal/ gün olur, tədricən 4500 kkal/ günə qədər artır. Qida rasionuna mütləq heyvan mənşəli zülallar daxil edilməlidir; zülalların ümumi miqdarı 2 q/ kq/ gün təşkil etməlidir. Patologiyanın müalicəsində təkcə qida maddələrini deyil, həm də maye balansını da müxtəlif məhlulların infuziyası yolu ilə bərpa etmək lazımdır. Üçüncü mərhələdə mütləq qan (eritrosit, plazma, albumin) preparatları köçürülür. Orqanizmin turşu-qələvi balansı korreksiya olunur.

İnfeksion ağırlaşmaların müalicəsi məqsədilə antibiotiklər (həssaslığa müvafiq) təyin olunur. Bununla yanaşı, immun statusun və disbakteriozun korreksiyası həyata keçirilir. Alimentar komanın müalicəsi huşun və qanda qlükozanın konsentrasiyası bərpa olunanadək 40%-li qlükoza məhlulunun venadaxili yeridilməsi; isitmə, vitamino- və hormonoterpiya, qıcolmaların aradan qaldırılmasından ibarətdir. Müalicə zamanı və sonrakı dövrdə belə xəstələr stasionardan çıxdıqdan sonra yarım il davam edən psixi və fiziki reablitasiyaya ehtiyac duyurlar. Buna görə də müalicə qastroenteroloq və psixoterapevtlə birgə aparılır.

Proqnoz və profilaktika

Xəstəlik müalicə olunmadıqda, adətən 3-5 il ərzində ölümlə sonlanır. Müalicəyə vaxtında başlandıqda xarici effekt kifayət qədər tez əldə oluna; lakin daxili orqanların funksiyalarının bərpası illərlə uzana bilər. Patologiyanın profilaktikası sağlam həyat tərzi və düzgün qidalanmadan ibarətdir.

error: Content is protected !!