Alkaptonuriya
Alkaptonuriya – homogentizinaza fermentinin anadangəlmə defisiti ilə xarakterizə olunan və homogentizin turşusunun natamam parçalanması, onun sidiklə eksresiyası və bu metabolitlərin toxumalarda (dəri, oynaq qığırdaqları, vətərlər, sklera və s.) toplanmasına gətirib çıxaran genetik metabolizm pozğunluğur. Patologiyanın əlamətləri uşaqlıq dövründə meydana çıxır; havada sidiyin sürətlə tündləşməsi, dəri və skleranın piqmentasiyası, osteoartroz, nefrolitiaz, səsin batıqlığı, disfagiya və s. ibarətdir. Xəstəliyə klinik təzahürlər, laborator testlər (sidiyin biokimyəvi müayinəsi, sinovial mayenin analizi), rentgenoqrafiya, artroskopiyaya əsasən diaqnoz qoyulur. Alkaptonuriyanın müalicəsi simptomatik (dietoterapiya, vitamin C, xondroprotektorlar, QSİƏP, balneofizioterapiya) xarakter daşıyır; ehtiyac olduqda oynaqların və ürək qapaqlarının protezlənməsi həyata keçirilir.
Alkaptonuriya barədə ümumi məlumat
Alkaptonuriya (homogentizin asiduriya, irsi oxronoz) – maddələr mübadiləsinin irsi patologiyasıdır. Patologiyanın əsasında tirozin metabolizminin pozulması durur; bu isə aralıq metabolitlərin – homogentizin turşusunun izafi miqdarda yaranmasına gətirib çıxarır. Orqanizmdə homogentizin turşusunun toplanması və onun sidiklə xaric olması alkaptonuriya adlandırılan simptomokompleksin gedişini müəyyənləşdirir. Xəstəlik polisistem zədələnmələrlə müşayiət olunduğundan tibbin bir sıra sahələrinin (revmatologiya, dermatologiya, ortopediya, urologiya, kardiocərrahiyyə, genetika və s.) maraq dairəsindədir. Alkaptonuriya nadir hallarda, dünya əhalisinin 1:250 000 və ya 1:1 milyon nisbətində rastlanır. Patologiya Dominikan Respublikası, Almaniya, Çexiya, Slovakiya, Hindistan, ABŞ kişiləri arasında daha çox yayılıb.
Alkaptonuriyanın səbəbləri
Alkaptonuriya genetik enzimopatiyalara aid edilir. Patologiyanın ötürülmə mexanizmi autosom-resessiv tip üzrə olduğundan uşaqda klinik təzahürlərin inkişaf etməsi üçün o, hər iki valideyndən mutant genin bir kopiyasını almalıdır. Alkaptonuriya zamanı mutasiyalar 3-cü xromosomun uzun çiynində lokalizasiya olunan (3q 21-23) homogentizin turşusunun oksidaza geninə (HGD) təsir göstərir. Nəticədə tirozin və fenilalaninin parçalanmasında iştirak edən homogentizinaza fermentinin (homogentizin oksidaza) sintezi pozulur.
Normada tirozin və fenilalanin mübadiləsində aralıq metabolit olan homogentizin turşusu homogentizinaza fermentinin təsiri altında maleilasetosirkə turşusuna çevrilir və sonra asetosirkə turşusu və fumar turşusuna qədər parçalanır. Son iki turşu sonrakı biokimyəvi proseslərdə iştirak edir. Alkaptonuriya (homogentizinaza fermentinin anadangəlmə defisiti) zamanı homogentizin turşusu metabolizimin sonrakı mərhələlərini keçmir, birləşdirici toxumada toplanan və çox hissəsi (gün ərzində 4-8q-a qədər) sidiklə xaric olan xinon polifenollarına (alkapton piqmenti) çevrilir.
Alkaptonuriyanın simptomları
Alkaptonuriya homogentizin asiduriya, oxronoz və artropatiyalardan ibarət simptomokomplekslə xarakterizə olunur. Bu əlamətlər müxtəlif vaxtlarda meydana çıxır: sidiyin rənglənməsi doğumdan, toxumaların piqmentasiyası 30 yaşdan, oynaqların zədələnməsi 40 yaşdan başlayır.
Alkaptonuriyanın erkən əlamətlərini erkən uşaqlıq dövründə sezmək olar: uşağın yaş paltarlarında yuyulması mümkün olmayan tünd sidik ləkələri görmək olar. Sidikdə homogentizin turşusunun miqdarı çox olduğundan çökdürdükdə tünd-qəhvəyi rəng alır. Sonralar sidik-cinsiyyət orqanları tərəfindən pielonefrit, sidik daşı xəstəliyi, kalkulyoz prostatit inkişaf edir.
Alkaptonuriya zamanı dəri sindromu üzdə (burun kürəyi, dodaq- və gözətrafı nahiyədə), boyunda, ovucda, qarında, qoltuqaltı və qasıq nahiyəsində boz-qəhvəyi piqmentasiyaların meydana çıxması ilə xarakterizə olunur. Xəstəliyin tipik əlamətləri qulaq seyvanının qalınlaşması və boz-göy rəng alması, sklera və konyunktivanın piqmentasiyasıdır. Piqment qırtlaq qığırdağında diffuz toplanır və səsibatıqlıq, təngnəfəslik, disfagiya, udqunma zamanı ağrılarla müşayiət olunur. Zaman keçdikcə aorta və ürək qapaqlarının kalsifikasiyası inkişaf edir; nəticədə ateroskleroz, qazanılmış aortal və mitral qüsurlar əmələ gəlir. Alkaptonuriyanın ağır formalarında piqment yığınlarına qalxanabənzər vəzi, böyrəküstü vəzilər, mədəaltı vəzi, dalaq, yumurtalıqlarda/ xayalarda rast gəlinə bilər.
Alkaptonuriya zamanı dayaq-hərəkət sisteminin zədələnmələri, əsasən, aşağı ətrafların iri oynaqlarını və onurğanı əhatə edir. Deformasiyaedici spondilyoz tipli dəyişikliklər ilk növbədə beldə, sonra isə onurğanın döş şöbəsində inkişaf edir. Bu zaman tədricən bel lordozu düzləşir, hərəkət zamanı ağrılar və buxovlanma meydana çıxır; onurğa sütununda baş verən dəyişikliklər onurğanın zədələnmiş şöbəsinin tamamilə hərəkətsizliyinə qədər dərinləşə bilər. Onurğanın zədələnməsinin ardınca diz, çiyin və bud-çanaq oynaqlarının deformasiyaedici osteoartroz əlamətləri meydana çıxır. Artralgiyalar, oynaqların şişkinliyi (reaktiv sinovit), krepitasiya, hərəkətlilik, bükücü kontrakturaların inkişafı xarakterikdir. Alkaptonuriya zamanı ileosakral oynaqları və qasıq bitişməsi zədələnmələrinə də rast gəlinir.
Alkaptonuriyanın diaqnostikası
Alkaptonuriya erkən uşaqlıq dövründə diaqnostika olunur; lakin bir sıra hallarda yalnız tam simptomokompleks inkişaf etdikdən sonra aşkar oluna bilər. Havada tündləşən sidik; dəri piqmentasiyası və qalınlaşması; onurğanın və oynaqların proqressivləşən zədələnmələri mühüm əhəmiyyət kəsb edir. İnstrumental (rentgenoloji, ultrasəs, endoskopik) və laborator müayinələr diaqnozun düz qoyulmasına xidmət edir. Pasiyentlərin alkaptonuriya pozulmalarını qiymətləndirmək məqsədilə revmatoloq, ortoped, dermatoloq, uroloq, nefroloq, kardioloq, oftalmoloq konsultasiyasından keçmələrinə ehtiyac duyulur.
Onurğanın rentgenoqrafiyası zamanı fəqərəarası disklərin xondrokalsinozu, fəqərə cisminin osteosklerozu, fəqərələrarası yarığın daralması əlamətləri aşkar olunur. Böyük oynaqların rentgenoqrafiyası və USM-inin göstəriciləri oynaq yarığının daralması, osteoskleroz, osteofitlər və sərbəst oynaqdaxili cisimlərin olması, qığırdaq və periartikulyar toxumanın ossifikasiyası ilə xarakterizə olunur. Alkaptonuriya zamanı diz və bud-çanaq oynaqlarının diaqnostik artroskopiyası xarakterik qığırdaq piqmentasiyasını aşkarlamağa imkan verir. Prostatda və böyrəklərdə daşlar pieloqrafiya, böyrəklərin və prostatın USM-i zamanı aşkar olunur. Ürək qapaqları və damarların vəziyyəti ExoKQ, aortanın USDQ ilə dəqiqləşdirilir. Larinqoskopiya ilə tünd rəngli qırtlaq qığırdağı görünə bilər.
Alkaptonuriyanın patogenetik diaqnostikası fermentativ spektrofotometriya və ya maye xromotoqrafiya metodunun köməyilə sidiyin biokimyəvi analizi və sidikdə homogentizin və benzoxinosirkə turşusu aşkar olunmasından ibarətdir. Sidiyin rənginin qiymətləndirilməsi havada, isinmə və qələviləşməyə məruz qaldıqda onun xeyli tündləşdiyini müəyyənləşdirməyə imkan verir. Sinovial mayenin müayinəsi diaqnostikaya müəyyən köməklik göstərə bilər; belə ki, oynaq möhtəviyyatında iltihab əlamətləri qeyd olunmur, lakin oxronotik piqment hissəcikləri aşkar olunur. Alkaptonuriya üçün spesifik dəyişikliklər oynağın biopsiyası ilə əldə olunmuş sinovial qişada aşkarlanır.
Alkaptonuriyanın differensial diaqnostikası osteoxondrozlar, Bexterev xəstəliyi, porfiriyalar, amiloidoz, argiroz, lipoproteinoz və s. ilə aparılır. Xəstəliyin genetik formasını C hipovitominozu ilə əlaqəli simptomatik alkaptonuriyadan fərqləndirmək lazımdır. Sonuncu yüksək dozalarda askorbin turşusunun təyinindən sonra keçib gedir.
Alkaptonuriyanın müalicəsi
Genetik alkaptonuriyanın etipatogenetik müalicəsi bu günə qədər işlənib hazırlanmayıb. Homogentizin turşusunun həddən artıq əmələ gəlməsinin qarşısını almaq üçün bəzi müəlliflər az zülallı pəhrizin məqsədəuyğunluğunu qeyd edirlər. Alkaptonuriya zamanı tirozin metabolizminin yaxşılaşdırılması məqsədilə vitamin C-in qəbulu göstərişdir. Patologiyanın əsas dərman müalicəsi simptomatik xarakter daşıyır və qeyri-steroid iltihab əleyhinə preparatlar, spazmolitiklər, xondroprotektorların qəbulu; hidrokartizon, hialurion turşusunun oynaqdaxili yeridilməsindən ibarətdir. Balneofizioterapevtik prosedurlar (radon vannaları, palçıq müalicəsi, parafin aplikasiyası), massaj, müalicəsi bədən tərbiyəsi müsbət effekt verə bilir.
Oynaqların zədələnmələri güclü olduqda ortopedocərrahi korreksiyanın (diz, bud-çanaq və ya çiyin oynaqların endoprotezlənməsi) aparılmasına dair suala aydınlıq gətirilməlidir. Ürək qapaqlarının hemodinamik əhəmiyyətli zədələnmələri zamanı mitral və ya aortal qapaqlar protezləşdirilir.
Alkaptonuriyanın proqnozu
Alkaptonuriyanın sağalmasına dair proqnoz qeyri-kafidir. Xəstəlik orqanizmdə geri dönməz dəyişikliklərin inkişafı ilə proqressivləşən xroniki gedişata malikdir. Alkaptonuriya pasiyentin daimi əlilliyi ilə sonlanır. Patologiyanın genetik xarakteri spesifik profilaktikanın mümkünsüzlüyündən xəbər verir. Alkaptonuriyalı xəstələrin davamçılarında (övladları və s.) patologiyanın inkişafının proqnozu məqsədilə genetik konsultasiyanın aparılması tövsiyə olunur.