Alkoqol pankreatiti
Alkoqol pankreatiti – alkoqol qəbulu ilə təşviq olunan mədəaltı vəzi iltihabıdır. Patologiya xroniki alkoqolizm fonunda, həmçinin spirt və ya onun surraqatlarının yüksək kalorili, yağlı qidalarla yanaşı bir dəfə qəbulu zamanı əmələ gələ bilər. Bu zaman qarnın yuxarı nahiyəsində güclü kəmərləyici ağrılar, ürəkbulanma, qusma, bədən temperaturunun yüksəlməsi, diareya meydana çıxır. Pankreatik fermentlərin səviyyəsinin analizi, USM, KT, və ya MRT, endoskopik retroqrad xolangiopankreatoqrafiyaya (ERXPQ) əsasən düzgün diaqnoz qoymaq olar. Alkoqol pankreatitinin müalicəsi – alkoqoldan tam imtina, pəhriz, dərman terapiyası, göstəriş olduqda – cərrahi müdaxilədən ibarətdir.
Alkoqol pankreatiti barədə ümumi məlumat
Alkoqol pankreatiti – mədəaltı vəzin iltihabıdır. Patologiya alkoqol və onun surroqatlarının xroniki qəbulu və ya spirtli içkilərin bir dəfə yağlı qidalarla, siqaretçəkmə ilə yanaşı istifadəsi nəticəsində inkişaf edir. Xroniki alkoqol pankreatitindən əziyyət çəkən xəstələrin təxminən 50%-i xəstəlik başladıqdan 20 il sonra ölürlər. Lakin ölüm səbəbi çox vaxt pankreatit deyil, alkoqolizmlə əlaqəli xəstəliklər olur.
Alkoqol pankreatitinin səbəbləri
Alkoqol pankreatitinin inkişaf səbəbi etil spirtinin parçalanma məhsulları və ya surroqatların qəbulu zamanı əmələ gələn maddələrin mədəaltı vəzi hüceyrələrini toksiki zədələməsidir. Bu zaman spirtli içkinin növü, keyfiyyəti heç bir həlledici əhəmiyyət daşımır – pankreatit hər gün pivə, yaxşı konyak, həmçinin onların surroqatlarını qəbul etdikdə də inkişaf edə bilər.
Müasir qastroenterologiya sahəsində aparılan son araşdırmalar göstərir ki, alkoqolizm pankreatitin inkişafında həlledici rol oynamır; bu xəstəliyə genetik meyillik olduğu güman olunur. Bundan başqa, bəzi faktorların (spirtli içkilər qəbul etmək, siqaret çəkmək; çox miqdarda az zülallı yağlı yeməklər yemək) mədəaltı vəzi zədələnməsinə təkan verməsi istisna olunmur.
Alkoqol pankreatitinin patogenezi
Alkoqol pankreatitinin patogenezi kifayət qədər mürəkkəbdir. Hüceyrələr zədələndikdə fermentlər aktivləşir və vəzin özünü parçalamağa başlayır, daha çox toxumanın nekrozuna səbəb olur. Vəzin ödemi inkişaf edir; ödem böyüyərək ətraf orqanları sıxır, onun qişası gərginləşir və güclü ağrıya səbəb olur. Bu zaman nekrozlaşmış toxumalar və maye ilə dolu spesifik psevdokistalar əmələ gəlir.
Vəzin toxumasında fibroz prosesi başlayır, birləşdirici toxuma əmələ gələrək stromanı və axarları deformasiyaya uğradır. Beləliklə, mədəaltı vəzidə sekretin durğunluğuna və daha çox zədələnməsinə səbəb olur. Ferment ifrazı funksiyası pozulur, nəticədə dispeptik əlamətlər meydana çıxır. Sonda vəzin normal toxuması piy toxuması və birləşdirici toxuma ilə əvəzlənir, nəticədə orqanın endokrin funksiyası pozulur – şəkərli diabet inkişaf edir.
Məlumdur ki, içki hüceyrələrə ağır zədələyici təsir göstərən sərbəst radikalların əmələ gəlməsinə səbəb olur. Eyni zamanda siqaretçəkmə mədəaltı vəzin damarlarının spazmına və işemiyaya səbəb olur, nəticədə toxumanın zədələnməsi artır. Yağlı qidaların qəbulu fermentlərin sintezini aktivləşdirir, onların vəziyə zədələyici təsirini dərinləşdirir.
Alkoqol pankreatiti təsnifatı
Gedişatının xarakterinə görə kəskin və xroniki pankreatit ayırd edilir. Kəskin alkoqol pankreatiti, adətən, bir dəfə xüsusən siqaretçəkmə, yağlı və zülaldan kasad qida yeyilməsi ilə müşayiət olunan yüksək dozada alkoqol qəbulu zamanı inkişaf edir. Bu forma əsasən cavan kişiləri zədələyir və çox ağır gedir.
Xroniki pankreatit həm kəskin formanın davamı, həm də müstəqil xəstəlik kimi inkişaf edə bilər. Araşdırmalar göstərir ki, bu xəstəliyin yaranması hər gün 20 q alkoqol qəbul etdikdə də mümkündür; ilk simptomlar 2 il sonra meydana çıxa bilər. Lakin əksər hallarda xroniki pankreatit uzun müddət yüksək dozada spirt qəbul etdikdə baş verir.
Alkoqol pankreatitinin simptomları
Xəstəliyin klinik mənzərəsi, adətən, güclü kəmərləyici ağrılarla təzahür edir; lakin bəzi klinik hallarda ağrı sindromu olmadan da gedir. Ağrılar qarnın yuxarı hissəsində lokalizasiya olunur və qabırğaaltı nahiyəyə, kürəyə irradiasiya edir. Daimi sızıldayıcı və ya qəfləti kəskin ola bilər. Pasient kürəyi üstə uzandıqda ağrılar güclənir; oturub bədəni önə doğru əydikdə, yəni məcburi vəziyyət aldıqda azalır. Ağrı qida qəbulundan sonra güclənir; bununla əlaqədar olaraq, xəstələr qidadan qorxmağa başlayır. Xroniki pankreatitdə ağrı daimi, mülayim olur; alkoqol içdikdən və yağlı, ədviyyatlı qida qəbulundan sonra xeyli güclənir.
Bundan başqa, pasienti ürəkbulanma, qusma, diareya tez-tez narahat edir. Bu zaman nəcis çox, bozumtul, üfunətli, yağlı parıltılıdır və həzm olunmamış qida qalıqlarına malikdir. Güclü meteroizm, gəyirmə, qarında qurultu da xəstəni narahat edir. Mədəaltı vəzi fermentlərinin kifayət qədər sintez olunmaması nəticəsində qida maddələrinin parçalanması və sorulması prosesləri pozulduğundan, həmçinin qida qəbul etmək qorxusu səbəbindən sürətli arıqlama qeyd olunur.
Alkoqol pankreatitinin ağırlaşmaları
Pankreatitin ağırlaşmış gedişində mədəaltı vəzin kistaları və absesləri, qonşu orqanlar və ya qarın boşluğuna fistullar formalaşa, mexaniki sarılıq, şəkərli diabet meydana çıxa bilər. Uzun müddət müalicə olunmamış xroniki pankreatit mədəaltı vəzin adenokarsinomasının inkişafına gətirib çıxara bilər.
Alkoqol pankreatitinin diaqnostikası
Alkoqol pankreatitinin erkən mərhələdə – mədəaltı vəzi toxuması geniş zədələnənə qədər diaqnostikası, demək olar ki, mümkün düyil. Xəstəliyin başlanğıcında tipik USM əlamətləri, analizlərdə xarakterik əlamətlər (məs., amilaza fermenti sintezi normadan 10%-dən az olana qədər öz aktivliyini saxlayır) aşkarlanmır. Simptomlar həm də vəz toxumasının geniş ödemi və nekrozu əmələ gələndə meydana çıxır.
Anamnez toplandıqda alkoqol qəbulu faktı mütləq qeydə alınır. Alkoqol pankreatiti diaqnozunun qoyulması çətinlik törədir. Belə ki, çoxları alkoqolizmi və hətta bir dəfə alkoqol qəbulunu gizlədirlər.
Pankreatit üçün xarakterik simptomlar bir sıra müayinələrin aparılmasını tələb edir. Bu zaman qanın klinik analizində iltihab markerlərini (leykositlərin yüksək səviyyəsi, leykoformulun dəyişilməsi, EÇS-in yüksəlməsi) aşkarlanır. Qanın biokimyəvi analizində mədəaltı vəzin fermentlərinin aktivliyinin dəyişilməsi qeyd olunur. Qamma-qlutamil-transpeptidazanın səviyyəsinin yüksəlməsi diaqnostik əhəmiyyətə malikdir. Bu ferment nəinki pankreatitin olmasından, həm də xroniki alkoqolizmdən xəbər verir. Sidikdə qlükoza, albumin və transferrinin səviyyəsi yüksəlir. Koproqrammada şox miqdarda neytral yağlar, qida lifləri və yağ turşuları aşkarlanır.
Mədəaltı vəzin xarici sekresiya funksiyasını qiymətləndirmək məqsədilə sekretin və xolesistokininlə (onlar vəzin ferment sintezini stimulyasiya edirlər) xüsusi test aparılır. Bu maddələr yeridildikdən sonra onikibarmaq bağırsaq şirəsindən altıdan artıq sınaq götürülür və onun miqdarı dəyərləndirilir. İlk üç sınaqda bikarbonatların, sonrakında isə fermentlərin səviyyəsi təyin olunur. Testin nəticələri pankreasın həzm funksiyasını qiymətləndirməyə imkan verir.
Abdominal USM pankreasın ölçülərini, kista və kalsinatlarının olub-olmamasını, axarlarının enini müəyyənləşdirir. Bu zaman qaraciyər və ödçıxarıcı yolların vəziyyətinə də diqqət edilir. Belə ki, pankreatit zamanı onların da fəaliyyəti pozula bilər. Abdominal MRT və KT vasitəsilə vəzin ölçüsü və yerləşməsi, kistaları və kalsinasiya ocaqları haqda məlumat əldə olunur, şiş prosesləri inkar edilir. ERXPQ (endoskopik retroqrad xolangiopankreatoqrafiya) pankreas axarlarının vəziyyətini qiymətləndirməyə imkan verir. Bu məqsədlə endoskopun köməyilə kontrast maddə yerilir və rentgenoloji şəkilllərin köməyi ilə axarların mənfəzi qiymətləndirilir.
Alkoqol pankreatitinin müalicəsi
Xəstəliyin müalicəsi qastroenteroloq, cərrah, endoskopist, endokrinoloq, radioloq, psixoterapevt, narkoloqun, ehtiyac olduqda digər mütəxəssislərin müşahidəsi altında kompleks aparılır. Müalicənin başlıca və dəyişilməz şərti alkoqoldan imtinadır; hətta bu vəziyyətdə belə tam sağalma vəd etmək olmaz. Müalicə ümumi tədbirlərlə başlanır. Pankreatitin ağır gedişində bir neçə gün ərzində müalicəvi aclıq təyin oluna bilər. Qalan digər hallarda 5-ci pankreatik masa təyin olunur, alkoqol və siqaret çəkmək qadağan olunur.
Konservativ müalicə əvəzedici ferment terapiyası, qusma əleyhinə və ağrıkəsici preparatlardan ibarətdir. Şəkərin səviyyəsi kontrol olunur, ehtiyac olduqda korreksiya edilir. Mütləq şəkildə yağda həll olan vitaminlər, mühüm mikroelementlər təyin olunur.
Cərrahi müalicə kistanın və abseslərin açılması, vəzin hissəvi rezeksiyası, fistulların bağlanmasından ibarətdir. Operativ müalicə pankreatitin ağırlaşmış gedişində tələb olunur. Cərrahi əməliyyata ehtiyac olduqda xəstəliyin proqnozu pisləşir. Belə ki, pankreatitin cərrahi müalicəsi şəkərli diabetin inkişaf ehtimalını xeyli artırır.
Alkoqol pankreatitinin proqnoz və profilaktikası
Alkoqol pankreatitin xroniki gedişində proqnoz qeyri-kafidir. Kəskin gedişat zamanı nəticə xəstəliyin ağırlıq dərəcəsindən asılıdır; patologiya kifayət qədər tez-tez xəstənin ölümünə gətirib çıxara bilən pankreonekrozla sonlanır. Alkoqol pankreatitin profilaktikası alkoqoldan və siqaretdən tam imtina, tərkibində kifayət qədər zülal olan tam dəyərli qidalanma, hər il qastroenteroloq müayinəsindən keçməkdən ibarətdir.