Allergik keratit

Allergik keratit – gözün buynuz qişasının kəskin allergik reaksiyanın inkişafı ilə əlaqəli iltihabi xəstəliyidir. Allergik keratitin təzahürləri korneal sindrom (işıqdan qorxma, gözün sulanması, blefarospazm), qarışıq konyuktival-perikorneal inyeksiya, buynuz qişada səthi infiltrasiyadan ibarətdir. Allergik keratitin diaqnostikası  inspeksiya (baxış), görmə itiliyinin yoxlanması, biomikroskopiya, buynuz qişadan götürülmüş materialın mikroskopiyası və əkilməsi, analgezimetriya, buynuz qişanın fluoressinlə rənglənməsi, dəridaxili allergik sınaqlara və s. əsaslanır. Müalicəsi kortikosteroidlərlə yerli müalicənin aparılması, antihistaminlərin qəbulu tələb olunur.

Allergik keratit barədə ümumi məlumat

Buynuz qişa gözün xarici qişalarının ön, göz yarığında yerləşən hissəsini təşkil edir; işıqsınma aparatınn mühüm elementidir. Buynuz qişanın mühüm funksiyaları gözü mexaniki, termiki və digər zədələnmələrdən – mikroorqanizmlər və toz düşməsindən qorumaqdır.  Buynuz qişanın xüsusiyyətləri – şəffaflığı, səthinin əyriliyi, sferikliyi, struktur və optik homogenliyi görmə prosesində həlledicidir. Buynuz qişanın iltihabı – keratit tez-tez qişada geri dönməz dəyişikliklərə, beləliklə, davamlı görmə zəifliyindən korluğa qədər gətirib çıxarır.

Oftalmologiyada allergik keratit yerli kəskin allergik reaksiya hesab olunur; çox vaxt uşaq və yeniyetmələrdə, allergik konyuktivitlə yanaşı təzahür edir.

Allergik keratitin səbəbləri

Аllergik keratit müxtəlif ekzo- və endoallergenlər vasitəsilə törədilə bilər. Ekzogen allergenlər kimi adətən dərmanlar (həmçinin vaksinlər), qida məhsulları, bitkilərin tozcuqları, heyvan tükləri, məişətdə istifadə olunan kimyəvi maddələr, kosmetika və s. amillər çıxış edir.  Bununla yanaşı, dərman allergik keratiti preparatların yerli və parenteral təyini ilə əlaqəli də inkişaf edə bilər.

Endogen allergenlərə göz yaşındakı bakterial toksinlər, qurd invaziyası, vərəm intoksikasiyası aiddir. Helmintozların fonunda nəinki allergik keratit, konyuktivit, blefarit, iridotsiklit, həmçinin atopik dermatit, pollinoz, bronxial astmanın da klinikası inkişaf edə bilər. Vərəm intoksikasiyası nəticəsində əmələ gələn tuberkulyoz-allergik keratitlər xüsusi qrup təşkil edir. Allergik keratitin bu formasında mikobakteriyalar aşkar olunmur, diaqnoz müsbət spesifik vərəm sınaqlarına (Mantu reaksiyası, Pirke sınağı) əsasən orqanizmin yüksək sensibilizasiyasını təsdiqləyir.

Allergik keratit zamanı buynuz qişanın ödemliyi və subepitelial infiltrasiya aşkarlanır. Bir və çoxsaylı infiltrasiyalar qişanın müxtəlif hissələrində və dərinliklərində yerləşir; müxtəlif ölçü və formalarda olur. İnfiltrat yerləşən nahiyədə buynuz qişa öz parıltısını itirir. Səthi allergik keratitdə epitel qatına siraət etmiş infiltrat iz qoymadan tamamilə sorula bilir. Buynuz qişanın daha dərin qatları iltihabi prosesə qoşulduqda çapıq toxuma əmələ gəlir, görmə sahəsində çox və ya az təzahür edən bulanıqlıq qalır.

Аllergik keratit damarların genəlməsi – konyunktival-perikorneal inyeksiya ilə müşayiət olunur; tez-tez buynuz qişanın eroziyası və xoralaşması da təyin olunur. Mikroskopik dəyişikliklər epitelinin deskvamasiyası və transformasiyası, toxumanın limfositar reaksiyası, boumen membranlarının zədələnməsi ilə xarakterizə olunur.

Keratitlərin təsnifatı

Keratitlərin etioloji faktorlarına bakterial (qeyri-spesifik və spesifik – vərəm, sifilis, malyariya, bruselyoz), viral (adenovirus, herpes, qızılca, suçiçəyi), toksiko-allergik (fliktenulyoz, skrofulyoz, allergik), metabolik, funqal, neyrogen, posttravmatik, akantamöb və s. aiddir.

Təsiredici faktorlardan asılı olaraq keratitlər ekzogen (xarici mühitin etioloji agentləri törədir) və endogen (daxili amillər törədir) olmaqla ayrılır. Allergik konyunktivit ekzogen faktorlarla olduğu kimi endogen faktorlarla da əlaqəli inkişaf edə bilər.

Prosesin buynuz qişa qatlarına keçmə dərəcəsindən asılı olaraq səthi və dərin keratit  ayırd edilir. Səthi keratit epitelin və boumen membranının zədələnməsi ilə müşayiət olunur. Dərin keratit zamanı isə iltihabi prosesə stroma və dessement membran da cəlb olunur. Lokalizasiyasına görə keratitlər periferik və mərkəzi; yayılmasına görə məhdud və diffuz ola bilər.

Allergik keratitin simptomları

Allergik keratitin kliniki şəkli korneal sindrom, güclü işıqdan qorxma, göz yarığının qəfil daralması (blefarospazm) ilə xarakterizə olunur. Allergik keratit zamanı buynuz qişanın sinir ucları qıcıqlandıqda gözlərdə göynəmə, yad cisim hissi, daimi ağrılar yaranır. Ağrılar səbəbindən pasient gözlərini aça bilmir. Perikorneal və ya qarışıq konyuktival-perikorneal inyeksiyalar (göz almasının qızarması) əmələ gəlir. Optik zonada bulanıqlıq yarandığından görmə itiliyi azalır. Adətən, allergik keratit sonlandıqdan sonra görmə bərpa olunmur. Tuberkulyoz-allergik keratit subfebrilitet, nasazlıqla gedir.

İltihabi prosesin allergik komponentlə birgə qüzehli qişa, sklera və ya kirpik cisminə yayılması nəticəsində irit, sklerit, iridosiklit inkişaf edir. Allergik keratitin ağır və uzunmüddətli gedişatı buynuz qişanın perforasiyası (deşilməsi), ikincili qlaukoma, ağırlaşmış katarakta, göz sinirinin nevriti, endoftalmitə gətirib çıxara bilər.

Allergik keratitin diaqnostikası

Allergik keratitin diaqnostikasında oftalmoloq və allerqoloq, ehtiyac olduqda, ftiziatr iştirak edir.

Oftalmoloji müayinə gözün inspeksiyası (baxış), görmə itiliyinin yoxlanması, biomikroskopiya, buynuz qişanın fluoressinlə rənglənməsi, analgezimetriyadan ibarətdir. Allergenin təyini məqsədilə dəridaxili allergik sınaqlar həyata keçirilir. Prosesə ikincili infeksiya qoşulduqda törədici yaxmanın bakterial müayinəsi vasitəsilə təyin olunur. Helmintozları inkar etmək üçün nəcisdə helmint yumurtalarının mövcud olub-olmaması araşdırılır.

Tuberkulyoz-allergik keratitə şübhə olduqda ağciyərlərin rentgenoqrafiyası və ya flyuoroqrafiya, tuberkulin sınaqları aparılmalıdır. Allergik keratitlər viral, fungal və bakterial etilogiyalı keratitlərlə differensiasiya olunmalıdır.

Allergik keratitin müalicəsi

Allergik keratit zamanı törədici ilə kontakt kəsilməli və törədici eliminasiya olunmalıdır. Yerli olaraq 0,4%-li deksametazon yeridilir, gözə məlhəmin (prednizalon, hidrokortizon) qoyulması; ağır allergik keratitlərdə – subkonyuktival inyeksiyada deksametazon. Xroniki residivləşən infeksion-allergik keratitlərdə steroidlərlə daxilə, uzunmüddətli müalicə təyin olunur.

Allergik keratitin müalicəsində antihistaminlərin (xloropiramin, mebhidrolin, xifenadin, klemastin və s.), C və B2 vitamini (riboflavin), sedativ preparatlar, kalsium xloridin daxilə və venadaxili təyini mühüm komponentdir.

Вakterial infeksiya gözün qatlarına yayıldıqda sulfasetamid, sulfapiridazin-natrium, levomisetin, tetrasiklin hidroxlorid və digər antibakterial preparatları yeridilir. Qurd invaziyası zamanı antifunqal preparatlar təyin olunur.

Tuberkulyoz-allergik keratitin müalicəsi ftiziatrın iştirakı ilə reallaşdırılır. Xəstələrin müalicə sxeminə vərəməleyhinə terapiya (streptomisin, izoniazid, ftivazid və s.); fizioterapiya – streptomisin, kalsium, hidrokortizonla elektroforez, ümumi UBŞ (ultrabənövşəyi şüalanma) əlavə olunur.

Görmə itiliyinin azalması zamanı fonoforez və hialuronidaza ilə elektroforez təyin edilir. Buynuz qişanın çapıqlı dəyişikliklərində keratoplastika, ikincili qlaukoma inkişaf etdikdə isə qlaukomanın cərrahi və ya lazer terapiyası aparılır.

Allergik keratitin profilaktikası və proqnozu

Səthi allergik keratitin vaxtında və rasional müalicəsi infiltrasiyanın buynuz qişada iz qoymadan itməsinə və ya görmənin minimal pozulmalarına gətirib çıxarır. Dərin keratit buynuz qişada bulanıqlığın inkişafı, görmə itiliyinin zəifləməsi və ya tamamilə itməsi ilə nəticələnir.

Allergik keratitin profilaktikası allergenlə kontaktın istisna olunması, uşaqların dehelmintizasiyası, vərəm intoksikasiyasının müalicəsi ilə aparılır.

error: Content is protected !!