Allergik kontakt dermatit
Allergik kontakt dermatit — dərinin allergenlə birbaşa kontaktı nəticəsində kontakt nahiyəsində inkişaf edən iltihabi xəstəliyidir. İltihab ləng tipli allergik reaksiya (allergen maddə ilə müntəzəm və kifayət qədər uzunmüddətli kontakt) tipində inkişaf edir. Uzun müddət davam edən kontakt müddətində orqanizm sensiblizasiya olunur və allergenə qarşı yüksək həssaslıq inkişaf edir. Allergik kontakt dermatit allergenlə kontaktda olduğu toxumaların ödemi və qızarması (hiperemiyası), qaşınma, papula və qovuqcuqların əmələ gəlməsi ilə xarakterizə olunur.
Аllergik kontakt dermatitin yaranma səbəbləri
Sənaye allergenləri -boyalar, dırnaq boyaları, yuyucu tozlar və məişətdə istifadə olunan başqa kimyəvi maddələr, ətir və kosmetikaların bəzi komponentləri, paltar istehsalında tətbiq olunan sintetik materiallar və paltarları rəngləmək üçün boyalar- allergik kontakt dermatitin yaranmasında vacib rol oynayır. İnsanın işdə daim kontaktda olduğu kimyəvi maddələr peşə dermatitinin inkişafına gətirib çıxarır. Allergik kontakt dermatit bəzi dərman preparatlarının tətbiqi nəticəsində də inkişaf edə bilər. Baldırğan, novruzçiçəyi və s. bu kimi bitkilər də allergik kontakt dermatitin səbəbi ola bilər. Belə dermatitlər fitodermatitlərə aid edilir.
Аllergik kontakt dermatitin simptomları– həmişə allergenin dəri ilə kontaktda olduğu nahiyədə lokalizasiya olunur və bu kontaktın sərhədlərindən bir qədər kənara çıxır. Ocağın aydın konturlu olması patologiya üçün xarakterikdir. Başlanğıcda dərinin qızarması və toxumaların ödemi inkişaf edir. Sonra içərisi sürətlə maye ilə dolan və qovuq mərhələsinə keçən papulalar əmələ gəlir. Qovuqlar açıldıqdan sonra eroziyalar yaranır. Dərinin bu dəyişiklikləri güclü qaşınma ilə müşayiət olunur və proses pilinqlə sonlanır.
Artıq inkişaf etmiş allergik reaksiya fonunda allergenin təsiri davam etdikdə allergik kontakt dermatitin xroniki forması inkişaf edir. Onun üçün aydın olmayan konturlara malik dəri zədələnməsi və iltihabi dəyişikliklərin dərinin allergenlə kontaktda olmayan nahiyələrinə yayılması xarakterikdir. Orqanizmin güclü sensibilizasiyası zamanı generalizə olunmuş proses müşahidə olunur. Daimi qaşınma nəticəsində dərinin davamlı cızılması onun ikincili zədələnməsinə (ekskoriasiya) gətirib çıxarır.
Аllergik kontakt dermatitin diaqnostikası– simptomlar və allergenin kontaktda olduğu sahələrin aşkar görünməsi hesabına qoyulur.
Dermatitin yaranmasının səbəbini allergen daşıyan xüsusi test-zolaqlarının köməyilə şkarlamaq mümkündür.
Yanaşı gedən xəstəlikləri aşkarlamaq və allergik kontakt dermatitin differensial diaqnostikasını aparmaq üçün əlavə müayinələr – qanın və sidiyin kliniki və biokimyəvi analizi, qanda şəkərin təyini, nəcisin disbakterioza görə analizi həyata keçirilir. Ehtiyac olarsa, mədə-bağırsaq traktı və qalxanabənzər vəzin funksiyaları müayinə olunur.
Аllergik kontakt dermatitin müalicəsi- əsas şərt səbəbkar allergenin tamamilə aradan qaldırılmasıdır.
Kəskin allergik kontakt dermatitin müalicəsində kortikosteroid məlhəmlərin istifadəsi effektlidir. Böyük qovuqlar əmələ gəldikdə onlar deşilir. Qaşınma və ödemin dəf edilməsi məqsədilə müasir antihistamin preparatlar – setirizin, loratadin, dezloratadin və s. təyin olunur. Ağır hallarda daxilə kortikosteroid preparatlar qəbul olunur.
Proqnoz
Pasientin allergenlə kontaktı aradan qaldırıldıqdan sonra tam sağalma baş verir. Lakin allergenlə təkrari kontaktdan, xüsusilə də, söhbət əgər peşə fəaliyyətindən gedirsə, qaçılmazdır. Belə hallarda allergik kontakt dermatit inkişaf etməkdə davam edir, proses generalizasiya olunur və kliniki təzahürlər bütün orqanizmi zəbt edir.