Allergik qastrit

Allergik qastrit – allergiyanın qida məhsullarına qarşı yaranmış kliniki variantıdır; əsas təzahürləri mədənin zədələnməsi simptomlarıdır. Bu, allergik xəstəliyin ilkin təzahürüdür; antigenin birbaşa mədəyə düşməsi nəticəsində əmələ gəlir. Bağırsaqlar da zədələnərək tez-tez patoloji prosesə qoşulur və qastrointestinal allergiya formasına keçir. Bu forma uşaqlarda daha çox inkişaf edir. Əsas etioloji faktorlar inək südü zülalları, yumurta, balıq, bəzi meyvələr, göbələklərdir. Müalicə əsasən eliminasion pəhrizin təyini, spesifik immunoterapiya və simptomatik tədbirlərdən ibarətdir.

Аllergik qastrit barədə ümumi məlumat

Allergik qastrit  – qidaya qarşı hipərhəssaslığın yaranması ilə təzahür edən mədənin immunoloji zədələnməsidir. Xəstəlik bir çox hallarda digər orqan və sistemlərin zədələnməsi – kliniki halların 60%-ində dəri simptomları; nadir hallarda respirator simptomlar, visseral pozulmalar, hemopatiya; çox nadir hallarda isə anafilaktik reaksiya  ilə müşayiət olunur.  Potensial allergenlərin külli miqdarda olması, həmçinin çarpaz, gizli allergiyaların, mədə-bağırsaq traktının oxşar simptomatikalı xəstəliklərinin olması dəqiq diaqnostikanı çətinləşdirir. Bununla əlaqədar olaraq hiper- və hipodiaqnostika aparılır.  Allergik patologiyalı pasientlərin təxminən 65%-ində müəyyən qidaya qarşı dözümsüzlük mövcuddur, lakin onların yalnız 1/3-ində həqiqi allergik qastrit vardır. Histoloji baxımdan xəstəlik selikli qişada və orqanın divarının daha dərin qatlarında əmələ gəlmiş eozinofil infiltrasiyası ilə xarakterizə olunur. Bu səbəbdən də, patologiya həm də “eozinofil qastriti” adlandırılır.

Аllergik qastritin səbəbləri

Patologiyanın səbəbi qida məhsullarının antigenlərinin mədəyə düşməsidir. Süni qidaya keçirilmiş, 1 yaşına qədər uşaqların 90%-ində inək südü zülallarına qarşı allergiya aparıcı rol oynayır. İnək südündə 20-yə qədər müxtəlif adda, yüksək sensibilizasiya potensialına malik zülal var. Bundan başqa, yumurta, balıq, göbələklər, dənli bitkilər, bəzi meyvə və tərəvəzlər güclü allergen hesab olunur.

Qida əlavələrinə – aromatizator, emulqator, konservantlara qarşı tez-tez reaksiya inkişaf edir. Kal meyvələrin işlənməsi nəticəsində əmələ gəlmiş etilen – neft məhsulları da allergik qastritə səbəb ola bilər. Sübut olunmuşdur ki, allergik qastrit erkən yaşlı uşaqlarda, adətən, inək südü allergenləri, böyüklərdə isə şokolad, sitrus bitkiləri, çiyələk vasitəsilə törədilir.

Bir çox hallarda təkcə qida məhsullarına deyil, həm də qeyri-qida məhsullarının allergenlərinə qarşı da sensibilizasiya inkişaf edir. Bu, qida, bitkilərin tozcuqları, məişət allergənləri, dərmanların antigen determinantlarının oxşarlığı ilə törənmiş çarpaz allergiyalarla izah olunur. Məsələn, təbii latekslə (əmziklər, oyuncaqlar, əlcəklər) avokado, kivi və digər məhsullar arasında çarpaz allergiya kifayət qədər geniş yayılmışdır.

Atopiyaya irsi meyillik, əlverişsiz ekoloji mühit, analarda hestozlar, uşaqların süni qidalanmaya erkən keçirilməsi, mədə-bağırsaq traktının selikli qişasının xüsusiyyətləri qastrointestinal allergiyanın inkişafına şərait yaradır.

Allergik qastritin formalaşması antigenə qarşı tolerantlıq, mədə-bağırsaq traktının yerli immunitetinin və orqanizmin immun sisteminin pozulması, həzm proseslərinin peptidaza defisiti ilə əlaqəli funksional pozulmaları, mədə şirəsinin turşuluğunun azalması, mədə-bağırsaq traktının mikrobiosenozunun pozulması, biogen aminlərin (histamin, asetilxolin, serotonin) izafi ifrazı ilə əlaqədardır.

Uşaqlarda qastrointestinal allergiyanın inkişafında ananın hamiləlik dövründə yanlış qidalanması, uşağın həyatın ilk ilində qeyri-rasional qidalanması, həmçinin əlavə qidalanmaya erkən keçirilməsi, adaptasiya olunmamış südlü süni qidalarla qidalanma mühüm rol oynayır.

Аllergik qastritin simptomları  

Bu patologiyada eozinofil infiltrasiyası nadir hallarda mədə-bağırsaq traktının bir bölməsi ilə məhdudlaşır. Bir çox hallarda prosesdə mədə və nazik bağırsaq iştirak edir. Simptomatika eozinofil infiltrasiyasının orqanın divarına nə dərəcədə dərin siraət etməsindən asılıdır. Əgər yalnız selikli qişa zədələnibsə, simptomatika epiqastral nahiyədə ağrı, diareya, ürəkbulanma, qusma şəklində özünü büruzə verir. Prosesə əzələ qatı da qoşularsa, meteorizm (köp), ürəkbulanma, qusma kimi bağırsaq keçməzliyi əlamətləri üstünlük təşkil edir. Subseroz qatın infiltrasiyası assitin inkişafı ilə müşayiət olunur; bununla bərabər, assit mayesində eozinofillərin yüksək konsentrasiyası aşkarlanır.

Allergen mədəyə düşdükdə motorikanın, selikli qişa vəzilərinin sekretor fəaliyyətinin güclənməsinə, mədənin antral hissəsinin spastik yığılmasına gətirib çıxarır. Bu patologiya zamanı qastroezofagial reflüks inkişaf edə bilər. Bu zaman yanma hissi, epiqastrel ağrı, çoxlu tüpürcək ifrazı, ürəkbulanma, qusma kimi simptomlar meydana çıxır. Xarakterik vegetativ zədələnmə zamanı isə zəiflik, dərinin solğunluğu, ürəkdöyünmənin sürətlənməsi, başgicəllənmə təzahür edir.

Аllergik qastritin diaqnostikası

Patologiyanın diaqnostikası 2 istiqamətdə aparılır: xəstəliyin klinikasının, laborator, instrumental analizlərin qiymətləndirilməsi və dietodiaqnostika. Diaqnozun təsdiqində allergenin qəbulu ilə simptomların meydana çıxması arasında qarşılıqlı əlaqənin müəyyənləşdirilməsi böyük rol oynayır. Qida, allerqoloji və farmakoloji anamnezə, qidalanma gündəliyinin analizinə xüsusi diqqət ayrılır. Həzm sisteminin zədələnmə dərəcəsi digər orqanların simptomları ilə birgə qiymətləndirilir.

Xəstəliyin özülündə duran səbəbi aydınlaşdırmaq üçün spesifik allerqodiaqnostika (dəri prik-testləri, spesifik İgE-nin səviyyəsinin qiymətləndirilməsi, provokasion testlər) aparılır. Qida gündəliyinin yazılması mütləqdir. Həmin gündəlikdə pasient qəbul etdiyi məhsulları, meydana çıxmış simptomları qeyd edir. Bundan başqa, etioloji faktoru müəyyənləşdirmək üçün eliminasion sınaqlar keçirilir. Belə ki,  1-2 həftə ərzində potensial allergenlər rasiondan çıxarılır. Allergen olduğu ehtimal olunan bir neçə məhsul varsa, sınaq onların hər birini ardıcıllıqla rasiondan çıxarmaqla aparılır. Daha etibarlı informasiyanı provokasion qida sınaqları verir. Bu metodlar kəskin xarakterli şikayətlər itdikdən sonra, 1 aydan tez olmayaraq aparılmalıdır.

Digər xəstəliklərin inkarı və selikli qişanın zədələnmə dərəcəsinin qiymətləndirilməsi üçün bioptatın götürülməsi ilə müşayiət olunan endoskopik diaqnostika həyata keçirilir. Endoskopik biopsiya ilə eyni vaxtda qastroskopiya da aparılır.  Bioptatın histoloji müayinəsinin nəticələri göstərir ki, müayinə materialında eozinofillərin miqdarı artıb. Qanın analizində başqa göstəricilərin mövcud olmaması fonunda eozinofillərin səviyyəsinin artması təyin olunur.

Allergik qastritin differensial diaqnostikası həzm traktının başqa xəstəlikləri və anomaliyaları (ilk növbədə kataral, atrofik və hiperplastik qastrit, mədə xorası), metabolik pozulmalar, intoksikasiyalar, infeksion xəstəliklər, endokrin xəstəliklər, immunodefisit vəziyyətlərlə aparılır.

Аllergik qastritin müalicəsi

Bu xəstəliyin müalicəsi ilə qastroenteroloq allerqoloqla birgə məşğul olur. Qastrointestinal allergiyanın müalicə metodları spesifik və qeyri-spesifik olmaqla ayrılır. Spesifik metodlara qida allergeninin istisna olunması (spesifik pəhrizin təyini), qida allergenlərinin qəbulu ilə aparılan antigen spesifik immunoterapiyadan (ASİT) ibarətdir.

Qeyri-spesifik farmakoterapiya antiserotonin preparatlar, sistemli qlükokortikosteroidlər, bioloji aktiv komponentləri tosqun hüceyrələrdən xaric edən preparatlar, immunomodulyatorlar, həmçinin mədə-bağırsaq traktının fəaliyyətini normallaşdıran maddələr – pankreatik fermentlər, hepatoprotektorlar, enterosorbentlər, probiotiklər, prebiotiklərin təyinini nəzərdə tutur.

Eliminasiya tədbirləri zamanı antigenin yalnız özü deyil, onun çox kiçik miqdarda mövcud ola biləcəyi qidalar da rasiondan çıxarılır.  Bununla yanaşı, pasient enerji və qida tələbatını ödəyə biləcək şəkildə qidalanmalıdır.  Əgər qastritin yaranmasına səbəb olan məhsul konkret olaraq məlum deyilsə, empirik eliminasion dietoterapiya (bütün potensial qida allergenləri rasiondan çıxarılır) həyata keçirilir.

Аllergik qastritin proqnozu və profilaktikası

Qastrointestinal allergiyanın profilaktikası zamanı erkən yaşlardan etibarən allergenlərlə kontaktın qarşısı alınmalı, qadınlar hamiləlik dövründə rasional qidalanmalı, uşaqlar ana südü ilə qidalanmalı, mümkün olmadıqda adaptə olunmuş süni qidalar istifadə olunmalı, anamnezində allergiya əlamətləri olan pasientlərə fərdi pəhrizlər təyin olunmalıdır. Bütün bu sadalananlar allergiyanın profilaktikasında başlıca amildir.

Adekvat müalicə olunmuş, rasional qidalanan pasientlərdə xəstəliyin proqnozu kafidir. Yaş artdıqca qida alergiyası dominantlığını itirir. Belə ki, uzun müddət mövcud olan allergik qastrit xoralı kolit, digər immun sistemlə əlaqəli xəstəliklərin yaranmasına səbəb ola bilər.

error: Content is protected !!