Allerqologiya

Allerqologiya sözü yunan dilindən tərcümədə “yad maddəyə cavab” mənasını daşıyır. Bu termini elmə ilk dəfə 1906- cı ildə Avstriyalı pediatr K.F.Pirke gətirmişdir.

Allergik xəstəliklər müəyyən yad maddələrə, yəni allergenlərə qarşı yüksək həssaslıq nəticəsində yaranaraq, immun sistemin reaksiyası (İgE sintezi) ilə xarakterizə edilir.  Dünya əhalisinin 35%-i allergik xəstəliklərdən əziyyət çəkir və bu rəqəm günbəgün artmaqda davam edir. Allergik xəstəliklərdən allergik rinit, bronxial astma, övrə, atopik dermatit daha çox rast gəlinir. Allergiyalar qida, məişət, dərman, insekt (həşəratların dişləməsi) və infeksion formalara bölünür. Allergenin orqanizmə daxil olma yollarına görə aeroallergen, kontakt, peroral və inyeksion növləri vardır. Allergik reaksiyanın inkişaf etmə şəraitinə görə məişət, istehsalat və fəsillərə bağlı mövsümi allergiyalar ayırd edilir. Hansı orqanın daha çox zədələnməsinə görə allergik xəstəliklər 4 qrupa ayrılır: allerqodermatozlar (atopik dermatit, ekzema, övrə və s.), bağırsaq allerqozları ( allergik enterokolit), respirator ( allergik rinit, bronxial astma və s) və kəskin allergik reaksiyalar (Kvinke ödemi, anafilaktik şok).

Allergik reaksiyaların formalaşması qan və ya toxumalarda bazofil və tosqun hüceyrələrin mediatorlarının ifrazı ilə əlaqədardır. Bu mediatorların hesabına xarakterik reaksiyalar- ödem, hiperemiya, qaşınma, hipotoniya, tənəffüs çatışmazlığı formalaşır.

Allergik reaksiyanın konkret orqanda yaranmasına səbəb allergenin orqan və toxumanın səthindəki İgE ilə kontakta girməsidir. Bu proses respirator (tənəffüs) sistemdə baş verdikdə allergik rinit və ya bronxial astma, gözün konyuktivasında –konyuktivit, dermanın (dəri) üst qatlarında –övrə, dərialtı toxumada olduqda isə Kvinke ödemi yaranır.

Bu xəstəliklər zamanı simptomlar fərqli xarakter daşıdığı üçün allerqoloqlar çox zaman dermatoloq, pulmonoloq, otorinolorinqoloq, qastroenteroloq, oftalmoloq və digər ixtisas həkimləri ilə ilə əməkdaşlıq edirlər.

Allergik xəstəliklərin diaqnozu xüsusi testlər (sınaqlar və provokasion testlər), allerqoloji anamnez və laborator (ümumi və xüsusi İgE təyini) müayinələrlə qoyulur. Bəzi hallarda pikfloumetriya, spirometriyaya ehtiyac duyula bilər.

Allergen aşkarlandıqda, onun təcili eliminasiyası aparılmalıdır. Yəni, allergen maddə ilə kontaktı kısmək lazımdır. Bu məqsədlə qida vərdişlərinin dəyişdirilməsi, yumşaq mebel və xalçaların evdən uzaqlaşdırılması, müəyyən dərman vasitələrinin qəbulunun kəsilməsi, peşə fəaliyyətinin dəyişdirilməsi və s. lazım gələ bilər.

error: Content is protected !!