Alqodismenoreya

Alqodismenoreya – ümumi vəziyyətin pozulması ilə müşayiət olunan ağrılı aybaşıdır. Uşaqlığın inkişaf anomaliyaları, hormonal pozğunluqlar, MSS oyanıqlığı, bir sıra iltihabi və qeyri-iltihabi xəstəliklər, abortlar və fəsadlaşmış doğuşla əlaqədar uşaqlığın üzvi zədələnmələri fonunda baş verir. Alqodismenoreya üçün aybaşının ilk günlərində qarnın aşağı nahiyəsində sızıldayan və ya tutmaşəkilli ağrı xarakterikdir. Bundan əlavə xəstəlik zamanı zəiflik, ürəkbulanma, ödem, baş ağrıları, başgicəllənmə, tərləmə, qəbizlik və ya ishal, əmək qabiliyyətinin azalması əlamətlərinə də rast gəlmək mümkündür. Diaqnoz anamnez, şikayətlər və obyektiv müayinələr əsasında qoyulur. Müalicə üsulu xəstəliyin yaranma səbəblərindən asılıdır.

Alqodismenoreya barədə ümumi məlumat

Alqodismenoreya – aybaşının ilk günlərində ümumi narahatlıq fonunda yaranan tutmaşəkilli və ya sızıltılı ağrılarla səciyyələnir.  Xəstəlik geniş yayılaraq, reproduktiv yaş dövründə olan qadınların 30-50%-də qeydə alınır. Hər 10 xəstədən birində əmək qabiliyyətinin ifadəli pozulması müşahidə olunur. Alqodismenoreya birincili (essensial) və ya ikincili (simptomatik) ola bilər. Birincili alqodismenoreyaya yeniyetmə dövründə rast gəlinir, bu patologiya qadın cinsiyyət orqanlarının xəstəlikləri ilə əlaqəli olmur. İkincili dismenoreya adətən 30 yaşdan sonra iltihabi və ya qeyri-iltihabi ginekoloji xəstəliklər, fəsadlaşmış doğuş, travmatik abort nəticəsində inkişaf edir. Müalicə ginekoloji sahənin mütəxəssisləri tərəfindən həyata keçirilir.

Alqodismenoreyanın yaranma səbəbləri

Birincili alqodismenoreyanın yaranma səbəbləri mexaniki, endokrin, neyropsixogen və konstitutsional mənşəli ola bilər. Mexaniki səbəblərə aybaşı qanının normal axınına mane olan patoloji halları: uşaqlığın inkişaf anomaliyaları, uşaqlığın vəziyyətinin pozulması (hiperantefleksiya), uşaqlıq boynunun atreziyası və s. misal göstərmək olar. Alqodismenoreyanın endokrin mənşəli səbəblərinə prostaqlandinlərin həddindən artıq sintezi və ləng parçalanması aiddir.

Prostaqlandinlər uşaqlığın əzələ qatının yığılma qabiliyyətini artırır, arteriolların spazmına səbəb olur. Bu da öz növbəsində miometriumun qanla təchizatının pisləşməsinə gətirib çıxarır. Prostaqlandinlər uşaqlığın divarında yerləşən sinir liflərinə təsir göstərərək, onların ağrıya qarşı həssaslığını artırır. Damarların uzunmüddətli spazmı, uşaqlıq yığılmalarının sürətlənməsi və ağrı həddinin azalması ağrı sindromunun yaranmasına təkan verir. Proqtaqlandinlərin səviyyəsinin yüksəlməsi həm də alqodismenoreyanın digər əlamətlərinin: ürəkbulanma, diareya, taxikardiya, titrəmə, hiperhidroz, başgicəllənmənin inkişafına səbəb olur.

Alqodismenoreyanın yaranmasının neyropsixogen səbəbləri sırasına ağrı hissiyyatının qıcıq həddinin aşağı enməsi, həyatın seksual aspektlərinin inkarı, eləcə də qadının özünü həyat yoldaşı və ana kimi qəbul etməməsi  daxildir. Konstitusional səbəblərə infantilizmi misal göstərmək olar. Uşaqlığın hipoplaziyası və miometrium qatının kifayət qədər inkişaf etməməsi  aybaşı zamanı orqanın gərilmə qabiliyyətini zəiflədir. Uşaqlığın divarına göstərilən yüksək təzyiq  həssas sinir liflərinin qıcıqlanmasına və ağrı sindromunun yaranmasına gətirib çıxarır.

İkincili (simptomatik) alqodismenoreya qadın cinsiyyət orqanlarının iltihabi və qeyri-iltihabi xəstəlikləri, cərrahi müdaxilələr, kiçik çanaqda bitişmələr, fəsadlaşmış doğuş və qaşıma zamanı uşaqlıq boynunun zədələnməsi nəticəsində yaranır. İkincili alqodismenoreyanın ən çox rast gəlinən yaranma səbəbi adenomioz və xarici endometriozdur.  Bu xəstəliklərdə aybaşı ağrıları endometriumun heterotopik sahələrinin deskvamasiyası ilə əlaqədar meydana çıxır.

Hüceyrələrin qoparaq ayrılması endometriumun heterotopik hüceyrələrinin toplandığı uşaqlığın divarı, periton, digər orqan və toxumlarda yerləşən sinir liflərinin qıcıqlanması ilə müşayiət olunur və prostaqlandinin səviyyəsinin kəskin şəkildə artmasına səbəb olur. Prostaqlandinlərin ifrazı intensiv ağrı və ümumi narahatlığa gətirib çıxarır. Bir çox xəstələrdə ikincili alqodismenoreya uşaqlığın submukoz mioması fonunda inkişaf edir. Mioma aybaşı qanının axınına mane olur, uşaqlıq daha intensiv yığılmağa başlayır, onun divarlarına olan təzyiq yüksəlir, sinir lifləri qıcıqlanır, prostaqlandinlər ifraz olunur və nəticədə ağrı baş verir.

Alqodismenoreya bəzən iltihabi xarakterli, xüsusən uzunmüddətli gedişə malik, xroniki xəstəliklər zamanı yaranır.  İltihab bitişmələrin inkişafına, bitişmə prosesi isə uşaqlığın vəziyyətinin pozulmasına və aybaşı qanın normal axınına mane olan mexaniki maneələrin yaranmasına gətirib çıxarır. Bundan əlavə, iltihab toxumaların ödemi və sinir liflərinin sıxılması ilə müşayiət olunur, bu da öz növbəsində uşaqlıq yığılmalarının təsirindən güclənən ağrıya səbəb olur.

Bir çox hallarda alqodismenoreya prostaqlandin sintezini stimulə edən uşaqlıqdaxili spiralın qoyulmasından sonra inkişaf edir. Bəzi xəstələrdə alqodismenoreyanın əlamətləri fəsadlaşmış doğuş və ya abort zamanı aparılan kobud qaşımadan sonra yaranır. Belə hallarda alqodismenoreya uşaqlığın enli bağının arxa səhifəsinin cırılması və ya kiçik çanaq venalarının varikoz genişlənməsi ilə bağlı olur. Bəzən ikincili alqodismenoreya zamanı endometriumun funksional qatının uşaqlıq boşluğunda parçalanmaya məruz qalmadan bütov halda xaric olunması müşahidə edilir. Bu cür ayrılma çox intensiv, tutmaşəkilli ağrılarla müşayiət olunur.

Alqodismenoreyanın əlamətləri

Birincili alqodismenoreya adətən həssas, çəki azlığına meylli olan astenik bədən quruluşlu, emosional həssas qızlarda rast gəlinir. İkincili alqodismenoreya çox vaxt 30 yaşdan böyük qadınlarda izlənilir. Xəstələrin anamnezində abort, uşaqlıqdaxili spiralın istifadəsi, doğuş, kiçik çanaq orqanlarında aparılan əməliyyatlar, sonsuzluq, qadın cinsiyyət orqanlarının iltihabi (endometrit, servisit, adneksit, salpingit, ooforit) və qeyri-iltihabi xəstəlikləri (adenomioz, uşaqlığın interstisial fibroması, endometrioz, yumurtalıqların polikistozu) aşkar olunur.

Xəstələr ağrı və ümumi vəziyyətin pisləşməsindən şikayətlənir. Alqodismenoreya zamanı ağrı sindromu aybaşının başlanmasından bir neçə saat əvvəl və ya onunla eyni vaxtda yaranır. Ağrı adətən tutmaşəkilli, nadir hallarda-dartıcı və ya kəsici xarakter daşıyır. Ağrı bel, qasıq nahiyəsi, aralıq, düz bağırsaq və ya budun daxili səthinin yuxarı hissəsinə irradiasiya edə bilər. Alqodismenoreya zamanı ağrı sindromunun intensivliyı fərqli olur. Əmək qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərməyən, adi analgetik və ya spazmolitiklərin istifadəsi ilə aradan qaldırılan mülayim xarakterli ağrı ilə yanaşı çox intensiv, həkim müdaxiləsi tələb edən ağrı formasına da rast gəlmək mümkündür.

Alqodismenoreya zamanı ümumi vəziyyətin pozulması vegetativ-damar, mübadilə və emosional psixoloji pozğunluqlarla təzahür edir. Aybaşıdan bir neçə gün əvvəl və ya menstruasiyanın ilk günlərində xəstələr tez inciyən, əsəbi olur, tutarsız səbəblərdən həyəcan keçirir. Əhvalın davamlı pozulması, yuxululuq, iştahın artması və ya azalması, dadın təhrif olunması və iylərə qarşı yüksək həssaslıq müşahidə oluna bilər.

Alqodismenoreya zamanı vegetativ və damar pozğunluqları hıçqırma, gəyirmə, ürəkbulanma, qusma, ağızda quruluq hissi, ishal, qarında köp, titrətmə, subfebril hərarət, sidik ifrazının artması, başgicəllənmə, baş ağrıları, bayılma və bayılmaönü hal, ürək nahiyəsində ağrı və diskomfort, ürək yığılmalarının tezliyinin artma və azalması, ekstrasistoliya, ətraflarda soyuma və keyimə hissi ilə özünü büruzə verir. Alqodismenoreya zamanı maddələr mübadiləsinin pozulması dəridə qaşınma, ifraz olunan sidiyin miqdarının yüksəlməsi, ümumi halsızlıq, ayaqlarda zəiflik hissi və oynaqlarda uçucu ağrıların olması ilə təzahür edir.

Qadın cinsiyyət sisteminin xəstəlikləri zamanı alqodismenoreyanın klinik forması əsas xəstəliyin əlamətləri fonunda bir qədər mürəkkəbləşə və ya dəyişə bilər. Gedişindən asılı olaraq alqodismenoreyanın iki forması qeyd olunur: kompensasiya olunmuş və dekompensasiya olunmuş. Kompensasiya olunmuş formada xəstəliyin simptomları illər ərzində stabil qalır. Xəstəliyin dekompensasiya olunmuş forması isə zaman keçdikcə ağrının güclənməsi və ümumi halın pisləşməsi ilə xarakterizə olunur.

Alqodismenoreyanın diaqnostikası

Diaqnoz şikayətlər, anamnez və əlavə müayinələrin göstəricilərinə əsasən qoyulur. Ginekoloq tərəfindən alqodismenoreyalı xəstədə aybaşı zamanı ağrının ilk dəfə nə vaxt yaranması, onun davametmə müddəti, ağrının ümumi vəziyyətin pisləşməsi ilə müşayiət olunması, yanaşı gedən ginekoloji xəstəliklər, anamnezdə doğuş, abort və qadın cinsiyyət orqanlarında aparılan əməliyyatın olması dəqiqləşdirilir. Sorğu zamanı həkim aybaşının hansı yaşda başlanmasını, siklin müddəti və pozğunluqlarını, aybaşı qanının gur və ya normal olmasını müəyyən edir.

Anamnez və şikayətlər toplanıldıqdan sonra ginekoloji müayinə aparılır, servikal kanal, uşaqlıq yolu və uretradan yaxma götürülür. Bundan əlavə çanaq orqanlarının USM, qan və sidiyin ümumi analizi, cinsi yolla keçən xəstəliklərə görə müayinə aparılır, hormonların səviyyəsi yoxlanılır. USM-nin nəticələrini  dəqiqləşdirmək üçün kiçik çanağın KT və MRT həyata keçirilir. Alqodismenoreyanın polipoz və endometrioz fonunda yaranması ehtimal olunduqda histeroskopiya və diaqnostik qaşıma təyin olunur. Bəzi hallarda laparoskopiya aparılır. Zərürət yarandıqda alqodismenoreyalı xəstələr uroloq, psixoloq, psixoterapevt və digər mütəxəssislərin qəbuluna yönəldilir.

Alqodismenoreyanın müalicəsi

Alqodismenoreyanın müalicəsi ambulator şəraitdə aparılır. Müalicənin klassik üsulu farmakoterapiya və fizioterapiyanın birgə tətbiqindən ibarətdir. Ginekoloji xəstəliklər aşkarlandıqda müalicə taktikası əsas patologiya nəzərə alınmaqla seçilir. Alqodismenoreyalı xəstələrə prostaqlandin sintezini zəiflədən qeyri- steroid iltihabəleyhinə vasitələr təyin olunur. Preparatların qəbuluna aybaşıdan 2-4 gün əvvəl başlamaq, menstruasiyadan 2-4 gün sonra isə dərmanların istifadəsi dayandırmaq məqsədəuyğundur. Pasiyentlərə aspirin, parasetamol, ibuprofen, naproksen, diklofenak və ya onların analoqları məsləhət görülür.

Alqodismenoreya zamanı analgetik və spazmolitiklərin kombinasiyası geniş tətbiq edilir. Alqodismenoreya intensiv ağrılarla müşayiət olunarsa, preparatlar 3 – 4 sikl müddətində venadaxili və ya əzələdaxili üsulla yeridilir, bəzən əlavə olaraq, sakitləşdirici və antihistamin vasitələr təyin edilir. Analgetik və spazmolitiklərin müsbət nəticə vermədiyi hallarda etinilestradiol və levonorgestrel tərkibli oral kontraseptivlər qəbul edilir.

Siklin ikinci fazasında və ya aybaşının başlanmasından bir neçə gün əvvəl alqodismenoreyalı xəstələr fonoforez və natrium bromid, maqnezium sulfat, tromekain və ya novokainlə elektroforezə yönəldilir. Pasiyentlərə qısadalğalı diatermiya, diadinamik cərəyan və ultrasəs təyin olunur. Bəzi mütəxəssislər refleksoterapiyanın tətbiqinə üstünlük verir. Psixoemosional pozulmalar zamanı psixoloq və ya psixoterapevt müalicəsi aparılmalıdır. Alqodismenoreyalı xəstələrə psixoloji dəstək göstərilir, sakitləşdirici vasitələr məsləhət görülür, relaksasiya üsulları öyrədilir, alqodismenoreya və onun həyat üçün təhlükəsiz olması barədə məlumat verilir. Alqodismenoreyadan əziyyət çəkən qadınlara zərərli vərdişlərvə kofein tərkibli içkilərdən imtina etmək, gündəlik rejimi normallaşdırmaq, stress faktorlarından mümkün qədər uzaq olmaq, çəkini azaltmaq (bədən çəkisi normadan artıq olduqda), balanslaşdırılmış pəhriz, mülayim fiziki aktivlik tövsiyə olunur. Birincili alqodismenoreya adətən müalicəyə yaxşı tabe olur. İkincili alqodismenoreya zamanı proqnoz əsas xəstəliyin növü və gedişindən asılı olur.

error: Content is protected !!