Alqomenoreya

Alqomenoreya (aybaşı zamanı ağrılar) – aybaşını müşayiət edən müxtəlif intensivlikli ağrı sindromudur. Bütün aybaşı müddətində və ya ilk günlərdə qarnın aşağı nayihəsində tutmaşəkilli və ya sızıldayıcı xarakterli ağrılarla təzahür edir. Güclü ağrılar qadının aktivliyini məhdudlaşdıra və əhvalını kifayət qədər pisləşdirə bilər. Əksər hallarda alqomenoreya qadın cinsiyyət orqanlarının xəstəliklərinin (cinsiyyət orqanlarının inkişaf anomaliyaları və iltihabi prosesi, endometrioz) yanaşı əlaməti kimi özünü büruzə verir. Proqnoz əsas patologiyanın müalicəsindən asılıdır.

Alqomenoreya barədə ümumi məlumat

Aybaşı funksiyasının ən çox rast gəlinən və qanaxmanın ağrılı gedişi  ilə xarakterizə olunan pozğunluğu alqomenoreya və ya ağrılı aybaşı adlanır. 14-15 yaşlı qızların 70%-i aybaşı zamanı diskomfort və zəif ağrılardan, digər 10%-i isə əhval-ruhiyyə və iş qabiliyyətinə təsir edən intensiv ağrılardan şikayətlənirlər. Bəzən alqomenoreya qusma (84%), ishal (79%), başgicəllənmə (23%), baş ağrıları (13,5%), bayılma (16%) ilə müşayiət olunur. Aybaşı ağrılı və qeyri-müntəzəm xarakter daşıdıqda, bu hal alqodismenoreya kimi qiymətləndirilir.

Müasir ginekologiya alqomenoreya probleminə ciddi yanaşır, çünki o, qadın orqanizmində gedən pozğunluqların ilkin siqnalı ola bilər. Ağrılı aybaşı hallarında ginekoloqa müraciət etmək məsləhət görülür.

Alqomenoreyanın əlamətləri

Alqomenoreyanın aparıcı əlaməti qarında olan ağrılardır.  Ağrı hissiyyatı əsasən aybaşının ilk günlərində və ya onun başlanmasından 10-12 saat əvvəl yaranır. Ağrı sindromu tədricən azalmaqla aybaşını 1-2 gün müşayiət edir.  Ağrı deşici, sızıldayıcı, dartıcı xarakterli ola bilər. Əksər hallarda ağrı tutmaşəkilli olub, sidik kisəsi, düz bağırsaq, bel nahiyəsinə irradiasiya edir. Alqomenoreya zamanı çox vaxt ürəkbulanma, mədə-bağırsaq pozulmaları, halsızlıq, həyəcan, yuxusuzluq və ya əksinə yuxululuq müşahidə olunur.

Alqomenoreya, ağrılı aybaşının olacağını gözləmək qadının əhval-ruhiyyəsinə, onun psixi-emosional sferasına mənfi təsir göstərməklə, ailədaxili münasibətlərin pozulmasına gətirib çıxarır. Əlamətlərin ifadəliliyinə əsasən alqomenoreyanın 3 dərəcəsi ayırd edilir:

  • Alqomenoreyanın yüngül dərəcəsi aybaşı zamanı əmək qabiliyyətini və aktivlik səviyyəsini pozmayan mülayim xarakterli, qısamüddətli ağrı, cüzi narahatlıqla xarakterizə olunur. Lakin yüngül dərəcə bir müddətdən sonra ağrı və narahatlığın güclənməsi ilə müşayiət olunan daha ifadəli formaya keçə bilər.
  • Alqomenoreyanın orta dərəcəsi qarnın aşağı nahiyəsində güclü ağrı, ürəkbulanma, ümumi halsızlıq, başağrıları, titrətmə, sidik ifrazının tezləşməsi ilə özünü büruzə verir. Bununla bərabər pasiyentlərdə eşitmə, səs və qoxu qıcıqlarına qarşı yüksək həssaslıq, iş qabiliyyətinin əhəmiyyətli dərəcədə azalması, depressiya kimi narahatlıqlar keçirə bilər. müşahidə oluna bilər. Belə hallarda həkimin təyinatı ilə müvafiq medikamentoz korreksiyanın aparılmasına ehtiyac yaranır.
  • Alqomenoreyanın ağır dərəcəsi qarın və beldə yaranan ifadəli ağrılar, ümumi halsızlıq, baş ağrıları ilə səciyyələnir. Alqomenoreyanın ağır forması yüksək hərarət, ishal, qusma, taxikardiya, ürək nahiyəsində ağrılar, bayılma ilə müşayiət olunur. Belə vəziyyətdə aktivlik və iş qabiliyyəti  tamamən itirilir. Ağır alqomenoreya adətən cinsiyyət orqanlarının anadangəlmə patologiyaları ilə bağlı olur.

Alqomenoreyanın inkişaf mexanizminin əsasını hormonların sintezinin pozulması təşkil edir, bu da toxumalarda hormonabənzər maddələrin – prostaqlandinlərin miqdarının artmasına gətirib çıxarır. Prostaqlandinlər uşaqlıq boşlugunun qoparaq ayrılan endometriumdan təmizlənməsini təmin edən aktiv uşaqlıq yığılmalarının yaranmasına səbəb olur. Bundan əlavə qarın boşluğunda yerləşən çoxsaylı sinir ucları da uşaqlıq yığılmalarına cavab reaksiyası olaraq qıcıqlanır və qarnın aşağı hissəsində ağrı törədir. Hormonal pozulmalar alqomenoreyanın müvafıq əlamətlərinin yaranmasına səbəb olur.

Ağrılı aybaşının yaranma səbəblərinə görə alqomenoreya birincili və ikincili olur.

Birincili alqomenoreya

Birincili alqomenoreyanın təsnifatı

Birincili alqomenoreyanın əlamətləri ilk aybaşının başlanması ilə eyni vaxtda və ya ilk 3 il ərzində özünü büruzə verir. Bu zaman ön plana ağrı sindromu çıxır. Gedişinə görə birincili alqomenoreya kompensə olunmuş və kompensə olunmamış formalara bölünür. Kompensə olunmuş birincili alqomenoreya  aybaşı  ağrılarının intensivlik və davam etmə müddətinin uzun zaman ərzində dəyişməməsi ilə xarakterizə edilir. Əgər aybaşı ağrı sindromunun proqressivləşməsi ilə müşayiət olunursa, bu, birincili kompensə olunmamış alqomenoreya adlanır.

Aybaşının yaranma əlamətlərinə görə birincili alqomenoreyanın adrenergik və parasimpatik tipləri qeyd olunur. Alqomenoreyanın adrenergik tipi orqanizmin bütün hormonal sisteminin pozulmasına səbəb olan adrenalin, noradrenalin, dofamin hormonlarının səviyyəsinin artması nəticəsində yaranır. Birincili alqomenoreyanın bu tipində pasiyentlər güclü başağrıları, ürəkdöyünmə, hərarətin yüksəlməsi, yuxusuzluq və qəbizlikdən şikayət edir. Ətraflar kiçik damarların spazmı nəticəsində göyərir, bədən və üz dərisi solğunlaşır.

Alqomenoreyanın parasimpatik tipində onurğa beyni mayesində serotonin hormonunun miqdarı artır. Bu halda birincili alqomenoreya qusma, ürək vurğularının sayının azalması, bədən temperaturunun enməsi və qəbizliklə səciyyələnir. Çox vaxt üzdə, ətraflarda ödemlər, bədən çəkisinin artması, dəridə allergik səpkilər baş verir.

Birincili alqomenoreya adətən astenik bədən quruluşuna malik, tez qıcıqlanan pasiyentlərdə predmenstrual sindromla birlikdə müşahidə olunur.

Birincili alqomenoreyanın səbəbləri

Birincili alqomenoreyanın ən çox rast gəlinən səbəbləri aşağıdakılardır:

  • Birləşdirici toxumanın inkişaf displaziyası – bətndaxili dövrdə natamam inkişafı.

Alqomenoreyanın 60% hallarında aşkarlanır. Birləşdirici toxumanın displaziyası  ətraf damarlarında dəyişiklik, sümük skeletinin əyilməsi (skolioz, yastıpəncəlilik), miopiya və s. ilə özünü büruzə verir. Displaziyanın səbəbi qanda maqnezium çatışmazlığı ilə bağlıdır, bu da qanın biokimyəvi analizi zamanı öz təsdiqini tapır.

  • Cinsiyyət orqanlarının vərəm mənşəli zədələnməsi (genital vərəm)

Cinsiyyət orqanlarının vərəmi fonunda alqomenoreya ilk aybaşının başlandığı andan meydana çıxır, onun  kəskinləşməsi yaz və payız aylarına təsadüf edir.  Aybaşı zamanı ümumi narahatlıqla müşayiət olunan ağrılar dəqiq lokalizasiyaya malik olmur.

  • Nevroloji pozğunluqlar və sinir sisteminin xəstəlikləri

Gərgin vəziyyət, emosional labillik ağrı hissiyatının qıcıq qapısının enməsinə, ağrıya qarşı həssaslığın artmasına və alqomenoreyanın inkişafına gətirib çıxarır.

  • Uşaqlığın hipoplaziyası, uşaqlıq cisminin arxaya və ya önə əyilməsi (hiperantifleksiya), uşaqlığın inkişaf qüsurları (ikiboşluqlu, ikibuynuzlu uşaqlıq)

Belə hallarda birincili alqomenoreya aybaşı qanının uşaqlıq boşluğundan axının çətinləşməsi və uşaqlıq yığılmalarının güclənməsi ilə bağlı olur.

Birincili alqomenoreyanın müalicəsi

Birincili alqomenoreyaya şübhə yarandıqda ginekoloqa müraciət olunmalıdır. Pasiyentə ginekoloji baxış keçirilir, kiçik çanaq orqanlarının USM aparılır, hormonal status müəyyənləşdirilir. Bəzi hallarda alqomenoreyanın yaranma səbəbinin daha dəqiq təyini  üçün həzm, qan-damar, sidik sistemi, süd vəzilərinin müayinəsi məqsədəuyğundur. Yaranma səbəbindən asılı olaraq, alqomenoreyanın müalicəsinə ginekoloqla yanaşı, nevroloq, ftiziatr, psixoterapevt də cəlb edilə bilər.

Birincili alqomenoreyanın müalicəsinə qeyri-medikamentoz yolla başlamaq lazımdır. Ağrılı aybaşı zamanı pasiyentlərə aşağıdakılar məsləhət görülür:

  • stresslə mübarizə aparmağı və sakitləşməyi öyrənmək;
  • idmanla məşğul olmaq;
  • siqaret və spirtli içkilərdən imtina etmək;
  • soyuqdan qorunmaq;
  • aybaşı siklinin ikinci fazası və aybaşı zamanı fiziki yüklənmələri, cinsi həyatı məhdudlaşdırmaq;
  • ağrı zamanı qarın nahiyəsinə istiqac qoymaq, dizləri qarına bükmək.

Alqomenoreyanın dekompensasiyasına yol verməmək üçün hamiləliyin, xüsusən ilk hamiləliyin qorunub saxlanılması çox vacibdir. Əksər hallarda birincili alqomenoreya hamiləlik və doğuşdan sonra öz-özünə keçib gedir. Fizioterapevtik müalicə metodlarından günəş kələfi nahiyəsinə novokainlə elektroforez və refleksoterapiya  müsbət nəticələr verir.

Birincili alqomenoreya zamanı qeyri-medikamentoz müalicənin effektiv olmadığı hallarda dərman preparatları təyin olunur. Əsəb gərginliyi ilə müşahidə olunan birincili alqomenoreyalarda sakitləşdirici preparatların (diazepam, valerian, trioksazin) təyini məsləhətdir. Ağrını aradan qaldırmaq üçün spazmolitik və analgetiklər (analqin, drotaverin və s.), qeyri-steroid iltihabəleyhinə preparatlardan (QSİƏP – indometasin, nimesulid, fenilbutazon) istifadə olunur.

Birincili alqomenoreya zamanı etinilestradiol və levonorgestrelin kombinasiyasından ibarət hormonal kontraseptivlərin (həb və inyeksiya şəklində) müntəzəm təyini aybaşı zamanı ağrının azalması və itməsinə səbəb olur. Birincili alqomenoreya zamanı təbii progestin qrupuna aid dərman preparatlarının istifadəsi effektivdir.

Müalicə prosesində aybaşı təqviminin tutulması və menstruasiyanı müşayiət edən əlamətlərın (ağrı, onun davametmə müddəti, intensivliyi, xarakteri, lokalizasiyası və digər simptomlar) bu təqvimdə qeyd edilməsi məsləhət görülür. Pasiyentlərə hər üç aydan bir ginekoloqun qəbulunda olmaq tövsiyə olunur.

İkincili alqomenoreya

İkincili alqomenoreyanın təsnifatı

30 yaşdan yuxarı qadınlarda rast gəlinən ağrılı aybaşı ikincili alqomenoreya adlanır. Qadınların 30%-də aşkarlanan ikincili alqomenoreya əksər hallarda orta və ağır dərəcəli olub, yanaşı simptomlar  və əmək qabiliyyətinin periodik azalması ilə özünü büruzə verir. İkincili alqomenoreya çox zaman menorragiya (güclü və uzunmüddətli aybaşı qanaxması) ilə müşaiyət olunur.

Çanaq ağrılarından əlavə digər simptomlarla təzahür edən ikincili alqomenoreya şərti olaraq 4 qrupa bölünür:

  • psixo-emosional pozulmalarla gedən ikincili alqomenoreya (bulimiya, anoreksiya, depressiv hal, qıcıqlanma, dad və iybilmə hissiyatının dəyişməsi və s.);
  • vegetativ əlamətlərlə müşahidə olunan ikincili alqomenoreya (ürəkbulanma, qarında köp, hıçqırma və s.);
  • vegetativ-damar pozğunluqları ilə təzahür edən ikincili alqomenoreya (baş ağrıları, başgicəllənmə, bayılma, taxikardiya, ayaq və əllərin keyiməsi və s.);
  • endokrin-metabolik pozğunluqlarla müşahidə olunan ikincili alqomenoreya (qusma, dəridə qaşınma, oynaq nahiyələrində ağrı, kəskin halsızlıq və s.).

İkincili alqomenoreyanın əlamətlərinin kəskinliyi qadının yaş və fiziki sağlamlığından asılıdır. Ürək-damar fəaliyyətində kənaraçıxmalar zamanı vegetativ-damar əlamətləri, maddələr mübadiləsinin pozğunluqlarında isə endokrin- metabolik simptomlar üstünlük təşkil edir. 40 yaşdan sonra qadınlar alqomenoreyanın depressiv və digər psixo-emosional pozğunluqlarına meylli olur. Çox zaman alqomenoreya dispareuniya (cinsi akt zamanı ağrı) ilə müşayiət olunur, bu hal mütəxəssisin müayinə və müalicəsini tələb edir.

İkincili alqomenoreyanın yaranma səbəbləri

İkincili alqomenoreyanın inkişafı kiçik çanaq orqanlarının xəstəlikləri ilə əlaqədar olur. İkincili alqomenoreyaya səbəb olan xəstəlik və hallar aşağıdakılardır:

  • Endometrioz (adenomioz);
  • Cinsiyyət sisteminin iltihabi xəstəlikləri;
  • Endometriumun polipi;
  • Uşaqlıq və onun artımlarının şiş xəstəlikləri;
  • Kiçik çanaq venalarının genişlənməsi;
  • Kiçik çanaq orqanlarında bitişmə prosesləri;
  • Uşaqlıqdaxili kontraseptiv vasitələr;
  • Çanaq nevriti;
  • Uşaqlıqdaxili müdaxilələrdən (xüsusən abortlar) sonra uşaqlıq boynunun çapıq toxumalı yığılması.

İkincili alqomenoreyanın yaranmasında fiziki və zehni gərginlik, yanaşı gedən ekstragenital patologiya, orqanizmin öz cinsi hormonlarına (progesteron və estrogen) qarşı yüksək həssaslıq səbəb olur. İkincili alqomenoreyalı pasiyentlərin anamnezində doğuş travmaları, hamiləliyin cərrahi yolla pozulması, uşaqlıq və uşaqlıq artımlarında cərrahi müdaxilələrin aparılması hallarına rast gəlinir.

İkincili alqomenoreyalı pasiyentlərin müayinə planına kiçik çanaq orqanlarının USM, endoskopik (histeroskopiya, laparoskopiya), rentgenoloji (histerosalpinqoqrafiya), instrumental (endometriumun diaqnostik qaşınması) müayinələr daxildir.

Pasiyentlər tərəfindən aybaşı təqviminin tutulması, ağrı hissinin diaqrammasının qurulması müalicə metodunun seçilməsində böyük rol oynayır.

İkincili alqomenoreyanın müalicəsi

İkincili alqomenoreyanın müalicəsi onu törədən xəstəliyin müalicəsindən başlayır. İkincili alqomenoreya uşaqlıqdaxili kontraseptivlərlə assosiasiyalı olduqda, ilk növbədə onların çıxarılması məsləhət görülür. Endometrioz, kiçik çanaq orqanlarında bitişmə prosesləri, şiş xəstəlikləri zamanı müxtəlif növ cərrahi müdaxilələr tətbiq edilir. İkincili alqomenoreyanın yaranmasına səbəb olan iltihabi xəstəliklərin müalicəsi etioloji amil və törədici nəzərə alınmaqla aparılır,  sonrakı mərhələlərdə müvafiq fizioterapevtik prosedurlar və sanator-kurort müalicəsi təyin olunur. Həmçinin ikincili alqomenoreya zamanı simptomatik terapiya: aybaşı ağrılarının azaldan spazmolitik və analgetiklər, psixo-emosional simptomları zəiflədən sakitləşdirici vasitələr tətbiq olunur.

Yadda saxlamaq lazımdır ki, hətta yüngül dərəcəli alqomenoreya orqanizmdə gedən funksional və ya üzvi pozğunluqlardan xəbər verir. Buna görə də onların diaqnostika və müalicəsi gecikdirilməməlidir.

Alqomenoreyanın profilaktikası

Birincili alqomenoreyanın qarşısını almaq  üçün gigiyenik tədbirlər, orqanizmin möhkəmləndirilməsi, düzgün qidalanma, əmək və istirahət rejiminin adekvat seçilməsinə riayət olunmalıdır. Qız uşaqları ilk aybaşıya hazırlanmalı, onlara aybaşı siklinin fiziologiyası izah edilməlidir. İkincili alqomenoreyanın profilaktikası cinsiyyət sistemi xəstəliklərinin qarşısının alınması və müalicəsindən ibarətdir

error: Content is protected !!