Amavrotik idiotiya

Amavrotik idiotiya — qanqliozid dismetabolizmi ilə bağlı genetik determinə olunmuş xəstəliklər qrupudur; bu zaman qanqliozidlər serebral hüceyrələrdə toplanır. Patologiyanın aparıcı simptomları intellektin proqressiv azalması və görmənin itirilməsidir. Diaqnostik tədbirlər nevroloji müayinə, oftalmoskopiya, serebral MRT, genetik konsultasiya, qanın lipid tərkibinin müayinəsi, beyin bioptatının histokimyəvi analizindən ibarətdir. Müalicə simptomatikdir; qıcolma əleyhinə, psixotrop preparatların təyini, təzə dondurulmuş plazma köçürülməsi ilə həyata keçirilir.

Аmavrotik idiotiya barədə ümumi məlumat

Amavrotik idiotiyanı ilk dəfə 1881-ci ildə pasientlərin göz dibi dəyişikliklərini öyrənən ABŞ oftalmoloqu Uorrem Tey təsvir etmişdir. 1887-ci ildə nevroloq Bernard Saks xəstəliyin klinik mənzərəsini geniş təsvir etmişdir. Daha sonra o, bir sıra analoji halları müşahidə etmiş və patologiyanın ailəvi xarakterli olması fikrinə gəlmişdir. Beləliklə, ən məşhur amavrotik idiotiya – Tey-Saks xəstəliyi kəşf olunmuşdur. Sonralar pediatriya və nevrologiya sahəsində çalışan tədqiqatçılar xəstəliyin daha gec təzahür edən variantlarını təsvir etmişdilər. Patologiyanın yayılması planetin ümumi əhalisi arasında 1: 500 000, Avropa əhalisi arasında 1: 6 000 təşkil edir. Xəstələnmədə gender fərqləri yoxdur.

Аmavrotik idiotiyanın səbəbləri

Xəstəliyin ailəvi xarakteri defektli genə yüksək penetrantlıqlı autosom-resessiv mexanizmlə irsən ötürülən gen mutasiyaları ilə bağlıdır. Amavrotik idiotiya patoloji genin hər iki valideyndən irsi ötürülməsi zamanı inkişaf edir. Heteroziqot daşıyıcılarda xəstə uşağın doğulma ehtimalı 25% təşkil edir. Tey-Saks xəstəliyinin 15-ci xromosomun q23-q24 lokusunda yerləşən HEXA geninin müxtəlif variantlı mutasiyalarını özündə əks etdirən genetik substratı daha çox öyrənilib. Həmin gen qanqliozidlərin parçalanması ilə gedən katabolik proseslərə cavabdeh fermenti kodlaşdırır. Fermentin çatışmazlığı baş beynin və torlu qişanın qanqlioz hüceyrələrində qanqliozidlərin toplanmasına, nəticədə həmin hüceyrələrin degenerasiyasına gətirib çıxarır.

Аmavrotik idiotiyanın patogenezi

Amavrotik idiotiya metabolik pozulmalar nəticəsində lipidlərin serebral və retinal hüceyrələrdə, daha az somatik orqanlarda (qaraciyər, dalaq) toplanması səbəbindən əmələ gəlir. Tey-Saks idiotiyası zamanı heksoaminidaza A lizosomal fermentinin sintezinə cavabdeh olan HEXA geninin pozulması nəticəsində GM2 qanqliozidlərinin katabolizmi baş vermir, onlar tədricən toplanır. Analoji dismetabolik kənarçıxmalarla xəstəliyin başqa formaları da müşayiət olunur. Serebral neyronlarda və torlu qişanın hüceyrələrində müxtəlif tərkibli lipid hissəcikləri toplanır. İnfantil forma xolesterol tərkibli  kiçik dənəli hissəciklərlə fərqlənir. Xəstəliyin gecikmiş uşaq və yuvenil variantlarında toplanan maddə lipidlərlə yanaşı həm də küli miqdarda zülallardır, xolesterol bu maddədə olmur.

Мakroskopik amavrotik idiotiya beynin həcminin böyüməsi, ənsə nahiyəsində, beyincikdə geniş miqyaslı atrofik dəyişikliklər, görmə traktının nazikləşməsi ilə təzahür edir. Baş beynin mikroskopik mənzərəsində qanqlioz hüceyrələrin və onların çıxıntılarının şişkinləşməsi, hüceyrədaxili mühitin lipid  hissəcikləri ilə dolması, nüvənin büzüşməsi, tiqroid maddənin parçalanması görünür. Analoji dəyişikliklər retinal hüceyrələrdə də qeyd olunur; sarı ləkə nahiyəsində daha çox təzahür edir.

Аmavrotik idiotiyanın təsnifatı

Amavrotik idiotiyanın simptomatikanın təzahür etmə yaşına, gedişinin xarakterinə, xəstənin həyatının davametmə müddətinə görə fərqlənən bir neçə klinik variantları var. Güman ki, onlar müəyyən metabolik pozulmalara gətirib çıxaran müxtəlif genetik defektlərlə əlaqəlidir. Patologiyanın klinik formasının dəqiqləşdirilməsi xəstəliyin proqnozunun anlaşılması, optimal müalicə taktikasının seçimi üçün mühümdür. Klinik xüsusiyyətlərini nəzərə alaraq 4 əsas forma ayırd edilir:

  • Erkən uşaqlıq (Tey-Saks xəstəliyinin infantil forması). Xəstəliyin nisbətən daha çox öyrənilmiş variantıdır. 4-6 ayda təzahürü xarakterikdir. Gedişi sürətlə proqressivləşəndir; 3 yaşa qədər letal sonlanma müşahidə olunur.
  • Gecikmiş uşaqlıq (Yanski-Bielşovski forması). Xəstəlik özünü ilk dəfə 3-4 yaşda göstərir. Klinika erkən uşaqlıq forma ilə eynidir; bir qədər ləng gedir. Xəstəliyin davametmə müddəti 4-6 ildir.
  • Yeniyetmə forması (Şpilmeyer-Foqt forması). 6-9 yaşda başlayır, simptomların nisbətən yavaş proqressivləşməsi ilə fərqlənir. Pasientlər 20 yaşına qədər yaşaya bilir.
  • Gecikmiş forma (Kufs forması). Pubertat dövründə və ya böyük yaşlarda meydana çıxır. Nisbətən kafi, ləng gedişə malikdir. Letal sonlanma simptomatikanın büruzə verdiyi andan orta hesabla 10-15 il sonra baş verir.

Ayrı-ayrı hallarda Norman-Vud forması adlandırılan anadangəlmə amavrotik idiotiya müşahidə olunur. Simptomlar uşağın həyatının ilk həftəsində meydana çıxır; əsas təzahürləri sinir-psixi inkişafın dayanmasıdır. Bəzi müəlliflər xəstəliyin Norman-Vud formasını təsnifata ayrı bir nozologiya kimi salmağı təklif edirlər.

Аmavrotik idiotiyanın simptomları

Klinik mənzərənin əsasını proqressivləşən görmə patologiyası, qazanılmış intellektual qabiliyyətinin tədricən itirilməsi təşkil edir. Yanaşı olaraq karlıq, qıcolma sindromu, ekstrapiramid pozulmalar, beyincik ataksiyası meydana çıxır. Simptomatikanın ağırlıq dərəcəsi xəstəliyin formasından asılıdır.

Erkən uşaqlıq amavrotik idiotiyası uşağın hərəki aktivliyinin azalması, oturma və başını saxlama qabiliyyətinin itirilməsi ilə təzahür edir. Sonralar hərəki və statistik funksiyaların tetraparezə, tam hərəkətsizliyə qədər itirilməsi davam edir. Başlanğıc dövr üçün səs qıcıqları zamanı uşağın diksinməsi ilə təzahür edən hiperakuziya xarakterikdir. Görmənin pozulması oyuncaqları izləmə, baxışların parlaq əşyalarda fiksasiyasının olmamasına gətirib çıxarır. Qısa müddətdə tam korluq (amavroz) başlayır. Tonik komponentli qıcolmalar qeyd olunur. Bulbar sindrom, vegetativ pozulmalar (hiperhidroz, akrosianoz, hipotermiya, nəbzin labilliyi) mümkündür. Terminal mərhələdən deserebrasion rigidliyədək proqressivləşən əzələ hipotoniyası meydana çıxır.

Yanski-Bielşovski amavrotik idiotiyası həyatın dördüncü ilində meydana çıxır. Başlanğıc mərhələdə görmənin zəifləməsi və koqnitiv funksiyaların pozulması ilə yanaşı beyincik simptomları – yerişin pozulması, kobud diskoordinasiya, nistaqm da qeyd olunur. Xəstə tədricən yerimə, dayanma, oturma qabiliyyətini itirir. İntellektual sfera idiotiya səviyyəsinədək deqradasiya edir, amavroz inkişaf edir. Yeniyetmə forması nisbətən mülayim gedişinə görə fərqlənir. Belə ki, bu zaman intellekt nadir hallarda idiotiyaya qədər deqradasiya edir, görmə disfunkisyası amavroza çatmır, hərəkət xeyli saxlanır. Ekstrapiramid pozulmalar (atetoz, xoreya, tremor), beyincik disfunksiyaları xarakterikdir. Karlıq, epileptik tutmalar mümkündür. Bir sıra hallarda miksedema mənşəlli piylənmə aşkar olunur.

Kufs amavrotik idiotiyası çox nadir hallarda müşahidə olunur, hərəkət, görmə və intellektual sferada patologiyalar təzahür etmədən gedir. Şəxsiyyətin dəyişilməsi, maraq dairəsinin məhdudlaşması, aktivliyin azalması ilə özünü göstərir. Zaman keçdikcə intellekt zəifləyir, nadir hallarda nəzərə çarpan üzvi demensiyayadək dərinləşir. Müxtəlif psixoloji pozulmalar – hallüsinasiya, sayıqlama, katatoniya, affektiv psixozlar xarakterikdir. Ekstrapiramid, beyincik simptomları, epileptik paroksizmlər, eşitmənin zəifləməsi mümkündür.

Аmavrotik idiotiyanın ağırlaşmaları

Xəstəliyin başlanğıc mərhələlərində hərəkət və görmə patologiyaları uşağın tez-tez travmalar almasına səbəb olur. Hərəkətin kəskin azalması durğunluq pnevmoniyasının inkişafını provokasiya edir. Qıcolma sindromunun ağırlaşması epileptik statusdur. Bulbar sindrom zamanı disfagiya təhlükəlidir; təhlükə qida və mayenin tənəffüs yollarına düşməsi nəticəsində aspirasion pnevmoniyanın inkişafı ilə bağlıdır. Bir sıra ağırlaşmalar lipidlərin daxili orqanlarda toplanması ilə əlaqəlidir. Qaraciyərin piy distrofiyası qaraciyər çatışmazlığına, taylı qapaqlara toplanması ürək çatışmazlığına gətirib çıxarır. Pasientlər ürək, tənəffüs, poliorqan çatışmazlığı, interkurrent infeksiyalardan ölürlər.

Аmavrotik idiotiyanın diaqnostikası

Xarakterik simptomlar triadası (koqnitiv deqradasiya, görmənin kəskin pisləşməsi, hərəki pozulmalar) klinik diaqnozu ehtimal etməyə imkan verir. Çətinliklər gecikmiş formaların müəyyənləşdirilməsi zamanı meydana çıxır. Diaqnozun təsdiqlənməsi bir sıra müayinələrdən sonra mümkündür:

  • Nevroloq müayinəsi. Nevroloji statusun göstəriciləri xəstəliyin forma və dövründən, pasientin yaşından asılıdır. İntellektual inkişafın yaşa kəskin uyğunsuzluğu qeyd olunur. Spastik parezlər, beyincik disfunksiyası, hiperkinezlər, əzələ distoniyası, vegetativ-trofik pozulmalar aşkar olunur.
  • Oftalmoloq konsultasiyası. Südəmər uşaqlarda izləmə reaksiyaları olmur, böyük yaşlı pasientlərdə vizometriya görmə itiliyinin kəskin azalmasını təsdiqləyir. Oftalmoskopiya görmə sinirinin ikitərəfli atrofiyasını diaqnostika edir. Patoqnomonik əlamət makulyar zonada “albalı çərdəyi” fenomenidir. Gecikmiş amavrotik idiotiya bu simptomun, göz dibində piqmentli retinit mənzərəsinin olmaması ilə fərqlənir.
  • Laborator analizlər. Qanda vakuolizasiya olunmuş limfositlər aşkar olunur. Qanın biokimyəvi analizində lipid profilinin dəyişilməsi (fosfolipid, xolesterol səviyyəsinin yüksəlməsi), ayrı-ayrı fermentlərin konsentrasiyasının yüksəlməsi təyin oluna bilər.
  • Baş beynin MRT-iSerebral toxumanın atrofiyasını aşkarlamağa imkan verir; belə ocaqlar beyincik və ənsə nahiyəsində daha çox nəzərə çarpır. Atrofik dəyişikliklərin ifadəliliyi erkən təzahürlərdə maksimal, gecikmiş formalarda isə minimal olur. Atrofiya ilə yanaşı görmə sinirinin nazikləşməsi aşkarlanır.
  • Serebral biopsiyaAtrofik ocaqdan götürülmüş materialın histokimyəvi və sitoloji müayinəsində xarakterik hüceyrədaxili lipidlərin aşkarlanması “amavrotik idiotiya” diaqnozunu qoymağa imkan verir. Rənglənmə zamanı materialın hissəciklərinin rənginə əsasən xəstəliyin forması haqda fikir yürütmək olar.
  • Genetik konsultasiyasıAilə anamnezinin toplanması və genetik ağacın təşkilindən ibarətdir. Patologiyanın ailəvi xarakterli olmasını təsdiqləməyə, irsən ötürülmənin tipini dəqiqləşdiməyə imkan verir.

Amavrotik idiotiya MSS-nin zədələnməsi ilə gedən başqa dismetabolik və degenerativ irsi xəstəliklərlə differensiasiya olunur. Erkən uşaqlıq dövrü variantını somatik orqanların güclü zədələnmələri ilə gedən Nimman-Pik xəstəliyindən fərqləndirmək lazımdır. Gecikmiş formanın aparıcı beyincik və ekstrapiramid simptomatika (dağınıq skleroz, Lafor xəstəliyi, leykodistrofiya) ilə gedən xəstəliklərdən differensiasiyası tələb olunur.

Аmavrotik idiotiyanın müalicəsi

Spesifik müalicə hazırlanmayıb. Simptomatik dəstəkləyici terapiya həyata keçirilir. Epileptik paroksizmlər zamanı antikonvulsatlar, psixoloji pozulmalar zamanı psixotrop preparatlar (sedativlər, trankvilizatorlar, neyroleptiklər) təyin olunur. Ayrı-ayrı həkimlər plazma köçürülməsi, qan preparatlarının tətbiqinin effektivliyini qeyd edirlər.    Vitaminoterapiya, ümumi möhkəmləndirici tədbirlər tövsiyə olunur. Gecikmiş mərhələlərdə xəstə hərtərəfli qayğıya, infeksion ağırlaşmaların profilaktikasına ehtiyac duyur. Effektiv müalicə metodlarının axtarışında perspektiv istiqamət gen mühəndisliyidir; lakin bu sahədə əhəmiyyətli nəticələrə nail olunmayıb.

Аmavrotik idiotiyanın proqnoz və profilaktikası

Amavrotik idiotiya letal sonlanır. Pasientlərin yaşama müddəti patoloji dəyişikliklərin meydana çıxdığı yaş dövründən asılıdır. İnfantil forma nisbətən qeyri-kafi proqnozludur, xəstələr 1,5-2 ildən sonra ölürlər. Ən ləng, xoşxassəli gedişat gecikmiş formalarda müşahidə olunur. Profilaktik tədbirlər qohum nigahlarının istisnasına yönəlmişdir. Xəstə uşağı olan valideynlərə sonralar uşaq dünyaya gətirmək tövsiyə olunmur. Heteroziqot cütlüyün hamiləliyində amniotik mayedə heksozaminidaza A-nın konsentrasiyası təyin oluna bilər. Fermentin miqdarının xeyli azalması hamiləliyin sonlandırılmasına göstərişdir.

error: Content is protected !!