Anafilaktik şok

Anafilaktik şok – allergenin orqanizmə təkrari yoluxması nəticəsində ağır hemodinamik pozulmalar və hipoksiyanın inkişafı ilə xarakterizə olunan kəskin patoloji vəziyyətdir. Anafilaksiyanın əsas inkişaf səbəbləri orqanizmə müxtəlif dərmanların və vaksinlərin yeridilməsi, həşərat dişləmələri, qida allergiyasıdır. Şokun ağır dərəcələrində qısa zamanda huş itirilir, koma inkişaf edir və təxirəsalınmaz yardım göstərilmədikdə letal sonlanma baş verir. Müalicə allergenin orqanizmə daxil olmasının qarşısının alınması, qan dövranı və tənəffüs funksiyalarının bərpası, ehtiyac olduqda reanimasion tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Anafilaktik şok barədə ümumi məlumat

Anafilaktik şok (anafilaksiya) yad maddə – antigenlə (dərman preparatları, qan zərdabı, rentgenokontrast maddə, qida məhsulları, ilan və həşərat sancmaları) kontakt zamanı inkişaf edən sürətli tip ağır, sistemli allergik reaksiyadır. Patoloji vəziyyət qan dövranı, orqan və sistemlərin funksiyalarının dərin pozulmaları ilə müşayiət olunur.

Anafilaktik şok təxminən 50000 insandan birində inkişaf edir; bu sistemli allergik reaksiya klinik hallarının sayı ilbəil artır. Belə ki, Amerika Birləşmiş Ştatlarında hər il anafilaktik şokun inkişafı ilə əlaqəli 80 mindən çox klinik hal qeydə alınır; ömür boyunca azı bir anafilaksiya epizodunun yaranma riski ABŞ əhalisinin 20-40 milyonunda mövcuddur. Statistikaya əsasən anafilaktik şokun inkişafının səbəbləri təxminən 20% hallarda istifadə olunmuş preparatlardır. Anafilaksiyada letal sonlanma heç də az baş vermir.

Anafilaktik şokun səbəbləri

Anafilaktik reaksiyaların inkişafına gətirib çıxaran allergen insan orqanizminə daxil olan istənilən maddə ola bilər.

  • Anafilaktik şokun tez-tez rastlanan inkişaf səbəbi müxtəlif dərman preparatlarının orqanizmə yeridilməsidir. Bunlara antibiotiklər (antibiotiklər və sulfanilamidlər), hormonal (insulin, adrenokortikotrop hormon, kortikotropin və progesteron), ferment preparatları, anestetiklər, heteroloji zərdab və vaksinlər aiddir. İmmun sistemin hiperreaksiyası instrumental müayinələr zamanı istifadə olunan rentgenokontrast maddə yeridildikdə də inkişaf edə bilər.
  • Anafilaktik şokun yaranmasının daha bir səbəbi ilan və ya həşərat sancmasıdır (arı, Bombus (lat.), Vespa (lat.), qarışqa). Arı sancmalarının 20-40%-ində anafilaksiyanın qurbanı arıçılar olur.
  • Anafilaksiya bir sıra hallarda qida allergenlərinə (yumurta, süd məhsulları, balıq və dəniz məhsulları, soya, yer fındığı, boyayıcılar və aromatizatorlar, həmçinin tərəvəz və meyvə cücərtilərinin işlənməsində istifadə olunan biopreparatlar) qarşı yaranır. ABŞ-da anafilaktik reaksiyaların 90%-dən çoxu meşə fındığına qarşı inkişaf edir. Son illərdə sulfidlərə (məhsulun daha uzun müddət qala bilməsi üçün istifadə olunan qida əlavələri) qarşı anafilaktik şokun inkişafı artmışdır. Bu maddələr pivə, şərab, təzə meyvə, tərəvəz və souslara əlavə edilir.
  • Lateksdən istehsal olunmuş məhsullara (rezin əlcək, kateter, şinalar və s.) qarşı anafilaksiyaların rastlanması da artır. Belə ki, bəzi meyvələrə (avokado, banan, kivi) və lateksə qarşı çarpaz allergiya tez-tez müşahidə olunur.
  • Xəstəlik müxtəlif fiziki təsirlərin (əzələ yüklənməsi ilə əlaqəli işlər, idman məşqləri, soyuq və isti), həmçinin müəyyən qida məhsullarının (adətən, krevetka, fındıq, toyuq əti, kərəviz, ağ çörək) və sonrakı fiziki yüklənmələrin (bağ-bostan işləri, idman oyunları, qaçış, üzgüçülük və s.) kombinasiyasının təsirindən də inkişaf edə bilər. Anafilaktik reaksiyalar tez-tez irsi meyillik zamanı inkişaf edir (həm hüceyrəvi, həm də humoral immun sistemin reaktivliyinin yüksəlməsi qeyd olunur).

İmmunoqlobin E

Anafilaktik şok antigen xassəli maddə ilə immunoqlobin E arasında qarşılıqlı əlaqə nəticəsində inkişaf edən ləng tipli generalizə olunmuş allergik reaksiyanı özündə əks etdirir. Allergen orqanizmə təkrar daxil olduqda müxtəlif mediatorlar (histamin, prostaqlandinlər, xemotaksik faktorlar, leykotrienlər və s.) xaric olunur və ürək-damar, mədə-bağırsaq, tənəffüs sistemi, dəri örtükləri tərəfindən çoxsaylı sistemli təzahürlər inkişaf edir.

Bu təzahürlər damarların kollapsı, hipovolemiya, saya əzələlərin yığılması, bronxospazm, selikli qişaların hipersekresiyası, müxtəlif lokalizasiyalı ödemlər və başqa patoloji dəyişikliklərdir. Nəticədə dövr edən qanın həcmi azalır, arterial təzyiq düşür, damar-hərəkət mərkəzi iflic olur, ürəyin vurğu həcmi azalır və ürək-damar çatışmazlığı inkişaf edir. Anafilaktik şok zamanı sistemli allergik reaksiya bronxların spazmı, bronx mənfəzində qatı, yapışqan seliyin toplanması, ağciyər toxumasının qanaması və atelektazı, kiçik qan dövranında durğunluqla müşayiət olunur. Dəri örtüklərinin, qarın boşluğu və kiçik çanaq orqanlarının, endokrin sistemi, baş beyin zədələnmələri qeyd olunur.

Anafilaktik şokun simptomları

Anafilaktik şokun klinik simptomları xəstə orqanizmin fərdi xüsusiyyətlərindən (immun sistemin konkret allergenə qarşı həssaslığı, yaş həddi, yanaşı gedən xəstəliklərin mövcudluğu və s.), ən çox zərər çəkən orqandan – “şok orqan” (ürək, damarlar, tənəffüs yolları, dəri örtükləri) antigen təbiətli maddələrin orqanizmə daxil olma yolundan (parenteral, tənəffüs yolları və ya həzm traktı) asılıdır. Bu zaman xarakterik simptomatika ildırım sürətilə (preparatın parenteral yeridilməsi zamanı) və ya allergenlə qarşılaşdıqdan 2-4 saat sonra inkişaf edir.

Anafilaksiya üçün kardiovaskulyar sistemin fəaliyyətinin kəskin inkişaf edən pozulmaları – arterial təzyiqin azalması, başgicəllənmə, zəiflik, bayılma vəziyyətləri, aritmiyalar (taxikardiya, ekstrasistoliya, səyirici aritmiyalar və s.), damar kollapsının, miokard infarktının (döş sümüyü arxasında ağrılar, ölüm qorxusu, hipotenziya və s.) inkişafı xarakterikdir. Anafilaktik şokun respirator əlamətləri nəzərə çarpan təngnəfəslik, rinoreya, disfoniya, fitverici tənəffüs, bronxospazm və asfiksiyalardır. Neyropsixi pozulmalar güclü baş ağrısı, psixomotor oyanıqlıq, qorxu hissi, təlaş, qıcolma sindromu ilə xarakterizə olunur. Çanaq orqanlarının funksional pozulmaları (qeyri-iradi sidik ifrazı və defekasiya) meydana çıxa bilər. Anafilaksiyanın dəri əlamətləri eritemalar, övrə, angioödemdir.

Klinik mənzərə anafilaksiyanın ağırlıq dərəcəsindən asılı olaraq fərqlənir. 4 ağırlıq dərəcəsi ayırd edilir:

  • Şokun I dərəcəsində pozulmalar zəifdir, arterial təzyiq (AT) 20-40 mm c.s. azalır. Huş pozulmur, pasiyenti boğazda quruluq, öskürək, döş sümüyü arxasında ağrılar, hərarət hissi, ümumi narahatlıq, bəzən dəridə səpkilər narahat edir.
  • Anafilaktik şokun II dərəcəsi üçün klinikanın daha çox təzahürü xarakterikdir. Bu zaman sistolik AT 60-80, diastolik 40 mm c.s.-a qədər düşür. Xəstəni qorxu hissi, ümumi zəiflik, başgicəllənmə, dəridə qaşınan səpkilər, Kvinke ödemi, udqunma və danışıq zamanı çətinlik, qarında və beldə ağrılar, döş sümüyü arxasında ağırlıq hissi, sakitlik vəziyyətində təngnəfəslik narahat edir. Tez-tez təkrar qusma meydana çıxır, sidik ifrazı və defekasiya proseslərinə kontrol pozulur.
  • Şokun III ağırlıq dərəcəsi sistolik AT-nin 40-60, diastolik AT-nin 0 mm c.s.-a qədər azalması ilə təzahür edir. Huş itirilir, bəbəklər genişlənir; soyuq, yapışqan dəri, sapabənzər nəbz təyin olunur; qıcolma sindromu inkişaf edir.
  • Anafilaksiyanın IV dərəcəsi ildırımsürətli gedişə malik olur. Bu zaman xəstə huşsuz olur, AT və nəbz müəyyənləşdirilmir; ürək fəaliyyəti və tənəffüs dayanır. Pasiyentin həyatını xilas etmək üçün təxirəsalınmaz reanimasion tədbirlər vacibdir.

Şok vəziyyətindən çıxdıqdan sonra xəstədə zəiflik, süstlük, tormozlanma, hərarət, mialgiyalar, artralgiyalar, təngnəfəslik, ürək ağrıları davam edir. Ürəkbulanma, qusma, bütünlüklə qarında ağrılar qeyd oluna bilər. Anafilaktik şokun kəskin təzahürləri söndükdən sonra (ilk 2-4 həftə) tez-tez bronxial astma və residivləşən övrə, allergik miokardit, hepatit, qlomerulonefrit, sistemli qırmızı qurdeşənəyi, düyünlü periarteriit və s. şəklində ağırlaşmalar inkişaf edir.

Anafilaktik şokun diaqnostikası

Anafilaktik şokun diaqnozu əsasən klinik simptomatikaya görə qoyulur. Belə ki, ətraflı anamnez, laborator analizlər və allerqoloji sınaqların aparılmasına zaman qalmır. Anafilaksiyanın inkişaf etdiyi şəraitin (dərmanların parenteral yeridilməsi, ilan sancması, müəyyən qidanın qəbulu və s.) dəyərləndirilməsi diaqnostikada kömək edə bilər.

Obyektiv müayinə zamanı xəstənin ümumi vəziyyəti, orqan və sistemlərin funksiyaları (ürək-damar, tənəffüs, sinir və endokrin) qiymətləndirilir. Anafilaktik şoku olan pasiyentin vizual müayinəsində huşun aydınlığını, bəbək reflekslərinin saxlanmasını, tənəffüsün dərinliyi və tezliyini, dəri örtüklərinin vəziyyətini, sidikifrazı və defekasiya üzərində kontrolun saxlanmasını, qusmanın olub-olmamasını, qıcolma sindromunu müəyyənləşdirməyə imkan verir. Daha sonra periferik və magistral arteriyalarda nəbzin olub-olmaması və xarakteri, arterial təzyiqin səviyyəsi, ürək tonları və ağciyər tənəffüsünün auskultativ göstəriciləri təyin olunur.

Anafilaktik şoku olan pasiyentə təxirəsalınmaz yardım edildikdən və həyati təhlükə yaradan amil likvidasiya olunduqdan sonra diaqnozu dəqiqləşdirmək və oxşar simptomatikalı başqa xəstəlikləri inkar etmək üçün laborator və instrumental müayinələr aparılır. Laborator ümumi klinik müayinələr zamanı qanın klinik analizi (tez-tez leykositoz, eritrositoz, neytrofilyoz, eozinofilyoz aşkar olunur) həyata keçirilir, respirator və metabolik asidozun ifadəliliyi (pH, karbon qazının və oksigenin qanda parsial təzyiqi təyin olunur) dəyərləndirilir, su-elektrolit balansı, qanın laxtalanma sisteminin göstəriciləri və s. müəyyənləşdirilir.

Laborator analiz

Anafilaktik şok zamanı allerqoloji müayinə triptaza və İL-5, ümumi və spesifik İgE, histamin səviyyəsinin müəyyənləşdirilməsini, anafilaksiyanın kəskin təzahürləri söndükdən sonra isə dəri sınaqları və laborator analizlərin köməyilə allergenin aşkarlanmasını təmin edir.

Elektrokardioqrammada ürəyin sağ şöbələrinin yüklənməsi, miokardın işemiyası, taxikardiya, aritmiya əlamətləri təyin olunur. Döş qəfəsi orqanlarının rentgenoqrammasında ağciyərlərin emfizema əlamətləri aşkar oluna bilər. Anafilaktik şokun kəskin dövründə 7-10 gün ərzində arterial təzyiqin, ürək yığılmalarının və tənəffüsün tezliyi, EKQ monitorinqi aparılır. Ehtiyac olarsa, pulsoksimetriya, kapnometriya və kapnoqrafiya aparılır, arterial və mərkəzi venoz təzyiq invaziv üsulla ölçülür.

Differensial diaqnostika AT-in xeyli azalması, huşun, tənəffüs və ürək fəaliyyətinin dərin pozulması, kardiogen və septik şok, miokard infarktı, müxtəlif mənşəli kəskin ürək-damar çatışmazlığı, ağciyər arteriyalarının tromemboliyaları, sinkopal vəziyyətlər və epileptik sindrom, hipoqlikemiya, kəskin zəhərlənmə və s. ilə müşayiət olunan başqa patoloji vəziyyətlərlə aparılır. Anafilaktik şoku allergenlə ilk tanışlıq zamanı və immun mexanizmlər (antigen-antitel qarşılıqlı əlaqəsi) iştirak etmədikdə inkişaf edən oxşar təzahürlü anafilaktik reaksiyalardan fərqləndirmək lazımdır.

Bəzən, xüsusən də şok vəziyyətinin yaranmasına səbəb olan faktorlara malik vəziyyətlərdə (şokun bir neçə növünün kombinasiyası, hər hansı dərmanın yeridilməsinə cavab olan anafilaksiyanın qoşulması) patoloji vəziyyəti başqa xəstəliklərdən differensiya etmək çətinləşir.

Anafilaktik şokun müalicəsi

Anafilaktik şok zamanı müalicə tədbirləri həyati vacib orqan və sistemlərin funksiyalarının aradan qaldırılmasının sürətlənməsinə yönəlir. İlk növbədə allergenlərlə kontaktı (vaksin, dərman preparatlarının və rentgenoskopik maddələrin yeridilməsini dayandırmaq, arı (lat. Vespula vulgaris) iynəsinin çıxarılması və s.) dəf etmək, ehtiyac olarsa, venoz ödemləri məhdudlaşdırmaq məqsədilə dərman yeridilən və ya həşərat dişlədiyi nahiyədən yuxarıya sıxac bağlamaq, həmçinin həmin yeri adrenalin məhlulu ilə işləmək və soyuq qoymaq kimi tədbirlər həyata keçirilir. Tənəffüs yollarının keçiriciliyinin bərpası (havaaparıcının yeridilməsi, traxeyanın dərhal intubasiyası və traxeotomiya), ağciyərlərə təmiz havanın daxil olmasının təmini vacibdir.

Simpatomimetiklərin (adrenalin) təkrar dərialtı tətbiq olunur, sonra xəstənin vəziyyəti yaxşılaşanadək damcı-damcı venadaxili yeridilir. Anafilaktik şokun ağır formalarında dopamin fərdi seçilmiş dozalarda venadaxili təyin olunur. Təxirəsalınmaz yardım sxemi qlükokortikoidlər (prednizalon, deksametazon, betametazon), sirkulyasiya edən qanın ümumi həcmini, hemokonsentrasiyanı və arterial təzyiqin qəbul olunmuş səviyyəsini bərpa edən infuzion terapiyadan ibarətdir. Simptomatik müalicədə antihistamin preparatlar, bronxolitiklər, diuretiklər (ciddi göstərişlərə əsasən və AT stabilləşdirildikdən sonra) istifadə olunur.

Anafilaktik şoklu pasiyentin stasionar müalicəsi 7-10 gün ərzində aparılır. Sonralar mümkün ağırlaşmaların (gec allergik reaksiyalar, miokardit, qlomerulonefrit və s.) aşkarlanması və vaxtında müalicəsi məqsədilə xəstə müşahidədə olmalıdır. Anafilaktik şok zamanı proqnoz vaxtında, adekvat müalicə tədbirləri, xəstənin ümumi vəziyyəti və yanaşı gedən xəstəliklərdən asılıdır.

error: Content is protected !!