Anal qaşınma

Anal qaşınma – anal nahiyədə müntəzəm qaşınma ilə xarakterizə olunan və bir çox proktoloji xəstəliklərin klinik əlaməti kimi təzahür edən vəziyyətdir. Anal qaşınma yoğun bağırsağın patologiyasının aşkarlanmadığı hallarda da müşahidə oluna bilər. Qaşınmanın səbəbini müəyyən etmək üçün laborator (perianal sıyrıntı, nəcisin qurd yumurtalarına görə analizi, qanda qlükozanın təyini) və instrumental diaqnostika (anoskopiya, rektoromanoskopiya) aparılır. Anal qaşınmanın aradan qaldırılma alqoritmi əsas patologiyanın konservativ və cərrahi müalicəsindən, yerli vasitələrin tətbiqindən, fizioterapevtik prosedurların yerinə yetirilməsindən ibarətdir.

Anal qaşınma barədə ümumi məlumat

Anal qaşınma müstəqil xəstəlik və ya digər patologiyaların: babasil, qurd invaziyaları, anal çatlar, şəkərli diabet, disbakterioz və sairənin əlaməti kimi meydana çıxır. Xəstəyə fiziki və psixoloji diskomfort törətməklə yuxunun, eləcə də adi həyat tərzinin pozulmasına səbəb olur. Anal qaşınma cızılma və çatların yaranmasına, infeksiyanın qoşulmasına gətirib çıxarır. Gecikmiş mərhələlərdə xoralaşma, qanaxma və xəstəliyin xroniki formaya keçməsi müşahidə edilir. Anal qaşınma daimi xarakter daşıyaraq, müalicəyə çətin tabe olur.

Anal qaşınmanın yaranma səbəbləri

Anal nahiyənin qıcıqlanma və qaşınmasına dərinin həddindən artıq quruluğu (yaşlı insanlarda və ya dehidratasiya zamanı) səbəb ola bilər. Güclü tərləmədən əziyyət çəkən şəxslərdə, eləcə də tez-tez baş verən ishal və nəcis saxlamazlıq hallarında yüksək nəmliyə – buna müvafiq olaraq, qıcıqlanma və anal qaşınmaya meyllik yaranır.

Sərt hamam lifi, qıcıqlandırıcı xüsusiyyətə malik yuyunma vasitələri, kobud tualet kağızı, çətin yuyulan sabundan müntəzəm istifadə anal nahiyədə qaşınma törədə bilər. Həmçinin bəzi antihemorroidal vasitələr, kontraseptiv şam və gellər, qeyri-kafi gigiyena (xüsusən anus nahiyəsində)  perianal sahədə dərinin qıcıqlanmasına gətirib çıxara bilər. Kəskin və ədəvalı yeməklərə üstünlük verən şəxslərdə qida komponentlərinin selikli qişanı qıcıqlandırması ilə əlaqədar qaşınma yarana bilər. Bəzən anal qaşınma bu sahədə tüklərin təmizlənməsindən sonra meydana çıxır.

Bir çox xəstəliklər: proktoloji (babasil, anal çat, sfinkterit, proktit), ginekoloji (xarici cinsiyyət orqanlarının iltihabı) və dermatoloji patologiyalar (psoriaz, seboreya, tər vəzilərinin iltihabı, atopik ekzema, yastı dəmrov), virus (itiuclu kondiloma), bakteriya və göbələk mənşəli infeksiyalar (aktinomikoz, kandidoz), qurd invaziyaları, qoturluq; maddələr mübadiləsinin pozulması ilə səciyyələnən xəstəliklər (şəkərli diabet, qaraciyər çatışmazlığı, pankreatit və s.) anal qaşınma ilə müşayiət  olunur.

Bundan əvvəl anal qaşınma neyrogen (nevroz zamanı) və yatrogen (bir sıra dərman vasitələrinin qəbulu nətiəcəsində) xarakterli ola bilər. Patologiyanın səbəbini müəyyən etmək mümkün olmadıqda bu tip qaşınma idiopatik adlandırılır. Onun sfinkterin yığılma funksiyasının zəifləməsi və düz bağırsaqdan ifraz olunan seliklə dərinin qıcıqlanması nəticəsində yaranması ehtimal edilir.

Onu da qeyd etmək lazımdır ki, xroniki proktosiqmoidit gizli gedişə malik ola bilər. Bu zaman yeganə klinik əlamət kimi anal qaşınma müşahidə edilir. Qaşınma düz və S-vari bağırsağın turşu-qələvi balansının pozulması, nəcisdə proteolitik fermentlərin olması ilə əlaqədar perianal nahiyədə sinir reseptorlarını qıcıqlandıran qalıq azotun miqdarının artması zamanı baş verir.

Anal qaşınmanın təsnifatı

Klinik proktologiyada birincili və ikincili anal qaşınmalar ayırd edilir. Birincili (həqiqi, idiopatik, suigen, essensial, neyrogen) qaşınma naməlum səbəblərdən yaranır. Bu zaman bağırsaqda anal qaşınma ilə müşayiət oluna biləcək heç bir patologiya aşkar edilmir.

İkincili anal qaşınma babasil, xroniki anal çat, qurd invaziyaları, bağırsağın terminal şöbələrinin iltihabı (proktit, proktosiqmoidit), cinsiyyət orqanlarının iltihabi xəstəlikləri, anal nahiyə və aralığın göbələk mənşəli zədələnmələri, yanıqlar, anusun mexaniki travması fonunda əmələ gəlir. Diabetin erkən mərhələlərində onun xarakterik əlaməti sayılan dəri qaşınması anal dəlik nahiyəsi ilə məhdudlaşa bilər. Bundan əlavə anal qaşınmanın kəskin və xroniki formaları qeyd olunur.

Anal qaşınmanın əlamətləri 

Pasiyentin yeganə şikayəti anal dəlik nahiyəsinin qaşınmasından ibarətdir. Qaşınma gecə saatlarında baş verərək, yuxunun pozulmasına səbəb olur. Uzunmüddətli gediş zamanı perianal nahiyənin dərisi qızarır, kobudlaşır və ya nazilir, asanlıqla zədələnir. İfadəli dərin cızıqlar infeksiyalaşmağa meylli olur.

Kəskin anal qaşınma qəflətən başlayır, intensiv və daimi xarakter daşıyır. Anus nahiyəsində dərinin maserasiyası (nəmlənməsi) və qıcıqlanma əlamətləri aşkar edilir. Xroniki qaşınma zəif sürətlə inkişaf edir, tədricən güclənir. Anus nahiyəsinin dərisi adətən quru olur. Bəzən perqament kağızına bənzər nazilmiş quru dəri müşahidə edilir. Bu zona üçün xarakterik piqmentasiya izlənilməyə bilər. Cızıqlara adətən rast gəlinmir.

Uzun müddət davam edən anal qaşınma ifadəli cızıqlarla müşayiət olunur. Xroniki qaşınma dərinin infeksiyalaşmasına, ekzema, xora və qanaxmanın yaranmasına səbəb ola bilər. İkincili qaşınmanın ağırlaşması əsas patologiya ilə bağlıdır.

Xəstəlik aşkar olunduqda etinasız yanaşma və ya özünü müalicə ilə məşğul olmaq əvəzinə tez bir zamanda həkimə müraciət etmək lazımdır. Anal qaşınma ciddi patologiyaların klinik əlaməti kimi təzahür edə bilər.

Anal qaşınmanın diaqnostikası

Anal qaşınmanın diaqnozu həkim-proktoloq tərəfindən qoyulur. Bu zaman xəstənin şikayətlərinə və digər klinik əlamətlərin olmamasına istinad edilir. Diaqnostika mərhələsində əsas məqsəd qaşınmanın səbəbini aydınlaşdırmaqdan, onun ikincili xarakter daşıdığı hallarda isə əsas patologiyanı təyin etməkdən ibarətdir. Bu məqsədlə geniş spektrli instrumental və laborator müayinələr aparılır. Qaşınmanın xarakter və xüsusiyyətləri: onun defekasiya aktı, spirtli içki və ya kəskin qidaların qəbulu ilə bağlı olması, yaranma müddəti və intensivliyi patologiyanın səbəbini müəyyənləşdirməyə kömək edir.

Baxış zamanı iltihab əlamətləri qeydə alınır, sıyrıntı götürülür. Bütün xəstələrdə nəcisin qurd yumurtalarına görə analizi (3 dəfə) aparılır. Cinsiyyət orqanlarının infeksiyalarını inkar etmək üçün müayinə prosesinə ginekoloq cəlb olunur. İshal və ya qəbizlik əlamətləri müşahidə edildikdə nəcisin bakterioloji müayinəsi icra olunur. Bağırsağın iltihabi xəstəliklərini aşkar etmək məqsədilə rektoromanoskopiya (düz bağırsağın müayinəsi), irriqoskopiya, kolonoskopiyadan istifadə olunur. Kolonoskopiya yoğun bağırsağın bütün hissələrində selikli qişanın iltihabi dəyişikliklərini müəyyən etməyə imkan verir.

Əlavə olaraq, qanda şəkərin miqdarı yoxlanılır, dəri qaşınmasına səbəb ola biləcək metabolik pozğunluqlar dəqiqləşdirilir. Anal sfinkterin funksional çatışmazlığını aşkar etmək üçün sfinkteromanometriya tətbiq edilir. Xroniki qəbizlik və ya ishalla müşayiət olunun həzm sistemi xəstəliklərini təyin etmək məqsədilə qastroskopiya və qarın boşluğu orqanlarının ultrasəs müayinəsi aparılır. Kişilərə prostat vəzinin USM məsləhət görülə bilər.

Anal qaşınmanın müalicəsi

Müalicə çətin və uzun müddətli ola bilər. Anal qaşınmanın terapiyasında əsas məqsəd patologiyanın səbəbini aradan qaldırmaqdır. Bununla yanaşı qaşınmanı yüngülləşdirən yerli vasitələr tətbiq edilir. İkincili qaşınmalarda müalicə əsas patologiyanın sağalmasına yönəldilir. İnfeksion xəstəliklərdə antibiotikoterapiya və ya funqisid vasitələr (göbələk infeksiyalarında) təyin edilir. Qurd invaziyalarına qarşı antihelmint preparatlardan istifadə olunur.

Yoğun bağırsağın iltihabi xəstəliklərində müvafiq müalicə kursu göstəriş sayılır. Bəzi xəstəliklərdə cərrahi müdaxilə tələb olunur. Babasil xəstəliyində hemorroidektomiya həyata keçirilir, düyünlər lateks həlqələrlə liqaturaya alınır. Anal çatlarda göstərişlərə əsasən müəyyən əməliyyatlar aparılır. Bəzən anal qaşınma ciddi xəstəliklərin (şəkərli diabet, sifilis, hepatit, qaraciyər sirrozu) klinik əlaməti sayılır. Belə patologiyaların müalicəsi uzunmüddətli və mürəkkəb olur.

Qaşınma və diskomfortu azaltmaq üçün yerli istifadə üçün nəzərdə tutulan məlhəmlər (prednizalon, dekspantenol, lidokain tərkibli),  mikroimalələr (3%-li kollarqol və ya protorqol, bitki dəmləmələri, yağlar) məsləhət görülür. Davamlı ağrı sindromunu aradan qaldırmaq məqsədilə elektrotrankvilizasiya tətbiq oluna bilər.

Naməlum mənşəli (idiopatik) anal qaşınmanın müalicəsi daha çətin olur. Belə hallarda yalnız simptomatik terapiya, sakitləşdirici vasitələr, düzgün gigiyena, anal nahiyənin dəri və selikli qişasını qıcıqlandıran məhsulların (bibər, sitrus meyvələri, şokolad, çay, kola, spirtli içkilər, kəskin ədəvalar) qida rasionundan çıxarılması xəstəyə müəyyən dərəcədə kömək edə bilər.

Anal qaşınmanın proqnoz və profilaktikası

Proqnoz anal qaşınmanın etiopatogenezindən, erkən diaqnostika və müalicəsindən asılıdır. Anal qaşınma sağalmaz xəstəliyin əlaməti sayılmadıqda həkim təyinatına ciddi riayət olunduğu təqdirdə proqnoz qənaətbəxş hesab edilir.

Xəstəliyin ağırlaşmasının və residivlərin qarşısını almaq üçün pəhriz və anal nahiyənin gigiyena qaydalarına düzgün əməl edilməsi məsləhət görülür.

error: Content is protected !!