Anal sfinkterin çatışmazlığı

Anal sfinkterin çatışmazlığı – düz bağırsaq möhtəviyyatının tamamən və ya qismən qeyri-iradi ifraz olunması ilə səciyyələnən vəziyyətdir. Əlamətlər xəstəliyin etiologiyasından və dərəcəsindən asılıdır. Sfinkter çatışmazlığı qaz və nəcis saxlamazlığı ilə müşayiət oluna bilər. Simptomlar gün ərzində və yaxud gecə saatlarında, sakitlik halında, fiziki və ya emosional gərginlik zamanı yaranır. Diaqnoz sfinkterometriya, profilometriyanın nəticələrinə əsasən təsdiqlənir. Köməkçi üsullar qismində anoskopiya, rektoromanoskopiya, düz bağırsağın rentgenoloji müayinəsi, irriqoskopiya, elektromioqrafiyadan istifadə olunur. Müalicə konservativ və ya cərrahi yolla aparılır.

Anal sfinkterin çatışmazlığı barədə ümumi məlumat

Anal sfinkterin çatışmazlığı – defekasiya prosesinə nəzarətin tam və ya hissəvi itirilməsi, qeyri-iradi qaz və nəcis ifrazı ilə müşayiət olunan patologiyadır. Patologiyanın populyasiyada yayılması barədə dəqiq statistik məlumatlar mövcud deyil. Bu da pasiyentlərin həkimə gecikmiş mərhələlərdə müraciət etmələri ilə bağlıdır.

Hesab olunur ki, anal sfinkterin çatışmazlığı təxminən 1-2% insanlarda aşkarlanır. Patologiya adətən düz bağırsağın digər xəstəliklərinin (məsələn, babasil, düz bağırsağın sallanması və s.) ağırlaşması kimi inkişaf edir. Anal sfinkterin çatışmazlığına əksər hallarda 40 yaşdan yuxarı pasiyentlərdə rast gəlinir. Xəstəliyin anadangəlmə formalarında və ya nevroloji pozğunluqlar zamanı yaş həddi azala bilər. Patologiya hər iki cinsin nümayəndələri arasında təxminən eyni tezlikdə yayılır.

Anal sfinkterin çatışmazlığının yaranma səbəbləri

Anal sfinkterin çatışmazlığına əsasən travmalar, funksional pozğunluqlar və anadangəlmə qüsurlar səbəb olur. Travmalar adətən əməliyyat və doğuş zamanı qazanılır, az hallarda isə məişət mənşəli olur. Saya əzələlərin, reseptorların atrofiyası, motorikanın pozulması ilə gedən yoğun bağırsağın xroniki xəstəlikləri (proktit, babasil və s.) anal sfinkterin funksional çatışmazlığına gətirib çıxarır. Düz bağırsağın selikli qişasının, hemorroidal düyünlərin sallanması zamanı sfinkterin həddindən artıq gərilməsi onun funksiyasının pozulması ilə nəticələnir. Həmçinin baş və ya onurğa beyninin, periferik sinirlərin xəstəlikləri (KBT, beyindaxili şişlər, insult, fəqərəarası yırtıqlar) anal sfinkterin çatışmazlığına təkan verir.

Sfinkterin anadangəlmə zəifliyi sinir sisteminin inkişaf anomaliyaları (onurğa beyninin ikiləşməsi, oma fəqərələrinin qövsünün hissəvi bitişməsi) ilə bağlı ola bilər. Bu tip dəyişikliklər funksional xarakter daşıyır. Yenidoğulmuşlarda anal sfinkterin üzvi çatışmazlığı qapayıcı funksiyanı yerinə yetirən aparatın tam və ya qismən olmaması nəticəsində baş verir.

Anal sfinkterin çatışmazlığının patogenezi

Anus nahiyəsində nəcisin saxlanılması düz bağırsağın reseptor aparatı, sinir sisteminin müxtəlif şöbələri, qapayıcı aparatın saya əzələləri və düz bağırsağın divarları arasındakı mürəkkəb əlaqə hesabına baş verir. Bu mexanizmlər nəcis kütlələrinin bağırsaq daxilində anlaqlı şəkildə ləngiməsini tənzimləyir. Rektal şöbənin üzvi zədələnmələri fonunda nəcis saxlamazlıq düz bağırsağın distal hissələrində yaranan striktura və çapıqlar, əzələlərin patoloji dəyişikliyi, peristaltikanın pozulması ilə bağlı olur.

Xarici sfinkterin neyrotənziminin pozulması bağırsağın dolma anında və ya yüksək fiziki gərginlik zamanı qeyri-iradi defekasiyaya səbəb olur. Bağırsaq divarları zədələndikdə nəcis saxlamazlıq yuxu və ya emosional stress zamanı baş verir. Distal şöbələrin reseptorlarında gedən dəyişikliklər düz bağırsağın dolma hissinin və defekasiya çağırışlarının yaranmaması ilə nəticələnir. Mərkəzi sinir sisteminin xəstəlikləri sfinkterlərin işinin diskoordinasiyasına gətirib çıxarır.

Anal sfinkterin çatışmazlığının təsnifatı

Proktologiyada anal sfinkterin üzvi, qeyri-üzvi və qarışıq formaları ayırd edilir. Etioloji amillərə əsasən patologiya anadangəlmə və qazanılmış (doğuş və əməliyyat zamanı) formalara bölünür. Xəstənin qaz və nəcis kütlələrini hansı formada saxlaya bilməsindən asılı olaraq, patologiyanın klinik gedişində 3 ağırlıq dərəcəsi qeyd edilir.

Sfinkter aparatının zəifliyi daxili və ya xarici sfinkterin, çanaq dibi əzələlərinin patoloji prosesə qoşulması ilə bağlı ola bilər. İnnervasiya ilə assosiasiyalı zədələnmələr mərkəzi və ya sinir yolları, reseptorlar səviyyəsində formalaşa bilər.

Sfinkterin əzələlərində gedən dəyişikliklərlə müşayiət olunan üzvi patologiya onun ön, arxa və ya yan divarını, qapayıcı həlqəni zədələyə bilər. Prosesə sfinkter dairəsinin 1/4, 1/2, 3/4 hissəsi və ya bütün sahəsi qoşula bilər.

Anal sfinkterin çatışmazlığının əlamətləri

Xəstəlik düz bağırsaqdan qeyri-iradi qaz və nəcis ifrazı ilə təzahür edir. Əlamətlərin intensivliyi patologiyanın dərəcəsindən asılıdır. I dərəcə üçün yalnız qazların saxlanılmazlığı xarakterikdir. II dərəcədə qaz və duru konsistensiyalı nəcisin qeyri-iradi ifrazı müşahidə edilir. Pasiyentlərdə «nəm anus» aşkarlanır. Anal sfinkterin III dərəcəli çatışmazlığı formalaşmış nəcis kütlələrinin anusda saxlanılmamasının mümkünsüzlüyü ilə səciyyələnir. Bu əlamətlər adətən meteorizm, ishal, aralıq və perianal nahiyədə qaşınma ilə müşayiət olunur.

Xarici sfinkterlə problemlər əsasən bağırsağın həddindən artıq dolması zamanı qeyri-iradi defekasiya ilə təzahür edir. Daxili sfinkterin patologiyası nəcis kütlələrinin yuxu saatlarında ifrazı ilə müşahidə oluna bilər. Xəstə defekasiya çağırışlarını hiss etmədikdə anal sfinkterin çatışmazlığı mərkəzi sinir sistemində baş verən ciddi pozğunluqlar, düz bağırsağın aşağı şöbələrində yerləşən reseptorların müxtəlif növ zədələnmələri ilə əlaqəli olur.

Anal sfinkterin çatışmazlığının diaqnostikası

Baxış zamanı anusun aralanması, sulu nəcis kütlələrinin daimi təsirindən perianal nahiyənin qıcıqlanması və maserasiyası aşkar edilir. Barmaqla rektal müayinə ampulyar hissədə çapıq dəyişikliklərini, eləcə də sfinkterin qapayıcı funksiyasını təqribi müəyyən etmək imkan verir.

Anal sfinkterin çatışmazlığı zamanı ilk növbədə funksional müayinələr aparılır. Sfinkterometriyanın köməyilə düz bağırsağın aşağı şöbələrinin əzələlərinin, sfinkterlərin tonik gərginliyi və yığılma qabiliyyəti dəqiqləşdirilir. Bu üsul anal sfinkterin çatışmazlığı probleminin məhz hansı hissədə: onun daxili, xarici şöbəsində və ya düz bağırsağın əzələlərində baş verdiyini, müştərək patologiyalarda isə hansı funksional dəyişikliklərin daha mühüm olmasını müəyyənləşdirməyə kömək edir. Əzələ tonusunu təhlil etmək üçünelektromioqrafiyadan istifadə edilir.

Sfinkter aparatının reflektor funksiyasının diaqnostikası mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə anus ətrafı nahiyə xüsusi zondla qıcıqlandırılır. Profilometriya düz bağırsaq daxilindəki təzyiqi müəyyən etməyə şərait yaradır. Onun vasitəsilə çapıq zədələnmələrinin yayılma dərəcəsi aydınlaşdırılır, qapayıcı aparatın funksional pozğunluğunun dərəcəsi qiymətləndirilir.

Anal sfinkterin çatışmazlığının səbəbini araşdırmaq və yanaşı gedən patologiyaları aşkar etmək məqsədilə anoskopiya və rektoromanoskopiya aparılır. Bu üsullarla çapıq dəyişiklikləri və strikturalar üzə çıxarılır. Kontrast rentgenoqrafiya anorektal bucağın ölçülməsinə, düz bağırsağın relyefi və strukturunun analizinə imkan verir. Ehtiyac yarandıqda müayinə irriqoskopiya ilə tamamlanır. Anal sfinkterin çatışmazlığını müşayiət edə biləcək xəstəlikləri aşkar etmək üçün kolonoskopiya icra olunur.

Anal sfinkterin çatışmazlığının müalicəsi

Anal sfinkterin funksional çatışmazlığı zamanı yeganə müalicə üsulu konservativ terapiyadır. Terapevtik taktika pozğunluğun I və II dərəcəsində, həmçinin sfinkter aparatının 1/4-dən az hissəsini əhatə edən üzvi zədələnmələr, prosesə düz bağırsağın selikli qişasının yalnız üst qatlarının qoşulması və onun defektlərinin müşahidə edilməməsi zamanı tətbiq edilir. Xəstələrə elektrostimulyasiya seansları, müalicəvi bədən tərbiyəsi, sinir uclarının oyanıqlığını artıran dərman preparatları təyin edilir.    Sol illərdə proktologiyada bioloji əks əlaqə üsulu (biofitbek) geniş istifadə olunur. Onun mahiyyəti pasiyentin aktiv iştirakı ilə çanaq dibi və anus əzələlərinin məşq etdirilməsindən ibarətdir.

Anal sfinkterin II və ya III dərəcəli üzvi çatışmazlığı, qapayıcı aparatın 1/4-dən çox hissəsinin zədələnməsi zamanı cərrahi müdaxilə həyata keçirilir. İnnervasiya sistemində baş verən dəyişikliklər əməliyyata əks-göstəriş hesab olunur. Sfinkterlərin fəaliyyətini bərpa etmək üçün sfinkteroplastika, sfinkterolevatoroplastika aparılır. İfadəli pozğunluqlar zamanı  yeni sfinkter aparatı formalaşdırılır. Anadangəlmə qüsurlar Stoun əməliyyatı ilə müalicə olunur.

Anal sfinkterin çatışmazlığının proqnoz və profilaktikası

Anal sfinkterin çatışmazlığı zamanı proqnoz zədələnmənin növündən və dərəcəsindən asılıdır. Mərkəzi sinir sisteminin ciddi xəstəlikləri, sinir yollarının zədələnməsi, düz bağırsağın massiv çapıq dəyişiklikləri müalicəni çətinləşdirir. Lakin patologiyanın mülayim dərəcəsində aparılan adekvat konservativ terapiya və düzgün cərrahi taktika əlamətlərin azalmasına və ya tamamən itməsinə səbəb olur. Belə hallarda ağırlaşmalara çox az rast gəlinsə də onlar xəstənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. Bu səbəbdən həkim-proktoloqa vaxtında müraciət edilməlidir.

Rektal sfinkterin çatışmazlığının profilaktikası yoğun bağırsaq xəstəliklərinin vaxtında  müalicə olunmasından, düz bağırsaq patologiyalarının cərrahi müalicə üsullarının təkmilləşdirilməsindən və onların düzgün aparılmasından ibarətdir. Bununla yanaşı doğuş prosesində travmaların qarşısı alınmalıdır.

error: Content is protected !!