Anal sfinkterin spazmı

Anal sfinkterin spazmı – anusu əhatə edən saya əzələlərin qeyri-iradi yığılmasıdır. Patoloji vəziyyət düz bağırsaq və anusun xəstəlikləri, travma, vegetativ dəyişikliklər, innervasiya və emosional sferanın pozulması zamanı inkişaf edir. Anal spinkterin spazmı büzdüm, qarın, aralıq nahiyəsinə irradiasiya edən ağrılarla müşayiət olunur. Diaqnoz şikayətlər, anamnestik məlumatlar, rektal müayinə, kolonoskopiya və irriqoskopiyanın nəticələri əsasında qoyulur. Müalicə məqsədilə pəhriz, spazmolitiklər, analgetiklər, fizioterapevtik prosedurlar, cərrahi əməliyyat  təyin olunur.

Anal sfinkterin spazmı barədə ümumi məlumat  

Anal sfinkterin spazmı – neyro-vegetativ tənzimin pozulması, travmatik zədələnmələr, cərrahi əməliyyatlar, xroniki xəstəliklər, ifadəli emosional labillik nəticəsində inkişaf edən patoloji vəziyyətdir. Onun əsas əlaməti anus nahiyəsində yaranan müxtəlif intensivlikli ağrılardır (proktalgiya). Əsasən orta yaşlı şəxslərdə qeydə alınır.

Anal sfinkterin spazmı adətən xroniki gedişli olub, həyat keyfiyyətini korlayır, psixoemosional tükənmə ilə müşayiət edilir. Əksər xəstələrin nevrotik reaksiyalara meylliliyi ilə əlaqədar kanserofobiya yarana bilər. Patoloji vəziyyətin müalicəsi klinik proktologiya sahəsinin mütəxəssisləri tərəfindən həyata keçirilir. İfadəli psixi pozğunluqlara rast gəlindikdə psixoloq və ya psixoterapevtin iştirakı tələb olunur.

Anal sfinkterin spazmının yaranma səbəbləri

Anal sfinkterin spazmı polietioloji xəstəlikdir. Patologiya birincili və ya ikincili olaraq 2 qrupa bölünür. Üzvi dəyişikliklərin müşahidə olunmaması birincili pozğunluqdan xəbər verir. Anal sfinkterin birincili spazmına vissero-nevrotik pozğunluqlar və emosional labillik səbəb olur. Xəstəlik əsasən ifadəli isterik komponentin, nevrasteniyanın və vegetativ-damar distoniyasının rast gəlindiyi şəxslərdə aşkarlanır.

Anal sfinkterin ikincili spazmı düz bağırsağın aşağı şöbəsi və anus nahiyəsində üzvi dəyişikliklər, funksional pozğunluqlarla müşayiət olunan patoloji vəziyyətlər fonunda yaranır. Patologiyanın inkişafında babasil və anal çat böyük rol oynayır. Bundan əlavə bağırsağın aşağı hissələrinin iltihabi prosesləri (Kron xəstəliyi, xoralı kolit), rektal şöbənin xoş və bədxassəli şişləri, qəbizlik, oma və büzdüm nahiyəsinin travmaları, ağırlaşmış doğuşlar, kiçik çanaqda bitişmə prosesləri və cərrahi müdaxələlər anal sfinkterin spazmına gətirib çıxara bilir.

Anal sfinkterin spazmının patogenezi

Düz bağırsağın arxa divarı sinir ucları və qan damarları ilə zəngindir. Bu nahiyənin normal fəaliyyətinin pozulması çoxsaylı sinir impulslarının yaranmasına səbəb olur. Nəticədə xarici və daxili anal sfinkterləri əhatə edən saya əzələlər reflektor olaraq yığılır. Refleksogen zonanın intensiv stimulyasiyası zamanı ayrı-ayrı yığılmalar anal sfinkterin spazmına transformasiya edə bilir. Belə spazmlar düz bağırsağın və onu əhatə edən toxumaların qan dövranını pozmaqla sinir uclarının qıcıqlanmasını, əzələlərin yığılmasını artırır. Bununla da  «qüsurlu dövran» yaranır.

Anal sfinkterin spazmının əlamətləri   

Anal sfinkterin spazmının xarakterik əlamətləri büzdüm, aralıq nahiyəsi, bud-çanaq orqanları və ya qarnın aşağı hissəsinə yayılan, fərqli davametmə müddətinə və intensivliyə malik olan ağrılardır. Sancışəkilli ağrılar defekasiya zamanı və ya düz bağırsağın vəziyyətindən (dolu və yaxud boş) asılı olmadan meydana çıxır. Ağrı sindromu adətən defekasiya aktı başa çatdıqdan və ya ilıq vanna qəbul etdikdən sonra zəifləyir və ya tamamən itir.

Anal sfinkterin spazmı təkcə nəcis ifrazı ilə deyil, həm də xroniki stresslər, kəskin emosional və psixoloji gərginlik, yorğunluq, ağır fiziki yüklənmələr və bəzi nevroloji xəstəliklərlə bağlı olur.

Ağrı sindromunun növündən asılı olaraq, anal sfinkterin spazmının 2 forması ayırd edilir: uzun və ya qısamüddətli proktalgiya ilə müşayiət edilən. Qısamüddətli proktalgiya dartıcı və ya deşici xarakterli güclü ağrılarla səciyyələnir. İntensiv ağrı sindromu yaxınlıqda yerləşən anatomik nahiyələrə yayıldıqda pasiyentlər ağrının lokalizasiyasını təyin etməkdə çətinlik çəkirlər. Bununla əlaqədar ağrı çox zaman sidik-cinsiyyət sistemi xəstəliklərinin təzahürü kimi qiymətləndirilir. Uzunmüddətli proktalgiyada ağrılar bir qədər zəif olub, analgetiklərin qəbulu ilə çətinliklə aradan qalxırlar.

Babasil, anal çat və digər xəstəliklər fonunda yaranan anal sfinkterin spazmında proktalgiya ilə defekasiya aktı arasında əlaqə izlənilir. Ağrı defekasiyaya çağırışlar zamanı meydana çıxır. Gücənmənin təsirindən intensivliyi artaraq, nəcis ifrazından bir neçə saat (bəzən bir gün və daha çox) sonra itir. Daimi ağrılar pasiyentlərin həyat keyfiyyətini korlayır. Defekasiya aktı ilə bağlı fobiyalar nəcis ifrazının «təxirə salınmasına» səbəb olur. Bu da mövcud pozğunluqları daha da dərinləşdirir.

Anal sfinkterin birincili spazmında defekasiya aktından asılılıq bir o qədər nəzərə çarpmır. Ağrılar gecə və ya səhər saatlarında baş verir. Pasiyentlərdə yuxu pozğunluğu inkişaf edir. Səbəbsiz yaranan ağrılar, yuxusuzluq, emosional labillik və nevrotik pozğunluqlara meyllik kanserofobiya və ipoxondriyaya gətirib çıxarır.

Anal sfinkterin spazmının diaqnostikası

Anal sfinkterin spazmının diaqnostikasında xəstənin şikayətlərinin və anamnestik məlumatların analizi mühüm rol oynayır. Həkim-proktoloq ağrı sindromunun xarakterinə, onun defekasiya aktı ilə əlaqəsinə və günün hansı saatlarında baş verməsinə diqqət yetirir. Anamnez toplanılarkən yoğun bağırsağın və anal kanalın xroniki patologiyaları, vegetativ-damar distoniyası, nevrotik pozğunluqlar və emosional labilliyin olması, bu nahiyədə əməliyyatların aparılması araşdırılır.

Bir sıra hallarda vegetativ və psixi pozğunluqlara rast gəlinməsə də, pasiyentin müxtəlif orqanların saya əzələlərinin spazmı səbəbindən qastroenteroloq, pulmonoloq, otolarinqoloq və digər mütəxəssislərə müraciət etməsi ortaya çıxır. Xəstələrdə rektal müayinə və rektoromanoskopiya tətbiq olunur. Yoğun bağırsağın yuxarı şöbələrində patoloji dəyişikliklərin olmasına şübhə yarandıqda irriqoskopiya və kolonoskopiya icra edilir. İfadəli psixoemosional pozğunluqlar zamanı xəstələr psixoloq və ya psixoterapevtin konsultasiyasına yönəldilir.

Anal sfinkterin spazmının müalicəsi

Müalicə məqsədilə pəhriz, medikamentoz terapiya, fizioprosedurlar və cərrahi əməliyyat təyin edilir. Müalicə taktikası xəstəliyin səbəbi, ağırlığı, davametmə müddəti, pasiyentin somatik və psixoloji vəziyyəti nəzərə alınmaqla fərdi qaydada seçilir. Rasiondan bağırsağın selikli qişasını qıcıqlandıran yağlı və kəskin qidaları çıxartmaq, şəxsi gigiyena qaydalarına riayət etmək, perianal zonanın kobud tualet kağızı ilə zədələnməsinə yol verməmək  məsləhət görülür.

Ehtiyac yarandıqda antibakterial terapiya aparılır. Spazmolitiklər və analgetiklər (əsasən şam, krem, mikroimalə şəklində) təyin edilir. Qəbizlik hallarında işlədici preparatlardan istifadə olunur. Anal sfinkterin spazmını aradan qaldırmaq üçün termoprosedurlar, elektroyuxu, UYT, darsonvalizasiya və digər fizioterapevtik üsullar tətbiq edilir. Konservativ müalicə effekt vermədikdə anal dəliyi əhatə edən saya əzələlərin hissəvi kəsilməsi ilə sfinkterotomiya icra olunur.

error: Content is protected !!