Anatomik dar çanaq

Anatomik dar çanaq – kiçik ölçüləri sayəsində təbii doğuşun gedişatını çətinləşdirən, doğuş prosesinə mexaniki maneə törədən çanaqdır. Onun bir və ya bir neçə ölçüləri normadan 1,5-2 sm az olur. Patologiya anadangəlmə anomaliyalar, raxit, poliomielit, uşaq yaşlarında əlverişsiz həyat şəraiti, stress, idmanla intensiv məşğul olmaq, travmatik zədələnmələr və sümük toxumasının şiş xəstəlikləri nəticəsində yaranır. Diaqnostika mayalanmadan əvvəl və ya hamiləlik zamanı çanaqölçən, ginekoloji və əlavə müayinələrin köməyilə aparılır. Doğuş üsulu fərdi qaydada seçilir, bir çox hallarda Qeysəriyyə kəsiyi əməliyyatı icra olunur.

Anatomik dar çanaq barədə ümumi məlumat

Anatomik dar çanaq – çanağın bir və ya bir neçə ölçüsünün azalmasıdır. Mamalıq və ginekologiya sahəsində aparılan tədqiqatların nəticələrinə əsasən bu patologiyanın yayılması 1 – 11% , orta hesabla 3-6% təşkil edir. Son zamanlar anatomik dar çanağın silinmiş variantı daha çox müşahidə olunur. Mama-ginekoloqların fikrincə doğuş zamanı problemlər adətən  kəskin nəzərəçarpmayan daralma ilə digər faktorların birgə təsirindən yaranır. Dölün orta ölçülərinin artması və ifadəli dar çanağa rastgəlmə hallarının azalması ilə əlaqədar bir sıra mütəxəssislər bu patologiyanın kriteriyalarına yenidən baxılmasını təklif edir. Anatomik dar çanağın müşahidə olunduğu qadınlarda hamiləliyin aparılması və doğuş üçün optimal taktikanın seçilməsi perinatal ölüm hallarının, ana və yenidoğulmuşun travmatizminin aradan qaldırılmasına yönəldilmışdir.

Anatomik dar çanağın yaranma səbəbləri

Dar çanaq müxtəlif amillərin – inkişaf anomaliyaları, USİ (uşaq serebral iflici), bəd və xoşxassəli törəmələr, osteomalyasiya, skolioz, kifoz, spondilolistez, müxtəlif mənşəli axsamaların (məsələn, ətrafların fərqli uzunluqda olması və ya innervasiyanın pozulması) təsirindən inkişaf edə bilər.

Anatomik dar çanaq probleminə həsr olunmuş elmi-tədqiqat işlərində əsas səbəb qismində  raxit, sümük vərəmi, poliomielit, uşaq yaşlarında pis qidalanma və ağır əmək qeyd olunur, lakin hazırda bu amillərə az hallarda rast gəlinir. Anatomik dar çanaq pubertat dövrdə hormonal fonun dəyişiklikləri nəticəsində inkişaf edə bilər. Mütəxəssislər köndələn daralmış çanağı olan pasiyentlərin sayının artmasını akselerasiya ilə əlaqələndirir, çünki cinsi yetişkənlik dövründə çanaq eninə nisbətən, uzununa daha çox böyüyür. Həmçinin sübut olunmuşdur ki, idmanla peşəkarcasına məşğul olmaq anatomik dar çanağın yaranmasına səbəb olur. İdmançıların 64%-dən çoxunda anatomik dar çanağa təsadüf edilir. Bundan əlavə, pubertat dövründə ağır stresslər, daima kip, dar geyimdən istifadə  anatomik dar çanağın formalaşma riskini yüksəldir.

Dar çanağın anatomik norma və kriteriyaları

Çanağın ölçülərini təyin etmək üçün ginekoloq çanaqölçən və ya santimetrlə müəyyən sümük çıxıntıları arasında standart ölçmələr aparır. Qalça sümüklərinin ön çıxıntıları arasındakı minimal ölçü -25 sm, qalça daraqları arasında – 28 sm, bud sümüyünün böyük burmaları arasında – 30 sm, Mixaelis rombunun yuxarı küncü ilə qasıq bitişməsinin üst kənarı (xarici konyuqata) arasında -20 sm təşkil edir. Yuxarıda sadalanan bir və ya bir neçə ölçünün normadan az olması anatomik dar çanaqdan şübhələnməyə əsas verir.

5-ci ölçü (oma sümüyünün əsasının ən qabarıq hissəsi ilə qasıq bitişməsi arasındakı məsafə, həqiqi konyuqata) ginekoloji müayinə zamanı və ya hesablama yolu ilə təyin olunur. Normada mütəxəssis ginekoloji müayinə prosesində oma sümüyünün ən qabarıq hissəsinə çata bilmir, ona görə də həqiqi konyuqata biləyin dairəvi ölçüsü və xarici konyuqata və ya diaqonal konyuqata və biləyin dairəvi ölçüsü nəzərə alınmaqla hesablanılır. Mütəxəssislərin fikrincə həqiqi konyuqata Mixaelis rombunun hündürlüyünə və Frank indeksinə (vidacı kəsiklə VII boyun fəqərəsinin arxa çıxıntısı arasındakı sahə) uyğun gəlir. Normada həqiqi konyuqatanın ölçüsü 11 sm-dir.

Anatomik dar çanağın təsnifatı

Anatomik dar çanağın ən geniş yayılmış variantları aşağıdakılardır:

  • Yastı– sagital ölçü kiçilmişdir;
  • Köndələn-dar- frontal ölçü kiçilmişdir;
  • Ümumibərabər – çanağın normal forması saxlanılmaqla bütün ölçüləri kiçilmişdir.

Anatomik dar çanağın nadir rast gəlinən variantları:

  • Çəp yerini dəyişmiş və çəp daralmış – çanaq asimmetrik olur.
  • Patoloji sümük çıxıntıları (ekzostoz, törəmələr) ilə əlaqədar daralmış çanaq.
  • Ümumi daralmış yastı çanaq.
  • Dar çanağın digər formaları.

Çanağın daralma dərəcəsi həqiqi konyuqatanın ölçüsünə əsasən təyin olunur: I dərəcə- 9-11 sm; II dərəcə – 7,5-9 sm; III dərəcə – 5-7,5 sm; IV dərəcə – 5 sm-dən az. IV dərəcə çox nadir hallarda müşahidə edilir.

Köndələn-dar çanağın darlıq dərəcəsi kiçik çanağın girəcəyinin ölçüsü nəzərə alınmaqla qiymətləndirilir.

Anatomik dar çanağın diaqnostikası

Diaqnoz həyat anamnezi, ümumi və ginekoloji müayinələr, USM göstəricilərinə əsasən qoyulur. Həkim anatomik dar çanağın inkişaf riskini artıran xəstəlik, əməliyyat və travmaların olmasını aydınlaşdırır. Xarici müayinə zamanı mütəxəssis bütün lazımi ölçmələri həyata keçirir, pasiyentin boy və çəkisini müəyyən edir, axsama, oynaqların hərəki məhdudluğu və onurğa sütununun əyriliyini aşkar edir. Ginekoloji baxış prosesində həqiqi konyuqatanın ölçüsu aydınlaşdırılır. Müalicə planının təyini üçün mama-ginekoloq keçmiş doğuşlar və körpələrin çəkiləri barədə məlumat toplayır. Anatomik çanağın olmasına şübhə yarandıqda pasiyent USM-ə yönəldilir. Mürəkkəb hallarda rentgenpelviometriya icra olunur. Bu müayinə yalnız kifayət qədər göstərişlər olduqda hestasiyadan əvvəl və ya 38-cı həftədən sonra aparılır. Doğuş travması riskinin dölün minimal şüalanma riskindən çox olduğu hallarda rentgenoloji müayinənin tətbiqi  vacibdir.

Rentgenpelviometriyaya olan göstərişlər: yaşı 30-u keçmiş qadınlarda birinci hamiləlik, fəsadlaşmış doğuş, sonsuzluq, düşüklər, bətndaxili patologiyaların yaranma riskinin artması, endokrin patologiyalar, somatik xəstəliklər, inkişaf anomaliyaları, ananın sümük skeletinin travmaları, dölün baş ölçüləri ilə ananın çanaq ölçüləri arasında uyğunsuzluq. MRT pelviometriya perspektiv diaqnostik üsul hesab olunur, lakin bu instrumental metodun baha olması onun geniş şəkildə tətbiqini çətinləşdirir.

Anatomik dar çanaq zamanı doğuş

Dar çanaq zamanı əksər hallarda dölün qeyri-düzgün vəziyyəti müşahidə olunur. Adətən çanaq gəlişi, bəzən isə köndələn və çəp gəliş qeydə alınır. Hestasiyanın son mərhələrində çanağın darlığı səbəbindən döl çox hündürdə yerləşərək, diafraqmanı sıxır, təngnəfəslik və ürək ritminin  pozulmasına səbəb olur. Hamiləliyin normadan uzun sürməsinə meyllik yaranır, bu zaman kəllə sümüklərinin hərəkətliliyinin itirilməsi doğuş prosesində ağırlaşmaların yaranma riskini daha da artırır.

III və IV dərəcəli anatomik dar çanaq, deformasiyalar və sümük törəmələri, keçmiş doğuşlar zamanı çanağın zədələnmələri Qeysəriyyə kəsiyi əməliyyatına birbaşa göstərişdir. Digər hallarda əməliyyat haqqında qərar fərdi qaydada qəbul olunur. Təbii doğuş zamanı bir sıra fəsadlar, o cümlədən dölyanı mayenin vaxtından qabaq axması, uşaqlıq boynunun ləng açılması və doğuşun birinci mərhələsinin uzanması, zəif, həddindən artıq güclü və ya diskorordinasiyalı doğuş fəaliyyəti mümkündür.

Bununla yanaşı qeyri-adi  sancılar, dölün ətraflarının qopması, göbək ciyəsinin sıxılması nəticəsində dölün qan təchizatının pozulması və ölümü, uşaqlığın cırılması, pasiyentin orqanlarının dölün baş hissəsi tərəfindən sıxılması, ananın qan təchizatının pozulması, toxumaların nekrozu və fistulaların yaranması müşahidə olunur. Yuxarıda sadalanan ağırlaşmalara yol verməmək üçün müntəzəm həkim müayinələri aparılmalı və xüsusi mamalıq üsulları tətbiq olunmalıdır.

Anatomik dar çanağın inkişafının qarşısının alınmasına dair profilaktik tədbirlərə balanslaşdırılmış qıdalanma, mülayim fiziki aktivlik, fiziki yüklənmə və psixoloji stresslərin uzaqlaşdırılması, dayaq-hərəkət sisteminin patologiyalarının aşkara çıxarılması və müalicəsi aiddir. Hestasiya dövründə anatomik dar çanağın vaxtında aşkar olunmasına və düzgün doğuş taktikasının seçilməsinə imkan verən profilaktik tədbirlərə müntəzəm həkim baxışı, balanslaşdırılmış pəhriz, iri dölün inkişaf ehtimalını gücləndirən artıq bədən çəkisi ilə mübarizə və şəkərli diabetin müalicəsi daxildir. Proqnoz qənaətbəxşdir. Pasiyentlərin 70%-dən çox hissəsində heç bir ağırlaşma olmadan təbii doğuş həyata keçirilir.

error: Content is protected !!