Androgen defisiti
Androgen defisiti – kişi orqanizmində testosteronun (kişi cinsi hormonu) çatışmazlığı ilə xarakterizə olunur. Yeniyetməlik dövründə cinsi yetişkənliyin ləngiməsi və ikincili cinsi əlamətlərin (kişi tipli tüklənmə və bədənin kişi tipli formalaşması, cinsi orqanların böyüməsi və inkişafı) olmaması ilə özünü göstərir. Yetkin yaşlarda cinsi həvəsin, ereksiyanın azalması; androgendən asılı nahiyələrdə (üzdə, qoltuqaltı və qasıq nahiyələrində) tüklərin inkişafının azalması, süd vəzilərinin böyüməsinə səbəb olur. Proses cinsi həyatın pozulmasına, sonsuzluğa, şəxsi psixoloji travmaya gətirib çıxarır.
Аndrogen defisiti barədə ümumi məlumat
Yaşla əlaqəli androgen defisiti kişi orqanizmində androgenin qeyri-kafi konsentrasiyası ilə əlaqəlidir. Bu, yaşla əlaqəli təbii prosesdir və onun ilk simptomları 50 yaşdan sonra özünü göstərməyə başlayır. Erkən androgen defisiti və erkən qocalmanın simptomları isə 40-45 yaşda meydana çıxır. Androgen çatışmazlığı testosteron sintezinin azalması səbəbindən yaranır, bütün orqan və toxumalara təsir edir.
Аndrogen defisitinin səbəbləri
Testosteron əsas kişi hormonudur. O, kişi tipli davranışın və ikincili cinsi əlamətlərin (üzdə tüklərin inkişafı, səsin kobudlaşması) formalaşmasına cavabdehdir. Cinsi orqanların böyüməsi və inkişafı, əzələ kütləsinin artması, ereksiya testosteronsuz mümkün deyil. Kişilərdə piy toxuması qadınlardan fərqli paylanır; spermatogenez və skeletin kişi tipli inkişafı da tamamilə testosteronun orqanizmdə səviyyəsindən asılıdır.
Hipofiz və hipotalamus xayaların Leydinq hüceyrələrində testosteron sintezini tənzimləyən hormonlar istehsal edir. Bu hər iki proses qarşılıqlı əlaqədədir; ehtiyacdan və hər bir hormonun konsentrasiyasından asılı olaraq tənzimlənir. Testosteron bütünlüklə qanda, aktiv və deaktiv fraksiyalarda olur; testosteronun əsas təsirinə aktiv fraksiyalarda olan hormonlar cavabdehdir.
Androgen qocalmasının dəqiq səbəbi məlum deyil, lakin bu gün andrologiyaya məlum olan bütün nəzəriyyələrdən bir neçəsi daha çox ehtimal olunur. Orqanizmdə yaşla əlaqəli aterosklerotik dəyişikliklər testikul nahiyəsində qan təchizatının zəifləməsinə gətirib çıxarır. Bu isə Leydinq hüceyrələrinin ölçülərinə və vəziyyətinə təsir göstərir; beləliklə, onların aktivliyi azalır. Bu nəzəriyyəyə əsasən müəyyən vaxtda Leydinq hüceyrələrinin apoptozu, daha doğrusu onların proqramlaşdırılmış ölümü başlayır.
Hipotalamus və hipofizdə yaş artdıqca distrofik və sklerotik dəyişikliklər baş verir və testosteronun sintezi prosesinin tənzimlənməsinin pozulmasına gətirib çıxarır. Nəzəriyyəyə görə irsi meyillik erkən androgen defisitinin inkişafında əsas rol oynaya bilər; hormon produksiya edən toxumaların aktivliyinin genetika ilə əlaqəsi bunu təsdiqləyir.
Аndrogen defisitinin təzahürləri
Fizioloji qocalma qanda testosteronun səviyyəsinin azalması səbəbindən ilk növbədə reproduktiv sistem tərəfindən meydana çıxır. Belə ki, cinsi həvəs (libido) azalır, cinsi əlaqədən sonra zəif ereksiya və eyakulyatın olmaması mümkündür; bəzi kişilərdə orqazm daha zəif olur. Əgər androgen defisiti vaxtından əvvəl meydan çıxmazsa, bütün bunlar fizioloji yaşla əlaqəli sonsuzluğa aparır.
Başqa orqanlar və sistemlər tərəfindən simptomların ifadəlilik dərəcəsi hipoqonadizmin dərəcəsindən asılıdır. Kişilərin əksəriyyətində vegeto-damar pozulması – böyrəküstü vəzin fəaliyyətinin pozulması ilə əlaqəli olmayan arterial təzyiqin dəyişkənliyi, istibasma, hava çatışmazlığı hissi, başgicəllənmə, boyun və döş qəfəsinin yuxarı yarısının dərisinin səbəbsiz qızarması meydana çıxır.
Sürətli yorulma, yuxu pozulması, qıcıqlanma və depressiya ilə büruz verən psixoemosional pozulmalar inkişaf edir. Kişilərdə əzələ kütləsinin həcmi azalır, bəzən piy toxuması ilə əvəz olunur; piy toxuması yalnız dərialtı piy qatına deyil, həm də bütün bədəndə toplanır. Bəzi kişilərdə süd vəzilərinin ölçüləri bir qədər böyüyür, üz nahiyəsində tüklər azalır. Hipoqonadizmin daha ciddi təzahürləri tez-tez sınıqlara gətirib çıxaran sümük toxumasının sıxlığının azalmasıdır (osteoporoz).
Qanda testosteronun azalması prostat vəzinin onkoloji xəstəliklərinin, şəkərli diabetin ehtimalını yüksəldir, həmçinin damarların aterosklerozunun proqressivləşməsinə gətirib çıxarır. Damarların aterosklerozu baş beyin damarlarının insult və miokard infarktı riskini yüksəldir.
Аndrogen defisitinin diaqnostikası
Pasientin şikayətləri, onun xarici görünüşü və testosteronun konsentrasiyasının təyini diaqnostikanın əsas kriteriyalarıdır. Bu məqsədlə sorğu vərəqinin tətbiqi daha əlverişlidir. Belə ki, sorğu vərəqi vasitəsilə şikayətləri dəyərləndirmək daha asan və daha dəqiqdir, pasient öz problemlərini dilə gətirməyə bilər. AMS (kişilərdə qocalma simptomları) sorğu vərəqi simptomatikanı ballarla qiymətləndirir, lakin androgen defisitinin səviyyəsini müəyyənləşdirmək üçün əlavə olaraq laborator analizin aparılması mühümdür.
Laboratoriyada qanda ümumi testosteron və bioloji aktiv testosteronun miqdarı araşdırılır. Qanın ümumi və biokimyəvi analizi aparılır, həmçinin cinsi hormonu birləşdirən qlobulinin (CHBQ) konsentrasiyası müəyyənləşdirilir.
Androgen defisiti ehtimalı olan bütün kişilərə sümük toxumasının sıxlığının müayinəsindən (densitometriya) və müalicə edən həkim-androloq tərəfindən təyin olunan digər müayinələrdən keçməlidir.
Serumda androgenin təyini üçün qanın götürülməsi səhərlər, ac qarına icra olunmalıdır. Belə ki, səhər saatlarında onun konsentrasiyası maksimal olur. Ümumiyyətlə testosteron kişilərdə 3 vəziyyətdə – daha çox serumda albumin və qlobulinlə birləşmiş testosteron (98-99%) və qalan sərbəst testosteron (1-2%) olur. Albuminlə birləşmə davamlı deyil, buna görə də hormon hissəvi aktivdir. Qlobin isə testosteronla möhkəm birləşir, bu səbəbdən də hormonun bioloji aktivliyinin qarşısı tamamilə alınır. Məhz sərbəst aktiv testosteron yuxarıda qeyd olunan funksiyaları tənzimləyir və məhz onun konsentrasiyasına əsasən androgen defisiti müəyyənləşdirilir.
Ümumi testosteronun serumda normal konsentrasiyası 12 nmol/l-dən az deyil, beləliklə, nəticə əldə olunduqdan dərhal sonra müvafiq diaqnoz və vəziyyət haqda danışmaq olar. Lakin bir sıra hallarda ümumi testosteronun səviyyəsi normal olduğu halda hormonun züllalarla izafi birləşməsi nəticəsində onun qanda sərbəst formalarının konsentrasiyası azalmış olur. Bu zaman qanda sərbəst testosteronun miqdarı analiz olunur.
Аndrogen defisitinin müalicəsi
Androgen defisitinin korreksiyasının əsas metodu müxtəlif testosteron preparatları vasitəsilə əvəzedici terapiyadır. Bəzən xorion qonadotropininin köməyilə xəstənin öz testosteronun sintezi stimulyasiya olunur.
Əvəzedici terapiya yalnız prostatın bədxassəli xəstəliyi inkar olunduqdan sonra aparılır. Buna görə də 40-45 yaşa çatdıqda erkən laborator diaqnostikanın aparılması mühümdür. Belə ki, testosteron çatışmazlığı prostat vəzi xərçənginin yaranma riskini yüksəldir, qanda testosteronun normal konsentrasiyası zamanı protat vəzin xərçənginin inkişaf etmə ehtimalı bir neçə dəfə kiçik olmasına baxmayaraq, əvəzedici terapiya pasientin vəziyyətini pisləşdirir. Prostatın onkoloji xəstəliyini inkar etmək üçün laborator olaraq prostat spesifik antigenin səviyyəsi müəyyənləşdirilir; ehtiyac olarsa, xərçəng hüceyrələrinin olub-olmamasını aydınlaşdırmaq məqsədilə daha detallı müayinə aparılır.
Əvəzedici preparatlar bütün ömür boyu qəbul olunmalıdır; belə ki, artıq xayalar testosteron sintez etmir. Pasient periodik olaraq prostat vəzini kontrol etməli və prostat spesifik antigenin səviyyəsini müəyyənləşdirilməlidir.
Müalicənin effektivliyi orqanizmdə testosteronun konsentrasiyası normaya çatdırıldıqda və onun çatışmazlığının təzahürləri aradan qaldırıldıqdan sonra nəzərə çarpır. Bununla yanaşı, əvəzedici terapiya tamamilə təhlükəsizdir, minimal yan təsirlərə malikdir və kişilərə, xüsusən, erkən androgen defisitli kişilərə vərdiş etdiyi həyat tərzinə davam etməyə və aktivliyi saxlamağa imkan verir.
Testosteronun insan orqanizminə bir neçə yeridilmə üsulu var. Plastrlar, məlhəmlər və ya gellər mövcuddur. Bu zaman testosteron orqanizmə transdermal daxil olur. Dərialtı implantlar uzunmüddətli təsirə malik preparatlardır; preparatların tətbiqi çox rahatdır, belə ki, bu zamanı gündəlik testosteron qəbuluna ehtiyac duyulumur. Klassik formalar per oral istifadə üçün nəzərdə tutulmuş tablet formaları və əzələdaxili yağ məhlullarıdır.