Andrologiya

Andrologiya – tibbin kişi anatomiyasını və fiziologiyasını,  kişi cinsiyyət sistemi xəstəlikləri və onların müalicə metodlarını öyrənən bölümüdür. Bu sahə urologiyanın bir hissəsi hesab edilirdi. 1960-cı ildən ayrıca sahə və ixtisas kimi formalaşmışdır.

Son illərdə androloji xəstəliklər daha geniş yayılmışdır. Gündəlik stresslər, ekoloji dəyişikliklər, zərərli vərdişlər, qeyri-düzgün qidalanma və cinsi infeksiyalar kişi cinsi problemlərini artıraraq sağlamlığına mənfi təsir göstərir. Statistik məlumatlara görə cütlüklərdə sonsuzluğun 50% hallarda səbəbi kişi sonsuzluğu ilə əlaqədar olur.

Andrologiya tibbin bir çox sahələri –urologiya, endokrinologiya, venerologiya, seksopatologiya, psixoterapiya ilə sıx bağlıdır.

Kişi cinsiyyət sistemi penis, xayalıq, xayalar və onların artımları, prostat vəzi, toxum ciyəsi və toxumçıxarıcı axacaqdan təşkil olunmuşdur. Bu orqanlar cinsi funksiyanın tənzimlənməsində, cinsi hormonarın sintezi, spermanın yaranması və ifrazı, cinsi aktın həyata keçirilməsində iştirak edirlər.

Androloji xəstəliklərə cinsi orqanların inkişaf qüsurları (hermafroditizm, xayaların anomaliyaları, penisin əyriliyi), iltihabi xəstəliklər (balanopostit, uretrit, prostatit, orxit, epididimit), şiş xəstəlikləri, travmalar aiddir. Androloji xəstəlilər seksual disfunksiyaya, sidik ifrazının pozulmalarına səbəb olur. Yüngül hallarda androgen defisiti, ağır hallarda isə kişi sonsuzluğu və cinsi həyatın mümkünsüzlüyü  ilə nəticələnir.

Andrologiyaya həmçinin kişilərdə seksual disfunksiyanın – impotensiya, erkən boşalma və libidonun zəifləməsinin müalicəsi də aiddir.

Andrologiyanın nisbətən yeni sahəsi olan plastik genital cərrahiyyə -cinsiyyət orqanlarında kosmetik qüsurların aradan qaldırılmasını həyata keçirir.

İntim həyatda uğursuzluqlar kişilər üçün ciddi problem hesab edilir. Bu bir çox hallarda ailələrin dağılmasına, kişidə gündəlik həyat tərzinə də mənfi təsir göstərir.

Bu kimi problemlərlə qarşılaşmamaq üçün hr 6 aydan bir prostat vəzini müayinə etmək, cinsi infeksiyalara görə analiz vermək lazımdır. Prostat vəzi xəstəlikləri və cinsi infeksiyalar uzun müddət gizli gedişə malik olduğundan yalnız mütəmadi müayinələr aparılarsa vaxtında aşkar etmək mümkün olur.

Andrologiya yeni sahə olsa da onun imkanları çox genişdir. Müasir təbabətdə bütün androloji problemlər müvəffəqiyyətlə korreksiya edilir. Bu da o deməkdir ki, istənilən yaş dövründə kişi sağlam və aktiv ola bilər.

error: Content is protected !!