Angina

Angina – udlağın limfoid həlqəsinin, əksər hallarda damaq badamcıqlarının lokal dəyişiklikləri ilə xarakterizə olunan infeksion–allergik prosesdir. Anginanın əlamətlərinə bədən hərarətinin yüksəlməsi, intoksikasiya sindromu, udqunma zamanı boğazda ağrı, boyun limfa düyünlərinin böyüməsi və ağrılı olması aiddir. Baxış zamanı badamcıqların və damaq qövslərinin hiperemiya və hipertrofiyası, bəzən irinli ərp aşkar edilir. Diaqnoz otolarinqoloq tərəfindən farinqoskopiya və əsnəkdən götürülmüş yaxmanın bakterioloji əkilməsinin nəticələrinə əsasən qoyulur. Angina zamanı yerli müalicə (boğazın yaxalanması, lakunaların yuyulması, badamcıqların preparatlarla işlənilməsi), antibiotikoterapiya, fizioterapiya göstəriş sayılır.

Angina barədə ümumi məlumat

Angina – kəskin infeksion xəstəliklər qrupu olub, udlaq həlqəsinin bir və ya bir neçə badamcığının iltihabı ilə müşayiət olunur. Bir qayda olaraq, damaq badamcıqları zədələnir. Az hallarda iltihab burun-udlaq, qırtlaq və ya dil badamcıqlarında inkişaf edir. Xəstəliyin törədiciləri badamcıq toxumalarına xaricdən (ekzogen infeksiyalaşma) və ya daxildən (endogen infeksiyalaşma) keçir. Angina hava-damcı və ya alimentar (qida) yolla ötürülür. Endogen infeksiyalaşma zamanı mikroblar badamcığa kariesli dişlər, paranazal ciblər (sinusitlərdə) və ya burun boşluğundan daxil olur. İmmuntetin zəiflədiyi hallarda anginaya ağız və udlağın selikli qişasının daimi sakinləri sayılan bakteriya və viruslar səbəb ola bilər.

Anginanın təsnifatı

Otolarinqologiyada anginanın 3 tipi ayırd edilir:

  • Birincili angina (sadə və ya adi angina). Bakterial mənşəli kəskin iltihabi xəstəlikdir. Ümimi infeksiyanın və udlaq həlqəsinin limfoid toxumasının zədələnməsinin əlamətləri xarakterikdir.
  • İkincili angina (simptomatik angina). Digər xəstəliyin təzahürü sayılır. Badamcıqların zədələnməsi bəzi kəskin infeksion xəstəliklər (infeksion mononukleoz, difteriya, skarlatina), qan sisteminin xəstəlikləri (leykoz, alimentar-toksiki aleykiya, aqranulositoz) ilə müşayiət oluna bilər.
  • Spesifik angina. Xəstəlik spesifik infeksion agentlər (göbələk, spiroxetlər və s.) tərəfindən törədilir.

Birincili angina

Yaranma səbəbləri

Birincili anginaların təxminən 85%-nə A qrupundan olan ß-hemolitik streptokokklar səbəb olur. Qalan hallarda törədici qismində pnevmokokk, qızılı stafilokokk və ya qarışıq flora iştirak edir. Birincili angina yayılmasına görə KRVİ-dan sonra ikinci yerdə dayanır, adətən uşaqlar və yaşı 35-dən kiçik olan böyüklərdə müşahidə edilir. Anginaya daha çox yaz və payız aylarında rast gəlinir. Adətən hava-damcı yolu ilə yayılır. Bəzən endogen infeksiyalaşma nəticəsində inkişaf edir. Ümumi və yerli soyuqlama, immunitetin zəifləməsi, hipovitaminoz, burun tənəffüsünün pozulması, havanın quruluğu, KRVİ anginanın yaranma ehtimalını yüksəldir.

Anginanın ümumi əlamətləri qana mikrobların həyat fəaliyyəti məhsullarının daxil olması nəticəsində meydana çıxır. Mikrobların toksinləri ürək-damar və sinir sisteminin toksiki zədələnməsinə, qlomerulonefrit və revmatizmin inkişafına səbəb ola bilər. Streptokokk mənşəli anginanın tez-tez residivləşməsi zamanı ağırlaşmaların yaranma riski artır.

Təsnifat

Udlaq həlqəsinin limfoid toxumasının zədələnməsinin dərinliyi və xarakterindən asılı olaraq, birincili angina kataral, lakunar, follikulyar və nekrotik formalara bölünür. Ağırlıq dərəcəsinə əsasən yüngül, orta  və ağır formalar ayırd edilir.

Əlamətləri

İnkubasion dövr 12 saatdan 3 sutkaya qədər davam edir. Hipertermiya, titrətmə, udqunma zamanı boğazda ağrı, regionar limfa düyünlərinin böyüməsi ilə müşahidə olunan kəskin başlanğıc xarakterikdir.

Kataral angina zamanı subfebrilitet, mülayim ümumi intoksikasiya, qan analizinə əsasən kəskin ifadə olunmayan iltihab əlamətləri izlənilir. Farinqoskopiyada udlağın arxa divarının, sərt və yumşaq damağın yayılmış hiperemiyası aşkar edilir. Kataral angina 1-2 gün davam edir. O, tam sağalma ilə nəticələnir və ya anginanın digər formasına (follikulyar və ya kataral) transformasiya edir.

Follikulyar və lakunar angina üçün daha ifadəli intoksikasiya səciyyəvidir. 39-40˚С-yə qədər hipertermiya qeydə alınır. Qanın ümumi analizində sola meyllı leykositoz müəyyən edilir. EÇS 40-50mm/saata qədər yüksəlir.

Lakunar anginalı xəstələrdə farinqoskopik baxış zamanı aydın nəzərə çarpan hiperemiya, lakunaların genişlənməsi, badamcıqların ödem və infiltarsiyası izlənilir. İrinli ərp lakunaların hüdudlarından kənara çıxır və badamcıqların səthində kövşək ərp əmələ gətirir. Ərp qat və ya kiçik ocaqlar şəklində olur, badamcıqlardan kənara yayılmır, asanlıqla təmizlənilir.

Follikulyar angina zamanı farinqoskopiyada badamcıqların hipertrofiyası və ifadəli ödemi, «ulduzlu səma» adlanan şəkil (ağımtıl-sarı rəngli çoxsaylı irinli follikullar) müşahidə edilir. Follikulların spontan partlaması zamanı badamcıqların hüdudlarından kənara çıxmayan irinli ərp yaranır.

Nekrotik angina üçün ifadəli intoksikasiya xarakterikdir. Stabil qızdırma, huşun pozulması, təkrarlanan qusma izlənilir. Qan analizində sola meylli leykositoz, neytrofilyoz, EÇS-nin yüksəlməsi aşkar edilir. Farinqoskopiyada boz və ya yaşılımtıl-sarı rəngli, bərk konsistensiyalı, solğun, kələ-kötür ərp görünür. Ərpın qoparılması badamcıqların qanaması ilə müşayiət olunur. Nekroz sahələrinin ayrılmasından sonra qeyri-düzgün formalı, 1-2 sm diametrli toxuma defektləri əmələ gəlir. Nekrozun udlağın arxa divarı, dilçək və qövslərə yayılması mümkündür.

Ağırlaşmalar

Anginanın erkən ağırlaşmaları (otit, regionar limfa düyünlərinin limfadeniti, sinusitlər, paratonzilyar abses, peritonzillit) iltihabın qonşu orqan və toxumalara yayılması zamanı baş verir.

İnfeksion-allergik mənşəli anginanın gecikmiş ağırlaşmaları (qlomeruonefrit, revmokardit, oynaq revmatizmi) xəstəliyin başlanmasından 3-4 həftə keçdikdən sonra inkişaf edir.

Diaqnostika

Diaqnoz xəstəliyin əlamətləri və farinqoskopiyanın nəticələrinə əsasən qoyulur. İnfeksion agentin növünü təyin etmək üçün badamcıqlardan götürülən seliyin bakterioloji analizi və qanın seroloji müayinəsi yerinə yetirilir.

Müalicə

Müalicə ambulator şəraitdə aparılır. Anginanın ağır formalarında hospitalizasiya göstəriş sayılır. Pasiyentlərə pəhriz, bol maye qəbulu, antibakterial preparatlar (sefalosporin, makrolid, sulfanilamid) təyin edilir. Müalicə kursu 5-7 gündür. Ambazon, fuzafungin, qramisidin yerli tətbiq edilir, ot dəmləmələri və antiseptik məhlullarla boğaz yaxalanılır, badamcıqlar xlorheksidin, norsulfazol, streptosidlə yuyulur.

Spesifik anginalar

Kandidoz (göbələk mənşəli) angina

Candida albicans cinsindən olan mayayabənzər göbələk tərəfindən törənir. Son illər ərzində qlükokortikosteroidlər və antibiotiklərin geniş tətbiqi ilə əlaqədar kandidoz angina hallarının sayı artmışdır. Göbələk mənşəli angina bir qayda olaraq, uzunmüddətli antibiotikoterapiyadan sonra digər xəstəliyin fonunda inkişaf edir.

Ümumi simptomatika zəif ifadə olunur və ya ümumiyyətlə müşahidə edilmir. Farinqoskopiyada badamcıqların səthində nöqtəvi ağ və ya sarı ərp izlənilir. Ərp bəzən yanaq və dilin selikli qişasına yayılır, asanlıqla təmizlənilir.

Diaqnoz mikoloji müayinənin nəticələrinə əsasən təsdiqlənir. Müalicə antibiotiklərin qəbulunun dayandırılması, göbələk əleyhinə preparatlar, ümummöhkəmləndirici terapiya, badamcıqların nistatin və levorin məhlulları ilə yuyulmasından ibarətdir.

Simanovski-Plaut-Vensan anginası (xoralı-nekrotik angina)

Xroniki intoksikasiyalar, arıqlama, hipovitaminozlar, immun çatışmazlığı zamanı inkişaf edir. Vensan spiroxeti və Plaut-Vensan çöpləri ilə simbioz həyat sürən ağız boşluğunun saprofit nümayəndələri tərəfindən törədilir.

Ümumi simptomatika izlənilmir və ya zəif olur. Yalnız bir badamcıq zədələnir. Onun səthində xoşagəlməz iyli boz-yaşıl ərplə örtülü səthi xoralar əmələ gəlir. Ərpin qoparılması badamcığın qanamasına səbəb olur, nekrozlaşmış sahənin yerində dərin xora formalaşır. O, sağaldıqdan sonra heç bir iz qoymur.

Xoralı-nekrotik anginanın diaqnozu bakterioloji müayinənin nəticələrinə əsasən təsdiqlənir. Ümummöhkəmləndirici terapiya aparılır. Zədələnmiş sahələrə bor turşusu və ya metilen abısı çəkilir, kalium-permanqanatın zəif məhlulu və hidrogen-peroksidlə boğaz yaxalanılır. Dərin nekrozlar və uzunmüddətli gediş zamanı antibiotikoterapiya göstəriş sayılır.