Angioqrafiya

Angioqrafiya- invaziv müayinə üsulu olub, xüsusi maddənin yeridilməsi yolu ilə damarların müayinəsidir. Müayinə olunan damardan (arteriya, vena və ya limfa damarı) asılı olaraq arteriaqragiya, fleboqrafiya və limfoqrafiya adlanır. Ümumi (bütün böyük arteriya və venaların müayinəsi) və selektiv (konkret anatomik nahiyyədəki damarların müayinəsi) ola bilər. Selektiv angioqrafiyaya -serebral angioqrafiya, angiopulmomonoqrafiya, koronaroqrafiya, böyrək angioqrafiyası, tor qişanın agioqrafiyası və s daxildir. Angioqrafiya istənilən ölçülü damarların vizualizasiyasına imkan yaratmaqla anomaliyaların (anevrizma, daralmalar, malformasiyalar) və qan axının pozulmasına səbəb olan maneələrin (tromboz, aterosklerotik düyün) dəqiq diaqnostikasını təmin edir.

Angoqrafiyanın növləri

Müayinə olunan damarın növünə görə arterioqrafiya, fleboqrafiya (venoqrafiya), kapillyaroqrafiya və limfoqrafiya növləri ayırd edilir. Müayinə sahəsini böyüklüyünə görə ümumi və lokal (selektiv) angioqrafiya vardır. Selektiv angioqrafiyanın aşağıdakı növləri mövcuddur:

  • Serebral– beyin damarlarının müayinəsi
  • Koronar– ürək damarlarının müayinəsi
  • Periferik– yuxarı və aşağı ətraf damarlarının müayinəsi
  • Aortaqrafiya -döş (döş aortasının müayinəsi) və qarın (qarın artosının müayinəsi)
  • Angiopulmonoqrafiya– ağ ciyər arteriyalarının müayinəsi
  • Portoqrafiya– qapı venasının müayinəsi

Angioqrafiyanın aparılma qaydası

Müayinədən 4 saat öncə xəstəyə yemək və su qadağan edilir. Angioqrafiyadan öncə xəstə xüsusi masada uzadılır. Gərginli ya azaltmaq üçün trankvilizator və allergiyaəleyhinə antihistamin preparat əzələdaxili yeridilir. Müayinə üçün daxil olunacaq nahiyyə antiseptik maddə ilə işlənir, yerli anesteziya aparılır, kiçik kəsik aparılır və introdyuser (kontrast maddəni yeritmək üçün istifadə ediləcək kateteri saxlayan vasitə) yerləşdirilir.

İntrodyuserin daxilindən keçməklə kateter müayinə olunan nahiyyəyədək aparılır. Kateterin lazımi nahiyyədə olduğunu dəqiqləşdirmək üçün rentgen çəkilir, daha sonra isə kateterlə rentgenokontrast maddə (triyotrast, kardiotrast, uroqrafin, hipak) yeridilir və bir neçə sayda rentgen çəkilir. Ehtiyac yaranarsa dəqiq nəticə əldə etmək üçün prosedur bir neçə dəfə təkrarlana bilər.

Müayinədən sonra kateter çıxarılır, giriş nahiyyəsi steril tənziflə bağlanır və sarğı qoyulur. Trombozun profilaktikası məqsədilə pasientə 6-10 saat müddətində yataq rejimi məsləhət görülür. Yod tərkibli kontrast maddə böyrəklərə neqativ təsir göstərə bilər. Buna görə də kontrast maddənin qanda konsentrasiyasını azltmaq və sidiklə xaric olunmasını asanlaşdırmaq üçün pasientə çoxlu miqdarda maye qəbulu tövsiyyə edilir.

Serebral angioqrafiya

Serebral angioqrafiyaya göstərişlər

Səbəbsiz başgicəllənmə və baş ağrıları, ürəkbulanma tutmaları, səbəbsiz bayılmalar, baş-beyin travmasının qalıq əlamətləri, neyrosirkulyator distoniya, baş beynin kəskin və ya xroniki işemiyası, anamnezdə mikroinsult və ya insult olmuşdursa angioqrafiya məsləhətdir. Angioqrafiya diaqnozun qoyulması, müalicə taktikasının seçilməsi, aparılmış müalicənin effektivlik dərəcəsinin təyini və ya keçirilmiş travma və xəstəlikdən sonra xəstənin vəziyyətinin dinamikasını izləmək üçün əvəzolunmaz müayinə üsuludur.

Serebral angioqrafiya zamanı nə aşkarlanır?

Angioqrafiya zamanı qan dövranı pozğunluğunun hemorragik (anevrizma, damarların divertikulu, angiomalar) və işemik (aterosklerotik dəyişikliklər, qan axının pozulması, damarların deformasiyası) də tipləri ayırd edilir. Həmçinin, bu müayinə vasitəsilə beyində damar şəklinin xoş və bədxassəli törəmələr üçün xarakterik dəyişikliklərini aşkar etmək mümkündür. İnformativliyi artırmaq üçün rentgenoqrafiya ilə yanaşı damarların KT müayinəsi də aparılır ki, bu yolla da beyin damarlarının laylarla görüntüsü və kompyuterdə 3 fazalı təsvirini almaq mümkün olur.

Koronaroqrafiya

Koronaroqrafiyaya göstərişlər

Ağır stabil stenokardiya, stenokardiyanın müalicəsində medikamentoz terapiyanın qeyri effektivliyi, kliniki ölüm və ya ağır ritm pozğunluğu ilə müşayiət olunan keçirilmiş miokard infarktı, qəfləti ölüm riski, stentləmədən sonrakı 1 il ərzində stenokardiya simptomları və ya miokard infarktı olarsa, 40 yaşdan yuxarı ürək qapaqlarının əməliyyatına hazırlıq dövründə olan xəstələr, yüklənmə ilə USM və ya EKQ-yə əks göstərişi olan xəstələr, həmçinin diaqnozu çətin olan qeyri-müəyyən hallarda koronaqrafiya müayinəsi aparılmalıdır. Angioqrafiyanın məqsədi qan dövranı pozğunluğunun dərəcəsinin təyini, diaqnozun qoyulması və müalicə taktikasını təyin etməkdir.

Koronaroqrafiya zamanı nə aşkarlanır?

Koronaroqrafiya nəticəsinə əsasən konservativ müalicə, aortakoronar şuntlama və ya stent qoyulması məsləhət görülə bilər. Koronaroqrafiya zamanı koronar damarlarda stenoz (damarın daralması), okkluziya (damarın tutulması), anevrizma (damar divarının genişlənməsi) və kalsinoz (damar divarına kalsium duzlarının çökməsi) diaqnozu qoyulur. Damar divarının diametrinin 75 faiz və daha çox daralması cərrahi müdailəyə göstərişdir.

Periferik damarların angioqrafiyası

Periferik angioqrafiyaya göstərişlər

Ətraf damarlarının angioqrafiyası periferik arteriyaların xəstəlik və patoloji dəyişiklikləri (ateroskleroz, obliterəedici endarterit, tromboemboliya, divertikulit, laylanan anevrizma), şəkərli diabet xəstələrində diabetik pəncə sindromu, ətraf damarlarının travmatik zədələnmələri, ətrafların trofiki yarası və irinli-nekrotik zədələnmələri, vena və arteriyaların travma və xəstəlikləri zamanı cərrahi müalicə planının təyini və əməliyyat sonrası dövrdə damarların divarının vəziyyətini qiymətləndirmək üçün göstərişdir.

Kliniki praktikada aşağı ətraf nahiyyəsində vena və arteriyaların xəstəlikləri daha geniş yayıldığından aşağı ətrafın angioqrafiyası daha çox aparılır. Yuxarı ətraf damarlarının angioqrafiyası adətən travmalar zamanı aparılır. Venaların zədələnmələri zamanı fleboqrafiya, arteriyaların travma və xəstəlikləri zamanı isə arterioqrafiya təyin edilir.

Periferik damarların angioqrafiyası zamanı nə aşkarlanır?

Müayinədə məqsəd diaqnozun qoyulması, konservativ və cərrahi müalicə taktikasının seçilməsi və ya aparılan müalicənin effektivliyini qiymətləndirməkdir. Aşağı ətrafların angioqrafiyası magistral damarların vəziyyətinin, kollateralların sayın və böyük damarın qapanması zamanı onun işinin adekvat təminat dərəcəsini, arteriya və venaların divarının vəziyyətini (tromb və aterosklerotik düyünlərin mövcudluğu, damar mənfəzinin patoloji genişlənməsi və ya daralması) qiymətləndirilməsinə imkan yaradır.