Anogenital kondilomatoz
Anogenital kondilomatoz – itiuclu kondilomaların anal dəlik və aralıq nahiyəsində çoxalmasıdır. Patologiya anusda diskomfort və yad cismin olması hissi, anal qaşınma, nəmlik, ağrılı defekasiya ilə təzahür edir. Anogenital kondilomatoz psixoloji və cinsi problemlərə gətirib çıxarır. Travmatik zədələnmələr zamanı qanaxmalar və iltihabi proses müşahidə olunur. Maliqnizasiya riski mövcuddur. Diaqnoz proktoloqun baxışı, laborator və instrumental müayinələrin nəticələrinə əsasən qoyulur. Müalicə kondilomanın aradan qaldırılmasından, immuniteti stimulyasiya edən vasitələrin təyinindən ibarətdir.
Anogenital kondilomatoz barədə ümumi məlumat
Anogenital kondilomatoz – anal dəlik və xarici cinsiyyət orqanları nahiyəsində itiuclu kondilomaların yaranması ilə xarakterizə olunur. Kondilomalar nəhəng ölçülərə qədər böyüyərək, anal dəliyi örtə bilir. İtiuclu kondilomalar toplusu gül kələmini xatırladır. Nəhəng kondiloma tibb ədəbiyyatında həm də Buşke-Levenşteyn şişi kimi qeyd olunur. Xəstəlik ilk dəfə 1925-ci ildə bu patoloji prosesi təsvir edən alimlərin şərəfinə adlandırılmışdır.
Anogenital kondilomatozun yaranma səbəbləri
Anogenital kondilomatoz insan papilloma virusunun (İPV) 6 və 11-ci tiplərinə yoluxma nəticəsində inkişaf edir. İPV geniş yayılaraq, dəri örtükləri və selikli qişaların müxtəlif xəstəliklərinə (ziyil, kondiloma, papilloma) səbəb olur. Hazırda virusun 100-dən çox növü məlumdur. İnsan papilloma virusu cinsi yolla ötürülən infeksiyaların ən çox rast gəlinən formasıdır. Cinsi həyat sürən insanların 50%-dən çoxu bu virusun (əksər hallarda onun bir neçə tipinin) daşıyıcısı hesab olunur. Virus daşıyıcılıq adətən simptomsuz gedir.
Kondilomalar müvafiq tip virus daşıyıcılığın 1-2% hallarında müşahidə edilir. İPV-nin 6 və 11-ci tiplərinə yoluxmuş şəxslərdə itiuclu kondilomaların formalaşması üçün yerli və ümumi immunitetin zəifləməsi mütləq şərt sayılır. Statistik məlumatlara əsasən perianal kondilomaların ən yüksək rastgəlmə tezliyinə homoseksualistlərdə təsadüf olunur. Lakin anus nahiyəsində itiuclu kondilomaların lokalizasiyası yalnız anal cinsi əlaqə ilə bağlı olmur. İnfeksiyalaşma zamanı virus cinsiyyət orqanlarının dəri və selikli qişalarının böyük bir hissəsini zədələyir. Perianal nahiyə isə hər iki cinsin nümayəndələrində cinsiyyət orqanlarına çox yaxın yerləşdiyindən infeksiya bu zonada də özünü büruzə verir.
Anogenital kondilomatozun patogenezi
Anogenital kondilomatozun törədicisi sayılan insan papilloma virusu cinsiyyət orqanları nahiyəsində dəri örtüyü və selikli qişaların dərin qatlarında məskunlaşaraq, qan cərəyanına daxil olmur. Örtük toxumalarının yenilənməsi və dərin qatların dəri səthinə doğru yerdəyişməsi nəticəsində virus hüceyrələrlə birgə miqrasiya edir. İPV dəri səthinə çataraq, klinik əlamətlərin inkişafına səbəb olur. Bu mərhələdə insan yoluxdurucu hesab olunur. İnfeksiyalaşma təmas yolu ilə baş verir. Adətən insan intim yaxınlıq (vaginal, anal, oral cinsi əlaqə) zamanı yoluxur. Məişət yolu ilə yoluxma barədə kifayət qədər dəlil yoxdur.
Virusun orqanizmə daxil olduğu andan itiuclu kondilomaların yaranmasına qədər bəzi şəxslərdə 1 neçə həftə, digərlərində isə illərlə vaxt tələb olunur. Bu dövrdə virus dərin qatlarda inkişaf edərək, dəri və selikli qişaların səthinə nüfuz etmir. Simptomsuz daşıyıcılıq zamanı yoluxma ehtimalı aşağı olur. İtiuclu kondilomalar əsasən cinsiyyət orqanları nahiyəsində – kişilərdə penisin başcığında, qadınlarda isə kiçik və böyük cinsiyyət orqanlarında lokalizasiya olunur. Lakin bir sıra hallarda kondilomalara anal dəlik ətrafında rast gəlinir. Belə kondilomalar perianal adlanır.
Anogenital kondilomatozun əlamətləri
Xəstəlik anusda məməyəbənzər törəmələrin yaranması və çoxalması, aralıqda diskomfort, yad cismin olması hissi ilə təzahür edir. Əksər xəstələrdə anal dəlik nahiyəsində dərinin maserasiyası (sulanması) qeydə alınır. İri ölçülü kondilomaların zədələnməsi ağrı və qanlı ifrazatla müşayiət olunur. İri kondilomalar xoşagəlməz iyli maye sintez edir. Nəhəng törəmələrin daxilində fistulayabənzər yollar əmələ gələ bilər.
İltihabın qoşulması ümumi intoksikasiya əlamətlərinin (qızdırma, halsızlıq, baş ağrıları) inkişafına səbəb olur. Perianal kondilomalar sürətlə böyüyür, lakin bu xəstəlik üçün ifadəli ağrı xarakterik deyil. Anus nahiyəsində intensiv ağrıların baş verməsi yanaşı gedən patologiyadan (babasil, anal çat, paraproktit və s.) xəbər verir.
Anogenital kondilomatozun ağırlaşmaları
Konservativ və ya cərrahi müalicənin aparılmasına baxmayaraq, anogenital kondilomatoz residivləşməyə meylli olur. Anal kanalda nəhəng kondilomaların formalaşması və çoxalması yastı hüceyrəli xərçəngin yaranma ehtimalını artırdığından kəsilmiş kondilomalar histoloji müayinəyə göndərilir. Büşke-Lyovenşteyn şişinin (nəhəng kondiloma) aşkarlandığı xəstələrdə ciddi müayinə və müalicə tələb olunur.
Bundan əlavə nəhəng kondilomalar zədələnə və qanaya bilir. Kondilomatoz nahiyəsi tez-tez iltihablaşır. Anus nahiyəsində dərinin davamlı maserasiyası onun qıcıqlanmasına və perianal dermatitin inkişafına səbəb olur.
Anogenital kondilomatozun diaqnostikası
Anogenital kondilomatozun klinik şəkli spesifikliyi ilə seçilir. Diaqnoz proktoloqun baxışının nəticələrinə və itiuclu perianal kondilomaların aşkarlanmasına əsasən qoyulur. Törəmələrin cinsiyyət orqanlarında formalaşma ehtimalı ilə əlaqədar bu nahiyə də müayinə olunur.
Anal kanalda kondilomaları aşkar etmək məqsədilə həkim-proktoloq tərəfindən barmaqla rektal müayinə aparılır. Perianal nahiyədə hətta kiçik ölçülü kondilomalara rast gəlinməsi bu müayinəyə göstəriş sayılır. Anal kanalın müayinəsi zamanı itiuclu kondilomalar sıx konsistensiyalı kiçik düyünlər şəklində əllənir. Nəhəng perianal kondilomalar əksər hallarda anal kanalın selikli qişasının zədələnməsi ilə müşayiət olunur. Analoji məqsədlə (anal kanalda itiuclu kondilomaların aşkarlanamsı) anoskopiya icra edilir.
İmmun çatışmazlığı sindromlu İİV infeksiyalaşmış şəxslərdə kondilomalar sürətlə böyüyərək, nəhəng ölçülərə çatır. Onlar qrup şəklində yerləşərək, xarici görünüşcə gül kələmini xatırladır (Buşke-Levenşteyn şişi). Belə şişlər yastı hüceyrəli xərçəngin risk amili hesab olunur. Histoloji müayinədə bu şişlərin iri düyünlərində xərçəngin invaziv komponentləri müşahidə edilə bilər. Bədxassəli törəməyə şübhə yarandıqda rektoromanoskopiya göstəriş sayılır. Müayinə prosesində çox zaman selikli qişanın hiperemiyası (bəzən dənəvari quruluşu) aşkar olunur. Düz bağırsaqda anorektal xəttdən yuxarıda itiuclu kondilomalara rast gəlinmir.
Anogenital kondilomatozun müşahidə olunduğu bütün xəstələrdə İİV və sifilisi təyin etmək üçün xüsusi müayinələr aparılır. Diaqnoz kondilomaların bioptatlarının sitoloji və histoloji analizinin nəticələrinə əsasən təsdiqlənir. Bundan əlavə qanda İFA üsulu ilə İPV virusuna qarşı anticisimlər izlənilə bilər. Xəstələrdə həmçinin PZR-diaqnostikanın köməyilə zədələnmiş hüceyrələrdən virusun DNT-nin ayrılması aparıla bilər.
İtiuclu kondilomalar əsasən sifilitik kondiloma və kontagioz molyuskla differensiasiya edilir. Kontagioz molyusk adətən ağımtıl, nəm və yastı səthə malik izolə olunmuş lövhələr şəklində təzahür edir. Vasserman reaksiyasının müsbət olması sifilitik kondilomadan şübhələnməyə əsas verir. Yekun diaqnoz seroloji analizin nəticələrinə, bu və ya digər anticisimlərin aşkarlanmasına və veneroloqun rəyinə əsasən qoyulur. Diaqnoz təsdiqləndikdə İİV və cinsi yolla ötürülən digər infeksiyalar yoxlanılır. Kondilomatozun bədxassəli törəmələrlə differensial diaqnostikasında sitoloji müayinə başlıca rol oynayır.
Anogenital kondilomatozun müalicəsi
Papilloma virusunun insan orqanizmindən tam şəkildə çıxarılma üsulu hələlik elmə məlum deyil. Bu səbəbdən müalicə əlamətlərin aradan qaldırılmasına və ağırlaşmaların residivləşməsinin qarşısının alınmasına yönəldilir. Kondilomaların cərrahi yolla müalicəsi virusun cinsi partnyora ötürülmə ehtimalını inkar etmir. Bu da pasiyentin virus daşıyıcısı və yoluxmuş hüceyrələrin dəri səthinə yaxın yerləşməsi zamanı infeskiya mənbəyi olması ilə bağlıdır. Müalicədən sonra residivlərin inkişafı 30% xəstələrdə qeydə alınır.
Müalicə taktikası itiuclu kondilomaların ölçüləri, miqdar və lokalizasiyası, yanaşı gedən urogenital infeksiyalar və orqanizmin ümumi vəziyyətindən asılı olaraq, fərdi qaydada təyin edilir. Konqlomerat əmələ gətirməyən kiçik ölçülü perianal kondilomalar konservativ yolla müalicə olunur. İtiuclu törəmələr podofillotoksin məhlulu ilə yandırılır. Bunun üçün məhlul preparatın qutusunda olan xüsusi çubuqla zədələnmiş dəriyə çəkilir. Dərmanın sağlam nahiyələrə yayılmamasına diqqət yetirmək lazımdır. Virusun çoxalmasının və residivlərin qarşısını almaq məqsədilə yerli istifadə üçün nəzərdə tutulan virusəleyhinə preparatlar (podofillotoksin, bromnaftoxinon) təyin edilir. Yerli vasitələr ümumi immunostimuləedici terapiya ilə birgə tətbiq olunur.
Perianal kondilomaların radikal müalicə üsulu onların cərrahi yolla kəsilməsidir. Törəmələr sağlam toxuma hüdudunda kəsilərək, karbohidrogen lazerlə orqanizmdən uzaqlaşdırılır, o cümlədən kimyəvi sitodestruksiya üsullarından (yandırıcı turşuların konsentratlaşdırılmış məhlulları, sitotoksik preparatlar) istifadə olunur. Lakin kondilomaların kəsilməsi onların təkrar inkişaf etməyəcəyinə zəmanət vermir. Bu da insan papilloma virusunun ətraf toxumaların dərin qatlarında fəaliyyətini davam etdirməsi ilə izah olunur. Anal kanalda kondilomaların kimyəvi reagentlərlə yandırılması məqsədəuyğun deyil, çünki bu prosedur kifayət qədər effektiv sayılmır və ağırlaşmalarla (yerli ilthab, qaşınma, selikli qişanın sulanması və eroziyalaşması) nəticələnir.
İnterferon və onun induktorları, digər immunostimulyatorlarla müntəzəm müalicə kursları perianal kondilomaların kəsilməsindən sonra residivlərin qarşısının alınmasına yönəldilir. Kombinəolunmuş immunoterapiya kursu başa çatdıqdan dərhal sonra İPV-yə görə DNT sınağı pozitiv olan pasiyentlərin sayı 1,5-2 dəfə azalır. Yüksək kanserogen riskli törəmələrin bədxassələşməsinin profilaktikasında immunoterapiyanın müsbət rolunu xüsusilə vurğulamaq lazımdır. İmmunoterapevtik müalicə alan xəstələrdə maliqnizasiya riski təxminən 2 dəfə az olur.
Anogenital kondilomaların aşkarlandığı şəxslərlə yanaşı onların cinsi partnyoruna da müvafiq müalicə təyin edilir. Müalicə müddətində cinsi əlaqədən imtina etmək məsləhət görülür. Sitodestruksiya üsulu ilə ümumi təsirli immunostimulyatorların tətbiqini özündə birləşdirən kombinəolunmuş terapiya daha effektiv müalicə sxemi hesab olunur. Bu növ müalicə taktikası pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırır, xəstəliyin klinik əlamətlərinin təkrarlanma ehtimalını azaldır.
Perianal kondilomaların cərrahi müalicəsi yerli anesteziya altında aparılır və az travmatik müdaxilələrdən sayılır. Geniş sahəni əhatə edən törəmələrdə ümumi narkoz və davamlı postoperasion müşahidə tələb olunur. Çoxsaylı və nəhəng kondilomalar zamanı cərrahi müalicə bir neçə mərhələdə aparıla bilər.
Adətən proktologiyada iri kondilomaların birdəfəlik kəsilməsi tətbiq edilmir, çünki cərrahi müdaxilədən sonra yaranan böyük toxuma defekti çətinliklə sağalır. Bunun nəticəsi olaraq, bir sıra hallarda perianal nahiyədə deformasiyalar əmələ gəlir.
Anogenital kondilomatozun proqnoz və profilaktikası
Kondilomaların aradan qaldırılma üsullarından asılı olmayaraq, anogenital kondilomatozun residivləşmə riski bütün hallarda eyni olur. Patologiyanın residivlərinin profilaktikası virusəleyhinə və immun terapiyanın tətbiqi ilə kompleks müalicə, immunitetin stabil saxlanılması və mütəxəssis nəzarəti altında müalicə kurslarının müntəzəm aparılmasından ibarətdir. Kondilomaların morfoloji strukturunda bədxassələşmiş hüceyrələr aşkar edildikdə proqnoz qeyri-qənaətbəxş olur.