Anqulyar konyunktivit
Anqulyar konyunktivit – Moraks-Aksenfeld diplobasilləri tərəfindən törədilən gözün konyunktivasının iltihabıdır. Xəstəliyin kliniki mənzərəsi gözətrafı nahiyədə qaşınma və yanma hissi, gözlərin və göz qapaqlarının qızarması, görmənin bulanıqlaşmasından ibarətdir. Diaqnozu təsdiqləmək məqsədilə xüsusi diaqnostik panel, monoklonal antitellərlə analiz, biomikroskopiya, vizometriya, sitoloji müayinədən istifadə olunur. Terapevtik taktika sink sulfat, antibakterial preparatlar, immunostimulyatorlar və QSİƏP təyinindən ibarətdir.
Аnqulyar konyunktivit barədə ümumi məlumat
Anqulyar (diplobasilyar) konyunktivit ilk dəfə 1896-cı ildə iki alim – fransız və alman oftalmoloqlar V. Moraks və K. Aksenfeld tərəfindən təsvir olunmuşdur. Bu alimlər diplobasillərin morfologiyasını və onların göz almasının qişalarının zədələmələri nəticəsində meydana çıxan simptomlarını öyrənmişdilər. Statistikaya əsasən konyunktivanın diplobasillər tərəfindən törədilən iltihabı bütün bakterial konyunktivilərin 5-7%-ni təşkil edir. Xəstələrin 78%-i patologiyanın xroniki və ya residivləşən formasından əziyyət çəkir. Xəstəlik əsasən orta yaşlı və yaşlı insanlarda diaqnostika olunur. Kişilər və qadınlar eyni intensivliklə xəstələnir.
Аnqulyar konyunktivitin səbəbləri
Oftalmologiyada detallı araşdırmalar xəstəliyin stafilokok və streptokok mənşəlli formalarını fərqləndirməyə imkan verdi. Hazırda məlumdur ki, anqulyar konyunktivitin törədiciləri Moraks-Aksenfeld çöpləridir. Moraxella lacunata selikli qişalarda yaşayan, qeyri-fermentativ, aerob, qram-mənfi diplobasildir. Moraksellərin digər növləri ilə müqayisədə bu növün aqressivliyi yüksəkdir, gözün xarici qişalarını, nadir hallarda burunətrafı ciblərin epitelini və endokardı zədələyir. Basillər şərti-patogen mikroorqanizmlərə aiddir; anqulyar konyunktivit immunoloji reaktivliyi zəifləmiş insanlarda müşahidə olunur. Bakteriya ətraf mühitin əlverişsiz şəraitinə qarşı davamlıdır, -10 ÷ 55 °С temperaturda uzun müddət yaşaya bilər. İnkişafı üçün optimal temperatur 30-37 °С-dir.
Аnqulyar konyunktivitin patogenezi
Xəstəliyin əsas ötürülmə yolu kontakt-məişət yoludur. İnfeksiya şəxsi əşyalardan istifadə nəticəsində yoluxur. Əl sıxma zamanı yoluxma da mümkündür; belə ki, xəstə insan gözlərini ovduqda mikroorqanizmli konyunktival ifrazat ələ keçir. Patologiyanın inkişaf mexanizmində sonradan buynuz qişaya keçən konyunktiva toxumasının proqressivləşən nekrozu əhəmiyyətli rola malikdir. İltihabın məhz destruktiv tipli olması sonralar dərin xoralı defektlərin formalaşmasına səbəb olur.
Аnqulyar konyunktivitin simptomları
Xəstəliyin diplobasilyar forması üçün siklik gedişat xarakterikdir. İnkubasiya dövrü orta hesabla 4 gün davam edir. Gözlərin zədələnməsi həmişə simmetrikdir; kliniki simptomlar gecələr güclənir. Xəstəliyin ilk əlamətləri göz orbiti nahiyəsində güclü qaşınma və göynəmə hissidir. Şişkinlik dövründə gözlərdə kəsilmə hissi, periorbital nahiyədə ağrı meydana çıxır. Qırpma zamanı ağrı sindromu güclənir. Vizual olaraq orbital və palpebral konyunktivada medial nahiyədə, nadir hallarda lateral künclərdə hiperemiya müəyyən olunur.
Konyunktiva boşluğundan az miqdarda köpüklü selik ifraz olunur; seliyin konsistensiyası 24-72 saat ərzində viskoz olur. Patoloji ifrazat göz yarığının künclərində toplanır. Görmə yüngül dərəcədə zəifləyir. Pasientlər gözün önündə «örtük» və ya “duman” yaranmasını qeyd edirlər. Tədricən gözün medial künclərində sıx, mumşəkilli qabıqcıqlar əmələ gəlir. Periorbital nahiyədə dərinin masserasiyası müşahidə olunur. Göz qapaqlarının dəri örtüklərində ağrılı çatlar formalaşır. Xəstəlik üçün tez-tez residivlərin yaranması xarakterikdir; xronikləşmə ehtimalı yüksəkdir.
Аnqulyar konyunktivitin ağırlaşmaları
İnfeksiyanın buynuz qişaya yayılması infiltrat və dərin xoralarla müşayiət olunan regional keratitin inkişafına gətirib çıxarır. Tez-tez rastlanan ağırlaşması göz qapaqlarının iltihabıdır. Nadir hallarda patoloji proses burun-gözyaşı kanalına siraət edir; bu isə sonralar dakriosistitin yaranmasına səbəb olur. Palpebral sahənin dərisində çatların yaranması göz qapaqlarının hərəkətini məhdudlaşdıran sıx, sklerotik bitişmələrin əmələ gəlməsinə səbəb olur. Patogen mikrofloranın hematogen disseminasiyası ürəyin daxili qişasını zədələyir. Ağır gedişli endokardit proqressivləşən qapaq destruksiyasına və emboliyaya gətirib çıxarır.
Аnqulyar konyunktivitin diaqnostikası
Diplokok etiologiyalı anqulyar konyunktivitin təsdiqlənməsi üçün xüsusi kommersiya paneli tətbiq olunur. Bu panel ümumi qəbul olunmuş testlərin kompleks analizinin nəticələrini (aqarın korroziyası, hemoliz, oksidləşmə və fermentasiya, nitratların bərpası) əldə etməyə imkan verir. Xarici membranın tip üçün spesifik zülallarının aşkarlanması məqsədilə monoklonal antitellər istifadə olunur. Aşağıdakı instrumental diaqnostika metodları təyin olunur:
- Gözlərin biomikroskopiyası – göz almasının ön seqmentlərinin müayinəsi zamanı medial bucaqda daha güclü təzahür edən damarların inyeksiyası və ödem; gözün daxili bucağına toplanmış viskoz ifrazat aşkar olunur. Buynuz qişanın yanaşı gedən zədələnmələrində tək infiltrat və xoralaşmış ocaqlar görünür.
- Vizometriya – izolə olunmuş diplokok konyunktivitində görmə itiliyi yüngül dərəcədə azalır. Prosesin buynuz qişaya yayılması nəticəsində görmə disfunksiyaları artır. Bəzi kliniki hallarda əlavə olaraq komyuter keratometriyasının aparılması tələb olunur.
- Konyunktival materialın sitoloji müayinəsi– analizin aparılması üçün konyunktival sıyrıntı və ya yaxma istifadə olunur. Diplobasillər cüt-cüt və ya qısa zəncirlər şəklində yerləşən qısa çöpcüklər formasındadır. Epitelial qatın hüceyrə tərkibinin dəyişiklikləri bakterial zədələnmə ilə bağlıdır.
Аnqulyar konyunktivitin müalicəsi
Patologiya müalicəyə çətin tabe olur. Pasientdə anqulyar konyunktivitə şübhə olduqda xəstəliyin etiologiyası aydınlaşdırılanadək empirik olaraq genişspektrli antibiotiklər təyin olunur. Xəstəliyin bütün simptomları itdikdən 1-2 həftə sonra sink əsaslı etiotrop preparatların qəbulu vacibdir. Konservatik müalicə aşağıdakılardan ibarətdir:
- Аntiseptik maddələr – anqulyar konyunktivitin kompleks müalicəsində sink sulfat məhlulu aparıcı rol oynayır. Göz damcıları 1-1,5 ay ərzində gündə 4-6 dəfə istifadə olunur. Simptomatika tamamilə aradan qaldırıldıqdan sonra dərmanlar daha 7-10 gün tətbiq olunur. Göz qapaqlarının kənarları sink tərkibli mazla hərtərəfli işlənir.
- Аntibakterial preparatlar – müalicə sxemi antibiotikə rezistentlik testinin nəticələrinə əsasən fərdi olaraq seçilir. Moraks-Aksenfeld bakteriyaları makrolid, tetrasiklin və aminoqlikozidlərə həssasdır. Effekt olmadıqda rezerv preparatlar – ftorxinolonlar və kombinə olunmuş antibakterial preparatlar istifadə olunur.
- Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP) – iltihabın azalması üçün 0,1%-li natrium diklofenak məhlulu tətbiq olunur. Müalicə kursunun orta davametmə müddəti 5-7 gündür. Eyni zamanda buynuz qişa da zədələnərsə, QSİƏP 10-14 gündən az olmamaqla istifadə olunur. Patologiyanın ağır gedişli formalarında əlavə olaraq qlükokortikosteroidlər təyin olunur.
- İmmunostimulyatorlar – immunomodulyasiedici preparatlardan istifadə xəstəliyin xroniki gedişli və tez-tez residivlər verən formalarında göstərişdir. Bioloji aktiv peptidlər, timus preparatları tövsiyə olunur. Əgər konyunktivit immunodefisit fonunda inkişaf edibsə, müalicə proqramına interferon və interleykinlər də əlavə olunur.
Аnqulyar konyunktivitin proqnoz və profilaktikası
Patologiyanın sonlanması müalicənin uyğunluğundan və vaxtında aparılmasından birbaşa asılıdır. Həkimin bütün tövsiyələrinə riayət olunarsa, tam sağalma mümkündür. Eyni zamanda əksər pasientlərdə xroniki formaya keçidlə yanaşı residivlər də müşahidə olunur. Spesifik preventiv tədbirlər hazırlanmayıb. Qeyri-spesifik profilaktika isə şəxsi gigiyena qaydalarına riayət olunmasına yönəlmişdir. Periorbital nahiyəyə toxunduqdan sonra əlləri yumaq və ya antiseptik məhlullarla işləmək lazımdır. İmmun sistemi gücləndirmək, yuxu və oyaqlıq rejimini normallaşdırmaq, qida rasionuna diqqət etmək vacibdir.