Anusun xərçəngi
Anusun xərçəngi – anal kanalın bədxassəli şişidir. Patologiyanın təzahürlərinə anal dəlikdən qanlı ifrazatlar, defekasiya zamanı ağrı, nəcis ifrazının pozulması, anal qaşınma aiddir. Diaqnoz barmaqla rektal müayinə, rektoromanoskopiya, PAP-yaxma, şübhəli törəmələrin biopsiyasının nəticələri əsasında qoyulur. Xərçəngin mərhələsindən asılı olaraq kimya-şüa terapiyası, radikal əməliyyatlar – daimi kolostomanın qoyulması ilə düz bağırsağın ekstirpasiyası icra olunur.
Anusun xərçəngi barədə ümumi məlumat
Klinik proktologiya sahəsinin mütəxəssisləri anusun xərçəngini uzun müddət düz bağırsaq xərçənginin forması hesab edirdilər. Yalnız keçən əsrin ortalarında «anal kanal» termini irəli sürüldükdən sonra patologiya sərbəst nozologiya kimi qəbul olundu. Anus və anal kanalın xərçənginə anorektal həlqənin yuxarı kənarı ilə anusun perianal dəriyə keçidi arasında yerləşən bədxassəli şişlər aiddir. Anusun kənarından distal istiqamətdə lokalizasiya olunan şişlər perianal dərinin neoplaziyaları kimi təsnif edilir.
Anusun bədxassəli törəmələri yoğun bağırsaq xərçənginin 1-2%-ni təşkil edir. Yəni hər 100 000 nəfərdən 1-də anusun xərçəngi müşahidə olunur. Patologiya 50 yaşından yuxarı insanlarda, əsasən kişi cinsinin nümayəndələri arasında aşkarlanır. Homoseksual cinsi əlaqələr kişilərdə anusun xərçənginin inkişaf riskini 35, İİV infeksiyası isə 2 dəfə yüksəldir.
Anusun xərçənginin yaranma səbəbləri
Anusun xərçənginin etiologiyası tibb elminə məlum deyil. Lakin mütəxəssislər tərəfindən patologiyanın yaranma ehtimalını artıran risk amilləri müəyyən edilmişdir. İPV infeksiya (xüsusən yüksək onkogen forma) anus ətrafında, qadınlarda isə uşaqlıq boynunda genital ziyillərin (kondiloma) yaranmasına səbəb olur, bu da gələcəkdə həmin nahiyələrdə xərçəngin inkişafına gətirib çıxara bilir. İİV-lə infeksiyalaşma, orqanların transplantasiyası, immunosupressiv vasitələrlə müalicədən sonra müşahidə olunan immunodefisit vəziyyət anusun xərçəngi üçün əlverişli şərait yaradır.
Xroniki xəstəliklər (anal çat, anorektal fistulalar, polip, babasil, proktit, leykoplakiya), anal cinsi əlaqələr zamanı anus nahiyəsinin daimi qıcıqlanması və iltihablaşması xərçəngin inkişafına təkan verir. Siqaret çəkərkən udulan zərərli kimyəvi vasitələr anusun xərçənginin yaranma riskini 9 dəfə yüksəldir. Bir sıra hallarda anus və anal kanalın xərçəngi uşaqlıq boynu, prostat vəzi, düz bağırsaq, sidik kisəsi xərçənginin şüa terapiyasının ağırlaşması kimi inkişaf edir. 50-dən yuxarı yaş dövrü anus hüceyrələrinin bədxassəli transformasiyası baxımından təhlükəli sayılır.
Anusun xərçənginin təsnifatı
Anusun xərçənginin histoloji formaları geniş spektrlidir. Bu da anal nahiyənin mürəkkəb quruluşu və şişin təşkil olunduğu epitelin müxtəlifliyi (düz bağırsaqda çoxqatlı yastı, keçid, silindrik, anal vəzilərdə isə vəzili) ilə bağlıdır.
Patologiyanın ən çox rast gəlinən forması (55% hallarda) anusun epidermoid (yastıhüceyrəli) xərçəngidir. Bu forma anorektal xəttdən distal istiqamətdə anal kanalın xarici toxumalarından inkişaf edərək, xoralaşmaya meylli olur. Anusun kloakogen (bazaloid) xərçəngi anorektal xəttdən proksimal hissədə, silindrik epitelin yastı formaya keçdiyi nahiyədə lokalizasiya olunur. Adenogen xərçəng (adenokarsinoma) anal vəzilərin vəzili epitelindən başlanğıc götürür. Bir sıra xəstələrdə anusun vəzili-yastıhüceyrəli xərçənginə (məsələn, mukoepidermoid) rast gəlinir. Melanoma dəri və selikli qişalardan inkişaf edir, şişin tünd rəngdə olması məhz bununla əlaqədardır.
Anusun xərçənginin əlamətləri
Patologiya erkən mərhələlərdə qeyri-spesifik klinik əlamətlərlə müşayiət edilir. Xəstələr adətən nəcisdə qan qarışığının olmasından və anal qanaxmalardan şikayət edirlər. Anus nahiyəsində ağrılar başlanğıcda zəif olub, defekasiya zamanı meydana çıxır. Müəyyən müddətdən sonra ağrı daimi xarakter alır, güclənir, qarnın aşağı hissəsi, bud və cinsiyyət orqanlarına irradiasiya edir. Anusun xərçəngi uşaqlıq yolunun arxa tağına invaziya etdikdə rektovaginal fistula; kişilərdə sidik kisəsi və prostat vəziyə yayıldıqda dizurik əlamətlər; anal sfinkterdə destruktiv proseslər baş verdikdə nəcis saxlamazlıq müşahidə olunur.
Pasiyentlərin əksəriyyətini anal kanalda təzyiq və yad cismin olması hissi, periodik və ya daimi xarakterli anal qaşınma narahat edir. Ağrı sindromu və qaşınma anal nahiyənin sinirlərlə zəngin olması, anusun selikli qişasının patoloji ocaqdan axan selikli və ya irinli ifrazatlarla qıcıqlanması, əzələlərin güclü spazmı ilə bağlıdır.
Anusun xərçəngi nəcis ifrazının pozulmasına (əsasən qəbizliyə), perianal və qasıq limfa düyünlərinin böyüməsinə səbəb olur. Xəstələrdə anal kanalda və anus ətrafında sağalmayan xoralar əmələ gələ bilər. Gecikmiş formalarda halsızlıq, iştahsızlıq, arıqlama qeydə alınır.
Anusun xərçənginin diaqnostikası
Xarakterik əlamətlərin olmaması, yerli və ümumi əlamətlərin geniş spektri ilə əlaqədar anusun xərçənginin erkən diaqnostikası çətinlik törədir. Şübhəli əlamətlər müşahidə edildikdə kompleks müayinə – ümumi fizikal baxış, barmaqla rektal, endoskopik, ultrasəs, sitoloji və histoloji müayinələr aparılır.
Anal nahiyəyə baxış və barmaqla anorektal müayinə (arxası üstə, diz-dirsək vəziyyətində, qadınlarda – bimanual) düz bağırsaq və anusun selikli qişasının vəziyyətinin qiymətləndirilməsinə, törəmələrin aşkarlanmasına, onların sərhəd və ölçülərinin təyin edilməsinə imkan verir. Limfa düyünlərinin böyüməsini müəyyən etmək üçün qasıq nahisəsi palpasiya olunur.
Pasiyentlərdə mütləq qaydada rektoromanoskopiya (anoskopiya, proktoskopiya) aparılmalı, şübhəli sahələrdə bioptat götürülməlidir. Rektoromanoskopiyanın köməyilə törəmənin lokalizasiyası, ölçü və tipi dəqiqləşdirilir. Bundan əlavə anal yaxmanın, ehtiyac yarandıqda qasıq düyünlərinin punktatının sitoloji müayinəsi – PAP-test, eləcə də endoskopik biopsiya zamanı götürülən toxumaların histoloji analizi yerinə yetirilir.
Şiş prosesinin yayılmasını (mərhələsini) təyin etmək üçün əlavə müayinələr – kolonoskopiya, irriqoskopiya, transrektal ultrasonoqrafiya, USM, qarın boşluğu orqanlarının, limfa düyünlərinin MRT və ya KT, döş qəfəsinin rentgenoqrafiyası icra olunur. Anusun xərçəngini bağırsağın digər xəstəlikləri – babasil, poliplər, anorektal çatlarla differensiasiya etmək lazımdır.
Anusun xərçənginin müalicəsi
Xəstəliyin müalicəsində müxtəlif üsullardan: cərrahi, şüa (radiasion) terapiyası, kimyaterapiyadan istifadə olunur. Müalicə taktikası şişin lokalizasiya və ölçüləri, xəstəliyin mərhələsi, yanaşı gedən patologiya, ilkin müalicənin nəticələri (residivlərin olması) nəzərə alınmaqla tərtib olunur.
Hazırda anal xərçəngin standart müalicə üsulu kombinəolunmuş kimya-şüa terapiyasıdır. Anusun yastıhüceyrəli xərçəngi nisbətən yüksək radiohəssaslığa malikdir. Bu da anal sfinkterin qapayıcı funksiyasını qorumaqla ionlaşdırıcı şüalanma ilə bədxassəli törəmənin aradan qaldırılmasına imkan verir. Ön-yan və aralıq sahələrin distansion radioterapiyası, eləcə də Co-60 radioiynələrlə boşluqdaxili və toxumadaxili braxiterapiya tətbiq edilir. Radiasion təsiri gücləndirmək üçün yerli hipertermiyadan (yüksək tezlikli boşluqdaxili şüalanmanın köməyilə şişin 42–43°С-yə qədər qızdırılması) istifadə olunur.
Oral və ya venadaxili preparatlarla kimyaterapiya şiş və regionar metastazlara eyni zamanda təsir göstərməklə radioterapiyanın müalicəvi effektini gücləndirir. Lakin onun yan təsirləri vardır. Anusun xərçənginin kombinəolunmuş müalicəsində aşağı dozalı distansion şüa terapiyası və mitomisin C, 5-flüorurasillə kimyaterapiya birgə tətbiq edilir. Bu yolla çox zaman kiçik ölçülü şişlər tamamilə aradan qaldırılır, əməliyyatönü hazırlıqlar aparılır.
Anusun xərçənginin konservativ kombinəolunmuş müalicəsinin effektivliyi onu cərrahi müdaxiləyə – daimi kolostomanın formalaşdırılması ilə düz bağırsağın qarın-aralıq ekstirpasiyasına alternativ üsul edir. Radikal cərrahi əməliyyat zamanı şiş və düz bağırsağın, anal sfinkterin, bəzi hallarda perianal nahiyənin qonşu toxumaları kəsilib götürülür. Qasıq limfa düyünlərində metastazlar aşkar edildikdə limfadenektomiya icra olunur. Kimya-şüa terapiyasından sonra residivlərin yaranması və irinli-nekrotik ağırlaşmaların inkişafı cərrahi müalicəyə göstəriş sayılır.
Anusun xərçənginin proqnoz və profilaktikası
Anusun xərçənginin mərhələsindən asılı olaraq, cərrahi müalicə ilə uzunmüddətli remissiya əldə etmək mümkündür: regionar metastazlar müşahidə edilmədikdə 5 illik sağqalma ehtimalı 55-70%, əks halda isə təxminən 20% təşkil edir. Kombinəolunmuş kimya-şüa terapiyası diametri 3 sm-dən kiçik şişlərin rast gəlindiyi pasiyentlərin 80%-də sağalma ilə nəticələnir. Residivlərə 10%-dən az hallarda təsadüf olunur. Müalicənin nəticələrinin qiymətləndirilməsi və xəstəliyin residivlərinin erkən mərhələlərdə aşkarlanması məqsədilə müntəzəm şəkildə proktoloji müayinələrdən keçmək məsləhət görülür.
Anusun xərçənginin qarşısını almaq, İİV və İPV infeksiyalarının riskini azaltmaq üçün təsadüfi cinsi əlaqələr zamanı prezervativdən istifadə olunmalı, siqaretdən imtina edilməli, müntəzəm qaydada skrininq müayinələr (PAP-test, anoskopiya) aparılmalıdır.