Askaridoz

Аskaridoz – etioloji agenti insanın nazik bağırsağında parazitlik edən həlqəvi qurdlar – askaridlər olan qurd xəstəliyidir. Askaridozun erkən fazası ümumi nasazlıq, hərarət, dəridə səpkilər, hepatosplenomeqaliya, limfadenit, quru öskürəklə özünü göstərir.  Xroniki fazada mədə-bağırsaq traktının zədələnmələri – iştahanın azalması, ürəkbulanma, diareya, qarında ağrılar ön plana çıxır. Askaridozu aşkarlamaq məqsədilə seroloji reaksiyalar, nəcisdə helmint yumurtalarının təyini həyata keçirilir. Xəsətliyin müalicəsi antihelmint preparatlarla (vermoks, dekaris, pirantel) aparılır; əlavə olaraq antihistaminlər, ferment preparatları, probiotiklər təyin olunur.

Аskaridoz barədə ümumi məlumat

Askaridoz insan askaridləri (Ascaris lumbricoides) tərəfindən törədilən bağırsaq nematodozudur. Patologiya tezliyinə görə yalnız enterobiozdan geri qalan geniş yayılmış antroponoz helmintozdur. Xəstəliyə hər yerdə, müxtəlif iqlim qurşaqlarında (həmişə donmuş olan torpaqlar və quru səhralar istisna olmaqla) rast gəlinir; uşaqları daha tez-tez (65%) zədələyir. ÜST-nin məlumatına əsasən planetin əhalisinin təxm. 1 milyardı askaridoza yoluxub; isti və rütubətli iqlimdə yaşayan əhali arasında askaridoz 30-90% hallarda aşkar olunur. Əhalinin yüksək həssaslığı və ağır, həmçinin cərrahi fəsadlaşmaların inkişaf riskinin mümkünlüyünə görə askaridoz infeksiologiya, parazitologiya və pediatriyanın diqqətini ciddi şəkildə cəlb edir.

Аskaridozun səbəbləri

Askaridozun törədicisi – Ascaris lumbricoides (askarid) həlqəvi qurdlar sinfinə aiddir. Askaridlər dartılmış iyşəkilli formaya malik, sarımtıl-çəhrayı rəngli qurdlardır. Onlar müxtəlif cinsli helmintlərdir: uzunluğu 20-40 sm olan askaridlər dişi, 15-25 sm olanlar isə erkəkdir; bu qurdların eni 4-6 mm-dir. Cinsi yetişmiş fərd hər gün nəcislə xaric olunan  200 000-dən artıq qeyri-invaziv yumurta qoyur. Torpaqda, əlverişli temperatur və rütubət şəraitində 12-14 gün ərzində yumurtalar invaziv mərhələyədək (sərbəst xəstəlik yaratma qabiliyyətinədək) yetişir.

Askaridozun yayılmasında potensial mənbə helmintlə xəstələnmiş insandır. İnvaziya fekal-oral mexanizmlə, alimentar yolla reallaşır. Bu o deməkdir ki,  nəcislə xarici mühitə düşmüş və torpaqda invaziv mərhələyədək yetişmiş yumurta çirkli əllər, gündəlik əşyalar, parazitlə çirklənmiş meyvə, giləmeyvə, tərəvəz və başqa gigiyena qaydalarına riayət etmədikdə ağızdan yeni sahibinin orqanizminə daxil olur. Askaridozla xəstələnmə, uşaqlar, təmizləyici qurğularda işləyən insanlar, kənd təsərrüfatı işçiləri, bağbanlar və s. arasında daha yüksəkdir. Yoluxma təhlükəsinin yüksəldiyi mövsüm yazdan payıza qədər davam edir.

Askaridin sonrakı inkişafı sahib orqanizmində baş verir. Burada o, askaridozun erkən (miqrasion) və gecikmiş (bağırsaq) fazalardan keçir. İnsanın mədə-bağırsaq traktında, məhz nazik bağırsaqda larvalar yumurtadan çıxır və venoz qana keçərək qan cərəyanı ilə qapı venasına, sonra isə qan damarları ilə ağciyərlərin kapilyar şəbəkəsinə düşür. Orada larvallar alveollara keçir, bronxun, traxeyanın və qırtlağın mənfəzi ilə yuxarı qalxır. Bronxial sekret və tüpürcəklə birlikdə udulur və yenidən nazik bağırsağa qayıdırlar. Burada larvalar cinsi yetişkən qurdlara çevrilirlər. Tam tsikl – invaziv yumurtanın cinsin yetkin askaridə çevrilmə prosesi təxm. 2,5-3 ay təşkil edir.

Askaridozun erkən fazasında larvaların metabolizm məhsulları, həmçinin bağırsaqlar, qaraciyər, damarlar, bronxopulmonal sistemin toxumasının mexaniki zədələnməsi nəticəsində orqanizmin sensibilizasiyası baş verir. Askaridozun gecikmiş fazasında orqanizmə yetkin askaridlərin həyat fəaliyyəti və parçalanma məhsullarının toksiki təsiri, nazik bağırsağın travmaları, qidalı maddələrin sorulmasının pozulması, immunitetin zəifləməsi daha çox özünü göstərir.

Аskaridozun simptomları

Askaridozun klinik simptomatikası rəngarəngdir və invaziyanın massivliyindən, xəstənin yaşından, xəstəliyin fazasından asılıdır. Larvaların miqrasiya fazasında alergik, infeksion-toksik, qaraciyər və ağciyər sindromları inkişaf edə bilər. Uşaqlarda askaridozun bu mərhələsi tez-tez simptomsuz keçir.

Allergik təzahürlər gövdədə, əllərdə və pəncədə vezikulyar və urtikar səpkilər, güclü qaşınma ilə xarakterizə olunur. Askaridoz zamanı infeksion-toksiki sindrom febril hərarət, zəiflik, nasazlıq, tərləmə, limfadenopatiya ilə müşayiət olunur. Qaraciyər sindromunun əlamətlərinə qaraciyər və dalağın böyüməsi, sağ qabırğaaltı nahiyədə mülayim ağrı, qaraciyər fermentlərinin aktivliyinin yüksəlməsi və s. aiddir. Askaridozun miqrasion fazasında, demək olar ki, həmişə bronxpulmonal sindrom (eozinofil pnevmoniyası, Löffler sindromu) inkişaf edir. O, quru və ya yaş öskürək, təngnəfəslik, döş qəfəsində ağrılar, ağciyərlərdə xırıltılarla gedir. Bu fonda tez-tez eksudativ plevrit inkişaf edir.  Torakosentezlə götürülmüş plevral mayenin müayinəsində eozinofillərin yüksək konsentrasiyası, nadir hallarda askarid larvaları aşkar olunur.

Askaridozun gecikmiş (bağırsaq) fazası 2 klinik sindromun – qastrointestinal və astenovegetativ sindromun inkişafı ilə xarakteriz olunur. Bu mərhələdə mədə-bağırsaq traktı tərəfdən iştahanın azalması, səhərlər ürəkbulanma, qusma, qarında ağrılar, diareya, qəbizlik, meteorizm, çəkinin azalması qeyd olunur. Sinir sisteminə toksik təsir zəiflik, yuxu pozulması, yaddaşın zəifləməsi (uşaqlarda psixomotor inkişafın ləngiməsi), meningizm əlamətləri, epilepsiyayabənzər qıcolmalar meydana çıxa bilər.

Massiv qurd invaziyası fəsadlaşmalara səbəb ola bilər. Belə ki, askaridin öd kisəsi və mədəaltı vəzi axacaqlarına miqrasiyası zamanı mexaniki sarılıq, irinli xolangit, qaraciyərin çoxsaylı absesləri, kəskin pankreatit, appendisit, peritonit inkişaf edə bilər. Kəskin askaridoz asfiksiyasına gətirib çıxaran tənəffüs yollarının helmintlərlə mexaniki obstruksiyası baş verə bilər. Uşaqlarda askaridoz, adətən, bağırsaq keçməzliyi ilə ağırlaşır. Hamilələrin askaridozu ağır toksikoza, dölün inkişafının ləngiməsinə, doğuşun və doğuşdan sonrakı dövrün ağırlaşmış gedişinə səbəb olur.

Аskaridozun diaqnostikası

Uşaqda və ya böyükdə askaridozun olmasından şübhələnməyə izah edilməyən və davamlı temperatur, öskürək, dəri səpkiləri, həzmin pozulması, arıqlama, əsəbilik kimi şikayətlər əsas verir. Helmint invaziyasını erkən mərhələdə aşkarlanmasına immunoferment analiz və lateks-aqqlütinasiya reaksiyaları vasitəsilə qan serumunda antitellərin təyini kömək edir. Qanın ümumi analizində dəyişikliklər eozinofiliya, EÇS-nin yüksəlməsi, mülayim leykositoz, anemiya ilə xarakterizə olunur. Bronxopulmonal sindromlu pasientlərdə ağciyərlərin rentgenoqrafiyası zamanı “uçan Löffler infiltratı” – miqrasiya edən larvalarla birgə yerini dəyişən infiltrasiya ocaqları aşkar olunur. Bəlğəmin mikroskopik müayinəsində askarid larvaları görünə bilər.

Xroniki fazada askaridozun diaqnostikasının əsas metodu nəcisin helmint yumurtalarına görə müayinəsidir. Lakin bu üsulla invaziyanı yoluxmadan yalnız 3 ay sonra aşkar etmək olar. Parazitliyi yalnız erkək, cinsi yetişməmiş dişilər və qoca qurdların etdiyini nəzərə alsaq, helmint yumurtaları nəcisdə olmaya da bilər. Belə olan halda diaqnostik dehelmintizasiya aparılır. Kontrast maddə fonunda nazik bağırsağın rentgenoqrafiyasında bağırsağın mənfəzində açıq rəngli, lent və ya yumaq şəkilli askaridləri görmək olar.

Erkən fazada askaridozu pnevmoniya, vərəm, ağciyərlərin xərçəngindən fərqləndirmək lazımdır. Xroniki faza differensial diaqnostika ilk növbədə duodenit, enterit, xolesistit və həzm sisteminin başqa xəstəlikləri ilə aparılmalıdır.

Аskaridozun müalicə və profilaktikası

Askaridozun müalicəsi infeksionistin (uşaq infeksionisti və ya pediatr) kontrolu altında aparılır və təşkilati-rejim tədbirləri, dehelmintizasiya, dispanser müşahidə və təkrar yoluxmanın profilaktikasından ibarətdir. Ümumi tövsiyələrə, başlıca olaraq, vitaminlərlə, heyvan zülalları və üzvi karbohidratlarla zəngin qidalanmaya nəzarət aiddir.

Dərman terapiyası antihelmint preparatlarla aparılır. Belə ki, askaridozun erkən fazasında tiabendszol və ya mebendazol, bağırsaq fazasında levomizol, pirantel və s  təyin olunur.  Allergizasiyanı azaltmaq məqsədilə antihelmint preparatlarla eyni zamanda antihistamin preparatların qısa kurslarla qəbulu tövsiyə olunur. Həzm funksiyasının normallaşdırılması məqsədilə enzimlər (pankreatin) istifadə olunur. Bağırsaq mikroflorasının korreksiyası probiotik preparatların köməyilə aparılır.

Antihelmint terapiyanın effektivliyinin kontrolu 3 qat müalicə kursundan 2 həftə və 1 ay sonra həyata keçirilir. Askaridozla xəstələnmiş pasientlərə 3 il ərzində hər il koproovoskopiya aparılması ilə dispanser müşahidə tətbiq olunur. Askaridozun profilaktikası xəstələrin vaxtında aşkarlanmasına, uşaqların gigiyenik tərbiyəsinə, böyüklər arasında sanitar mədəniyyətin səviyyəsinin yüksəlməsinə yönəlməlidir. Askaridozla yoluxmadan qaçmaq üçün elementar gigiyena qaydalarına – yeməkdən əvvəl, küçədən gələndə, tualetə getdikdən sonra əlləri yumaq; meyvə, giləmeyvə və tərəvəzlər süfrəyə verilməzdən öncə axar su altında hərtərəfli yumaq kimi qaydalara  riayət etmək kömək edir. Askaridozun fəsadlaşmamış gedişində proqnoz kafidir. Təkrari invaziya olmadıqda təxm. 1 il sonra askaridlərin təbii məhvi səbəbindən öz-özünə sağalma baş verir. Fəsadlaşma nisbətən nadir, əsasən uşaqlarda və zəifləmiş pasientlərdə inkişaf edir.

error: Content is protected !!