Astenopiya
Astenopiya – funksional xarakterli görmə pozğunluğudur. Bu patoloji vəziyyət zehni fəaliyyətlə məşğul olarkən gözlərin tez yorulması ilə müşayiət edilir. Klinik olaraq, göynəmə və yanğı hissi, ağrı, hiperemiya, dumanlı görmə ilə təzahür edir. Gərgin və ya uzunmüddətli vizual yüklənmə görmə itiliyinin zəifləməsinə səbəb olur. Diaqnostika görmə itiliyinin təyininə, refraktometriya, biomikroskopiyanın aparılmasına, akkomodasiyanın müayinəsinə əsaslanır. Müalicə məqsədilə ametropiya korreksiya edilir, konservativ terapiya təyin olunur. Bununla yanaşı aparatla müalicə üsullarına da üstünlük verilir.
Astenopiya barədə ümumi məlumat
Astenopiya – göz yorğunluğunun subyektiv əlamətləri ilə təzahür edən patoloji vəziyyətdir. Oftalmologiyada bu patologiya görmənin funksional pozğunluqları ilə gözün üzvi xəstəliklərinin başlanğıc mərhələsi arasında keçid vəziyyət kimi qəbul edilir. Astenopiya hər iki cinsin nümayəndələrində eyni tezliklə rast gəlinir. İrq və yaş xüsusiyyətləri qeydə alınmır. Dünya əhalisinin 75%-dən çox hissəsində elektron qurğularla işləyərkən astenopik xarakterli əlamətlər yaranır.
Astenopiyanın yaranma səbəbləri
Astenopiya multifaktorlu patologiyadır. Elekton qurğularla, kiçik əşyalarla uzunmüddətli işləmək, qeyri-kafi işıqlandırılan otaqda kitab oxumaq, pis hava şəraitində avtomobil idarə etmək, gözün gigiyena qaydalarına riayət etməmək akkomodasiya spazmının inkişafına təkan verir. Astenopik əlamətlər hipermetropiya, astiqmatizm, siliar əzələnin hipotrofiyası və ya innervasiyasının pozulması zamanı akkomodasiya qabiliyyətinin zəifləməsi nəticəsində yaranır. Göz almasının əzələ aparatının davamlı spastik vəziyyəti klinik olaraq, gözlərin tez yorulması ilə özünü büruzə verir.
Astenopiyanın provokasiyaedici amillərinə akkomodasiya və konvergensiya arasındakı koordinasiyanın pozulması, gözün daxili əzələlərinin həddindən artıq yüklənməsi aiddir. Astenopik şikayətlərin əksəriyyəti quru göz sindromunun inkişafı ilə bağlıdır. Belə ki, diqqətin uzun müddətli konsentrasiyası müəyyən zaman vahidində gözlərin qırpılma sayının azalması ilə müşayiət olunur. Bu hal meybom vəzilərinin sekret ifrazının zəifləməsinə gətirib çıxarır.
Görmə analizatorunun neyroreseptor tükənməsi zamanı görmə siqnallarının sinir impulslarına transformasiyası pozulur, simptomatik astenopiya yaranır. Göz yorğunluğunun inkişafında zehni fəaliyyətə psixoloji adaptasiyanın aşağı səviyyəsi müəyyən rol oynayır.
Etiologiya və patogenez əsasında astenopiyanın aşağıdakı formaları qeyd edilir: akkomodasion, neyroreseptiv və psixoemosional.
Astenopiyanın əlamətləri
Astenopiya üçün mərhələli klinik gediş xarakterikdir. Patoloji vəziyyətin kompensasiya, subkompensasiya və dekompensasiya mərhələləri ayırd edilir. Kompensasiya mərhələsində fizioloji normadan kənara çıxmayan qısamüddətli görmə pozğunluqları mümkündür. Bu səbəbdən vizual yüklənmə ilə əlaqədar yaranan, planlı istirahətdən sonra aradan qalxan və əmək qabiliyyətini pozmayan görmə diskomfortu kompensasiya olunmuş astenopiya kimi qiymətləndirilir. Belə hallar göynəmə hissi, göz yaşının həddindən artıq ifrazı, hiperemiya, dumanlı görmə ilə müşayiət olunur.
Subkompensasiya mərhələsində görmə pozğunluğu uzun müddət davam etsə də, geri dönən olur. Simptomatika gözlərdə yanğı və yad cisim (qum) hissiyyatı, təsvirin ikiləşməsi və yaxud təhrif olunması ilə səciyyələnir. Görmə funksiyasının funksional pozğunluqları istirahətdən 1-2 gün keçdikdən və ya cüzi yüklənmədən sonra qısa remissiya dövrləri ilə yarana bilər.
Dekompensasiya mərhələsi göz yorğunluğunun klassik əlamətləri ilə təzahür edir. Pasiyentlərin anamnezində blefarit və konyunktivitin tez-tez təkrarlanmasına rast gəlinir. Refraksiya və akkomodasiya pozğunluqları geri dönən olmur. Bu mərhələdə presbiopiyanın erkən klinikası, miopiyanın inkişafı və proqressivləşməsi mümkündür. Astenopiyanın hər bir mərhələsində qeyri-spesifik əlamətlər: baş ağrıları, əsəbilik, ümumi halsızlıq meydana çıxa bilər.
Astenopiyanın diaqnostikası
Diaqnostik tədbirlər kompleksinə vizometriya, refraktometriya, biomikroskopiya, akkomodasiyanın müayinəsi daxildir. Vizometriya üsulu ilə görmə itiliyinin pozulma dərəcəsi müəyyənləşdirilir. Astenopiyalı pasiyentlərdə miopiyaya meyllik müşahidə edilir.
Akkomodasiyanın müayinəsi astenopiyanın diaqnostikasının əsas üsullarından sayılır. Müayinə prosesində proksimetriya aparılır, akkomodasiya qabiliyyətinin həcmi və gərginliyi təyin edilir. Həddindən artıq vizual yüklənməyə məruz qalan pasiyentlərdə aydın görmə nöqtəsinin miopiya tərəfə yerdəyişməsi izlənilir. Proksimetriya zamanı xəstələr əvvəllər təsvirin ikiləşməsi, dumanlı görünməsi, gözlərdə yanğı və ağrı hissinin yaranması kimi əlamətlərin meydana çıxdığını qeyd edirlər. Akkomodasiyanın eni, həcmi və gərginliyinin təyini əksər hallarda yaxından görmənin proqressivləşdiyini üzə çıxarır.
Astenopiyalı pasiyentlərdə refraktometriya vasitəsilə miopiya və ya astiqmatizm, eləcə də refraksiyanın erkən pozğunluqları aşkar edilir. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, aparat dalbadal aparılan bir neçə ölçmələrdən sönra orta göstəriciləri təqdim edir.
Biomikroskopiya üsulu göz almasının ön şöbələrinin ətraflı müayinəsinə imkan verir. Dekompensasiya olunmuş astenopeniyalı pasiyentlərdə bu metodla konyunktiviti təyin etmək, dəyişikliklərin xarakterini və müalicənin effektivliyini qiymətləndirmək mümkündür.
Astenopiyanın aşkarlandığı pasiyentlərə ildə bir dəfə göz dibinin müayinəsi və gözdaxili təzyiqin ölçülməsi üçün həkim-oftalmoloqun qəbulunda olmaq məsləhət görülür.
Astenopiyanın müalicəsi
Astenopiyanın müalicəsi kompleks şəklində aparılır. Kompensasiya mərhələsində üzvi dəyişikliklərə rast gəlinmədikdə vizual yüklənmələrin istirahət saatları ilə növbələnməsi tövsiyə olunur. Kompensasiya və subkompensasiya mərhələsində görmənin aparatla müalicə üsullarının təyini məqsədəuyğundur. Onlara göz trenajoru (akkomodotrener), lazer stimulyasiyası və Sidorenko eynəyi daxildir.
Göz trenajorunun tətbiq spektri genişdir. Bu aparatın köməyilə kompensasiya olunmuş astenopiyalı pasiyentlərdə akkomodasiyanın spazmını aradan qaldırmaq, eləcə də miopiyanın və hipermetropiyanın başlanğıc mərhələlərinin optik korreksiyasını aparmaq mümkündür.
Lazer stimulyasiyası torlu qişanın reseptor aparatının fəaliyyətini tənzimləyir, siliar əzələnin tonusunu azaldır. Neyroreseptiv astenopiya və astenopik şikayətlərlə müşayiət olunan astiqmatizm, miopiya, hipermetropiya lazer stimulyasiyasına göstəriş sayılır. Sidorenko eynəyi ilə astenopiyanın müalicəsinin effektivliyi gözün və yaxınlıqdakı strukturların vakuum massajı hesabına əldə edilir. Masaj hərəkətləri regional mikrosirkulyasiyasını stimulyasiya edir, trofikanı yaxşılaşdırır.
Astenopiyanın dekompensasiya mərhələsində olan və ya anamnezində ametropiyaya rast gəlinən pasiyentlərdə patologiya eynək və ya kontakt linzalarla korreksiya edilir. Konservativ terapiya qısa müddətli təsirə malik midriatiklərlə (fenilefrin-hidroxlorid, tropikamid) aparılır. Müalicə kursunun müddəti astenopiyanın mərhələsinə və ağırlıq dərəcəsinə əsasən müəyyənləşdirilir.
Astenopiyanın proqnoz və profilaktikası
Astenopiyanın proqnozu xəstəliyin mərhələsindən asılıdır. Kompensasiya mərhələsində vizual yüklənmə normaya salındıqda görmə funksiyası bərpa oluna bilər. Subkompensasiya mərhələsində adekvat müalicə prosesin geriyə inkişafını təmin etdiyindən proqnoz qənaətbəxş olur. Dekompensasiya zamanı tam sağalma mümkün deyil.
Astenopiyanın profilaktikası vizual yüklənmələrin istirahət dövrləri ilə növbələnməsindən ibarətdir. Astenopiyalı pasiyentlər vaxtaşırı göz üçün vitaminlər qəbul etməlidirlər. Vizual yüklənmədən əvvəl gözü nəmləndirən damçılardan istifadə etmək məsləhətdir.
Ev şəraitində akkomodasiya spazmını azaltmaq üçün kiçik perforasiyalı xüsusi eynəklərdən istifadə olunmalı, göz idmanları edilməlidir.