Astmatik status
Astmatik status bronxial astmanın ağırlaşmasıdır. Bu patologiyanın letallığı cavan və əmək qabiliyyəti olan insanlar arasında 17%-ə çatmışdır. Bununla yanaşı, heç kəs astmatik statusdan sığortalanmayıb – müxtəlif məlumatlara görə ağırlaşma 17-79% hallarda baş verir. O həm tibbi, həm də sosial problem olduğundan astmatik, bronxopulmonar və allergik xəstəliklərin qarşısının alınmasına və müalicəsinə yönəlmiş rasional profilaktik metodlar tələb edir. Astmatik statusun dəf edilməsinin əsasında bronxodilatasiyaedici müalicə durur. Əlavə olaraq oksigenobaroterapiya, göstərişlərə əsasən ASV aparılır.
Astmatik status barədə ümumi məlumat
Astmatik status bronxial astmanın adi tutmalarından xeyli güclü tutmasıdır. Bu zaman o, pasiyentin qəbul etdiyi bronxodilatatorların yüksək dozası ilə də dəf edilə bilmir. Bronxların keçiriciliyinin kəskin pozulması selikli qişaların ödemi, bronx əzələlərinin spazmı və seliklə obstruksiya nəticəsində baş verir. Bu, nəfəsalmanın çətinləşməsinə, nəfəsvermənin isə uzanmasına gətirib çıxarır.
Qısa müddətli nəfəsalma zamanı tənəffüs yollarının mənfəzinin tutulması və azalması nəticəsində ağciyərlərə daxil olan hava nəfəs vermədə xaric olandan çox olur. Bu, ağciyərlərin hiperhavalılığına və şişkinliyinə gətirib çıxarır. Tezləşmiş nəfəsvermə və kiçik bronxların gərginliyi daha da spazmlı olur. Bütün proseslər nəticəsində ağciyərlərdə hava durğunlaşır, arterial qanda isə karbon qazının miqdarı artır, oksigen qazının isə azalır. Ağır tutmalarda olduğu kimi astmatik statusda da tənəffüs əzələlərinin tükənməsi sindromu inkişaf edir. Tənəffüs əzələlərinin daimi və az effektiv hərəkətləri hipertrofiyaya və döş qəfəsinin astmatiklər üçün xarakterik formasının inkişafına gətirib çıxarır. Ağciyərlərin böyüməsi və əzələlərin hipertrofiyası ona çəllək görünüşü verir.
Astmatik statusun təsnifatı
Patogenezinə görə:
- Ləng inkişaf edən astmatik status
- Anafilaktik astmatik status
- Anafilaktoid astmatik status
Mərhələlərinə görə:
- Nisbi kompensasiya mərhələsi
- Dekompensasiya mərhələsi (ağciyərlərin ekskursiyası olmur)
- Koma (hipoksiyanın nəticəsi)
Astmatik statusun risk faktorları
Risk qrupuna məişətdə, evdə və ya işdə daim allergənlərlə qarşılıqlı əlaqədə olan bronxial astmalı xəstələr aiddir; tez-tez respirator xəstəliklərdən və ya tənəffüs yollarının başqa xəstəliklərindən əziyyət çəkirlər. Fiziki və güclü emosional yüklənmələr də astmatik statusu tez-tez provokasiya edir. Aspirin və beta-blokatorlar qəbul edən pasiyentlər də risk qrupuna aiddir. Lakin bəzən astma məhz astmatik tutma ilə debüt edir. Bu zaman simptomatikaya panika və ölüm qorxusu da qoşulur.
Astmatik statusun klinik təzahürləri
Simptomatika astmatik statusun mərhələsindən birbaşa asılıdır və dəf etmək mümkün olmadıqda birinci mərhələ tədricən şok vəziyyətinə, sonra isə komaya keçə bilər.
- I mərhələ – nisbi kompensasiya. Pasiyentin huşu normaldır, ünsiyyətə açıqdır, özünü adekvat aparır və daha asan nəfəs alacağı vəziyyət almağa çalışır. Adətən, oturur, nadir hallarda ayaq üstə durur, gövdəsini azacıq önə doğru əyir və əlləri üçün dayaq nöqtəsi axtarır. Boğulma tutması adi tutmalarla müqayisədə daha intensivdir, vərdiş olunmuş preparatlarla dəf edilə bilmir. Təngnəfəslik və burun-dodaq üçbucağının aydın nəzərə çarpan sianozu, bəzən tərləmə qeyd olunur. Bəlğəmin olmaması həyəcanverici simptomdur və pasiyentin vəziyyətinin daha da pisləşəcəyinə işarə edir.
- II mərhələ – dekompensasiya və ya lal ağciyər mərhələsi. Tutmanı vaxtında aradan qaldırmaq mümkün olmadıqda ağciyərlərdə qeyri-produktiv hava çoxalır, bronxlar isə daha da spazmatik olur, nəticədə ağciyərlər, demək olar ki, ekskursiya etmir. Qanda hipoksiya və hiperkapniya artır, metabolik proseslər dəyişir; oksigen çatışmazlığı maddələr mübadiləsinin aralıq məhsullarının yaranmasına, nəticədə qanda asidozla (turşulaşma) sonlanmaya gətirib çıxarır. Pasiyentin huşu normal olur; lakin onun reaksiyaları tormozlanır, barmaqların kəskin sianozu, körpücükaltı və -üstü çalanın dərinləşməsi, qeyd olunur; döş qəfəsi havalı olur və ekskursiya, demək olar ki, sezilmir. Ürək-damar sistemi tərəfindən pozulmalar (təzyiq azalır, tezləşmiş, zəif, aritmik, bəzən sapvari nəbz) da qeyd olunur.
- III mərhələ – hipoksiemik mərhələ, hiperkapnik koma. Pasiyentin vəziyyəti həddən artıq ağır, huşu pozulmuşdur; baş verənlərə adekvat reaksiyası yoxdur. Tənəffüs səthi, nadir, serebral və nevroloji patologiyaların simptomatikası inkişaf edir; nəbz sapvari, arterial dəzyiq aşağıdır; kollapsa keçə bilər.
Astmatik status nəticəsində ölüm səbəbi tənəffüs yollarının keçiriciliyinin pozulması, kəskin ürək-damar çatışmazlıqlarının prosesə qoşulması və ya ürəyin dayanmasıdır. Döş qəfəsinin cırılması nəticəsində astmatik statusun pnevmotoraksla sonlanmasına dair klinik hallar mövcuddur.
Astmatik statusun diaqnostikası
Diaqnoz simptomlara əsasən, adətən, təcili yardım həkimi və ya stasionarda terapevt tərəfindən (tutma xəstəxana şəraitində müalicə zamanı baş verdikdə) qoyulur. İlk yardım göstərildikdən sonra pasiyent eyni zamanda həm müalicə aparılan, həm də tez-tez xəstəyə nəzarət edilən şöbələrdə – intensiv terapiya və ya reanimasiya şöbələrində dərhal hospitalizasiya olunur. Sidiyin və qanın ümumi analizi, qanın biokimyəvi analizi, qanın qaz tərkibinin vəziyyəti və turşu-qələvi balansının əmsalı bronxial astma tutmalarında olduğu kimi dəyişilir, sadəcə olaraq dəyişikliklərin dərəcəsi bir qədər yüksəlmiş olur.
Astmatik statusun müalicəsi
Dərman terapiyası əksər halarda müsbət effekt verir; effekt əldə etmədikdə ağciyərlərin məcburi ventilyasiyası üçün intubasiya göstərişdir. Pasiyent vaxtında stasionara çatdırıldıqda tutma dəf edilə bilinir, lakin patoloji vəziyyətin ağırlığı və sürətliliyi həmişə buna imkan vermir.
Astmatik statusun dəf edilməsinin əsas prinsipi bronxgenəldici terapiyanın tətbiqidir. Adi preparatlar heç bir effekt vermədiyindən qlükokortikosteroidlər dərhal venadaxili yeridilir və tutma aradan qaldırıldıqdan sonra bronxgenəldici preparatlar təyin olunur. Bundan başqa, ürək əzələlərinin fəaliyyətini dəstəkləmək və hemodinamik pozulmaları vaxtında korreksiya etmək mühümdür.
Müalicə metodlarından biri də oksigenobaroterapiyadır. Oksigenin yüksək konsentrasiyası inkişaf edən asidoz simptomlarını qısa müddətdə aradan qaldırmağa imkan verir. ASV dərman terapiyası effektsiz olduqda, pasiyent huşunu itirdikdə, ürək-damar sisteminin fəaliyyəti ciddi dəyişikliklərə uğradıqda, həmçinin pasiyentin qeyri-adekvatlığı və tənəffüs əzələlərinin tükənməsi zamanı göstərişə uyğun olaraq aparılır. Bu zaman ağciyərlərin süni ventilyasiyası tutmanın dəf edilməsi üçün daha effektli metodu seçməyə və ventilyasiyanı korreksiya etməyə imkan verir.
Astmatik statusun profilaktika və proqnozu
Hətta astmatik statusu dəf etmək mümkün olduqda belə proqnoz həddən artıq ağırdır. Belə ki, o, bronxial astmanın gedişinin pisləşməsinin təsdiqidir.
Astmatik statusun profilaktikası bronxial astmalı pasiyentlərin daimi və müntəzəm müayinəsindən ibarətdir. Belə pasiyentlər psixi və fiziki yüklənmələrdən qaçmalı, bronxodilatatorların effektiv dozasını minimuma edirməyə çalışmalıdırlar. Sağlam həyat tərzi, allergenlərə qarşı desensibilizasiya ağırlaşmalardan qaçmağa kömək edir.