Aterosklerotik kardioskleroz

Aterosklerotik kardioskleroz – koronar arteriyaların aterosklerotik zədələnməsi nəticəsində miokardda çapıq toxumasının diffuz inkişafıdır. Xəstəlik proqressivləşən ÜİX: stenokardiya tutmaları, ritm və ötürücülüyün pozulması, ürək çatışmazlığı ilə təzahür edir. Aterosklerotik kardiosklerozun diaqnostikası kompleks instrumental və laborator müayinələrin – EKQ, ExoKQ, veloerqometriya, farmakoloji sınaqlar, qanda xolesterin və lipoproteid səviyyəsinin təyininin nəticələrinə əsaslanır. Müalicə konservativ yolla aparılır; koronar qan dövranının yaxşılaşması, ritm və ötürücülüyün normalizasiyası, xolesterin səviyyəsinin azalması, ağrı sindromunun aradan qalxmasına yönəldilir.

Aterosklerotik kardioskleroz barədə ümumi məlumat

Kardioskleroz (miokardioskleroz)  – miokardın əzələ liflərinin birləşdirici toxuma ilə ocaqlı və ya diffuz əvəz olunma prosesidir. Etiologiyaya əsasən miokarditik (miokardit, revmatizm nəticəsində), aterosklerotik, postinfarkt və birincili (anadangəlmə kollagenozlar, fibroelastozlar zamanı)  kardiosklerozlar ayırd edilir. Kardiologiyada aterosklerotik kardioskleroz tac damarlarının aterosklerozunun proqressivləşməsi səbəbindən yaranan ÜİX-nin təzahürü kimi qəbul edilir. Xəstəlik adətən orta və ahıl yaşlı kişi cinsinin nümayəndələrində müşahidə olunur.

Aterosklerotik kardiosklerozun yaranma səbəbləri

Bu patologiyanın əsasında koronar damarların aterosklerotik zədələnməsi dayanır. Aterosklerozun əsas inkişaf amili damarların daxili qişasında lipoidlərin həddindən artıq toplanması ilə müşayiət olunan xolesterin mübadiləsinin pozulmasıdır. Yanaşı gedən arterial hipertenziya, vazokonstriksiyaya meyllik, qida rasionunda xolesterinlə zəngin yeməklərin üstünlük təşkil etməsi koronar damarların aterosklerozunun formalaşma sürətinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Koronar damarların aterosklerozu tac arteriyalarının mənfəzinin daralmasına, miokardın qan təhcizatının pozulmasına gətirib çıxarır, nəticədə onun əzələ lifləri çapıq (birləşdirici) toxuma ilə əvəz olunur (aterosklerotik kardioskleroz).

Aterosklerotik kardiosklerozun patogenezi

Koronar arteriyaların stenozlaşdırıcı aterosklerozu miokardda işemiya və metabolik pozğunluqlarla, əzələ liflərinin tədricən və zəif inkişaf edən distrofiya, atrofiya və ölümü, onların yerində nekroz sahələri, mikroskopik çapıqların formalaşması ilə müşayiət edilir. Reseptorların məhvi miokard toxumalarının oksigenə qarşı həssaslığının azalmasına və ÜİX-nin proqressivləşməsinə səbəb olur.

Aterosklerotik kardioskleroz diffuz yayılma xüsusiyyətinə və uzunmüddətli gedişə malikdir. Aterosklerotik kardiosklerozun proqressivləşməsi zamanı əvvəlcə kompensator hipertrofiya, sonra isə sol mədəciyin dilatasiyası baş verir, ürək çatışmazlığının əlamətləri artır.

Patogenetik mexanizmlər nəzərə alınmaqla aterosklerotik kardioskleroz 3 formaya ayrılır: işemik, postinfarkt və qarışıq. İşemik kardioskleroz qan dövranının uzun sürən çatışmazlığı ilə əlaqədar yaranır, zəif proqressivləşir, diffuz xarakter daşıyır. Postinfarkt (postnekrotik) kardioskleroz əvvəlki nekroz  sahələrində formalaşır. Qarışıq (keçid) aterosklerotik kardioskleroz yuxarıda qeyd olunan hər 2 mexanizmi özündə birləşdirir, fibroz toxumanın zəif diffuz inkişafı və onun fonunda miokardın təkrari infarktından sonra vaxtaşırı nekrotik ocaqların əmələ gəlməsi ilə səciyyələnir.

Aterosklerotik kardiosklerozun əlamətləri

Aterosklerotik kardioskleroz ürəyin yığılma funksiyasının pozulması, koronar çatışmazlıq,  ritm və  ötürücülüyün pozulmasına dəlalət edən 3 qrup əlamətlərlə təzahür edir. Aterosklerotik kardiosklerozun klinik simptomatikası uzun müddət zəif ifadə oluna bilər. Sonralar sol əl, kürəyin sol hissəsi, epiqastral nahiyəyə irradiasiya edən döş sümüyü arxası ağrılar meydana çıxır. Miokardın təkrari infarktı inkişaf edə bilər.

Çapıqlı-sklerotik proseslər proqressivləşdikcə tez yorulma, təngnəfəslik (əvvəlcə – ağır fiziki yüklənmələr, sonra isə adi yerimə zamanı), bir sıra hallarda ürək astmasının tutmaları, ağciyərlərin ödemi yaranır. Ürək çatışmazlığı  inkişaf etdikdə ağciyərlərdə durğunluq əlamətləri, periferik ödemlər, hepatomeqaliya, ağır formalı aterosklerotik kardioskleroz zamanı plevrit və assit müşahidə edilir.

Ürək ritmi və ötürücülüyün pozulması ekstrasistoliya, səyrici aritmiya, mədəcikdaxili və qulacıq-mədəcik blokadalarına meylliklə xarakterizə olunur. Başlanğıcda bu dəyişikliklər paroksizmal tipli olur, sonralar isə tezləşərək, daimi xarakter alır.

Aterosklerotik kardioskleroz çox zaman aorta, serebral, iri periferik arteriyaların aterosklerozu ilə müştərək şəkildə inkişaf edir, müvafiq simptomatika (yaddaşın zəifləməsi, başgicəllənmə, növbələnən axsaqlıq və s.) ilə müşayiət olunur.

Aterosklerotik kardioskleroz zəif proqressivləşən gedişə malikdir. Bir neçə il davam edə bilən nisbi yaxşılaşma dövrlərinin rast gəlinməsinə baxmayaraq, koronar qan dövranının təkrarlanan kəskin pozulmaları vəziyyətin pisləşməsinə gətirib çıxarır.

Aterosklerotik kardiosklerozun diaqnostikası

Aterosklerotik kardiosklerozun diaqnozu anamnestik məlumatlar (ÜİX, ateroskleroz, aritmiyanın olması, miokard infarktnın keçirilməsi və s.) və subyektiv simptomatika əsasında qoyulur. Qanın biokimyəvi analizində hiperxolesterinemiya, beta-lipoproteidlərin səviyyəsinin artması müəyyən edilir.  EKQ vasitəsilə koronar çatışmazlığın əlamətləri, postinfarkt çapıqlar, ritm və ürəkdaxili ötürücülüyün pozulması, sol mədəciyin mülayim hipertrofiyası aşkar edilir. Aterosklerotik  kardioskleroz zamanı exokardioqrafiyanın məlumatları miokardın yığılma  qabiliyyətinin pozulması (müvafiq sementin hipokineziya, diskineziya, akineziyası) ilə xarakterizə olunur.  Veloerqometriya miokardın disfunksiyasının dərəcəsini və ürəyin funksional ehtiyyatlarını dəqiqləşdirməyə imkan verir.

Farmakoloji sınaqlar, EKQ-nin sutkalıq monitorinqi, polikardioqrafiya, ritmokardioqrafiya, ventrikuloqrafiya, koronaroqrafiya, ürəyin MRT-si və s. müayinələr aterosklerotik kardioskelroz zamanı diaqnostik məsələlərin həllinə kömək edir. Eksudatın olmasını müəyyən etmək üçün plevra  boşluğunun USM, döş qəfəsinin rentgenoqrafiyası, qarın boşluğunun USM icra olunur.

Aterosklerotik kardiosklerozun müalicəsi

Aterosklerotik kardiosklerozun müalicəsi ayrı-ayrı sindromların – ürək çatışmazlığı, hiperxolesterinemiya, aritmiya, atrioventrikulyar blokada və sairənin patogenetik terapiyasına əsaslanır. Bu məqsədlə diuretiklər, nitratlar, periferik vazodilatatorlar, statinlər, antiaritmik vasitələr təyin edilir. Dezaqreqantların (asetilsalisil turşusu) daimi qəbulu mütləqdir.

Aterosklerotik kardiosklerozun kompleks terapiyasının vacib amillərinə dietoterapiya, rejimə riayət, fiziki yüklənmələrin məhdudlaşdırılması aiddir. Belə xəstələrə balneoterapiya – karbon oksidli, hidrogen sulfidli, radon, iynəyarpaq dəmləmələri ilə vannalar məsləhət görülür.

Ürəyin anevrizmatik qüsurunun formalaşması cərrahi əməliyyata – anevrizmanın rezeksiyasına göstəriş sayılır. Ürək ritmi və ötürücülüyün dayanıqlı pozğulmaları zamanı EKS və ya kardioverter-defibrillyatorun implantasiyası tələb oluna bilər; bəzi formalarda radiotezlikli ablasiya normal ritmin bərpasına səbəb olur.

Aterosklerotik kardiosklerozun proqnoz və profilaktikası

Aterosklerotik kardiosklerozun proqnozu zədələnmənin sahəsindən, ritm və ötürücülüyün pozulmasının olmasından və növündən, qan dövranı çatışmazlığının mərhələsindən asılıdır.

Aterosklerotik kardiosklerozun birincili profilaktikası damarların aterosklerotik dəyişikliklərinin qarşısının alınmasından (düzgün qidalanma, kifayət qədər fiziki aktivlik və s.) ibarətdir. İkincili profilaktik tədbirlərə aterosklerozun, ağrı sindromunun, aritmiyalar və ürək çatışmazlığının rasional terapiyası aiddir. Aterosklerotik kardiosklerozu olan xəstələr müntəzəm şəkildə kardioloji müayinələrdən keçməlidir.

error: Content is protected !!