Ateroskleroz

Ateroskleroz – iri və orta kalibrli arteriyaların lipidlərin toplanması, fibroz liflərin çoxalması, damar divarının endotelinin disfunksiyası ilə müşayiət olunan və hemodinamikanın ümumi və yerli pozğunluqları ilə nəticələnən sistemli zədələnməsidir. Ateroskleroz ÜİX, işemik insult, aşağı ətrafların obliterasiyaedici zədələnmələri, müsariqə damarlarının xroniki okklüziyasının və s. patomorfoloji əsasını təşkil edə bilər. Diaqnostika alqoritm qanda lipid səviyyəsinin təyini, ürək və damarların USM, angioqrafik müayinələrin tətbiqindən ibarətdir. Ateroskleroz zamanı medikamentoz terapiya, dietoterapiya, zərurət olduqda revaskulyarizasiyaedici cərrahi müdaxilələr aparılır.

Ateroskleroz barədə ümumi məlumat

Ateroskleroz – arteriyaların zədələnməsi olub, damarların daxili qişalarında xolesterin yığınları, onların mənfəzinin daralması və qanla təhciz olunan orqanın qidalanmasının pozulması ilə müşayiət edilir. Ürək damarlarının aterosklerozu stenokardiya turmaları ilə təzahür edir. Ürəyin işemik xəstəliyi (ÜİX), miokard infarktı, kardiskleroz, damar anevrizmalarının inkişafına gətirib çıxarır. Ateroskleroz əlillik və ölümlə nəticələnə bilər.

Ateroskleroz zamanı elastik (iri arteriyalar, aorta) və əzələ-elastik tipli (qarışıq: yuxu, baş beyin və ürək arteriyaları) orta və iri kalibrli arteriyalar zədələnir. Bununla əlaqədar ateroskleroz miokard infarktı, ÜİX, beyin insultu, aşağı ətraflar, qarın aortası, müsariqə və böyrək arteriyalarında qan dövranının pozulmasının ən çox rast gəlinən səbəblərindən sayılır.

Son illər ərzində xəstəlik çox sürətlə yayılaraq, əmək qabiliyyətinin itirilməsi, əlillik və ölüm riski  üzrə travmalar, infeksion və onkoloji xəstəlikləri geridə qoymuşdur. Aterosklerozdan daha çox (qadınlarla müqayisədə 3-4 dəfə artıq) 45-50 yaşdan yuxarı kişilər əziyyət çəkir, lakin xəstəlik cavan yaşlı pasiyentlərdə də müşahidə edilir.

Aterosklerozun inkişaf mexanizmi

Ateroskleroz zamanı damar divarında lipid və zülal mübadiləsinin pozulması nəticəsində arteriyaların sistemli zədələnməsi baş verir. Metabolik pozğunluqlar xolesterin, fosfolipidlər və proteinlər arasındakı nisbətin dəyişməsi, eləcə də β-lipoproteidlərin həddindən artıq sintezi ilə xarakterizə olunur. Aterosklerozun inkişafı 3 mərhələyə bölünür:

I mərhələ – lipid (yağ) ləkəsi. Damar divarında yağların toplanmasında arteriya divarlarının mikrozədələnmələri və qan dövranın lokal ləngiməsi mühüm rol oynayır. Damarların saxələndiyi nahiyələr  aterosklerozlaşmaya daha çox məruz qalır. Arteriya divarlarının fermentləri lipidləri əritməyə və onun tamlığını qorumağa çalışır. Müdafiə mexanizmləri tükəndikdə bu sahələrdə lipid (əsasən xolesterin), zülallardan ibarət mürəkkəb komplekslər əmələ gələrək, arteriyaların intima  (daxili) qişasında toplanır. Lipid ləkə mərhələsinin davametmə müddəti fərqlidir. Belə ləkələr yalnız mikroskop altında örünür, onlara hətta südəmər uşaqlarda da rast gəlmək mümkündür.

II mərhələ – liposkleroz. Yağ yığınlarının toplandığı sahələrdə qranulyasiya toxumasının çoxalması ilə xarakterizə olunur. Tədricən yağ və birləşdirici toxuma liflərindən təşkil olunan aterosklerotik (və ya ateromatoz) lövhələr formalaşır. Bu mərhələdə aterosklerotik lövhələr hələ sulu olduğundan əriyə bilir. Digər tərəfdən onlar təhlükəli hesab olunur,  çünki lövhələrin kövşək səthi cırılaraq arteriyaların mənfəzini tuta bilər. Ateromatoz lövhənin birləşdiyi yerdə damar divarı öz elastikliyini itirir, çatlayır və xoralaşır, bu da potensial təhlükə mənəbəyi sayılan trombların yaranması ilə nəticələnir.

III mərhələ – aterokalsinoz. Lövhənin sonrakı inkişafı onun bərkiməsi və kalsinozu ilə bağlıdır. Aterosklerotik lövhələr stabil qala və ya tədricən böyüyə bilər. İkinci halda onlar deformasiyalaşır, arteriyanın mənfəzini tutmaqla zədələnmiş arteriya ilə qidalanan orqanın qan təhcizatının xroniki pozulmalarına səbəb olur. Bununla yanaşı parçalanmış aterosklerotik lövhənin fraqmentləri və ya trombla damar mənfəzinin kəskin okklüziyası, arteriyanın qidalandırdığı ətraf  və ya orqanda infarkt sahələri və ya qanqrenanın inkişafı ehtimalı yüksək olur.

Aterosklerozun inkişafı təkcə bu  mexanizmlə izah olunmur. Bir sıra alimlərin fikrincə aterosklerozun inkişafında infeksion agentlər (sadə herpes virusu, sitomeqalovirus, xlamidiya infeksiyası və s.), xolesterin səviyyəsinin yüksəlməsi ilə müşayiət olunan irsi xəstəliklər, damar divarı hüceyrələrinin mutasiyası və s. rol oynayır.

Aterosklerozun inkişaf amilləri

Aterosklerozun inkişafına təsir edən amillər 3 qrupa ayrılır: idarə olunan, idarə olunmayan və potensial şəkildə idarə olunan.

İdarə olunmayan amillərə iradə və ya tibbi təsirlərin köməyilə istisnası mümkün olmayan faktorlar aiddir:

  • Yaş. İnsan yaşa dolduqca aterosklerozun inkişaf riski yüksəlir. Damarların aterosklerotik dəyişiklikləri bu və ya digər dərəcədə 40-50 yaşdan sonra bütün insanlarda müşahidə olunur.
  • Cins. Kişilərdə ateroskleroz qadınlardan 10 il erkən baş verir və qadınlar arasında xəstələnmə göstəricisini 4 dəfə üstələyir. 50-55 yaşdan sonra hər 2 cinsdə bu göstərici bərabərləşir. Bu da qadınlarda menopauza  dövründə estrogenlərin sintezinin və onların müdafiə funksiyasının azalması ilə izah olunur.
  • İrsi meyllik. Ateroskleroz çox vaxt qohumları bu xəstəlikdən əziyyət çəkən pasiyentlərdə inkişaf edir. Sübut olunmuşdur ki, ateroskleroz üzrə irsiyyət xəstəliyin daha erkən yaşlarda (50 yaşa qədər) yaranmasına səbəb olur, 50 yaşdan sonra isə genetik amillər onun inkişafında aparıcı rol oynamır.

Aterosklerozun idarə olunan amilləri həyat tərzini dəyişməklə uzaqlaşdırılması mümkün olan faktorlardır. Onlara aşağıdakılar aiddir:

  • Siqaret çəkmə. Nikotin və qətranlar damarlara neqativ təsir etməklə aterosklerozun yaranmasında iştirak edir. Siqaretin uzunmüddətli istifadəsi hiperlipidemiya, arterial hipertenziya, ÜİX riskini bir neçə dəfə artırır.
  • Balanslaşdırılmamış qidalanma. Qida rasionunda heyvan mənşəli yağların böyük yer tutması damarlarda aterosklerotik dəyişikliklərin inkişafını sürətləndirir.
  • Az hərəkətli həyat tərzi yağ mübadiləsinin pozulmasına, piylənmə,  şəkərli diabet, damarların aterosklerozunun formalaşmasına səbəb olur.

Potensial və hissəvi şəkildə idarə olunan amillərə müalicə vasitəsilə korreksiyası mümkün olan xroniki pozğunluqlar və xəstəliklər aiddir:

  • Arterial hipertoniya. Yüksək arterial təzyiq fonunda yağların damar divarlarına hopmasına şərait yaranır, bu da aterosklerotik lövhələrin əmələ gəlməsinə gətirib çıxarır. Digər tərəfdən ateroskleroz zamanı arteriyaların elastikliyinin azalması qan təzyiqinin yüksək səviyyədə saxlanılmasını təmin edir.
  • Dislipidemiya. Xolesterin, triqliserid və lipoproteidlərin yüksək konsentrasiyası ilə təzahür edən pis mübadiləsi pozğunluqları aterosklerozun inkişafında aparıcı rol oynayır.
  • Piylənmə və şəkərli diabet. Aterosklerozun yaranma ehtimalını 5-7 dəfə yüksəldir, bu da xəstəliyin əsasında dayanan və damarların aterosklerotik zədələnməsinin təkan amili sayılan piy mübadiləsinin pozulması ilə izah olunur.
  • İnfeksiya və intoksikasiyalar. İnfeksion və toksiki amillər damar divarlarına zədələyici təsir göstərməklə onların aterosklerotik dəyişikliklərinə səbəb olur.

Aterosklerozun inkişaf amillərinin öyrənilməsi onun profilkatikasında mühüm əhəmiyyət kəsb edir, belə ki, aradan qaldırıla bilinən və potensial şəkildə aradan qaldırıla bilinən faktorları zəiflətmək və ya tamamilə istisna etmək mümkündür. Qeyri-qənaətbəxş amillərin aradan qaldırılması aterosklerozun inkişafını əhəmiyyətli dərəcədə zəiflətməyə imkan verir.

Aterosklerozun əlamətləri

Ateroskleroz zamanı daha çox aortanın döş və qarın hissələri, müsariqə, böyrək damarları, eləcə də aşağı ətrafların və baş beynin arteriyaları zədələnir. Aterosklerozun inkişafında klinikaönü (simptomsuz) və klinik dövrlər ayırd edilir. Simptomsuz dövrdə qanda β-lipoproteidlərin və ya xolesterinin yüksək konsentrasiyası aşkarlanır, xəstəliyin əlamətləri izlənilmir. Arteriyaların mənfəzinin 50% və daha çox daraldığı hallarda  klinik simptomlar müşahidə olunur. Klinik dövr 3 mərhələyə bölünür: işemik, trombonekrotik və fibroz.

İşemiya mərhələsində bu və ya digər orqanın qan təhcizatının çatışmazlığı inkişaf edir (məsələn, koronar damarların aterosklerozu nəticəsində miokardın işemiyası stenokardiya ilə özünü büruzə verir). Trombonekrotik mərhələdə dəyişilmiş arteriyaların trombozu əlavə olunur (bu halda koronar damarların aterosklerozu miokard infarktı ilə ağırlaşa bilir). Fibroz dəyişikliklər mərhələsində zəif qan təhcizatının pozulduğu orqanlarda birləşdirici toxumanın artması qeydə alınır (koronar arteriyaların aterosklerozu aterosklerotik kardioskleroza gətirib çıxarır).

Müxtəlif arteriyaların aterosklerozunun əlamətləri

Aterosklerozun klinik əlamətləri zədələnmiş arteriyanın növündən asılıdır. Koronar damarların aterosklerozunun təzahürlərinə ürəkdə qan dövranı çatışmazlığının mərhələlərini ardıcıllıqla əks etdirən stenokardiya, miokard infarktı və kardioskleroz aiddir.

Aortanın aterosklerozu uzunmüddətli simptomsuz (hətta ağır formalarda da) gedişə malikdir. Döş aortasının aterosklerozu klinik olaraq aortalgiya – döş sümüyü arxasında sıxıcı və ya yandırıcı xarakterli, əl, kürək, boyun, qarnın yuxarı hissəsinə irradiasiya edən ağrılarla özünü büruzə verir. Stenokardik ağrılardan fərqli olaraq, aortalgiya vaxtaşırı zəifləmək və ya güclənməklə bir neçə saat, hətta günlərlə davam edə bilər. Aorta divarının elastikliyinin azalması ürəyin fəaliyyətini artırır, bu da sol mədəciyin miokardının hipertrofiyasına gətirib çıxarır.

Qarın aortasının aterosklerotik zədələnməsi qarın nahiyəsində müxtəlif lokalizasiyalı ağrılar, meteorizm, qəbizliklə təzahür edir. Qarın aortasının bifurkasiyasının aterosklerozu zamanı ayaqların keyiməsi və soyuması, pəncənin ödemi və hiperemiyası, ayaq barmaqlarının nekroz və xoraları növbələnən axsaqlıq müşahidə edilir.

Müsariqə arteriyalarının aterosklerozunun əlamətlərinə «qarın anginası» tutmaları və bağırsağın qan dövranı çatışmazlığı ilə həzm funksiyasının pozulması aiddir. Xəstələrdə yeməkdən bur neçə saat sonra göbək nahiyəsi və ya qarnın yuxarı hissəsində kəskin ağrılar baş verir. Ağrı tutmasının davam etmə müddəti bir neçə dəqiqədən 1-3 saata qədər uzana bilər, bəzən ağrı sindromu nitroqliserinin qəbulu ilə aradan qalxır. Qarında köp, gəyirmə, qəbizlik, ürəkdöyünmə, arterial təzyiqin yüksəlməsi müşahidə olunur. Sonralar bu simptomlara həzm olunmamış qida qalıqları və mənimsənilməmiş yağlardan ibarət üfunətli ishal əlavə olunur.

Böyrək arteriyalarının aterosklerozu vazorenal simptomatik arterial hipertenziyaya gətirib çıxarır. Sidikdə elektrolitlər, zülal, silindrlər müəyyən edilir. Arteriyaların birtərəfli aterosklerotik zədələnmələrində hipertoniyanın zəif proqressivləşməsi qeydə alınır, belə hallar sidikdə dayanıqlı dəyişikliklər və AT-nin daimi yüksək göstəriciləri ilə müşayiət edilir. Böyrək arteriyalarının ikitərəfli zədələnməsi bədxassəli arterial hipertoniyaya səbəb olur.

Baş beyin damarlarının aterosklerozu zamanı yaddaş, zehni və fiziki əmək qabiliyyəti, diqqət, intellektin zəifləməsi, bağgicəllənmə, yuxu pozğunluğu izlənilir. Beyin damarlarının ifadəli aterosklerozu üçün pasiyentin davranış və psixikasının pozulması xarakterikdir. Beyin arteriyalarının aterosklerozu beyin qan dövranının kəskin pozulması, tromboz, qansızmalarla ağırlaşa bilər.

Aşağı ətrafların obliterasiyaedici aterosklerozunun əlamətlərinə baldırın ikibaşlı əzələsində zəiflik və ağrılar, ayaqların keyimə və donması aiddir. Fasiləli axsama (baldırın ikibaşlı əzələsində ağrılar yerimə zamanı yaranır, sakitlik halında isə itir), ətrafların soyuması və avazıması, trofik pozğunluqlar (dərinin quruması və qabıqlanması, trofik xora və quru qanqrenanın inkişafı) qeydə alınır.

Aterosklerozun ağırlaşmaları

Aterosklerozun ağırlaşmalarına qanla təhciz olunan orqanın xroniki və ya kəskin damar çatışmazlığı daxildir. Xroniki damar çatışmazlığının inkişafı aterosklerotik dəyişikliklərin (stenozlaşdırıcı ateroskleroz) təsirindən arteriyanın mənfəzinin tədricən daralması (stenozu) ilə bağlıdır. Orqanın və ya onun bir hissəsinin qan təhcizatının xroniki çatışmazlığı işemiya, hipoksiya, distrofik və atrofik dəyişikliklərə, birləşdirici toxumanın artmasına və kiçikocaqlı sklerozun inkişafı ilə nəticələnir.

Kəskin damar çatışmazlığının yaranmasına damarların tromb və ya embolla kəskin okklüziyası səbəb olur, bu da orqanların kəskin işemiya və infarktının klinikası ilə təzahür edir.  Bir sıra hallarda arteriyaların anevrizmalarının cırılması – letal sonluq müşahidə olunur.

Aterosklerozun diaqnostikası

Ateroskleroz barədə ilkin məlumatlar pasiyentin şikayətləri və risk amillərinin aydınlaşdırılması yolu ilə müəyyənləşdirilir. Kardioloqun konsultasiyası məsləhət görülür. Ümumi baxış zamanı daxili orqanların damarlarının aterosklerotik zədələnmələri: ödemlər, trofik pozğunluqlar, çəkinin azalması, bədəndə çoxsaylı lipomalar və s. aşkarlanır. Ürək damarlarının, aortanın auskultasiyası zamanı sistolik küylər eşidilir. Arteriyaların pulsasiyasının dəyişməsi, AT-nin yüksəlməsi və s. ateroskleroza dəlalət edir.

Laborator müayinələrin nəticələri qanda xolesterin, aşağı sıxlıqlı lipoproteidlər,  triqliseridlərin səviyyəsinin yüksəlməsindən xəbər verir. Aortoqrafiya vasitəsilə aortanın aterosklerozunun əlamətləri: onun uzanması, bərkiməsi, kalsinoz, döş və ya qarın hissələrdə genişlənməsi, anevrizmaların olması müəyyən edilir. Koronar arteriyaların vəziyyəti koronaroqrafiya üsulu ilə qiymətləndirilir.

Digər arteriyalarda qan cərəyanın pozulmasını təyin etmək üçün angioqrafiyadan – damarların kontrast rentgenoqrafiyasından istifadə olunur. Aşağı ətrafların aterosklerozu zamanı angioqrafiyanın nəticələrinə əsasən onların obliterasiyası qeydə alınır. Böyrək damarlarının USDQ-nin köməyilə renal arteriyaların aterosklerozu və böyrəklərin fəaliyyətinin müvafiq pozğunluqları aşkar edilir.

Ürək, aşağı ətraflar, aorta, yuxu arteriyalarının ultrasəs müayinəsində onlarda magistral qan cərəyanının azalması, eləcə də damarların mənfəzində ateromatoz lövhələr və tromblar izlənilir.  Qan cərəyanının azalması aşağı ətrafların reovazoqrafiyası üsulu ilə təyin edilə bilər.

Aterosklerozun müalicəsi

Aterosklerozun müalicəsi zamanı aşağıdakı prinsiplərə riayət olunur:

  • orqanizmə daxil olan xolesterinin məhdudlaşdırılması və onun toxumalarda sintezinin azaldılması;
  • xolesterin və onun metabolitlərinin ekskresiyasının sürətləndirilməsi;
  • menopauza dövründə estrogenlərlə əvəzedici terapiyanın tətbiqi;
  • infeksiya törədicilərinə təsir.

Qida ilə daxil olan xolesterinin miqdarının azaldılması üçün xolesterin tərkibli məhsulları istisna edən pəhriz təyin olunur.

Aterosklerozun medikamentoz müalicəsində aşağıdakı qrup preparatlardan istifadə olunur:

  • Nikotin turşusu və onun törəmələri – qanda xolesterin və triqliseridlərin miqdarını effektiv şəkildə azaldır, antiaterogen xüsusiyyətlərə malik olan yüksək sıxlıqlı lipoproteidlərin miqdarını artırır. Qaraciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlərə nikotin turşusu preparatlarının təyini qadağandır.
  • Fibratlar (klofibrat) – orqanizmin öz yağlarının sintezini azaldır. Eləcə də qaraciyərin fəaliyyətində pozğunluqlara və öd daşı xəstəliyinin inkişafına səbəb olurlar.
  • Öd turşularının sekvestrantları (xolestiramin, kolestipol) – öd turşularını birləşdirmək və bağırsaqdan xaric etməklə hüceyrələrdə yağ və xolesterinin miqdarını azaldır. Onların istifadəsi zamanı qəbizlik və meteorizm yarana bilər.
  • Statinlər qrupuna (lovastatin, simvastatin, pravastatin) daxil olan preparatlar – orqanizmdə xolesterin sintezini azaltması hesabına ateroskelerozun medikamentoz müalicəsinin ən effektiv preparatları sayılır. Gecə saatlarında xolesterinin sintezi gücləndiyindən statinlər gecələr qəbul olunur. Bu qrup preparatlar qaraciyərin fəaliyyətini poza bilər.

Arteriyanın ateromatoz lövhə və ya trombla oklüziyasının yüksək yaranma riski və ya inkişafı aterosklerozun cərrahi müalicəsinə göstəriş sayılır. Arteriyalar üzərində həm açıq (endarterektomiya), həm də endovaskulyar əməliyyatlar – balon kateter vasitəsilə arteriyanın dilatasiyası və daralma nahiyəsinə damar mənfəzinin tutulmasının qarşısını alan stentin qoyulması həyata keçirilir.

Ürək damarlarının miokard infarktı təhlükəsi ilə müşayiət olunan ifadəli aterosklerozu zamanı aortokoronar şuntlanma əməliyyatı icra edilir.

Aterosklerozun proqnoz və profilaktikası

Aterosklerozun proqnozu pasiyentin həyat tərzi və davranışlarına əsasən müəyyənləşdirilir. Risk amillərinin aradan qaldırılması və aktiv medikamentoz terapiya aterosklerozun inkişafının ləngiməsinə və pasiyentin vəziyyətinin yaxşılaşmasına səbəb olur. Orqanlarda nekroz ocaqlarının yaranmasına səbəb olan kəskin qan dövranı pozğunluqları zamanı proqnoz qeyri-qənaətbəxş olur.

Aterosklerozun profilaktik tədbirlərinə siqaretdən imtina, stress amillərinin uzaqlaşdırılması, rasiondan yağlı, xolesterinlə zəngin qidaların çıxarılması, yaş və fiziki imkanlara uyğun sistematik fiziki aktivlik, çəkinin normalizasiyası aiddir.  Qida rasionuna xolesterin yığınlarını əridən bitki mənşəli yağlar (kətan və zeytun yağları), qida lifləri ilə zəngin məhsulların daxil edilməsi məqsədəuyğundur. Xolesterini azaldan dərman preparatlarının qəbulu ilə aterosklerozun proqressivləşməsini ləngitmək mümkündür.

error: Content is protected !!