Autoimmun tireoidit (AİT)
Autoimmun tireoidit (AİT) – qalxanabənzər vəzin autoimmun mənşəlli xroniki iltihabıdır. Patologiya vəzin follikulları və folikulyar hüceyrələrinin zədələnməsi ilə bağlıdır. Tipik hallarda autoimmun tireoidit simptomsuz gedişata malik olur, bəzən qalxanabənzər vəzin böyüməsi ilə müşayiət olunur. Autoimmun tireoiditin diaqnostikası kliniki analizlər, tiroidin USM-i, qalxanabənzər vəzin nazik iynəli biopsiyası ilə əldə olunmuş materialının histoloji müayinəsinin nəticələrinə əsasən aparılır. Müalicə endokrinoloq tərəfindən təyin olunur. Müalicə planı vəzin hormon istehsalı funksiyalarının korreksiyası və autoimmun proseslərin basqılanmasından ibarətdir.
Autoimmun tireoidit barədə ümumi məlumat
Autoimmun tireoidit qalxanabənzər vəzin bütün xəstəliklərinin 20-30%-ini təşkil edir. AİT qadınlar arasında kişilərlə müqayisədə 15-20 dəfə çox rastlanır. Bu, X xromosomlarının zədələnməsi və estrogenin limfoid sistemə təsiri ilə əlaqədardır. Son dövrlərdə autoimmun tireoiditə cavanlar və uşaqlar arasında da rast gəlinməsinə baxmayaraq, bu xəstəlikdən əziyyət çəkən pasientlərin yaşı, adətən, 40-50 arasında dəyişir.
Autoimmun tireoiditin təsnifatı
Autoimmun tireoidit anlayışı eyni təbiətə malik xəstəliklər qrupunu ifadə edir.
- Хroniki autoimmun tireoidit (limfomatoz, limfositar tireoidit, köhnə adı Haşimoto xəstəliyi) vəzin parenximasında T-limfositlərin infiltrasiyasının proqressivləşməsi, vəzi hüceyrələrinə qarşı antitellərin konsentrasiyasının artması nəticəsində inkişaf edir və tədricən qalxanabənzər vəzin destruksiyasına gətirib çıxarır. Tiroidin strukturunun və funksiyalarının pozulması nəticəsində birincili hipotireoz (tiroid hormonların səviyyəsinin azalması) inkişaf edə bilər. Xroniki AİT genetik təbiətli olub ailəvi formada meydana çıxa, digər autoimmun patologiyalarla yanaşı gedə bilər.
- Doğuşdan sonra inkişaf edən tireoiditə daha çox rastlanır və daha çox öyrənilir. Onun səbəbi hamiləlik zamanı təbii olaraq zəifləmiş immun sistemin həddən artıq reaktivasiyasıdır. Belə vəziyyətə meyillik destruktiv autoimmun tireoiditin inkişafına gətirib çıxara bilər.
- Ağrısız (susan, lal) tireoidit doğuşdan sonra inkişaf edən tireoiditin analoqudur. Lakin onun meydana çıxması hamiləliklə bağlı deyil; patologiyanın səbəbi məlum deyil.
- Sitokin-induksiya edən tireoidit hepatit C və qan xəstəliyi olan pasientlərin interferon preparatları ilə müalicəsi nəticəsində inkişaf edə bilər.
Autoimmun tireoiditin belə – doğuşdan sonra inkişaf edən, ağrısız və sitokin-induksiya edən formaları prosesin qalxanabənzər vəzidə baş verən fazalarına görə bir-birinə oxşayır. Başlanğıc mərhələdə destruktiv tireotoksikoz inkişaf edir. Bu, sonralar tranzitor hipotireoza keçir və əksər hallarda qalxanabənzər vəzin funksiyalarının bərpası ilə sonlanır.
Bütün autoimmun tireoiditlər aşağıdakı fazalara ayrılır:
- Xəstəliyin eutireoidit fazasıda qalxanabənzər vəzin funksional pozulması müşahidə olunmur. Bu forma bir neçə il, on illərlə və ya bütün ömür boyu davam edə bilər.
- Subklinik faza. Xəstəliyin proqressivləşməsi zamanı T-limfositlərin massiv aqressivliyi qalxanabənzər vəzin hüceyrələrinin zədələnməsinə və tireoid hormonların konsentrasiyasının azalmasına gətirib çıxarır. Tireotrop hormonların (TTH) sintezinin artması hesabına orqanizm qalxanabənzər vəzin izafi stimulyasiyasına, T4 istehsalının normada saxlanmasına nail olur.
- Тireotoksik faza – T-limfositlərin aqressiyasının yüksəlməsi və qalxanabənzər vəzin hüceyrələrinin zədələnməsi nəticəsində mövcud tireoid hormonları qana ifraz olunur və tireotoksikoz inkişaf edir. Bundan başqa, follikulyar hüceyrələrin daxili strukturlarının zədələnmiş hissəcikləri qan dövranına düşür və qalxanabənzər vəzin hüceyrələrinə qarşı antitellərin sintezini provokasiya edir. Vəzin sonrakı destruksiyası nəticəsində hormon sintez edən hüceyrələrin miqdarı, qanda T4-ün konsentrasiyası kəskin azalır, aydın hipotireoz fazası başlayır.
- Hipotireod faza – təxminən bir il davam edir. Bundan sonra, adətən, qalxanabənzər vəzin funksiyaları bərpa olunur. Bəzən hipotireoz davamlı xarakter alır.
Аutoimmun tireoidit monofazalı xarakter daşıya bilər, yəni yalnız tireotoksik və ya yalnız hipotireod fazalı ola bilər.
Qalxanabənzər vəzin kliniki təzahürlərindən və ölçülərinin dəyişilməsindən asılı olaraq autoimmun tireoidit aşağıdakı formalara ayrılır:
- Latent formada yalnız immunoloji əlamətlər olur, kliniki simptomlar mövcud olmur. Vəzin ölçüləri normal və ya bir qədər böyümüş (1-2 dərəcəli), qalınlaşmasız olur; vəzin funksiyaları pozulmur, bəzən tireotoksikoz və ya hipotireozun mülayim simptomatikası müşahidə oluna bilər.
- Hipertrofik forma qalxanabənzər vəzin ölçülərinin böyüməsi (zob), tez-tez hipotireoz və ya hipertireozun mülayim təzahürü ilə müşayiət olunur. Vəzin bütün ölçüləri bərabər böyüyə (diffuz forma) və ya düyünlərin (düyünlü forma) əmələ gəlməsi müşahidə oluna bilər; bəzən diffuz və düyünlü formalar yanaşı gedə bilər. Autoimmun tireoiditin hipertrofik forması xəstəliyin başlanğıc mərhələlərində tireotoksikozla müşayiət oluna bilər; lakin bu zaman qalxanabənzər vəzin funksiyaları, adətən, saxlanır və ya azalır. Belə ki, qalxanabənzər vəzin toxumasında autoimmun proses proqressivləşir, vəziyyətin pisləşməsi, vəzin funksiyalarının zəifləməsi baş verir və hipotireoz inkişaf edir.
- Аtrofik (qalxanabənzər vəzin ölçüləri normal və ya kiçilmiş olur, kliniki simptomatika hipotireoza xasdır) – böyüklərdə daha tez-tez müşahidə olunur, cavanlarda isə radioaktiv şüalanma nəticəsində meydana çıxır. Atrofik tireoidit autoimmun tireoiditin xeyli ağır formasıdır; tirositlərin massiv zədələnməsi ilə bağlıdır; nəticədə qalxanabənzər vəzin funksiyaları kəskin zəifləyir.
Autoimmun tireoiditin səbəbləri
Hətta irsi meyillik olsa belə, autoimmun tireoiditin inkişaf etməsi üçün provokatorların təsiri mütləqdir:
- Keçirilmiş kəskin respirator virus xəstəlikləri;
- Xroniki infeksiya ocaqları (damaq badamcıqlarında, burunətrafı ciblərdə, karioz dişlərdə);
- Ekologiya, yod birləşmələrinin həddən artıq qəbulu, ətraf mühitdə, qidada və suda xlor və fluor (limfositlərin aktivliyinə təsir edir);
- Uzunmüddətli, kontrolsuz dərman (yodtərkibli preparatlar, hormonal preparatlar) qəbulu ;
- Radiasion şüalanma, uzun müddət günəş şüaları altında olmaq;
- Psixotravmatik vəziyyətlər (yaxın adamların xəstələnməsi və ya ölümü, işinin itirilməsi, inciklik və məyusluq).
Autoimmun tireoiditin simptomları
Əksər hallarda xroniki autoimmun tireoidit (hipotireozun eutireoid və subklinik fazalarında) uzun müddət simptomsuz gedir. Qalxanabənzər vəzin ölçüləri böyümür, palpasiyada ağrısız; funksiyaları normal olur. Çox nadir hallarda qalxanabənzər vəzin ölçülərinin böyüməsi (zob) qeyd olunur; xəstə vəzi nahiyəsində xoşagəlməz hiss (təzyiq hissi, boğazda yad cisim), yüngül tükənmə, zəiflik və oynaqlarda ağrılardan şikayətlənir.
Autoimmun tireoidit zamanı tireotoksikozun klinik mənzərəsi, adətən, xəstəliyin inkişafının ilk ilində müşahidə olunur; keçici xarakter daşıyır və qalxanabənzər vəzi toxumasının atrofiyası bir müddət eutireoid fazaya, sonra isə hipotireoz fazaya keçir.
Doğuşdan sonra inkişaf edən tireoidit, adətən, yüngül tireotoksikozla doğuşdan sonrakı 14-cü həftədə meydana çıxır. Əksər hallarda tükənmə, ümumi zəiflik, çəkinin azalması müşahidə olunur. Bəzən tireotoksikoz taxikardiya, hərarət hissi, izafi tər ifrazı, ətraflarda tremor, emosional labillik, yuxusuzluq kimi simptomlarla güclü büruzə verir. Autoimmun tireoiditin hipotireoid fazası doğuşdan sonrakı 19-cu həftədə özünü göstərir. Bir sıra hallarda o, doğuşdan sonrakı depressiyalarla yanaşı gedir.
Ağrısız (lal) tireoidit yüngül, tez-tez subklinik tireotoksikozla büruzə verir. Sitokin-induksiya edən tireoidit də, adətən, ağır tireotoksikoz və ya hipotireozla müşayiət olunur.
Autoimmun tireoiditin diaqnostikası
Hipotireoz meydana çıxanadək AİT-in diaqnostikası kifayət qədər çətindir. Autoimmun tireoiditə diaqnozu endokrinoloq qoyur. Bu zaman mütəxəssis xəstəliyin kliniki mənzərəsi, laborator analizlərin nəticələrinə əsaslanır. Ailənin başqa üzvlərində autoimmun patologiyanın olması autoimmun tireoidit ehtimalını təsdiqləyir.
Autoimmun tireoidit zamanı laborator müayinələr aşağıdakılardan ibarətdir:
- qanın ümumi analizi – limfositlərin miqdarının artması aşkarlanır.
- İmmunoqramma – tireoqlobulinə, tireoperoksidazaya, II kolloid antigenə, qalxanabənzər vəzin tiroid hormonlarına qarşı antitellərin olması xarakterikdir.
- Qan zərdabında T3 və T4-ün (ümumi və sərbəst), TTH-nın səviyyəsinin təyini. T4 normada olduqda TTH səviyyəsinin yüksəlməsi subklinik hipotireoz, T4-ün konsentrasiyası azaldıqda TTH səviyyəsinin yüksəlməsi klinik hipotireоzun göstəricisidir.
- Qalxanabənzər vəzin USM-i – vəzin ölçülərinin böyüməsini və ya kiçilməsini, strukturunun dəyişilməsini göstərir. Bu müayinənin nəticələri kliniki mənzərə və laborator analizlərin nəticələrinə əlavədir.
- Qalxanabənzər vəzin nazik iynəli biopsiyası – autoimmun tireoidit üçün xarakterik olan limfositlərin və başqa hüceyrələrin yüksək konsentrasiyasını aşkarlamağa imkan verir. Müayinə qalxanabənzər vəzin bədxassəli, düyünlü törəmələrinə şübhə olduqda aparılır.
Autoimmun tireoiditin diaqnostik kriteriyalarına aşağıdakılar aiddir:
- Qalxanabənzər vəzə qarşı sirkulyasiya edən antitellərin (AT-TPO) titrinin yüksəlməsi;
- USM-də qalxanabənzər vəzin hipoexogenliyinin aşkarlanması;
- Birincili hipotireoz əlamətləri.
Yuxarıda qeyd olunmuş diaqnostik kriteriyalardan əz azı biri olmadıqda autoimmun tireoidit yalnız ehtimal olunur. Belə ki, AT-TPO titrinin yüksəlməsi və ya qalxanabənzər vəzin hipoexogenliyi öz-özlüyündə autoimmun tireoiditi sübut etmir və dəqiq diaqnoz qoymağa icazə vermir. Müalicə yalnız hipotiroid fazada olan pasientlərə göstərişdir. Buna görə də eutiroid fazada diaqnozun qoyulmasına kəskin ehtiyac, bir qayda olaraq, yoxdur.
Autoimmun tireoiditin müalicəsi
Autoimmun tireoiditin spesifik müalicəsi hazırlanmayıb. Tibbin müasir nailiyyətlərinə baxmayaraq, endokrinologiya qalxanabənzər vəzin autoimmun patologiyalarının hipotireoza proqressivləşməməsi üçün effektiv və təhlükəsiz metodlarla korreksiyasına malik deyil.
Autoimmun tireoiditin tireotoksik fazalarında qalxanabənzər vəzin funksiyalarını basqılayan preparatların – tirostatiklərin (tiamazol, karbimazol, propiltiourasil) təyini tövsiyə olunmur. Belə ki, bu proses zamanı qalxanabənzər vəzin hiperfunksiyası olmur. Ürək-damar sisteminin pozulmalarının aydın nəzərə çarpan simptomlarında beta-blokatorlar qəbul olunur.
Hipotireozun təzahürləri zamanı qalxanabənzər vəzin tiroid hormon preparatları – levotiroksin (L-tiroksin) ilə əvəzedici terapiya individual olaraq təyin olunur. Müalicə klinki mənzərə və qan zərdabında TTH-ın miqdarının kontrolu altında aparılır.
Qlükokortikoidlərin (prednizolon) təyini yalnız autoimmun tireoidit yarımkəskin tireoiditlə yanaşı getdikdə (payız-qış dövründə tez-tez müşahidə olunur) göstərişdir. Autoantitellərin titrinin azalması məqsədilə qeyri-steroid iltihabəleyhinə preparatlar (indometasin, diklofenak) təyin olunur. Həmçinin immunitetin korreksiyası məqsədilə preparatlar, vitaminlər, adaptogenlər istifadə olunur. Qalxanabənzər vəzin hiperfunksiyası və onun divararalığı orqanlarına təzyiqi zamanı operativ müalicə aparılır.
Autoimmun tireoiditin proqnozu
Autoimmun tireoiditin proqnozu kafidir. Destruksiya prosesi və qalxanabənzər vəzinin funksiyalarının zəifləməsinin vaxtında başlanmış müalicəsi vasitəsilə xəstəliyin gedişinin nəzərə çarpacaq dərəcədə yavaşlamasına və uzunmüddətli remissiyaya nail olunur. Bir sıra kliniki hallarda AİT-in qısamüddətli fəsadlaşmalarına baxmayaraq, xəstələrin kafi vəziyyəti və normal əmək qabiliyyəti 15 ildən çox saxlanır.
Autoimmun tireoidit və tireoperoksidazaya qarşı antitelin (AT-TPO) titrinin yüksəlməsi gələcəkdə hipotireozun yaranmasına dair risk faktoru kimi qiymətləndirilməlidir. Doğuşdan sonra inkişaf etmiş tireoidit zamanı növbəti hamiləlikdən sonra onun residivinin yaranma ehtimalı 70%-dir. Doğuşdan sonra inkişaf etmiş tireoiditli qadınların təxm. 25-30%-i sonralar davamlı hipotireoza keçən xroniki autoimmun tireoiditlər müşahidə olunur.
Autoimmun tireoiditin profilaktikası
Funksional pozulması olmayan autoimmun tireoidit aşkarlandıqda hipertireozun mümkün qədər erkən təyini və vaxtında kompensasiyası məqsədilə pasientin müşahidəsi mütləqdir.
AT-TPO daşıyan, qalxanabənzər vəzin funksional dəyişlikləri olmayan qadınlar hamiləlik zamanı hipertireozun risk qrupuna aid edilirlər. Buna görə də hamiləliyin erkən mərhələlərində, həmçinin doğuşdan sonra qalxanabənzər vəzin vəziyyətinin və funksiyalarının kontrolu mühümdür.