Ayağın artriti

Ayağın artriti – ayağın sümük-oynaq aparatının iltihabi dəyişiklikləri ilə xarakterizə olunan patologiyasıdır. Artritin klinik gedişində yeriyən zaman ayaqda buxovlanma və ağrı, yumşaq toxumaların hiperemiyası və ödemi, ayağın deformasiyası qeyd olunur. Artritin diaqnostikasına rentgenoqrafiya, USM, MRT, qanın biokimyəvi və immunoloji analizi, oynaqların punksiyası və sinovial mayenin müayinəsi daxildir. Ayağın artritinin müalicə alqoritmi etiotrop və patogenetik dərman müalicəsi, preparatların oynaqdaxili yeridilməsi, fizioterapiya, oynaq gimnastikası, ayağın immobilizasiyası və ya ortopedik fiksator seçimindən ibarətdir; qeyd olunan müalicə effektiv olmadıqda cərrahi müdaxiləyə müraciət olunur.

Ayağın artriti barədə ümumi məlumat

Ayağın artriti daraqarxası, ayaq darağı və ayaq barmaqları nahiyəsində oynaqları əhatə edən iltihabi xarakterli xəstəliklər qrupudur. Ayağın artritinin növləri arasında revmatoid, posttravmatik, podaqrik və infeksion artritlər digər formalarla müqayisədə daha çox rastlanır; kəskin və ya xroniki gedişata malik olur. Ayaq oynaqlarının zədələnməsi aşıq-baldır oynağının və ayaq barmaqlarının artritləri ilə kifayət qədər tez-tez yanaşı gedir. Xəstəliyin səbəbindən və tələb olunan tibbi yardımın həcmindən asılı olaraq ayağın artritinin müalicəsi ilə revmatologiya, ortopediya və ya travmatologiya sahələrinin mütəxəssisləri məşğul ola bilər.

İnsanın pəncəsi dayaq-hərəkət aparatının mühüm elementlərindəndir; böyük statik və dinamik yüklənməyə məruz qalan mürəkkəb anatomik-funksional törəmədir. Pəncə ayaqüstü vəziyyətdə dayanarkən və ya yeriyərkən bədənin vertikal vəziyyətini təmin edən bir sıra mühüm funksiyalar (balanslaşdırıcı, ressort (yaylı), təkan, refleksogen) yerinə yetirir. Travmalar və ya xəstəliklər nəticəsində pəncənin bu və ya digər funksiyalarının pozulması fəqərəarası, bud-çanaq, diz və aşıq-baldır oynaqlarının patologiyalarının inkişafına gətirib çıxara bilər.

Ayaq sümükləri baldır sümükləri ilə ayaq darağıarxası, ayaqdarağı və ayaq barmaqları oynaqları vasitəsilə birləşirlər. Pəncənin arxa hissəsinin (ayaq darağıarxasının) oynaqları aşıqaltı, aşıq-daban-qayığabənzər, daban-kubabənzər və paz-qayığabənzər oynaqlarla təmsil olunur. Aşıq-qayığabənzər və daban-kubabənzər oynaqlar Şopar oynağını və ya ayaq darağıarxasının köndələn oynağını əmələ gətirir. Pəncənin orta və ön şöbəsinin sümükləri daraqarxası-ayaqdarağı (Lisfrank oynağı), ayaq daraqarası, ayaq darağı-falanqa və falanqalararası oynaqlar vasitəsilə birləşir. Ayağın artriti qeyd olunmuş oynaqların istənilən birində yarana bilər. Ayağın ön şöbəsindən fərqli olaraq, orta və arxa şöbələr az hərəkətlidir. Pəncə oynaqlarında hərəkətin həcmi kifayət qədər məhduddur: bükmə – 45-50°; açma – 15-25°; yaxınlaşdırma və uzaqlaşdırma – 12°; pronasiya və supinasiya – 13°.

Ayağın artritinin səbəbləri

Pəncə oynaqlarında iltihabi proses birincili (sərbəst) və ya yanaşı gedən infeksion, metabolik, autoimmun xəstəliklər fonunda inkişaf edə bilər. Ayaq artritlərinin etiologiyasında əvvəllər keçirilmiş travmalarla – əziklər, bağların dartılması, ayaq sümüklərinin çıxıqları və sınıqları ilə tez-tez əlaqələr olur. Bu zaman travma və oynaq xəstəliyi arasında kifayət qədər uzun müddət keçə bilər. Ayağın açıq sınıqları və ya yaraları zamanı infeksiyanın birbaşa oynaq nahiyəsinə düşməsi nəticəsində iltihabi proses inkişaf edə bilər. Bir sıra hallarda ayağın artriti ayaq oynaqlarının xroniki travmaları nəticəsində, məsələn, narahat ayaqqabılar geydikdə, yastıpəncəlikdə, idmanla və ya baletlə məşğul olduqda inkişaf edir.

Pəncənin infeksion artritinin inkişafı keçirilmiş virus, mikrob, göbələk və ya parazitar infeksiyalarla əlaqəli ola bilər. Tez-tez xəstələrin anamnezində artriti qrip və ya başqa KRVİ-nın, xroniki tonzillitin ağırlaşmasının, pnevmoniya, bağırsaq infeksiyaları, qonoreyanın qabaqladığını aşkarlamaq olur. Bəzən infeksiyanın pəncəyə oynaq boşluğuna yaxın yerləşmiş septik ocaqdan (furunkul, qızılyel iltihabı, osteomielit, infeksiyalaşmış yaralar, heyvan və həşərat dişləmələrində) limfatik yolla yayılması baş verir. Keçirilmiş urogenital və ya bağırsaq infeksiyasından sonra təzahür edən pəncənin reaktiv artriti Reyter sindromunda rast gəlinir.

Pəncənin revmatoid artriti etiologiyası aydınlaşdırılmamış xəstəlikdir. Lakin məlumdur ki, bu zaman iltihabi-destruktiv dəyişikliklər oynağın sinovial qişasının orqanizmin immun kompleksləri ilə zədələnməsi nəticəsində inkişaf edir. Podaqra ilə əlaqəli artritlərdə iltihabi proses urat kristallarının oynaq boşluğuna toplanması ilə sürətlənir. Pəncə oynaqlarının patoloji dəyişikliklərini təşviq edən faktorlara yuxarı yaş həddi, artıq çəki, ağır yüklənmə, ümumi və yerli hipotermiya, siqaretçəkmə, immunodefisit vəziyyətlər, şəkərli diabet və s.

Ayağın artritinin simptomları

Müxtəlif lokalizasiyalı və etiologiyalı artritlər ümumi klinik əlamətlərə (ağrı, oynağın xarici görünüşünün dəyişilməsi, funksiyalarının pozulması) malikdirlər. Bununla yanaşı, xəstəliyin hər bir forması özünəməxsusdur və spesifik xüsusiyyətlərə malikdir. Ayaq oynaqlarındakı ağrılar, adətən, daimi xarakter daşıyır, yeriyəndə və ya ayaqüstə uzun müddət dayandıqda artır; istirahətdən sonra müəyyən qədər sönür. Podaqrik artritlərdə tutmaşəkilli ağrılar qeyd olunur. Pəncənin zədələnmiş nahiyəsi üzərindəki yumşaq toxuma ödemli, dəri hiperemiyalaşmış və toxunmada isti olur. Hərəkət məhdudlaşır, hərəkətin amplitudu və həcmi azalır. Pəncənin adət olunmuş hərəkiliyinin itirilməsi intensiv ağrı hissilə və ya osteofitlərin (pəncənin ikincili artrozu) yaranması ilə əlaqəli ola bilər. Ayaq oynaqlarında hərəkət tez-tez xarakterik oynaqdan səsin gəlməsilə müşayiət olunur.

Ayağın artritin spesifik simptomlarına səhər buxovlanması, çox oynağın zədələnməsi, barmaqların və pəncənin xarakterik deformasiyası aiddir. Ayaqda hərəkətin buxovlanması, başlıca olaraq, səhər saatlarında, gecə istirahətindən sonra qeyd olunur. Xəstələr bu halı “səhərlər ayaqlarım gec açılır” hissiylə ifadə edirlər. Hərəkətin məhdudlaşmasına ağrı hissi də əlavə olunur; ağrıdan pasiyent axsayır, bəzən bir müddət ümumiyyətlə pəncələrini yerə basa bilmir. Ayağın artriti (posttravmatik formalar istisna olmaqla), adətən, poliartritlə – müxtəlif oynaq qruplarının iltihabi zədələnməsi ilə təzahür edir. Deformasiyaların oynaqlarda kənar osteofitlərin, ankilozların və yarımçıxıqların əmələ gəlməsi nəticəsində yaranan tipik formalarına caynaqşəkilli və ya çəkicvari barmaqlar, pəncənin valqus deformasiyası aiddir.

Ayağın artritinin diaqnostikası

Adətən, xəstənin mütəxəssisə (revmatoloq və ya ortoped) müraciət etməsinə yerişi çətinləşdirən intensiv ağrılar səbəb olur. Fiziki statusun öyrənilməsi çərçivəsində aşağı ətrafların distal şöbəsinin inspeksiyası; pəncənin vəziyyətinin, formasının, aktiv və passiv hərəkətin qiymətləndirilməsi; palpasiya, yerli temperaturun təyini; davranışların analizi və s. aparılır.

Artritin diaqnostikasında ayağın rentgenoqrafiyası, oynaqların USM-i, maqnit-rezonans və kompüter tomoqrafiya həlledici əhəmiyyət daşıyır. Ayağın artritinin etiologiyasının dəqiqləşdirilməsi məqsədilə qanın immunoloji və biokimyəvi analizi aparılır; CRZ, revmatoid faktor, sidik turşusu, qanda şəkərin səviyyəsi təyin olunur. Pəncənin kiçik oynaqlarının diaqnostik punksiyası sinovial mayenin əldə olunmasına və müayinəsinə imkan verir. Ayağın artritini plantar fassit, dabanaltı bursit, Morton xəstəliyi və s. bu kimi periartikulyar patologiyalardan fərqləndirmək lazımdır.

Ayağın artitinin müalicəsi

Ayağın artritinin müalicəsi etiopatogenetik və sistemli dərman terapiyası, kompleks bərpaedici-reablitasion tədbirlər; ehtiyac olduqda cərrahi müdaxilədən ibarətdir. Bütün klinik hallarda pəncənin yüklənməsini məhdudlaşdırmaq, onun xroniki olaraq travmalara məruz qalmasını istisna etmək mühümdür. Xəstəliyin kəskin dövründə pəncənin gips langetlə immobilizasiyası və əsanın köməyilə hərəkət etmə göstəriş ola bilər. Ayağın artriti zamanı pəhriz ilk növbədə podaqralı pasiyentlərə tələb olunur.

Ayağın artritinin müxtəlif formalarında iltihab əleyhinə və analgetik təsirə malik peroral, parenteral və yerli QSİƏP-lərin təyini göstərişdir. İnfeksion mənşəli artritlərdə antibiotiklər təyin olunur. Bir çox hallarda qlükokortikosteroidlərin lokal, oynaqdaxili yeridilməsi tələb olunur. Bərpa dövründə xondroprotektorlar, fizioterapiya (maqnitoterapiya, diadinamoterapiya, amplipuls terapiya, parafin, ozokerit, müalicəvi ayaq vannaları), müalicəvi bədən tərbiyəsi, pəncənin massajı təyin olunur. Ayağın artritləri ayaqqabı seçiminə yüksək tələblər irəli sürür; belə ki, ayaqqabılar sərbəst, alçaq topuqlu və sərt dabanlı olmalıdır. Bir qayda olaraq, pasiyentlərə daim supinator və başqa ortopedik fiksatorlar istifadə etmək tövsiyə olunur.

Bununla yanaşı, artrit pəncənin güclü struktur dəyişikliklərinə gətirib çıxardıqda ayaq darağı-falanqa oynaqlarının endoprotezlənməsi və ya artroplastika icra olunur. Davamlı deformasiya inkişaf etdikdə pəncənin çəkicşəkilli barmaqlarının rezeksiyası tələb oluna bilər.

Ayağın artritinin proqnoz və profilaktikası

Ayağın artritinin inkişafı zamanı proqnoz əsas xəstəliyin gedişinin kontrolundan və müalicə tədbirlərinin tamlığından asılıdır. Tamdəyərli müalicə və həkimin tövsiyələrinə riayət zamanı pasiyentin əvvəlki həyat tərzi bərpa olunur. Əks halda oynaqların geri dönməz dəyişiklikləri və pəncənin ağır deformasiyaları əlilliyə və sərbəst hərəkətin mümkünsüzlüyünə gətirib çıxara bilər. Ayağın artritinin profilaktikası məqsədilə rahat və komfortlu ayaqqabılar geymək, ayağı travmalardan və həddən artıq yüklənmədən qorumaq, optimal çəkini saxlamaq, yanaşı gedən xəstəlikləri vaxtında dəf etmək kimi tədbirləri icra etmək lazımdır.

error: Content is protected !!