Aybaşı pozğunluğu

Qadın orqanizmində müəyyən intervallarla baş verən aybaşı qanaxmaları ilə müşayiət olunan, ritmik təkrarlanan, hormondan asılı proseslər aybaşı sikli adlanır. Aybaşı sikli ərzində orqanizmdə hamiləliyin baş tutması və gedişi: yumurtahüceyrənin inkişafı və yetişməsi, onun mayalanması və uşaqlığın selikli qişasına implantasiyası üçün zəruri şəraitin yaradılmasına yönəldilmiş bir sıra dəyişikliklər yaranır. Aybaşı funksiyasının formalaşması pubertat (cinsi yetişkənlik) dövrünə aid edilir. Bir qayda olaraq, menarxe (ilk aybaşı) 11-14 yaşlarda müşahidə olunur, 1-1,5 il ərzində aybaşı sikli müntəzəm şəkil alır.

Aybaşı pozğunluğu barədə ümumi məlumat

Aybaşı sikli ərzində orqanizmdə hamiləliyin baş tutması və gedişi: yumurta hüceyrənin inkişafı və yetişməsi, onun mayalanması və uşaqlığın selikli qişasına implantasiyası üçün zəruri şəraitin yaradılmasına yönəldilmiş bir sıra dəyişikliklər yaranır. Aybaşı funksiyasının formalaşması pubertat (cinsi yetişkənlik) dövrünə aid edilir. Bir qayda olaraq, menarxe (ilk aybaşı) 11-14 yaşlarda müşahidə olunur, 1-1,5 il ərzində aybaşı sikli  müntəzəm şəkil alır.

Siklin müddəti hazırkı aybaşının 1-ci günündən növbəti aybaşının birinci gününə kimi hesablanır. Aybaşı siklinin individual fizioloji xüsusiyyətlərindən asılı olaraq, normada aybaşı sikli 21 günlə 30-35 gün arasında dəyişir, əksər hallarda 28 gün təşkil edir. Aybaşı siklinin sönməsi 45-50 yaşda, klimakterik dövrdə baş verir.

Aybaşı sikli baş beynin qabığı, hipofiz, hipotalamus, yumurtalıqlar tərəfindən icra olunan, uşaqlıq yolu, uşaqlıq, süd vəzilərini əhatə edən mürəkkəb neyrohumoral mexanizm tərəfindən tənzimlənir.

Hipotalamo-hipofizar sistem tərəfindən sintez olunan qonadotrop hormonlar – FSH, LH  və LTH (follikul stimulə edici, lüteinləşdirici, lüteotrop hormonlar) aşağıdakı fazalardan ibarət yumurtalıq siklinə (yumurtalıqlarda baş verən dəyişikliklərə) səbəb olur:

  • Follikulyar faza– follikulun yetişmə prosesi
  • Ovulyasiya fazası– yetişmiş follikulun partlaması və yumurtahüceyrənin çıxması
  • Progesteron (lütein) fazası – sarı cismin inkişafı

Mayalanma baş vermədikdə aybaşı siklinin sonunda sarı cisim geriyə inkişaf edir. Yumurtalıqların cinsi hormonları (estrogenlər, gestagenlər) uşaqlığın tonusu, qanla dolması və oyanıqlığının dəyişməsinə, eləcə də selikli qişada dinamik proseslərin yaranmasına, yəni 2 fazalı uşaqlıq siklinə səbəb olur:

  • Proliferasiya fazası – yara səthinin bərpası, sağalması və endometriumun funksional qatının sonrakı inkişafı. Bu faza follikulların yetişmə prosesi ilə birlikdə gedir.
  • Sekresiya fazası – uşaqlığın selikli qişasının kövşəkləşməsi, qalınlaşması və qopması (deskvamasiyası). Funksional qatın deskvamasiyası aybaşı ilə təzahür edir. Vaxt etibarilə bu faza yumurtalıqda sarı cismin inkişafı və sorulması ilə üst-üstə düşür.

Beləliklə, normada aybaşı sikli ikifazalı olur: yumurtalıq siklinin follikulyar və lütein fazaları və onlara müvafiq uşaqlıq siklinin proliferasiya və sekresiya fazaları. Norma halında yuxarıda sadalanan siklik proseslər bütün reproduktiv yaş dövründə müəyyən intervallarla təkrarlanır.

Ginekoloji xəstəliklər (uşaqlığın mioması və xərçəngi, uşaqlıq və onun artımlarının iltihabı), ağır ekstragenital xəstəliklər (qan, endokrin orqanlar, qaraciyər, mərkəzi sinir sisteminin xəstəlikləri, ürək qüsurları), infeksiyalar, hipovitaminoz, uşaqlığın travmatik zədələnmələri (instrumental manipulyasiyalar – abortlar və s.), stress və psixi travmalar nəticəsində aybaşı sikli pozula bilər.

Aybaşı pozğunluğu menstruasiyanın ritmikliyi və intensivliyinin dəyişməsi: aybaşıarası intervalın, ifraz olunan qanın artması və ya azalması, aybaşı ritminin pozulması ilə təzahür edir. Aybaşı pozğunluğu aşağıdakı tiplər üzrə gedir:

  • amenoreya– aybaşının 6 aydan çox olmaması
  • hipermenstrual sindrom (hiperpolimenoreya, menorragiya):
  1. hipermenoreya– gur aybaşı qanaxmaları;
  2. polimenoreya – 7 gündən artıq davam edən aybaşı;
  3. proyomenoreya– aybaşı intervalının 21 gündən az olması nəticəsində aybaşının tezləşməsi
  • hipomenstrual sindrom:
  1. hipomenoreya – aybaşı qanının az olması;
  2. oliqomenoreya – davam etmə müddətinin az olması (1-2 gün) ilə müşahidə olunan aybaşı;
  3. opsomenoreya – 35 gündən artıq intervallarla çox nadir rast gəlinən aybaşı
  • alqomenoreya – ağrılı aybaşı;
  • dismenoreya – baş ağrısı, iştahın itməsi, ürəkbulanma, qusma ilə müşayiət olunan aybaşı pozğunluğu;
  • alqodismenoreya – lokal ağrı və ümumi halın pozulması ilə səciyyələnən aybaşı pozğunluğu
  • neyroendokrin tənzimin pozulması nəticəsində yaranan və ovulyasiya, eləcə də sarı cismin olmaması ilə xarakterizə olunan anovulyator (birfazalı) uşaqlıq qanaxmaları.

Təkfazalı aybaşı siklində menstrual disfunksiya follikulların persistensiyası (follikulların ovulyasiya olmadan yetişməsi və sonradan follikulyar kistanın inkişafı) və ya yetişməmiş follikulun atreziyası (degenerasiyası).

İkifazalı aybaşı siklini müəyyən etmək üçün ginekologiyada rektal (bazal) temperaturun ölçülməsi üsulundan istifadə olunur. İkifazalı aybaşı siklinin follikulyar fazasında düz bağırsaqda hərarət 37° С-dən aşağı, lütein fazada isə  37 °С-dən yüksək olur, aybaşının başlanmasından 1-2 gün əvvəl temperatur azalır. Anovulyator (təkfazalı) sikldə temperatur əyrisinin göstəriciləri kiçik kənaraçıxmalarla 37°С-dən aşağı olur. Bazal temperaturun ölçülməsi fizioloji kontrasepsiya üsulu hesab olunur. Həmçinin ikifazalı sikl zamanı uşaqlıq yolundan müxtəlif vaxtlarda götürülən yaxmanın sitoloji müayinəsində xarakterik dəyişikliklər: «bəbək», «iplər» və s . simptomlar müşahidə olunur.

Aybaşı sikli ilə əlaqəli olmayan metrorragiya (asiklik uşaqlıq qanaxmaları) əksər hallarda qadın cinsiyyət sisteminin şiş xəstəliklərini müşayiət edir. Aybaşı siklinin pozulmalarından əziyyət çəkən qadınlar mütləq ginekoloqa müraciət etməli və pozğunluğun səbəblərini aşkar etmək üçün  tələb olunan müayinələrdən keçməlidir. Aybaşı disfunksiyasının müalicəsi ona səbəb olan amilin aradan qaldırılmasına yönəldilməlidir.

Aybaşı pozğunluğu çox zaman bətndaxili inkişaf dövründə dölün cinsiyyət orqanlarının təməlinin düzgün qoyulmaması və differensiasiya  proseslərinin pozulmaları ilə əlaqədar olur. Qızlarda yumurtalıqların natamam inkişafına müxtəlif neqativ amillər: kimyəvi, medikamentoz, şüa agentləri, ananın infeksion xəstəlikləri səbəb ola bilər. Buna görə də aybaşı funksiyasının pozğunluqlarının profilaktikasına antenatal (bətndaxili) dövrdən başlamaq lazımdır. Düzgün qidalanma və həyat tərzi, ümumi və qadın sağlamlığının qayğısına qalmaq aybaşı funksiyasının pozulmalarının qarşısını almağa kömək edir.

error: Content is protected !!