Aybaşı

Aybaşı – hər ay yeniyetmə qız və qadınların orqanizmində baş verən prosesdir. Normalda ona ayda 1 dəfə rast gəlinir. İlk aybaşı (menarxe) adətən 11-14 yaşlarda başlanır. Ondan əvvəl ikincili cinsi əlamətlər (süd vəzilərinin böyüməsi, qoltuq və qasıq nahiyəsində tüklənmə, üzdə sızanaqlar) müşahidə edilir. Bəzi qızlarda aybaşı daha tez, yəni 9-10 yaşda olur. 

Aybaşı nədir?

Aybaşı – menstrual siklin bir hissəsi olub, orqanizmin hamiləliyə hazır olmasından xəbər verir. Bu sikl orta hesabla 25-30 gün davam edir. Yeniyetmələrdə aybaşı müntəzəm şəkildə baş verməyə bilər, çünki onların hormonal sistemində əsaslı dəyişikliklər baş verir. Təxminən 1-2 il ərzində bu proses yoluna düşür.  

Aybaşı sikli

Hər ay yumurtalıqlarda 1 ədəd dominant follikul yetişir. Həmin dövrdə uşaqlığın daxili qatı (endometrium) da qalınlaşmağa başlayır. Adətən siklin ortalarında follikul partlayaraq, daxilindəki yumurtahüceyrəni xaric edir. Buna ovulyasiya deyilir. Yumurtahüceyrə uşaqlıq boruları ilə uşaqlığa doğru hərəkət edir. Əgər bu zaman yumurtahüceyrə spermatozoidlə birləşirsə, hamiləlik baş verir.  

Əks halda mayalanmamış yumurtahüceyrə uşaqlığın daxili qişası, qanla birgə orqanizmdən kənarlaşır. Bu proses “aybaşı” adlanır. Qanaxma ovulyasiyadan təxminən 14 gün sonra başlanır, orta hesabla 4-5 gün sürür. İlk günlərdə qan güclü axır, tədricən qanın miqdarı azalır.  

Sonra sikl yenidən təkrarlanır. Bu zəncir klimaks dövrünə qədər təqribən 400–450 dəfə müşahidə edilir.

Aybaşıdan əvvəl emosional dəyişikliklər 

Siklin 2-ci yarısında, yəni aybaşıdan 5-10 gün əvvəl qadınların bir qrupunda emosional və fiziki narahatlıqlar yaranır. Bunun tibbi adı predmenstrual sindromdur (PMS). Qeyd olunan hal süd vəzilərində, qarın nahiyəsində ağrı, əsəbilik, ağlağanlıq, taxikardiya, üz və ətraflarda şişkinlik ilə özünü büruzə verir. Əksər mütəxəssislər predmenstrual sindromu qanda estrogen səviyyəsinin artması ilə əlaqələndirirlər. 

Qarnın aşağı hissəsində baş verən spazmlar uşaqlığın yığılması ilə bağlıdır. Ağrı güclü və uzunmüddətli olduqda mütləq ginekoloqla əlaqə saxlamaq lazımdır.  

Aybaşının pozulması

Bir sıra qadınlarda aybaşı gecikməsi yaxud pozğunluğu (qanın miqdarının, aybaşı gününün azalması və yaxud əksinə çoxalması) baş verir. Belə hallar orqanizmdə gedən müəyyən xəstəliklər, patoloji dəyişikliklər, stress fonunda meydana çıxa bilər. 

Düzgün qidalanma, aktiv həyat tərzi, xəstəliklərin erkən diaqnostika və müalicəsi aybaşı pozulmasının əsas profilaktik tədbirlərindəndir.

Əgər Sizdə də belə problemlər varsa, o zaman vaxt itirmədən həkim-ginekoloqa müraciət edin. Çünki hər bir problemi zamanında həll etdikdə, bu daha asan və fəsadsız başa gəlir. 

error: Content is protected !!