Aybaşıarası ağrı sindromu
Aybaşıarası ağrı sindromu — xroniki çanaq ağrılarının bir forması olub, ovulyasiya vaxtı və onunla əlaqədar çanaq nahiyəsində ağrı hissiyyatı ilə xarakterizə olunur. Ovulyator siklin ortalarında qarnın aşağı hissəsində yaranan müxtəlif intensivlikli ağrılarla təzahür edir, psixovegetativ pozğunluqlarla müşayiət olunur. Diaqnozun qoyulması üçün bazal hərarətin ölçülməsi, follikulometriya, ovulyasiya testindən istifadə olunur. Spazmolitik, analgetik, sedativ vasitələrin təyinindən ibarət simptomatik müalicə yalnız ifadəli simptomatika zamanı tətbiq olunur. Göstərişlərə əsasən oral kontraseptivlər vasitəsilə follikulların yetişməsi ləngidilir.
Aybaşıarası ağrı sindromu barədə ümumi məlumat
Diskomfort hissi törədə bilən üzvi əsas tapılmadıqda, aşkar olunan xəstəliklərin klinik təzahürlərinin ağrılı ovulyasiyaya səbəb olması və ya onu gücləndirməsi xəstədə aybaşıarası ağrı sindromunun (ovulyator ağrı, Mittelşmerts sindromunun) olmasına dəlalət edir. Qadınların 45-50%-i həyatlarında ən azı 1 dəfə ovulyasiya fonunda qarnın aşağı hissəsində dartıcı ağrılar hiss etmişdir, təxminən 20% qadınlarda aybaşıarası ağrı müntəzəm qeyd olunur. Yeniyetmə və 20 yaşına kimi qızlarda pozğunluq adətən funksional olur, yaşı 35-dən yuxarı qadınlarda sindrom bitişmə prosesləri və dishormonal vəziyyətlərlə bağlı olur.
Aybaşıarası ağrı sindromunun yaranma səbəbləri
Ovulyator ağrı — yumurta hüceyrənin follikuldan çıxması ilə əlaqədar qadın orqanizmində baş verən fizioloji dəyişikliklərin nəticəsidir. 85% hallarda ağrı sindromu ginekoloji sağlam qadınlarda müntəzəm və ya daimi xarakterli olur, 14% xəstələrdə isə reproduktiv orqanların xəstəliyindən xəbər verir. 1% hallarda ovulyator ağrı ekstragenital patologiya ilə müşayiət olunur. Aybaşıarası ağrı sindromunun birbaşa səbəbləri aşağıdakılardır:
- Aşağı qıcıq qapısı. Normada yumurta hüceyrənin çıxması hiss olunmamalıdır. Lakin ağrı hissiyyatının qıcıq həddi azaldıqda, yumurtalıq, uşaqlıq boruları və çanaq peritonunun yumurta hüceyrənin çıxmasına qarşı reaksiyaları nəticəsində yaranan sinir impulsları baş beyin tərəfindən patoloji, ağrılı olaraq qəbul edilir. Bu səbəb həssas və ya stress keçirtmiş qadınlarda aparıcı rol oynayır.
- Reproduktiv orqanların iltihabi xəstəlikləri. Xroniki ooforit, salpingit, adneksitli qadınlarda ovulyasiyanın ağrılı olması toxumaların ödemi, orqanların məhdud hərəkəti və nosiseptiv həddi azaldan iltihab mediatorlarının təsiri ilə bağlıdır. İltihablaşmış yumurtalığın follikulunun partlaması orqanın kapsulunun sərtləşməsi səbəbindən daha ağrılı olur.
- Ekstragenital və ya xarici endometrioz. Yumurtalıq, uşaqlıq boruları, çanaq peritonunda inkişaf edən endometroid ocaqların hüceyrələri cinsi hormonların təsirindən siklik dəyişikliklərə uğrayır. Aybaşıarası dövrdə progesteronun aşağı konsentrasiyası fonunda estrogenlərin səviyyəsinin azalması endometrioz sahələrində ətraf toxumaların qıcıqlanmasına, aybaşıyabənzər təsirin yaranmasına səbəb olur.
- Kiçik çanaqda bitişmələr. Uşaqlıq artımlarının bitişmə prosesinə cəlb olunması onların hərəkətliyini əhəmiyyətli dərəcədə azaldır. Follikulun partlamasından sonra fallopiya borularının peristaltik hərəkətləri baş verir, yumurtalığı fiksasiya edən bağların saya əzələ lifləri yığılır. Nəticədə bu orqanları əhatə edən bitişmələr gərilir, baş beyinə patoloji ağrı impulyasiyası göndərilir.
- Çanağın travmaları. Aybaşıarası ağrı sindromu çanaq sümüklərinin, xüsusən oma-büzdüm nahiyəsinin travmatik zədələnmələrini keçirən qadınların 51,8%-də müşahidə olunur. Belə xəstələrdə ovulyasiya zamanı ağrının yaranması çanaq orqanlarının innervasiyasının pozulması, ağrı hissiyyatının qıcıq qapısının azalması, posttravmatik neyroendokrin pozğunluqlarla əlaqədardır.
Aybaşıarası ağrı sindromunun patogenezi
Mittelşmerts sindromunun əsasını ovulyasiya zamanı baş verən təbii fizioloji proseslər təşkil edir. Nəzəri cəhətdən ovulyasiya zamanı ağrı hissiyyatının yaranmasına səbəb olan 5 komponent mövcuddur: follikulun yetişməsi zamanı kapsulun dartılması, yumurta hüceyrənin çıxması üçün follikulun partlaması, follikulyar möhtəviyyatın təsirindən peritonun qıcıqlanması, oositin daxil olduğu uşaqlıq borusunun peristaltikası, yumurtalıq bağlarının saya əzələ elementlərinin yığılması.
Normada bütün proseslər zamanı afferent impulsasiya qıcıq qapısı altı səviyyədə gedir. Antinosiseptiv sistemdə anadangəlmə və ya qazanılmış pozğunluqlar zamanı funksional dəyişikliklər (beyin qabığının yüksək oyanıqlığı, sinir liflərində posttravmatik dəyişikliklər) və ya patoloji hissiyyatın formalaşması üçün üzvi əsasın olması ilə əlaqədar qıcıq həddinin azalması aybaşıarası ağrıların hiss olunmasına səbəb olur.
Aybaşıarası ağrı sindromunun əlamətləri
Mittelşmerts sindromunun xarakterik təzahürü növbəti aybaşının başlanmasından 13-15 gün əvvəl qarnın aşağı nahiyəsində ağrı və diskomfort hissinin yaranmasıdır. Ağrı sindromunun intensivliyi dartıcı yayılan diskomfortla kəskin deşici ağrılar arasında dəyişir. Ağrının büzdüm, oma, bel, qasıq, nadir hallarda budun daxili səthinə irradiasiyası mümkündür. Adətən aybaşıarası ağrı birtərəfli olub, yumurta hüceyrənin çıxdığı yumurtalıq tərəfdə lokalizasiya olunur. Yalnız iki oositin yetişməsi zamanı ağrı iki tərəfdə hiss olunur.
Ovulyasiya zamanı ağrı sindromu adətən uşaqlıq yolundan şəffaf ifrazat, cinsi istəyin artması, mastodiniya, bəzi qadınlarda bədən hərarətinin 37,0-37,4°С-yə qədər yüksəlməsi, ürəkbulanma, qısamüddətli baş ağrıları, başgicəllənmə, əhval-ruhiyyənin dəyişməsi ilə müşayiət olunur. Alt paltarında bir neçə qanın izlənilməsi mümkündür. Mittelşmerts sindromu zamanı klinik təzahürlərin davam etmə müddəti adətən 1-2 gündən çox olmur.
Aybaşıarası ağrı sindromunun ağırlaşmaları
Aybaşıarası ağrı sindromu qadının sağlamlığı üçün təhlükə daşımır, lakin ifadəli simptomatika onun həyat tərzini pisləşdirir, produktivlik və əmək qabiliyyətinin azalmasına gətirib çıxardır. Həssas xəstələrdə ipoxondriya, depressiv nevroz, kanserofobiyanın inkişafı müşahidə olunur. Aybaşıarası ağrıya səbəb olan xəstəliyin vaxtında aşkar olunmaması ağır fəsadlarla nəticələnir. Adekvat müalicə aparılmadıqda patoloji proseslər xronikləşir, reproduktiv və endokrin funksiyaların pozulması, neoplaziyaların yaranması ilə ağırlaşır.
Aybaşıarası ağrı sindromunun diaqnostikası
Diaqnostik mərhələnin əsas məqsədi ağrı hissinin ovulyasiya ilə bağlı olmasının təsdiq edilməsi, pozğunluğun səbəbinin aşkar olunması, çanaq nahiyəsində ağrılarla müşayiət olunan digər genital və ekstragenital xəstəliklərin istisna olunmasından ibarətdir. Diaqnozun qoyulması üçün aşağıdakı üsullar daha effektiv sayılır:
- Bazal hərarətin ölçülməsi. Heç bir maliyyə tələb olunmadan ev şəraitində apara bilən sadə bir üsuldur. Ovulyasiya günü gecə yuxusundan sonra ölçülən rektal və ya vaginal hərarət təxminən 0,3° С azalır, sonra isə yenidən 37° C və daha yüksək olur.
- Ultrasəs follikulometriya. Dominant follikulun böyümə və inkişafının sonoqrafik monitorinqi yetişmiş ovulyasiya gününü dəqiq təyin etməyə imkan verir. Transvaginal USM aybaşı siklinin I yarısında menstruasiyadan 5-10 gün sonra gündəlik olaraq aparılır.
- Ovulyasiya testi. Bu üsul sidikdə lüteinləşdirici hormonun səviyyəsinin təyininə əsaslanır, qadın tərəfindən sərbəst şəkildə tətbiq olunur. LH səviyyəsi follikulun yetişmə anına qədər qalxır, yetkin yumurta hüceyrənin yumurtalıqdan çıxması zamanı onun səviyyəsi ən yüksək həddə çatır, sonra isə azalmağa başlayır.
Ovulyator ağrı sindromunun klinikasını gücləndirən xəstəliklərin aşkarlanması məqsədilə kiçik çanağın USM, reproduktiv orqanların KT və MRT, diaqnostik laparoskopiya, cinsi hormonların (estradiol, progesteron, FSH, LH) müayinəsi, farmakoloji hormonal sınaqların aparılması, digər üsullar təyin olunur. Aybaşıarası ağrı follikulyar kista, appendisit, uşaqlıqdan kənar hamiləlik, yumurtalığın apopleksiyası, onun kistasının ayaqcığının burulması, kəskin salpinqooforit, yumurtalıqların hiperstimulyasiya sindromu ilə differensiasiya edilir. Diaqnostik prosesə ginekoloq-endokrinoloq, abdominal cərrah cəlb oluna bilər.
Aybaşıarası ağrı sindromunun müalicəsi
Mamalıq və ginekologiya sahəsinin mütəxəssisləri ovulyasiya ağrısını patoloji hal hesab etmir və adətən cüzi və ya mülayim ağrı hissiyyatı zamanı hər hansı bir xüsusi terapiya təyin etmirlər. Belə vəziyyətlərdə fiziki yüklənmənin istisna edilməsi, istirahət vaxtının artırılması, ovulyasiya dövründə cinsi əlaqədən imtina (əgər qadın hamiləlik planlaşdırmırsa) kifayət edir. İntensiv ağrı sindromu və ya onun üzvi patologiya ilə əlaqədar olması zamanı aşağıdakı məqsədləri daşıyan müalicə məsləhət görülür:
- Ağrının aradan qaldırılması. Ovulyasiya günlərində spazmolitik və analgetiklərin istifadəsi mümkündür. Adətən iltihab mediatorlarının səviyyəsini azaldan, qıcıq qapısını artıraraq və patoloji impulsasiyanın intensivliyini azaldaraq, periferik və mərkəzi nosiseptiv mexanizmlərə effektiv təsir edən qeyri-steroid iltihabəleyhinə preparatlardan istifadə olunur.
- Psixovegetativ pozğunluqların azaldılması. Əksər hallarda ovulyasiya ilə bağlı emosional pozğunluqların korreksiyası üçün bitki tərkibli sedativ preparatların təyini kifayət edir. Aybaşıarası ağrı fonunda nevrozların yaranması zamanı yumşaq antidepressantlar, autosuggestesiya, psixoterapevtik texnika effektiv təsir göstərir.
- Ovulyasiyanın yatırılması. Aybaşıarası ağrı sindromuna səbəb olan amillərin təsirinin müvəqqəti istisna edilməsi məqsədilə oral kontraseptivlərdən istifadə olunur. Onların qəbulu zamanı follikulların yetişməsi dayanır. Normal aybaşı siklinin bərpasından sonra adətən simptomatikanın intensivliyi azalır.
- Genital və ekstragenital patologiyaların müalicəsi. Terapevtik sxem Mittelşmerts sindromunu yaradan və ya onu gücləndirən aparıcı xəstəliyə əsasən təyin olunur. Müalicə məqsədilə antibiotiklər, hormonal preparatlar, immunomodulyatorlar, eubiotiklər tətbiq olunur. Bir sıra hallarda həcmli törəmələr zamanı cərrahi müdaxilə göstəriş hesab olunur.
Aybaşıarası ağrı sindromunun proqnoz və profilaktikası
Aybaşıarası ağrı sindromunun proqnozu qənaətbəxşdir. Həyat tərzinin korreksiyası və dərman preparatlarının əsaslı təyini ağrı hissiyyatını azaltmağa və ya tamamilə aradan qaldırmağa, eləcə də qadına həyat keyfiyyətini yüksəltməyə imkan yaradır. Proqnostik planda poğzunluğu törədən səbəblərin vaxtında diaqnostikası və aşkar olunan üzvi patologiyaların adekvat müalicəsi mühüm rol oynayır.
Aybaşıarası ağrının neqativ təzahürlərinin profilaktikası məqsədilə qadınlara ildə 2 dəfə mama-ginekoloq müayinəsindən keçmək, ovulyasiya günlərində izafi yüklənmələrin və cinsi həyatın istisna olunması üçün aybaşı siklinə nəzarət etmək məsləhət görülür.