Azoospermiya
Azoospermiya – toxum mayesində spermatozoidlərin olmaması ilə xarakterizə edilir. Səbəbindən asılı olaraq obstruktiv və qeyri-obstruktiv azoospermiya ayırd edilir. Azoospermiya təbii yolla, bəzi hallarda isə köməkçi reproduktiv texnologiyanın köməyilə də döllənmənin mümkünsüzlüyü ilə müşayiət olunur. Azoospermiya kişi reproduktiv statusunun müayinəsi (USM, xayanın biopsiyası, hormonların səviyyəsinin müəyyənləşdirilməsi, spermoqram, ASAT) ilə diaqnostika olunur. Obstruktiv azoospermiya zamanı toxumçıxarıcı axarların keçiriciliyinin mikrocərrahi üsulla bərpası; patologiyanın sekretor formalarında stimuləedici hormonal terapiya aparılır. Təbii yolla mayalanma mümkün olmadıqda EKM – ekstrakorporal mayalanma (İntrasitoplazmatik Sperm İnyeksiyası (İCSİ)) metoduna müraciət olunur.
Azoospermiya barədə ümumi məlumat
Azoospermiya eyakulyatda spermatozoidlərin olmaması ilə əlaqəli meydana çıxan kişi sonsuzluğunun formalarından biridir. Andrologiya və urologiyda spermatogenezin pozulmasının bir neçə variantı ayırd edilir: oliqozoospermiya, astenozoospermiya, teratozoospermiya və azoospermiya. Bundan başqa, patologiyanın kombinasiyalı gedişata malik formalarına (oliqoastenozoospermiya, oliqoteratozoospermiya, astenoteratozoospermiya və s.) da rast gəlinir. Kişilərdə sonsuzluğa səbəb olan bütün amillərin təxm. 10-20%-i azoospermiyanın payına düşür. Spermanın patologiyası, həmçinin azoospermiya kişi reproduktiv sağlamlığının pozulmasını əks etdirir. Buna görə də mütəxəssislərin əsas səyləri mövcud vəziyyətin səbəblərinin aşkarlanmasına və dəf edilməsinə yönləndirilməlidir.
Spermatogenezin fiziologiyası və pozulması
Spermatogenez – kişi cinsi hüceyrələrinin yaranması və yetişməsi prosesi pubertat dövründə başlayır və qocalığın gec dövrlərinədək davam edir. Spermatozoidlər xayanın qıvrım toxum kanallarında yaranır və 3 ardıcıl fazadan – spermatozoidlərin proliferasiyası, meyozu və spermiogenezindən ibarətdir. Proses 34°С temperaturda daha aktiv gedir. Bunu xayanın xayalıqda, periton boşluğundan kənar yerləşməsi, bir sözlə anatomik lokalizasiyası təmin edir. Spermatozoidlərin yekun yetişməsi xaya artımlarında baş verir. Kişilərdə spermatogenezin tam siklinin davametmə müddəti təxm. 73-75 gün təşkil edir.
Müxtəlif əlverişsiz faktorlar spermatozoidlərin yaranma və yetişmə prosesini poza, patospermiyanın müxtəlif formalarına gətirib çıxara bilər. Bunlar arasında aşağıdakılara daha çox rast gəlinir:
- oliqozoospermiya– sağlam spermatozoidlərin miqdarının azalması (1 ml eyakulyatda 20 milyondan az)
- astenozoospermiya– 50%-dən az 1-ci hərəkət tipli (proqressiv xətti) və 2-ci hərəkət tipli (yavaş xətti və ya proqressiv qeyri-xətti) spematozoidlərin və ya 25%-dən az 1-ci hərəkət tipli spematozoidlərin olması. Bu zaman spermatozoidlərin miqdarı və forması normal olur.
- teratozoospermiya– spermatozoidlərin yarıdan çoxunda baş və ya quyruq hissə əyri olur. Hüceyrələrin hərəkiliyi və miqdarı dəyişilməmişdir.
- azoospermiya– toxum mayesində spermatozoidlər mövcud deyil.
Azoospermiyanın səbəbləri
Yaranma səbəbindən asılı olaraq azoospermiya obstruktiv, qeyri-obstruktiv (sekretor) və müvəqqəti ola bilər. Azoospermiyanın obstruktiv formasının əsasında toxumçıxarıcı yolların keçiriciliyinin pozulması durur, nəticədə spermatozoidlər eyakulyata düşə bilmir. Bu zaman kişi cinsi hüceyrələri kafi miqdarda, normal morfologiya və hərəki qabiliyyətə malik sintez olunur. Obstruktiv azoospermiyanın yaranmasına anadangəlmə anomaliyalar (toxumçıxarıcı axarların aplaziyası), iltihabi proseslər (orxit, epididimit, vezikulit, prostatit), xayalıq orqanlarının travmaları, varikosele, qasıq-xayalıq yırtığı, uretranın strikturası, xayalıq orqanlarının cərrahi əməliyyatları (vazorezeksiya, yırtığın kəsilməsi, hidroselenin cərrahi müalicəsi və s. ) və s. amillərdir.
Sekretor (qeyri-obstruktiv) azoospermiya zamanı xayaların spermatozoid əmələ gətirməsi pozulur. Belə vəziyyətin yaranmasına ikitərəfli kriptorxizm, epidemik parotit, toksik orxoepididimit, xayaların şişləri, radiasion şüalanma, ağır metalların duzlarının və pestisidlərin toksiki təsiri səbəb ola bilər. Spermatogenezin sekretor və obsrtruktiv azoospermiya tipli pozulması hipoqonadizm, mukovisidoz, şəkərli diabet, seliakiya, hipofizin şişləri, onurğa sütununun travmaları, sifilis və başqa patologiyalar zamanı da baş verə bilər.
Müvəqqəti azoospermiya cinsi orqanların keçici funksional pozulmaları ilə xarakterizə olunur və kəskin xəstəliklər, stress, bəzi dərman preparatlarının (steroid hormonlar, antibakterial və şişəleyhinə preparatlar) qəbulu, sauna və vanna otağına tez-tez getmək fonunda inkişaf edə bilər. Spertmatozoidlərin sintezinin müvəqqəti azalması cinsi aktiv kişilərdə tez-tez cinsi əlaqələr zamanı qeyd olunur.
Azoospermiyanın simptomları
Azoospermiyanın əsas spesifik simptomu kişi sonsuzluğudur. Bu zaman kişinin cinsi funksiyaları dəyişilməmiş qala bilər. Azoospermiyanı müşayiət edən digər klinik simptomlar əsas xəstəliklə əlaqəlidir. Belə ki, kişilərdə hipoqonadizm zamanı ikincili cinsi əlamətlərin (seyrək tüklənmə, bədənin qadın tipli formalaşması, ginekomastiya) inkişaf etməməsi aşkar olunur. Sekretor azoospermiya tez-tez xayaların hipoplaziyası, mikropenis, libidonun azalması, erektil disfunksiya ilə müşayiət olunur.
Obstruktiv azoospermiyanın müxtəlif formalarında pasienti diskomfort, xayalıq nahiyəsində ağrı, ödem və şişkinlik narahat edir. Palpasiyada xayalar normal ölçülü və formalı, xaya artımları isə burada spermatozoidlər toplandığından böyümüş olur. Obstruktiv azoospermiya retroqrad eyakulyasiya ilə müşayiət oluna bilər.
Azoospermiyanın diaqnostikası
Azoospermiyanın səbəbləri və forması mütəxəssis (androloq, uroloq, endokrinoloq) tərəfindən yalnız kişi reproduktiv sisteminin kompleks müayinəsinə əsasən təyin oluna bilər. Anamnez toplanarkən cinsi aktivliyin tezliyi və döllənməmə dövrünün uzunluğu, keçirilmiş xəstəliklər, peşə zərərləri, pasientin həyat tərzi və başqa faktorlar dəqiqləşdirilməlidir. Fiziki inspeksiya zamanı bədənin formalaşmasının tipi, ikincili cinsi əlamətlərin ifadəliliyi, xarici genital üzvlərin vəziyyəti qiymətləndirilir.
Azoospermiyanın faktorlarının CYYX-ın istisnası məqsədilə pasient İFA, İFR, ZPR metodları ilə müayinə olunur. Retroqrad eyakulyasiyanın istisnası məqsədilə sidiyin posteyakulyator analizi aparılır. Azoospermiyanın formalarının differensial diaqnostikası məqsədilə xayaların diaqnostik biopsiyası həyata keçirilir.
Azoospermiyanın müalicəsi
Kişi cinsi orqanlarının patologiyalarını inkar etmək məqsədilə xayaların USM-i, prostatın TRUSM-i (transrektal ultrasəs müayinəsi), xayalıq damarlarının USDQ (ultrasəs doppleroqrafiya) və s. aparılır. Kişi fertilliyini, xüsusən də azoospermiyanı dəyərləndirməyə imkan verən mühüm analizlər spermoqram və qanda antispermal antitellərin səviyyəsinin müəyyənləşdirilməsidir. Azoospermiya zamanı hormonal statusun (testosteron, prolaktin, estradiol, LH, FSH) analizi cinsi vəzilərin fəaliyyətinin hipotalamo-hipofizar tənzimlənməsinin qiymətləndirilməsinə imkan verir.
Azoospermiyanın bütün klinik hallarında müalicə kişi fertilliyinin səbəbinin aradan qaldırılmasına yönəlir. Beləliklə, obstruktiv azoospermiyanın problemlərinin başlıca həll yolu toxumçıxarıcı axarların keçiriciliyinin bərpasını təmin edən rekonstruktiv cərrahiyyədir – uretranın plastikası, vazo-vazoanastomoz və ya vazo-epididimoanastomozun qoyulması, varikoselenin cərrahi üsulla aradan qaldırılması və s. Toxumçıxarıcı axarların obstruksiyasının cərrahi üsulla dəf edilməsindən sonra fertilliyin bərpasının uğuru 27-56% təşkil edir. Sekretor azoospermiyaya gətirib çıxaran endokrin pozulmaların korreksiyası məqsədilə əvəzedici və ya stimuləedici hormonal terapiya təyin olunur. Hormonal mənşəlli kişi sonsuzluğunun müalicəsi ilə bir sıra hallarda eyakulatda spermatozoidlərin meydana çıxmasına nail olunur.
Əgər azoospermiyanın cərrahi və konservativ müalicəsinə baxmayaraq, partnyor hamilə qalmırsa, köməkçi reproduktiv texnologiya köməyə çatır. Bunlardan ən effektlisi İntrasitoplazmatik Sperm İnyeksiyasıdır (İCSİ). Ekstrakorporal döllənmə proseduru üçün spermatozoidlər xayaların (TESA/TESE) və ya xaya artımlarının (MESA, PESA) açıq və ya aspirasion biopsiyası vasitəsilə əldə olunur.
Azoospermiyanın səbəbləri aradan qaldırılmadıqda kişi sonsuzluğunun uğurlu müalicəsi mümkün deyil. Belə vəziyyətlərdə cütlüyə döllənmək üçün donor spermadan istifadə tövsiyə edilir. Təbii yolla və ya KRT-nın (köməkçi reproduktiv texnologiya) köməyilə mayalanma şansı azoospermiyanın sekretor forması ilə müqayisədə obstruktiv formasında daha yüksəkdir.