Bağırsaq qanaxması
Bağırsaq qanaxması – həzm traktının aşağı şöbələrindən qanın axmasıdır. Bu patologiya əsas xəstəliyin əlamətləri, eləcə də defekasiya zamanı qan ilə təzahür edir. Qan nəcis kütlələrinə qarışır və ya ifrazatlarda laxta şəklində yerləşir. Diaqnostika məqsədilə barmaqla rektal müayinə, nazik və yoğun bağırsağın endoskopiyası, mezenterial damarların angioqrafiyası, nişanlanmış eritrositlərlə sintiqrafiya, qanın klinik və biokimyəvi analizləri aparılır. Müalicə adətən konservativ yolladır, bura əsas xəstəliyin terapiyası və qanitirmənin bərpası daxildir. Bağırsağın ağır patologiyalarında (tromboz, damarların işemiyası, nekroz) cərrahi müalicə tələb olunur.
Bağırsaq qanaxması haqqında ümumi məlumat
Bağırsaq qanaxması – nazik və yaxud yoğun bağırsaqdan qanın xaric olmasıdır. Bağırsaq qanaxması həzm traktında baş verən qanamaların təxminən 10-15%-ni təşkil edir. Patologiya adətən aşkar klinik simptomatikaya malik olmur və hemorragik şoka gətirib çıxarmır. Əksər hallarda bağırsaq qanaması digər xəstəliklər səbəbindən müayinə zamanı təsadüfən aşkara çıxır. Qanaxmanın səviyyəsi nəcis kütlələrinin konsistensiya və rənginə əsasən təyin edilir: qan nazik bağırsaqdan xaric olunduqda nəcis qara, duru və iyli olur; yoğun bağırsağın yuxarı hissələrindən axan qan tünd olub, nəcis kütlələrinə bərabər şəkildə qarışır. Qanaxma yoğun bağırsağın aşağı şöbələrindən baş verdikdə al qan nəcisin üzərini bürüyür. Cüzi qanamalar klinik cəhətdən büruzə olunmur, onları yalnız nəcisin gizli qana görə analizində aşkarlamaq mümkündür.
Bağırsaq qanaxmasının səbəbləri
Qanaxmaya bağırsağın və müsariqə damarlarının müxtəlif xəstəlikləri səbəb ola bilər. Nazik və yoğun bağırsağın angiodisplaziyası yalnız qanaxma ilə təzahür edə bilər. Bağırsağın divertikulyozu qanaxmanın ən çox rast gəlinən səbəbi sayılır. Həmçinin bağırsaq qanaxması əksərən bu orqanın kəskin (psevdomembranoz kolit) və xroniki xəstəliklərini (qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi); nazik və yaxud yoğun bağırsağın spesifik patologiyalarını (vərəm mənşəli kolit) müşayiət edir.
Eləcə də bağırsaqdan qanaxma müsariqə damarlarının zədələnməsi – mezenterial arteriyaların spazm və yaxud trombozu nəticəsində bağırsağın işemiyası ilə əlaqədar yarana bilər. İri həcmli qanaxmalar şiş xəstəliklərinin (bağırsaq polipləri, xərçəng) son mərhələlərinin əlaməti sayılır.
Bağırsaq qanaxmasına həm də babasil, anal çat zamanı təsadüf olunur. Nadir rast gəlinən səbəblərə şüa terapiyasından sonra radiasion kolit, aorto-bağırsaq fistulalaları, ankilostomidoz, bağırsağın sifilisi, amiloidoz aiddir. Təxminən 10% hallarda qanaxmanın mənşəyini üzə çıxarmaq mümkün olmur.
Bağırsaq qanaxmasının əlamətləri
Bağırsaq qanaxması çox az hallarda güclü olub, hipovolemiya və hemorragik şok törədir. Əksər pasiyentlər yalnız hərtərəgli anamnez zamanı nəcisdə periodik qanın görünməsini bildirirlər. Bağırsaq qanaxmasında ən geniş yayılmış şikayət nəcislə birgə qanın ifraz olunmasıdır. Nazik bağırsaqdan axan qan uzun müddət həzm fermentləri ilə təmasda olduğundan hemoqlobin oksidləşir. Bununla əlaqədar qanın rəngini qaralır. Qanın həcmi çox olduqda, bağırsağın divarı qıcıqlanır, nəticədə onun möhtəviyyatının hərəkəti sürətlənir. Bu isə duru, qara və üfunətli nəcis (melena) ilə təzahür edir.
Qanaxmanın mənbəyi yoğun bağırsağın yuxarı şöbələrində yerləşdikdə qan nəcis kütlələrinin formalaşmasında aktiv şəkildə iştirak edir, həm də oksidləşir. Belə vəziyyətlərdə tünd rəngli qan nəcis kütlələrinə bərabər şəkildə qarışır. Qan S-vari və düz bağırsaqdan axdıqda nəcislə qarışmağa vaxt çatmır. Bu səbəbdən ifrazatların üzərində al-qırmızı damcı və yaxud laxta şəklində izlənilir.
Qanaxma yoğun bağırsağın divertikulları və yaxud angiodisplaziyalarla bağlı olduqda, qanaxma tam sağlam fonda baş verərək, ağrı ilə müşayiət olunmaya bilər. Bağırsaq qanaxmasına bu orqanın infeksion, iltihabi patologiyaları səbəb olduqda, nəcisdə qanın müşahidə olunmasından əvvəl qarında ağrı meydana çıxa bilər. Defekasiya zamanı və yaxud ondan sonra aralıq nahiyəsində ağrı, nəcis kütlələrində və ya tualet kağızında al-qırmızı qan babasil və anal çat üçün xarakterikdir.
Yoğun bağırsağın qanaxma ilə müşayiət olunan infeksion patologiyalarında qızdırma, ishal, defekasiya aktına daimi çağırışlar (tenezmlər) yarana bilər. Əgər bağırsaq qanaxması uzunmüddətli subfebrilitet, arıqlama, xroniki ishal və intoksikasiya fonunda yaranarsa, bağırsaq vərəmindən şübhələnmək lazımdır. Dəri, oynaq, göz və digər orqanların sistemli zədələnmələri ilə birgə gedən bağırsaq qanaxması adətən bağırsağın qeyri-spesifik iltihabından xəbər verir. Nəcis qırmızı olduqda, lakin qanaxmanın klinik əlamətləri izlənilmədikdə pasiyentin qida boyaları ilə zəngin məhsuldan istifadə etməsini aydınlaşdırmaq gərəkdir.
Bağırsaq qanaxmasının diaqnostikası
Bağırsaq qanamalarında vəziyyətin ağırlığını müəyyənləşdirmək üçün qanın klinik analizi (hemoqlobin, eritrosit, normosit, hematokrit səviyyəsinin yoxlanılması), nəcisdə gizli qanın təyini, koaquloqramma lazım gəlir.
Nəcisdə al qan olduqda düz bağırsağın barmaqla müayinəsinə ehtiyac yaranır. Bu yolla hemorroidal düyünlər, polip üzə çıxarılır. Lakin yadda saxlamaq lazımdır ki, düz bağırsaq venalarının hemorroidal genişlənməsi diaqnozu həzm traktının digər şöbələrindən qanaxmanı inkar etmir.
Bağırsaq qanaxmasını üzə çıxaran ən sadə üsul endoskopiyadır. Diaqnoz qoymaq üçün kolonoskopiya (yoğun bağırsağın müayinəsi), rektoromanoskopiya (S-vari və düz bağırsağın vizualizasiyası) aparıla bilər. Endoskopik müayinə 90% hallarda qanaxmanın mənşəyini aşkar edir və eyni zamanda endoskopik müalicəyə (polipektomiya, qanayan damarın elektrokoaqulyasiyası) imkan verir.
Qanaxma davam etdikdə və onun səbəbini müəyyən etmək mümkün olmadıqda mezenterikoqrafiya, nişanlanmış eritrositlərlə müsariqə damarlarının sintiqrafiyası yerinə yetirilir. Mezenterikoqrafiya ilə 85% hallarda bağırsaq qanaxmasının mənbəyi dəqiqləşdirilir. Yalnız bunun üçün onun intensivliyi 0,5 ml/dəq.-dən yüksək olmalıdır. Müsariqə damarlarına yeridilən kontrast maddə qanla bağırsaq mənfəzinə daxil olur, bu da rentgen şəkildə görünür. Belə vəziyyətlərdə müsariqə damarlarında olan kateter onların sklerozlaşdırılması və yaxud vazopressinin (bu preparat damarı daraldır və qanaxmanı dayandırır) yeridilməsi üçün istifadə edilə bilər. Qeyd olunan üsul bağırsağın divertikulyozu, angiodisplaziyalar fonunda qanaxmanı aşkarlamaqda aktualdır.
Bağırsaq qanaxmasının intensivliyi aşağı olduqda (0,1 ml/dəq.), nişanlanmış eritrositlərlə sintiqrofiya daha effektivdir. Bu metod xüsusi hazırlıq və zaman tələb etsə də, dəqiqliyi yüksəkdir. Mezenterikoqrafiyadan fərqli olaraq, sintiqrafiya qanaxmanın səbəbini deyil, onun mənbəyini müəyyən edir.
Barium məhlulu ilə bağırsağın rentgenoloji müayinəsi az informativ olduğundan ondan az istifadə edilir.
Bağırsaq qanaxmasının müalicəsi
Az intensivlikli bağırsaq qanaxması adətən hospitalizasiya tələb etmir. Ancaq hemorragik şok əlamətləri izlənildikdə xəstə təcili şəkildə intensiv terapiya şöbəsinə yerləşdirilməlidir. Bu tip simptomlara dərinin avazıması, ətrafların soyuması, taxikardiya, arterial təzyiqin enməsi, sidik ifrazının olmaması aiddir. İntensiv terapiya şöbəsində xəstəyə qan əvəzləyicilər, qan preparatları (eritrositar kütlə, təzə dondurulmuş plazma, kriopresipitat) köçürülür. Hemodinamikanın göstəricilərinə nəzarət edilir. Hər saatda hemoqlobin, eritrosit və hematokrit səviyyəsinə diqqət edilir. Qanaxmanın mənbəyini təyin etmək və onun dayandırmaq üçün təcili endoskopiya edilir. 80% hallarda bu yolla qanaxma kəsilir.
Orta dərəcəli qanaxmalarda müalicəyə onun səbini aradan qaldırmaqla, yəni onun müalicəsi ilə başlanılır. Bağırsağın divertikulyozu fonunda qanaxma əsasən angioqrafiyadan sonra kateterlə vazopressin infuziyası hesabına dayandırılır. Bu tip qanaxmalar sonrakı 2 sutka ərzində residivləşməyə meyill olur. Bu səbəbdən müsariqə damarından kateteri 48 saatdan tez çıxarmırlar. Həmçinin angioqrafiya prosesində taxılan kateter qanayan damarın embolizasiyası üçün istifadə edilə bilər. Qanaxmanı kəsmək mümkün olmadıqda və ya konservativ hemostazdan sonra bu hal residivləşdikdə cərrahi əməliyyat – hemikolektomiya, subtotal kolektomiya aparılır.
Bağırsağın kəskin işemiyası ilə əlaqəli qanaxmalarda digər taktika tətbiq edilir: erkən mərhələlərdə vazodilatasiya effektivdir. Bağırsaq infarktı, peritonit inkişaf etdikdə bağırsağın zədələnməş hissəsi rezeksiya edilir.
Bağırsaq qanaxması angiodisplaziya ilə bağlı olduqda endoskopik müayinə zamanı zədələnmiş damarlar elektro və lazer koaqulyasiya edilir. Hemorroidal qanaxmalarda damarlar sklerozlaşdırılır və ya bağlanılır.
Bağırsaq qanaxmasının proqnoz və profilaktikası
Bağırsaq qanaxmasının proznozu bir çox faktorlardan asılıdır, bu səbəbdən onun gedişini müəyyənləşdirmək çətindir. Qanaxmanın profilaktikası bu vəziyyətə gətirib çıxaran xəstəliklərin erkən diaqnostika və müalicəsindən ibarətdir.