Bakterial vaginoz
Bakterial vaginoz – uşaqlıq yolunun infeksion, qeyri-iltihabi xəstəliyi olub, normal laktofloranın şərti-patogen bakteriyaların polimikrob assosiasiyası ilə əvəz olunması nəticəsində yaranır. Bakterial vaginoz immun pozğunluqlar, reproduktiv sistemin iltihabi xəstəlikləri, aybaşı siklinin pozulmaları, uşaqlıqdaxılı spiralın uzunmüddətli istifadəsi, antibiotik və hormonal preparatların qeyri-rasional qəbulu nəticəsində yaranır. Xəstəlik xeyli miqdarda, xoşagəlməz iyli ifrazatla müşayiət olunur. Bəzi hallarda bakterial vaginoz simptomsuz gedişə malik olur. Diaqnoz şikayətlər, anemnez və xüsusi müayinələrin nəticələrinə əsasən qoyulur. Müalicə: yerli və sistemli terapiya.
Bakterial vaginoz barədə ümumi məlumat
Bakterial vaginoz- uşaqlıq yolunun normal laktoflorasının anaerob mikrobların assosiasiyası ilə əvəzolunması nəticəsində yaranan qeyri-iltihabi infeksion prosesdir. Geniş yayılmış patologiyalardan sayılır, ginekoloqa müraciət etmiş xəstələrin 21-33%-də aşkar olunur. Xəstəliyin gedişi gizli və ya aşkar klinik əlamətlərlə müşahidə olunur. Orqanizmin ümumi vəziyyətinin yaxşılaşması fonunda bakterial vaginozun simptomları itir və ya zəifləyir, lakin müxtəlif endogen və ya ekzogen amillərin təsirindən xəstəlik yenidən baş qaldıraraq uzunmüddətli residivləşən gedişlə təzahür edir. Patologiya zöhrəvi xəstəliklər qrupuna aid edilmir. Əksər hallarda hormonal pozğunluqlar nəticəsində hestasiya və klimaks dövründə inkişaf edir. Bakterial vaginozun müalicəsi ginekologiya sahəsinin mütəxəssisləri tərəfindən həyata keçirilir.
Bakterial vaginozun yaranma səbəbləri
Normada reproduktiv yaş dövründə olan qadınların uşaqlıq yolu mikroflorasının 95% aerob və anaerob laktobakteriyalar ibarətdir. Qalan 5%-nə 40 növdən artıq müxtəlif mikroorqanizmlər daxildir. Uşaqlıq yolunun sağlam mikroflorasında anaerob və aerob mikroorqanizmlərin nisbəti 10:1 təşkil edir. Laktobakteriyalar uşaqlıq boşluğu ilə xarici mühit arasında təbii baryer rolu oynayır. Laktobakteriyalar turşu əmələ gətirmə və hidrogen-peroksid ifrazı sayəsində turş mühit yaradaraq, patogen və şərti-patogen mikroorqanizmlərin çoxalmasının qarşısını alır.
Bir və ya bir neçə endogen və ekzogen amillərin təsirindən yaranan əlverişsiz şəraitdə mikrofloranın kəmiyyət və keyfiyyət tərkibi dəyişir. Laktobakteriyaların sayı azalır, digər mikroorqanizmlərin, ilk növbədə obliqat anaerobların çoxalması aktivləşir. Bakteriyaların ümumi sayı artır, bakterial vaginoz inkişaf edir. Bu patologiyanın fərqləndirici xüsusiyyəti spesifik törədicinin olmamasıdır. İnfeksion prosesin səbəbi 1 növ mikroorqanizm deyil, polimikrob assosiasiyalardır. Bakterial vaginozun inkişafı orqanizmin ümumi zəifliyi, kəskin və xroniki infeksion xəstəlikləri nəticəsində yaranan orqanizmin immun pozğunluqları ilə əlaqədardır. Bakterial vaginozun yaranmasına səbəb olan daha bir faktor – aybaşı siklinin fazalarının dəyişilməsi, amenoreya, oliqomenoreya, birfazalı sikl, hestasiya, yeniyetmə və klimakterik dövrdə hormonal fonun pozulmalarıdır. Bununla yanaşı, hormonal vasitələr (kortikosteroidlər, oral kontraseptivlər), antibakterial, virus və göbələk əleyhinə preparatların qəbulu da xəstəliyin inkişafında böyük rol oynayır.
Bakterial vaginozun yaranma ehtimalı gigiyena qaydalarına riayət olunmadıqda, tez-tez aparılan şırınqalama, şüalanma (şüa terapiyası, radioaktiv şüalanma), qadın cinsiyyət orqanlarının anomaliyaları, cərrahi müdaxilələrdən sonra, uşaqlıq yolunun kista və polipləri, uşaqlıq daxili spiralın, diafraqma, tampon və spermisid istifadəsi zamanı daha da artır. Bakterial vaginozun risk amillərinə orqanizmin abort və doğuşdan sonrakı vəziyyəti, uşaqlıq yolu selikli qişasının atrofik dəyişiklikləri və bağırsaq disbakteriozu aiddir.
Bakterial vaginozun əlamətləri
Bakterial vaginozun ən xarakterik və çox zaman yeganə əlaməti cinsi yollardan axan iylənmiş balıq qoxusunu xatırladan ifrazat sayılır. Axıntı adətən duru konsistensiyalı, ağımtıl və ya bozumtul olur. İfrazat xeyli miqdarda, daimi, illər ərzındə davam edən və ya az miqdarda, qısamüddətli, vaxtaşırı yaranan xarakter dayıyır. Bakterial vaginoz zamanı ifrazatın gündəlik miqdarı təxminən 20 ml olur, bu da normal axıntının həcmindən 10 dəfə artıqdır. Adətən xəstəliyin uzunmüddətli gedişi (bir neçə il müddətində) zamanı ifrazatın rəngi və konsistensiyası dəyişərək qatı, köpüklü, yapışqanlı, sarımtıl və ya yaşılımtıl olur.
Bakterial vaginoz zamanı ifrazatın xarakter və miqdarı xəstənin yaşı, ümumi sağlamlığı, psixi və emosional vəziyyəti (psixi travma və üzünmüddətli stresslər), cinsi aktivlik, aybaşı siklinin fazaları, endokrin pozğunluqlar, somatik və reproduktiv sistemin xəstəliklərindən asılı olaraq dəyişir. Bəzi hallarda xəstələr göynəmə, qaşınma, sidik ifrazının pozulması, cinsi əlaqə zamanı ağrı və diskomfort hissindən şikayətlənir.
Bakterial vaginozun kəskin torpid, sinptomsuz, monosimptomlu (ancaq ifrazatla müşahidə olunan) və ya polisimptomlu gedişi mümkündür. Xəstələrin bəzilərində bakterial vaginozun əlamətləri uzun müddət ərzində davam edir, digərlərində isə əlverişsiz amillərin təsirindən vaxtaşırı meydana çıxır. Anamnezin toplanılması zamanı aşkar olunur ki, bakterial vaginoza şübhəli olan xəstələrin 90% əvvəllər ifrazat və digər əlamətlərlə ginekoloq və başqa mütəxəssislərə müraciət etmişdir. Xəstələrin 3/4 antibakterial şam və müxtəlif peroral antibakterial vasitələrdən istifadə etməklə, qeyri-spesifik vaginitdən dəfələrlə müalicə almışdır.
Bakterial vaginozlu xəstələrin ginekoloji müayinəsi zamanı iltihab əlamətləri aşkar olunmur. Uşaqlıq yolunun divarları adətən çəhrayı olur, klimakterik yaş dövründə olan xəstələrdə bəzən kiçik ölçülü qırmızımtıl ləkələr müşahidə olunur. Bakterial vaginoz zamanı ifrazat uşaqlıq yolunun divarları boyunca bərabər yayılır və pambıq tampon vasitəsilə asan təmizlənilir. İndikator zolağın köməyilə pH səviyyəsinin 4.5-dən yuxarı olması aşkarlanır. İfarzatın 10%-li kalium hidroksidlə qarışdırılması zmanı iylənmiş balıq qoxusu yaranır və ya güclənir. Kolposkopiyada ödem, hiperemiya, ilfiltrasiya və qansızma müşahidə olunmur. Bakterial vaginozlu xəstələrin 39%-də uşaqlıq boynunun vaginal hissəsinin patoloji dəyişikliklərinə: çapıq, eroziya, ektropion və ya servisitə rast gəlinir.
Bakterial vaginozun diaqnostikası
«Bakterial vaginoz» diaqnozu şikayətlər, anamnez ginekoloji və xüsusi müayinələr əsasında qoyulur. Anamznezin toplanması zamanı həkim reproduktiv sistemin pozğunluqlarının, endokrin və somatik xəstəliklərin, anamnezdə doğuş, abort və cinsi orqanlarda aparılan cərrahi müdaxilələrin olmasını, xəstənin hormonal preparatlar, antibakterial vasitələr, kontraseptiv vasitələrdən istifadə etməsini, cinsi həyatın intensivliyini dəqiqləşdirir.
Bakterial vaginoz zamanı əsas laborator müayinə üsulu arxa tağdan götürülmüş və Qram üsulu ilə rənglənmiş yaxmanın mikroskopiyası hesab olunur. Mikroskopik müayinədə leykosiylərin sayı, uşaqlıq yolu mikroflorasının tərkibinə daxil olan mikroorqanizmlərin forma və tipi təyi olunur. Latobasilərin sayının azalması, anaerobların miqdarının artması bakterial vaginozun olmasını təsdiqləyir. Xəstəliyin xarakterik əlaməti “açar” hüceyrələri – membranında müxtəlif mikroorqanizmlərə (qardnerella, kokk, mobilunkus) rast gəlinən yetkin epitel hüceyrələri hesab olunur. Normada adətən bu hüceyrələrə rast gəlinmir. Bəzi hallarda yaxmada epitel hüceyrələri ilə yanaşı adheziyaya uğramış laktobasillərin olması bakterial vaginozun diaqnozunun səhv qoyulmasına səbəb olur.
Bakterial vaginozun təqdiqinə həsr olunmuş bir sıra elmi işlərdə bu xəstəliyin diaqnostikasında seroloji, immunoferment və kultural müayinələrin vacibliyi qeyd olunur, lakin hal-hazırda bu metodlar sadəcə elmi maraq daşıyır və geniş klinik təcrübədə istifadə olunmur. Bakterial vaginozun diaqnostik kriteriyalarına spesifik ifrazatın olması, yaxmanın mikroskopiyası zamanı açar hüceyrələrin aşkar olunması, pH səviyyəsinin 4.5-dən yüksək olması və ifrazatın kalium hidroksidlə reaksiyası zamanı iylənmiş balıq qoxusunun yaranması aiddir. Diaqnozun qoyulması üçün bu 4 əlamətdən ən azı 3-nün olması vacibdir.
Yanaşı gedən patalogiya aşkar olunduqda əlavə müayinələr və müxtəlif mütəxəssislərin konsultasiyasına ehtiyac yaranır. Bakterial vaginozlu xəstələr terapevt, endokrinoloq, uroloq, veneroloq, mikoloq və ya qastroenteroloq müayinələrinə göndərilə bilər. Eytiyac olduqda, kiçik çanaq orqanlarının USM, qan və sidiyin ümumi analizi, qanın biokimyəvi analizi, nəcisin disbakterioza görə müayinəsi, qanın hormonal müayinəsi və s. üsullardan istifadə olunur.
Bakterial vaginozun qonoreya, trixomoniaz, vaginal kandidoz və qeyri-spesifik vaginitlə differensial diaqnostikası aparılır. Qonoreyanın fərqləndirici əlaməti ağrılı sidik ifrazıyla müşayiət olunan duru konsistensiyalı sarımtıl və ya yaşılımtıl ifrazat hesab olunur. Trixomoniaz xeyli miqdarda boz-sarı-yaşıl rəngli, yapışqanlı və ya köpüklü, xoşagəlməz iyli ifrazatın olması ilə xarakterizə olunur. Bəzi hallarda ifrazat qaşınma və ağrılı sidik ifrazı ilə müşayiət olunur. Uşaqlıq yolunda qaşınma və göynəmə hissi, pambığa və ya kəsmiyəbənzər ifrazatın olması kandizozdan şübhələnməyə əsas verir. Bu sadalanan xəstəlikləri inkar etmək üçün xüsusi laborator müayinələrdən istifadə edilir.
Bakterial vaginozun müalicə və profilaktikası
Müalicə sxemi əlamətlərin ağırlıq dərəcəsi, bakterial vaginozun forma və davam etmə müddəti, yanaşı gedən iltihabi xəstəliklərin olması, reproduktiv sistemin dəyişiklikləri, somatik və endokrin xəstəliklər nəzərə alınmaqla fərdi olaraq təyin edilir. Müalicə 2 mərhələdən ibarətdir: antibakterial vasitələrin qəbulu və normal mikrofloranın bərpası. Müalicə müddətində bakterial vaginozlu xəstələrə spirtli içkilərdən, kəskin və ədavalı yeməklərdən imtina etmək məsləhət görülür.
Birinci mərhələdə vaginal tablet, şam və ya krem şəklində metronidazol və ya klindamisin (peroral və ya intravaginal yolla) təyin olunur. Bakterial vaginoz zamanı bu vasitələrin qəbul müddəti 7-10 gün təşkil edir. Ehtiyac olduqda, yanaşı olaraq immunokorrektorlar və antihistamin vasitələrdən istifadə olunur. Kandidozun profilaktikası (xüsusilə də anamnezdə göbələk infeksiyaları aşkar olunarsa) üçün göbələkəleyhinə preparatlar qəbul edilir. pH –ın korreksiyası məqsədilə süd turşusunun yüksək konsentrasiyasından ibarət yerli vasitələr təyin olunur.
Biirnci mərhələdən 1-2 həftə sonra müalicəni effektivliyini qiymətləndirmək üçün təktar müayinə və laborator analizlər aparılır. 2-3 gündən sonra normal laktofloranı bərpa etmək məqsədilə müalicənin ikinci mərhələsinə başlanılır. Probiotik və eubiotiklərdən istifadə olunur. 90% hallarda müalicə uşaqlıq yolu mikroflorasının normallaşması ilə nəticələnir. Müalicənin ikinci mərhələsinin bitməsindən 10 gün və 1-1.5 ay sonra laborator müayinələr təkrarlanır. Bakterial vaginozun müalicəyə tabe olmayan formalarında xəstəliyin residivlərinin inkişafına səbəb olan patogen faktorları aşkara çıxarmaq üçün əlavə müayinələr təyin olunur.
Bakterial vaginozun profilaktikası və vaxtında aşkar olunması üçün bir sıra üsullardan istifadə olunur: intim gigiyena qaydalarına əməl etmək, tez-tez aparılan şırınqalamadan imtina, cinsi həyatın intensivliyi, xəstənin ümumi sağlamlığı və hormonal fonu nəzərə alınmaqla uyğun kontraseptik üsulun seçilməsi. Bundan əlavə antibiotik və göbələkəleyhinə preparatlarla müalicəyə nəzarət, iltihabi xəstəliklərin əlamətləri aşkar olunduqda dərhal həkimə müraciət etmək, profilaktik məqsədlə müntəzəm şəkildə ginekoloq müayinəsindən keçmək və bağırsaq disbakteriozunun müalicəsini həyata keçirmək məsləhət görülür.