Bakteriuriya

Bakteriuriya -sidikdə bakteriyaların aşkarlaması ilə xarakterizə olunan laborator simptomdur. Çox vaxt bu əlamət sidikçıxarıcı yolların infeksiyasının göstəricisi hesab olunsa da, bəzən zərərsiz simptom da ola bilər. Kliniki təzahürlər müxtəlif xarakter daşıya bilər -tam simptomsuz gediş və ya aşkar kəskin əlamətlərlə (hərarətin yüksəlməsi, bel nahiyyəsində ağrı, sidik ifrazının pozulması) müşahidə oluna bilər. Sidikdə bakterioloji floranın aşkarlanması müxtəlif üsullarla- fiziki-kimyəvi, bakterioloji və s. yolla aşkarlana bilir. Bakteriuriyanın korreksiyası antibakterial preparatlarla aparılır.

Bakteiuriyanın təsnifatı

Bakteriyanın sayından asılı olaraq zəif və aşkar bakteriuriya ayırd edilir. Kliniki praktikada isə müalicə sxemini təyin etmək üçün aşağıdakı klassifikasiyadan istifadə olunur:

  • Simptomsuz bakteriuriya. Paysientin heç bir şikayəti olmadığı və aparılmış digər laborator müayinələrin normal göstəriciləri fonunda sidikdə bakteriyaların aşkarlanması.
  • Simptomatik bakteriuriya. Kliniki əlamətlərin olması fonunda sidikdə bakteriyaların aşkarlanması.

Bakteriuriyanın səbəbləri

Müayinəyə hazırlığın düzgün aparılmaması

Bakteiuriyanın ən geniş yayılmış səbəblərindəndir. Müayinəyə hazırlığın düzgün aparılmaması, xüsusilə xarici cinsiyyət orqanlarının yuyulmaması və ya yaxşı yuyulmaması yalançı “pozitiv” cavabın alınmasına səbəb ola bilər. Həmçinin, qadınlarda menstrual tsikl zamanı analizin götürülməsi düzgün deyildir. Çünki, qan bakteriyalar üçün qidalı mühitdir, onların artıb sürətlə çoxalmasına səbəb olur.

Qeyri-steril müayinə qablarından istifadə zamanı sidiyə kənar bakterial floranın düşmə ehtimalı yüksək olduğundan nəticə yanlış çıxa bilər. Bu səbəbdən südiyin müayinəsi üçün xüsusi steril və sidiyin bakterial mühitini stabil saxlayan konservantlarla (bor turşusu, formiat və natrium-boratla) işlənmiş xüsusi qabların (konteynerlərin) istifadəsi məsləhətdir.

Simptomsuz bakteriuriya

Heç bir kliniki-laborator simptomlar olmadan sidik çıxarıcı yolların infeksion xəstəliklərinə -premenopauza dövründə 1.5% sağlam qadınlarda, 2-10% hamilələrdə, 4-20% sağlam yaşlı kişilərdə və qadınlarda rast gəlinir. Cavan sağlam kişilərdə simptomsuz bakteriuriya demək olar ki, rast gəlinmir.

Bakteriuriyanın belə yaş-cinsiyyət asılı xarakteri -qadınlarda urogenital sistemin xüsusiyyətləri, hamiləlik və menopauza dövründə hormonal dəyişikliklərin xarakteri, həmçinin yaşa bağlı yerli immunitetin dəyişməsi ilə əlaqədardır. Simptomsuz bakteriuriya xoşxassəli vəziyyət hesab olunur və heç bir müdaxilə tələb etmir (sidikçıxarıcı yolların (SÇY) infeksiyalarına görə risk qrupuna daxil olan pasiyentlər istisna olmaqla).

Sidik yollarının infeksiyaları

Bakteriuriyanın əsas səbəbi- SÇY infeksiyalarının kəskin, xroniki və residivləşən formalarıdır. Bu patologiyanın ən geniş yayılmış törədiciləri- qram “-” patogenlərə aid olan bağırsaq çöpləri, klebsiella və proteylərdir. Çox nadir hallarda sidik-cinsiyyət sisteminin infeksiyalarına qram”+” törədicilər olan stafilokokklar, enterokokklar səbəb ola bilər. Ən geniş yoluxma yolu qalxan yolla sidik kanalından sidik kisəsinə və/və ya böyrəklərə yayılma yoludur.

Çox az hallarda hematogen və ya limfogen yolla yoluxma mümkündür. Bu yollarla yoluxma yalnız orqanizmdə infeksiya ocağı olarsa (pnevmoniya, ağız boşluğunun infeksiyaları, LOR-orqanlarının infeksiyaları) mümkündür. Bakteriuriyanın dərəcəsi müxtəlif xarakterli olsa da, xəstəliyin ağırlıq dərəcəsini təyin etmir və düzgün seçilmiş antibakterial preparatlarla müalicə zamanı ilk günlərdən aradan qalxmış olur.

  • Pielonefrit. Böyrək kasa-ləyən sisteminin və interstisial toxumanın infeksion iltihabi xəstəliyi olub, xüsusilə gənc yaşlı qadınlarda (kişilərdən 5-6 dəfə çox) rast gəlinir.
  • Sistit. Sidik kisəsinin selikli qişasının iltihabıdır. Dünya qadınlarının yarısında sistit həyatlarında bir dəfə də olsa rast gəlinir.
  • Qeyri-spesifik uretrit. Sidik kanalının iltihabı olub, əksinə kişilər üçün daha xarakterikdir (sidik kanalının uzun və dar olması səbəbindən).

Cinsiyyət orqanlarının infeksion xəstəlikləri

Qadın və kişi cinsiyyət orqanlarının infeksion xəstəlikləri fonunda bakteriuriya çox nadir hallarda rast gəlinir. Bakteriuriya bu halda qeyri-spesifik şərti patogen qram “-” və qram “+” flora ( bağırsaq çöpləri, enterokokklar, anaerob bakteriyalar) tərəfindən törədilir və adətən, sistit, uretritlə yanaşı müşahidə olunur. Bakteriuriyanın dərəcəsi iltihabi prosesin kəskinliyi ilə əlaqədar olmur.

  • Kişi cinsiyyət sisteminin infeksiyaları. Bu xəstəliklərə bakterial prostatit (prostat vəzinin iltihabi xəstəliklərinin təxminən 10%-ni təşkil edir), çox nadir hallarda isə orxit və epididimit (xaya və artımlarının iltihabı), balanopostit (cinsiyyət orqanının başının və pülük nahiyyəsinin iltihabı) aiddir.
  • Qadın cinsiyyət sisteminin infeksiyaları. Bu infeksiyalara vaginanın və/və ya vulvanın (vaginit, vulvit), uşaqlıq boynunun (servisit) iltihabı aiddir.

Qeyd etmək lazımdır ki, cinsiyyət sisteminin veneroloji infeksiyaları olan xlamidioz, qonoreya, mikoplazmoz zamanı bakteriuriya müşahidə olunmur. Bu infeksiyalar xüsusi müayinə üsulları ilə aşkar olunur.

Bakteriuriyanın risk faktorları

Bu qrupa sidikdə mikroorqanizmlərin inkişafına şərait yaradan xəstəlik və vəziyyətlər daxildir:

  • Qlükozuriya: şəkərli diabetdə çətin nəzarət olunan hiperqlikemiya, qlükokortikoidlərin uzun müddətli qəbulu, müxtəlif endokrin patologiyalar (İtsenko-Kuşinq xəstəliyi/sindromu, feoxromositoma, qlükoqanoma).
  • Əvvəllər SÇY infeksiyası keçirmiş xəstələr.
  • Sidik ifrazının pozulması: böyrək daşı xəstəliyi, sidik çıxarıcı yolların anadangəlmə anomaliyaları, sidik axarlarının stenozu.
  • Sidiyin geriyə atılması: kisə-axar-ləyən reflyuksu.
  • Sidik yollarında kateterin olması.
  • Sidiyin pH-nın qələviyə doğru dəyişməsi: qidalanma xüsusiyyətləri, dərman preparatlarının qəbulu.

Bakteriuriyanın diaqnostikası

Bakteriuriyanın aşkarlanmasının bir neçə üsulu mövcuddur. Müayinəyə düzgün hazırlıq vacibdir. Kliniki göstəricilərə əsasən müalicə həkimi uyğun müayinə üsulu və ya üsullarını təyin edə bilər:

  • Mikroskopiya. Sentrifuqadan keçirilmiş sidiyin çöküntüsündə bakteriyaların mikroskopik aşkarlanması üsulu. Müayinə çox cüzi diaqnostik əhəmiyyətə malikdir. Mikroskopiya zamanı pasiyentin müayinəyə düzgün hazırlanmaması halları aşkarlana bilir- müxtəlif bakterial floranın olması, çoxlu miqdarda selik və yastı epitel hüceyrələrinin olması.
  • Nitratların təyini. Sidik-cinsiyyət sistemində mövcud olan mikroorqanizmlər həyat fəaliyyəti nəticəsində qida vasitəsilə daxil olan nitratları nitritlərə çevirirlər. Test nitritlərə həssas boyama yolu ilə qiymətləndirilir. Lakin, bu müayinə qidada nitratların olmadığı hallarda, nitrat əmələ gətirməyən bakteriyalarla (streptokokklar) yoluxma zamanı və ya sidikdə askorbin turşusunun yüksək miqdarda olduğu hallarda yalançı “neqativ” ola bilər.
  • Bakterioloji əkmə. Bu üsul bakteriuriyanın diaqnostikasında qızıl standart hesab olunur. Bu müayinə zamanı laboratoriya şəraitində sidik nümunəsi müxtəlif bakteriyalar üçün uyğun qidalı mühitdə “əkilir”. “Simptomsuz bakteriuriya” diaqnozunu qoymaq üçün müayinəni 24 saat fasilə ilə ən azı 2 dəfə təkrarlamaq lazımdır. Müayinənin çatışmayan xüsusiyyəti nəticənin əldə olunma vaxtının uzun -2 və ya 3 gün olmasıdır.
  • Axın sitofluometriya. Bəzi müasir avtomatlaşdırılmış analizatorlar sidik nümunəsinin dəqiq hüceyrə tərkibini araşdırmağa və eləcə də bakterial müayinəsinə imkan yaradır.

Mikroskopiya, nitrit testi və axın sitometriyası bakteriuriyanın aşkarlanmasında fərqləndirici (orientativ), mikrobioloji əkmə isə təsdiqləyici üsul hesab olunur. Əkmə zamanı bakteriyanın titrinin əhəmiyyətli göstəricilərə (1 ml-də 10×5 vahiddən yüksək) çatması böyük əhəmiyyət kəsb edir. Bu halda mütləq antibakterial preparatlara həssaslıq müəyyən edilir. Müalicə taktikasını təyin etmək üçün bu mütləqdir.

Bakteriuriyanın aşkarlanması ilə yanaşı, törədicinin differensiasiyası da aparılmalıdır:

  • Sidiyin ümumi müayinəsi. Bu müayinə bakteriuriyanın səbəbini aşkar etməyə imkan verir. Məsələn, leykositlərin olması və sidiyin yüksək qələvi pH-ı simptomsuz bakteriuriyanı inkar edir; yüksək səviyyədə zülal və eritrositlərin olması pielonefritin əlaməti ola bilər. Müayinə zamanı keçid epiteli hüceyrələrinin mövcudluğu sidik kisəsi və ya uretranın (sidik kanalı), böyrək epiteli və yüksək səviyyədə silindrik hüceyrələrin mövcudluğu isə böyrəklərin zədələnməsinin əlaməti hesab olunur.
  • Ultrasəs müayinəsi (USM). Pielonefrit zamanı böyrəklərin USM-də kasa-ləyən sisteminin genişlənməsi, həmçinin sidik axarlarının quruluş anomaliyaları aşkar edilir. Prostatit zamanı prostat vəzinin USM-də onun ölçülərinin böyüməsi, exogenliyinin azalması müəyyən olunur. Epididimit zamanı xaya artımlarının böyüməsi, diffuz dəyişikliklər vizualizasiya olunur.
  • Ginekoloqun müayinəsi. Ginekoloji xəstəliklərə şübhə olarsa ginekoloqun baxışı vacibdir. Ginekoloq cinsi orqanları müayinə edir, vaginanın bimanual müayinəsini, kolposkopiya müayinəsini aparır. Ehtiyac olarsa selikli qişadan yaxma və ya ifrazat kultural müayinəyə göndərilir.
  • Uroloqun müayinəsi. Göstəriş olduqda barmaqla rektal müayinə, prostat mayesinin və ya eyakulyatın götürüməsi üçün uroloqun baxışına ehtiyac duyulur.

Bakteriuriyanın korreksiyası

Bakteriuriya aşkarlandıqda korreksiya üçün həkim baxışı mütləqdir. Simptomsuz bakteriuriya əksər hallarda müalicə tələb etmir. İstisna hallar, hamilə qadınlar, sidik kateteri olan pasiyentlər, çətin tənzimlənən şəkərli diabet xəstələridir ki, bu halda antibakterial terapiya məsləhət görülür. Simptomatik bakteriuriya zamanı isə aşağıdakı müalicə sxemləri seçilir:

  • Pielonefrit. Müalicə zamanı birincili olaraq penisillin qrupu (amoksasillin/klavunat), sefalosporinlər (sefiksim, seftibuten) təyin olunur. Rezistent (damalı) ştammlar zamanı flüorxinolon qrupu (levofloksasin, siprofloksasin) və ya yeni nəsil sefalosporinlər (sefepim) məsləhətdir.
  • Sistit. Fosfomisin trometamol və ya nitrofuran (nitrofurantoin, furazolidon) qrupu təyin edilir. Residivləşən sistit zamanı mərcanı ekstraktı tərkibli preparatlar, D-mannoza, bitki tərkibli preparatlar (kanefron) təyin edilir. Bəzi mütəxəssislər residivlər zamanı bağırsaq çöplərininin lizatının bakterial liofilizatını məsləhət görürlər.
  • Cinsi yolların infeksiyaları. Prostatit, epididimit zamanı flüorxinolonlar, makrolidlər (azitromisin), vulvovaginit və servisitlər zamanı -antiseptiklər və anaerob floraya qarşı təsirli olan (metronidazol, klindamisin) antibiotiklərin instillasiyası məsləhət görülür.

Bakteriuriyanın proqnozu

Bakteriuriya ayrılıqda kliniki nəticənin göstəricisi ola bilməz. Proqnoz əsas xəstəlikdən asılıdır- simptomsuz bakteriuriya, sistit, uretrit zamanı nisbətən qənaətbəxş xarakter daşıyır. Tez-tez təkrarlanan pielonefrit böyrəklərdə konkrementlərin (duz kristalları, böyrək daşı) yaranmasına səbəb ola bilər. Ağır 2 tərəfli pielonefrit həyat üçün təhlükə daşıya bilən karbunkul, böyrəklərin absesi, hidronefrozla ağırlaşa bilər. Pielonefritin daha nadir və fatal nəticəsi urosepsis hesab olunur.

error: Content is protected !!