Balanopostit

Balanopostit – kişi cinsiyyət üzvünün başcığını zədələyən iltihab xarakterli kəskin və ya xroniki xəstəlikdir. Demək olar ki, bütün hallarda prosesə pülük də cəlb olunur. Statistikaya əsasən balanopostitdən bütün yaş dövrlərində olan, sünnət olunmamış kişilərin təxminən 3%-i əziyyət çəkir. Balanopostit üçün zədə nahiyəsində (cinsi üzvün başında) ağrı və qaşınma, pülüyün iltihabı və ödemi xarakterikdir. İltihabi proses nəticəsində tez-tez pülüyün daralması (fimoz) inkişaf edir. Xəstəlik həm də uretrit və parafimozla ağırlaşa bilər.  Müalicə uroloq tərəfindən aparılır; yerli və etiotrop (antifunqal, antibakterial və ya antivirus) terapiyadan ibarətdir. Fimoz inkişaf edərsə, cərrahi müdaxilə göstərişdir.

Balanopostit barədə ümumi məlumat

Balanopostit – pülük cismi və cinsiyyət üzvünün başcığının eyni zamanda iltihabi prosesə qoşulmasıdır. Klinik olaraq penisin başcığında yanma hissi, qaşınma, ağrı, ödem, qızartı, xoralaşma, çatlar və irinli ifrazat meydana çıxır. İltihabi prosesə sidikçıxarıcı kanalın cəlb olunması nəticəsində  uretrit  inkişaf edir. Uzun müddət davam edən balanopostit  cinsi əlaqə zamanı  penisin başının həssaslığının azalmasına, orqazmım çətinləşməsinə gətirib çıxarır; potensiya və seksual sağlamlığa mənfi təsir göstərir.

Balanopostitin səbəbləri

Balanopostitlər, bir qayda olaraq, infeksion təbiətlidirlər. Cinsiyət üzvünün başcığının iltihabına qeydi-spesifik mikroflora (A və B streptokokları, anaerob koklar), cinsi yolla ötürülən xəstəliklərin törədiciləri (solğun treponema, trixomonada və s.) səbəb olur. Bəzən balanopostiti viruslar (insanın papilloma virusu) və ya göbələklər (kandida) törədir. Çox nadir hallarda patologiya infeksion agentin  iştirakı olmadan inkişaf edir (allergik, toksik balanopostit).

Balanopostitin inkişafında mühüm rol oynayan zəmin yaradıcı faktorlara şəxsi gigiyena qaydalarına riayət etməmək, şəkərli diabet, kimyəvi qıcıqlanma (yuyucu vasitələr, yağlama vasitələri), fimoz, orqanizmdə mayenin ləngiməsi ilə müşayiət olunan patoloji vəziyyətlər  (böyrək xəstəlikləri, qaraciyər sirrozu, ürək çatışmazlığı) aiddir.

Balanopostitin simptomları

Balanopostit üçün kəskin başlanğıc xarakterikdir. Xəstəni cinsi üzvün başı nahiyəsində yanma hissi, qaşınma və diskomfort narahat edir. Pülüyün hiperemiyası və ödemi inkişaf edir. Cinsi üzvün başında çirkli-ağ rəngli ərp, bəzən kiçik papulyoz səpkilər meydana çıxır.

Qeyri-spesifik infeksion agentin səbəb olduğu kəskin balanopostit pasient adekvat müalicə almadıqda və ya gigiyena qayalarına riayət etmədikdə xroniki formaya keçir. Yanaşı gedən ağır xəstəliklər zamanı kəskin balanopostit xronikiləşə bilər. Bundan başqa, proses CYYX (trixomonoz, genital herpes, sifilis) zamanı da tez-tez xroniki xarakter alır.

Xroniki balanopostit  zamanı pasientlər zədə nahiyəsində yanma hissi və ağrılardan şikayətlənirlər. Pülüyün dərisi çatlayır, üzərində səthi eroziyalar və xoralar əmələ gəlir. Güclü iltihab zamanı qasıq limfadeniti inkişaf edə bilər. Pülüyün tədricən çapıqlaşması fimoza gətirib çıxarır; bu da xəstəliyin gedişini ağırlaşdırır.

Balanopostitin təsnifatı

Urologiyada kəskin balanopostitin aşağıdakı formaları ayırd edilir:

  • Sadə (kataral) balanopostit – bu forma zamanı pasientlər qaşınma və zəif yanma hissindən şikayətlənirlər. Pülüyün və cinsi üzvün başının dərisinin hiperemiyası, ödemi, masserasiyası qeyd olunur. Müxtəlif ölçülü, bəzən bir-birilə birləşən səthi eroziyalar əmələ gəlir. Eroziyanın kənarları boyunca masserasiya olunmuş epitel qalıqları yerləşir. İfrazat irinlidir.
  • Eroziv balanopostit – zədə ocaqlarında ağ, ölü, şişkin epiteli hissəcikləri əmələ gəlir. Bu nahiyələrdə aydın konturla məhdudlaşan, ağrılı, böyük ölçülü, parlaq-qırmızı rəngli eroziyalar inkişaf edir. Eroziv balanopostit bəzi klinik hallarda fimozla ağırlaşır. Pasientlər tez-tez qasıq limfa düyünləri nahiyəsində və limfa axarları (limfangit, limfadenit) boyunca kəskin ağrılardan şikayətlənirlər. Hərarət yarana bilər.
  • Qanqrenoz balanopostit – xəstəliyin bu formasında güclü intoksikasiya, hiperemiya inkişaf edir. Eroziya nahiyələrində irinli, boz-sarı rəngli ərplə örtülən, nekrotik ocaqlı dərin xoralar əmələ gəlir. Pülüyün və cinsi üzvün başının kəskin hiperemiyası və ödemi qeyd olunur. Fimoz inkişaf edir. Pülük nekrozlaşma nəticəsində perforasiya oluna bilər. Xüsusən ağır hallarda cinsi üzvün qanqrenası mümkündür. Bəzən qan damarlarının zədələnməsi nəticəsində qanama meydana çıxır.
  • İrinli-xoralı balanopostit – zədə nahiyəsində sonralar dərin xoraya çevrilən çoxsaylı irinliklər əmələ gəlir.

Balanopostitin sadə və eroziv formaları sağaldıqdan sonra yerində çapıq qalmır.  Patologiyanın irinli-xoralı və qanqrenoz formalarının reqressindən sonra dərin çapıqlar yaranır. Cinsi üzvün deformasiyası inkişaf edir. Xroniki balanopostit, adətən, irinli-xoralı formada gedir. Kaurozun (pülüyün və cinsi üzvün başının büzüşməsi) inkişafı ilə gedən balanopostitin indurativ formasına nadir hallarda rast gəlinir, adətən, yaşlı kişilərdə hormonal fonun pozulması nəticəsində inkişaf edir.

Balanopostitin ağırlaşması

Balanopostitdən əziyyət çəkən pasientlərdə tez-tez fimoz inkişaf edir. Bəzi pasientlərdə cinsi üzvün başının reseptorlarının atrofiyası nəticəsində həssaslığı azalır. İnfeksiya sidikçıxarıcı kanala düşdükdə balanopostit uretritlə ağırlaşır. Xəstəliyin ən ağır fəsadlaşması parafimozdur; bu zaman cinsi üzvün başının çapıqlaşma nəticəsində daralması baş verir.

Balanopostitin diaqnostikası

Diaqnozun qoyulması uroloq üçün, adətən, çətinlik törətmir. Balanopostitin törədicisinin müəyyənləşdirilməsi üçün zədə nahiyəsindən bakterial əkmə üçün material götürülür. Göbələk mənşəlli balanopostitə şübhə olduqda kalium hidroksidlə test aparılır. İPV (insanın papilloma virusu) ZPR metodu ilə aşkar olunur.

Xəstəliyin inkişafına çox nadir hallarda CYYX-in törədiciləri səbəb olur. Lakin cinsi yolla ötürülən xroniki infeksiyalar yerli immuniteti zəiflədir; bu isə qeyri-spesifik floranın balanopostit əmələ gətirmə riskini yüksəldir. Buna görə də balanopostit zamanı yanaşı gedən CYYX inkar olunmalıdır. Balanopostiti olan xəstə şəkərli diabetə görə müayinə olunur, göstəriş olarsa, xroniki xəstəliyin aşkarlanması məqsədilə hərtərəfli müayinə aparılır.

Balanopostitin müalicəsi və profilaktikası

İnfeksiyanın aradan qaldırılmasına yönəlmiş (antivirus, antifunqal, antibakterial preparatlar) müalicə aparılır. Yerli olaraq dezinfeksiyaedici məhlullarla vannalar təyin olunur. Fimoz, bir qayda olaraq, cərrahi yolla müalicə edilir; pülük kəsilir (sirkumsizio). Bəzi hallarda sıxıcılardan istifadə etməklə genişləndirmək mümkün olur. Proseduru uroloq yerli anesteziya altında aparır. Pülük cinsi üzvün başına yapışdıqda müalicənin bu metodu əks-göstərişdir.

Profilaktika gigiyena qaydalarına riayət, cinsi yolla ötürülən xəstəliklərdən qorunmaqdan ibarətdir. Yaşlılarda profilaktik tədbirlərə şəkərli diabetin vaxtında aşkarlanması və adekvat terapiyası aiddir.

error: Content is protected !!