Bartolin vəzin kistası
Bartolin vəzin kistası – uşaqlıq yolu dəhlizində yerləşən vəzi axacağının tutulması nəticəsində sekretin onun daxilində kisə şəklində toplanmasıdır. Bartolin vəzin kistası cinsiyyət dodaqlarının əsasında şişkinlik, yerimə, sidik ifrazı, defekasiya aktı, cinsi əlaqə zamanı diskomfortla təzahür edir. Kistanın infeksiyalaşması zamanı bartolin vəzinin absesinin klinikası inkişaf edir. Diaqnostika ginekoloji müayinənin nəticələrinə, yanaşı gedən urogenital infeksiyaların aşkarlanmasına əsaslanır. Müalicə kistanın marsupializasiyasından, word-kateterin qoyulmasından, bartolin vəzinin ekstirpasiyasından, vəzinin absesinin yarılıb təmizlənməsindən ibarətdir.
Bartolin vəzin kistası barədə ümumi məlumat
Bartolin vəzləri – vaginal dəhlizin cüt vəziləri olub, uşaqlıq yolunun girəcəyində cinsiyyət dodaqlarının qalınlığında yerləşir. Bartolin vəzlərinin əsas funksiyası cinsi oyanıqlıq zamanı vulvanın selikli qişasını nəmləndirən, dartıldıqca uzanan bozumtul sekretin sintezindən ibarətdir. Bartolin vəzlərinin ölçüsü 0,5 sm-dən böyük olmur; sekret uşaqlıq dəhlizinə açılan çıxarıcı axacaqla vəzidən xaric edilir.
Çıxarıcı axacağın hissəvi və ya tam keçməməzliyi zamanı vəzi tərəfindən sintez olunan sekretin axımı dayanır və o, obturasiyalaşmış axacağın mənfəzində toplanmağa başlayır. Sekret axacağı genişləndirərək bartolin vəzinin kistasını əmələ gətirir. Kista 3-5-8sm böyüklüyündə olub, cinsiyyət dodağının şişəbənzər törəməsi şəklində müşahidə olunur. Əlverişsiz şəraitdə (ikincili infeksiyalaşma, immunitetin zəifləməsi) kista irinləyərək, bartolin vəzinin absesinin inkişafına səbəb olur.
Bartolin vəzin kistasının yaranma səbəbləri
Bartolin vəzin kistasının formalaşması adətən xroniki gedişli bartolinit (uşaqlıq yolu dəhlizinin vəzisinin və onun axacaqlarının iltihabı) fonunda baş verir. Vəzinin iltihabı cinsi yolla keçən xəstəliklər (qonoreya, trixomoniaz, mikoplazmoz, kandidoz, ureaplazmoz, xlamidioz və s.), vəzi toxumasına qeyri-spesifik şərti-patogen mikroorqanizmlərin (stafilokokk, bağırsaq çöpü, streptokokk) daxil olması və orqanizmin ümumi rezistentliyinin zəifləməsi ilə bağlıdır.
Əksər hallarda vəzi toxumalarının infeksiyalaşmasına intim gigiyenaya riayət olunmaması, dərin bikininin epilyasiyası zamanı dəri örtüyünün zədələnməsi, kip alt paltarı tərəfindən vulva nahiyəsində dərinin mexaniki qıcıqlanması və s. səbəb ola bilər. İnfeksiyanın hematogen yolla yayılması orqanizmdə xroniki iltihab ocaqlarının – tonzillit, karies, haymorit, pielonefrit və s. fonunda baş verir.
Bəzən bartolinit və ya bartolin vəzin kistası hamiləliyin cərrahi yolla pozulması, digər ginekoloji müdaxilə və manipulyasiyalarla əlaqədar inkişaf edir. Bir sıra hallarda xəstələr bartolin vəzin kistasının yaranması və ya böyüməsini yaxınlarda baş verən cinsi akt ilə əlaqələndirirlər, bu da intim yaxınlıq zamanı çoxlu miqdarda sekretin hasil olması ilə izah olunur.
Bartolin vəzin kistasının əlamətləri
Bartolin vəzin ağırlaşmamış kistası böyük cinsiyyət dodaqlarının aşağı seqmentində girdə formalı, demək olar ki, ağrısız şişkinlik şəklində müşahidə olunur. Bartolin vəzin kistası noxud ölçüsündən qaz yumurtası böyüklüyünə qədər dəyişə bilər. Kiçik törəmələr simptomsuz keçir və planlı müayinə zamanı ginekoloq tərəfindən aşkarlana bilər. Bartolin vəzin böyük ölçülü törəmələri yerimə vaxtı diskomfort, cinsi əlaqə prosesində ağrı törədir.
Bartolin vəzin kistasının irinləməsi və absesin formalaşması febril hərarət (38-39°С), intoksikasiya, əhvalın kəskin pisləşməsi ilə müşayiət olunur. Lokal olaraq törəmənin ölüçülərinin 10-12 sm-ə qədər böyüməsi, kəskin xarakterli pulsasiyaedici ağrı qeyd olunur. İstənilən hərəkət (yerimə, oturma və s.) ağrının güclənməsinə səbəb olur. Bartolin vəzin absesi özbaşına partlaya və irin xaricə axa bilər. Bartolin vəzin kistasının absesləşməsi çox zaman cinsi infeksiyalarla əlaqəli olduğundan, kolpit, uretrit, endoservisit əlamətlərinə (selikli qişanın ödem və hiperemiyası, qaşınma, leykorreyaya) rast gəlmək mümkündür.
Bartolin vəzin kistasının diaqnostikası
Bartolin vəzin kistası olan xəstənin ginekoloji müayinəsi zamanı cinsiyyət dodağının bir tərəfli ödemi, cinsi dəliyin asimmetriyası aşkarlanır. Bartolin vəzin kistasının iltihablaşmadığı hallarda həmin nahiyənin üzərindəki dəri öz adi rəngini saxlayır. Palpasiyada böyük cinsiyyət dodağının qalınlığında zəif ağrılı elastik konsistensiyalı kistoz törəmə müəyyən edilir. Bartolin vəzin absesi zamanı ağrı, toxumaların şişkinliyi, hiperemiyası, flüktuasiya, bəzi hallarda irinli mövtəviyyatın axması izlənilir.
Yaxmanın mikroskopik müayinəsi və bakterioloji əkilmə bartolinitin və bartolin vəzinin kistasının yaranmasına səbəb olan mikrob agentlərini təyin etməyə kömək edir. Bir sıra hallarda cinsi infeksiyaların törədicilərinin aşkarlanması məqsədilə İFA və PZR üsullarından istifadə olunur.
Bartolin vəzin kistasının müalicəsi
Bartolin vəzlərin kiçik ölçülü və simptomsuz kistalarının müalicəsinə ciddi göstərişlər mövcud deyil. Əksər hallarda xəstənin istəyindən asılı olaraq residivləşən gediş və ya kosmetik narahatlıqla əlaqədar onların xaric edilməsi əməliyyatı icra olunur. Bartolin vəzin kistalarının böyüməsi və diskomfort hissi zamanı vəzidən möhtəviyyatın axımını bərpa etməyə yönəldilmiş cərrahi taktika göstəriş hesab olunur.
Adətən bartolin vəzin kistasının boşluğunun sadə üsulla açılması və təmizlənməsi kifayət etmir: belə hallarda bir müddətdən sonra kistanın residivləri yaranır. Bu da kəsilmiş toxumaların yenidən birləşməsi və vəzin sekretinin axınının çətinləşməsi ilə izah olunur. Bununla əlaqədar cərrahi ginekologiyada vəzidən yeni axacağın formalaşması ilə aparılan üsullardan istifadə olunur.
Uşaqlıq yolu dəhlizinin retension törəməsinin ənənəvi müalicə üsulu bartolin vəzinin kistasının marsupializasiyası sayılır. Bu üsul boşluğun açılması, toplanmış sekretin evakuasiyası, kistanın divarlarının cərrahi yaranın kənarlarına tikilməsi, yeni dəliyin formalaşdırılmasından ibarətdir. Kistanın marsupializasiyası bartolin vəzin və onun funsksiyasının qorunmasına imkan yaradır.
Nisbətən yeni metodlara word-kateter vasitəsilə bartolin vəzin kistasının müalicəsi aiddir. Törəmənin qütbü üzərində kiçik (3-5 mm) kəsik aparılır və kistanın boşluğu sanasiya edilir; sonra həmin nahiyəyə ucunda hava doldurulmuş balaca balon olan nazik silikon kateter yerləşdirilir. Word-kateter kistanın boşluğunda 4-5 həftə müddətində saxlanılır, bu vaxt ərzində yeni axacağın formalaşması və epitelizasiyası baş verir. Word-kateter çıxarıldıqdan sonra çıxarıcı kanalın divarları artıq bir-birinə bitişmir. Bartolin vəzin kistası hamiləlik dövründə aşkarlanırsa onun möhtəviyyatının aspirasion punksiyası tətbiq olunur.
Təəssüf ki, nə marsupializasiya, nə də word-кateterin qoyulması bartolin vəzisinin kistasının residivləşməməsinə zəmanət vermir. Çıxarıcı axacağın tutulmasının residivləri zamanı ekstirpasiya- bartolin vəzinin kistasının vəzi və axacaqla birlikdə xaric olunması icra edilir. Bartolin vəzin kistasının irinləməsi zamanı absesin açılması və onun drenajlanması aparılır. Postoperasion dövrdə fizioterapiya (UYT-terapiya, maqnitoterapiya, UBŞ) aşkarlanan cinsi infeksiyaların müalicəsi, immunokorreksiya tətbiq olunur.
Bartolin vəzin kistasının profilaktikası
Bartolin vəzin kistasının yaranmasının profilaktik tədbirlərinə immunitetin gücləndirilməsi, xroniki cinsi və ekstragenital infeksiyaların vaxtında müalicəsi, intim gigiyenaya riayət edilməsi, təsadüfi cinsi əlaqələrin istisna olunması aiddir.