Bartolinit

Bartolinit uşaqlıq yolu dəhlizinin böyük vəzisinin (bartolin vəzi) iltihabi-infeksion xəstəliyidir. Bartolin vəziləri sekret ifraz edərək, uşaqlıq yolunun selikli qişasının nəmliyini təmin edir. Bartolinit zamanı çıxarıcı axacağın və vəzi toxumasının zədələnməsi baş verir. Xəstəliyin törədiciləri stafilkokk, qonokokk, bağırsaq çöpləri, trixomonad, göy irin çöpləri hesab olunur. İnfeksiya vəziyə qan (xroniki xəstəliklər zamanı – tonzillit, haymorit, karies, pielonefrit) və ya birbaşa çıxarıcı axacaqlar vasitəsilə (şəxsi gigiyena qaydalarına riayət olunmadıqda, pərakəndə cinsi əlaqələr zamanı) keçə bilər. Həmçinin bartolinit immunitetin zəifləməsi hallarında (stress, soyuqdəymə, avitaminoz) və cərrahi müdaxilələrdən (əməliyyat, abort) sonra yarana bilər.

Bartolinitin təsnifatı

Gedişinə görə bartolinitin kəskin və xroniki formaları ayırd edilir. Kəskin bartolinit aşağıdakı formalarla təzahür edir:

  • Psevdoabses (birincili – kanalikulit və ikincili- əvvəllər formalaşmış kistanın iltihabı zamanı)
  • Həqiqi abses

Bartolinitin əlamətlərinə cinsiyyət dodaqları nahiyəsində (adətən bir tərəfdə) qızartı və ödem, hərəkət zamanı diskomfort, bədən hərarətinin artması aiddir.

Kəskin bartolinit

  • Bartolin vəzinin psevdoabsesi

Kəskin bartolinit zamanı psevdoabsesin formalaşması kanalikulitlə (vəzinin çıxarıcı axacağının iltihabı) başlayır. Axacağın xarici çıxışında qızartı və iltihabi yastıq yaranır, şişkinlik nahiyəsində dəri  hərəkətlidir. Axacağın dəliyindən təyziq zamanı irinli möhtəviyyat ayrılır. Ümumi əhval-ruhiyyə cüzi dəyişir.

Çıxarıcı axacağın tutulması zamanı irinli sekret toplanaraq, vəzinin gərilməsinə və ağrılı olmasına səbəb olur. Şişkinlik və hiperemiya (psevdoabses) müşahidə olunur. Bartolin vəzinin səthi tədricən qabararaq, uşaqlıq yolunun girişini bir qədər örtür. Bədən hərarəti 37,5°C-yə qədər qalxır, hərəkət zamanı ağrı yaranır. Kəskin baltolinit zamanı ikincili psevdoabses əvvəllər formalaşmış kistanın irinləməsi nəticəsində də yarana bilər. Bəzi hallarda bartolinit öz-özünə geriyə inkişaf edir, lakin bir müddətdən sonnra yenidən kəskinləşir.

  • Bartolin vəzilərinin həqiqi absesi

İnfeksiyanın birbaşa olaraq vəziyə daxil olması nəticəsində yaranan kəskin bartolinit həqiqi absesin yaranması ilə müşayiət olunur. Vəzinin parenximası əriyir, abses üzərindəki dəri hərəkətsiz olur. Cinsiyyət dodaqlarının güclü ödemi və  iltıhabın olduğu tərəfdə aralıq nahiyəsində daimi, kəskin xarakterli ağrı, qasıq limfa düyünlərinin böyüməsi müşahidə olunur. Bədən hərarəti yüksəlir (37,5°C-dən yüksək; kəskin gediş zamanı –40°C-yə qədər), titrətmə, halsızlıq yaranır, əhval-ruhiyyə pozulur. Vəzinin daxilində irinli sahə palpasiya olunur. Spontan deşilmə zamanı kapsulun tam təmizlənməsi baş vermir. Əhval-ruhiyyənin yaxşılaşmasına baxmayaraq, vəzinin içərisində qalan infeksiya təkrar irinləməyə səbəb ola bilər.

Xəstənin absesi ev şəraitində sıxmaq cəhdi infeksiyanın qana keçərək sepsislə nəticələnməsinə səbəb ola bilər. Bartolinitin ağırlaşmaması üçün vaxtında ginekoloq müayinəsinə getmək lazımdır.

Xroniki bartolinit

Kəskin bartolinit kəskinləşmə və müvəqqəti remissiya hallarının növbələşməsi ilə xarakterizə olunan xroniki formaya keçə bilər. Bartolinitin kəskinləşməsi aybaşı, immunitetin zəifləməsi və digər infeksion xəstəliklər zamanı baş verir. Xroniki bartolinit zamanı iltihab nahiyəsində cüzi ağrı, hərəkət zamanı diskomfort, vəzi nahiyəsində bərkimə müşahidə olunur. Bədən hərarəti adətən normada, bəzi hallarda isə subfebril olur.

Xroniki bartolinitin uzunmüddətli gedişi zamanı vəzidə adətən kişik ölçülü, içərisi iltihabi eksudatla dolu kista formalaşır. Bartolinitin diaqnostik metodlarına ginekoloji müayinə, anamnezin toplanması, kolposkopiya, törədicinin təyini və antibiotiklərə həssaslığını yoxlamaq məqsədilə axıntının bakterioskopiyası və antibiotikoqramma, PZR –diaqnostika aiddir.

Bartolinitin müalicəsi

Kanalikulitin müalicəsi

Müasir ginekologiyada bartolinitin müalicəsinin effektiv konservativ və cərrahi müalicə metodları mövcüddur. Müalicə üsulunun seçimi iltihabın mərhələsindən asılıdır.

Kanalikulit zamanı konservativ müalicə aparılır:

  • cinsi orqan nahiyəsinə soyuq qoyulur, yataq rejimi təyin olunur
  • yerli iltihabəleyhinə terapiya (manqan, xlorheksidin, miramistinlə isti oturaq vanna qəbulu, ixtiol və Vişnevski məlhəmi ilə applikasiyalar)
  • antibiotiklər (amoksisillin, ofloksasin və ya doksisiklinin metranidazolla kombinasiyasi). Preparat qeyri-effektiv olduqda və ya antibiotikoqramma hazır olduqdan sonra müalicəni dəyişmək olar.
  • ağrıkəsici vasitələr
  • remissiya zamanı fizioterapevtik üsullar (maqnitoterapiya, UBŞ, UYT terapiya)
  • ümumi möhkəmləndirici terapiya (vitaminlər, immunmodulyatorlar).

Bartolin vəzisinin absesinin müalicəsi

Bartolinitin başlanğıc mərhələsində irinləmə prosesini dayandırmaq mümkün olmadıqda və abses yarandıqda, müalicə ancaq cərrahi üsulla aparılır. Boşluq drenaj edilir, dezinfeksiyaedici məhlullarla yuyulur. Eyni zamanda antibakterial terapiya, vitaminlər, fizioterapiya təyin olunur. Bartolinit zamanı psevdo absesin kəsildikdən sonra vəzidən sekretin sərbəst axını mümkün olduğu müddətdə müvəqqəti yaxşılaşma müşahidə olunur. Kəsiyin kənarlarının bitişməsi zamanı yenidən kista əmələ gəlir.

Bartolin vəzinin kistasının müalicəsi

Bartolin vəzinin kistasınin müalicəsi cərrahi yolladır. Əməliyyat kəskinləşmənin müşahidə olunmadığı dövrdə (“soyuq dövr”) kistanın marsupializasiyası və ya vəzinin ekstirpasiyası yolu ilə aparılır. Kistanın marsupializasiyası (mayenin vəzidə toplanmaması və kistanın əmələ gəlməsi məqsədilə vəzinin süni axacağının yaradılması) daha az travmatik əməliyyat olub, ağırlaşmaların və residivlərin tezliyinin az olması ilə (1-2%) fərqlənir. Vəzinin ekstirpasiyası – bartolin vəzinin cərrahi üsulla tam çıxarılmasıdır. Bu üsul residivləşən bartolinit zamanı göstəriş hesab olunur.

Bartolinitin profilaktikası

Bartolinitin profilaktikası immunitetin möhkəmləndirilməsi, xroniki infeksiyaların (uretrit, kolpit) vaxtında müalicə olunması, şəxsi gigiyena qaydalarına riayət olunması, cinsi həyatın nizamlanmasından ibarətdir.

error: Content is protected !!