Bauhinit
Bauhinit — nazik bağırsağı yoğun bağırsaqdan ayıran bauhin qapağının iltihabıdır. Bu qapaq qalça-kor bağırsaq dəliyini örtərək, nəcis kütlələrinin geriyə qayıtmasının qarşısını alır. Patologiya qarnın sağ-aşağı hissəsində ağrılar, ishal, qarında qurultu və meteorizmlə təzahür edir. Diaqnoz irriqoskopiya, qarın boşluğunun USM, koproqramma və nəcis kütlələrinin bakterial əkilməsinin nəticələrinə əsasən qoyulur. Müalicə antibiotik, probiotik, həzm fermentləri, immunomodulyator, spazmolitik və infuzion vasitələrin köməyilə aparılır. Medikamentoz terapiya pəhriz və fizioterapevtik prosedurlarla tamamlanır.
Bauhinit barədə ümumi məlumat
Bauhinit həzm sisteminin müstəqil xəstəliyi qismində nadir hallarda qeydə alınır. Qastroenterologiya və proktologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən ileosekal qapağın iltihabına adətən enterit, kolit və enterokolitlə müştərək şəkildə rast gəlinir. Xəstəlik kəskin və ya xroniki gedişli olur. Kəskin bauhinitin inkişafı əsasən bağırsaq infeksiyaları ilə assosiasiyalı olur. Xroniki gediş daha çox immunitet, qidalanma və həzm sisteminin pozğunluqlarının səbəb olduğu paologiyalar üçün xarakterikdir. Pozğunluğun erkən diaqnostikasının aktuallığı bauhin qapağının funksional çatışmazlığı və digər ağırlaşmaların formalaşma ehtimalı ilə bağlıdır.
Bauhinitin yaranma səbəbləri
Bauhinit etioloji amilləri nazik və yoğun bağırsağın iltihabi xəstəliklərinin yaranma səbəbləri ilə eynidir. Xəstəliyin infeksion forması patogen mikroorqanizmlər (qarın yatalağı bakteriyaları, dizenteriya, vərəm, digər infeksiyalar) və şərti-patogen flora (bağırsaq çöpləri, stafilokokk, streptokokk) tərəfindən törədilir. Qeyri-infeksion formalı bauhinit qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi və bağırsaqda gedən bir sıra iltihabi proseslər fonunda inkişaf edir. Bauhinitin balıca etioamilləri aşağıdakılardır:
- Qastroenteroloji və koloproktoloji patologiya. İleosekal qapağın iltihabı əsasən həzm sistemi orqanlarının motor və sekretor funksiyalarının pozulması (öd yolları və bağırsağın diskineziyaları, fermentopatiyalar) zamanı qeydə alınır. Xəstəlik qidanın MBT-də hərəkətinin və divaryanı həzm proseslərinin pozulması nəticəsində formalaşır.
- Gigiyenik qaydalara əməl olunmaması. İnfeksion bauhinit patogen mikroorqanizmlərin bağırsağa daxil olması zamanı aşkarlanır. Təmiz yuyulmamış və ya kifayət qədər termiki işlənməmiş məhsulların qəbulu, antisanitar şərait, bağırsaq infeksiyasından əziyyət çəkən insanlarla əlaqə yoluxma riskini daha da yüksəldir.
- Qeyri–rasional qidalanma. Qida rasionunda zülal, vitamin və mikroelementlərin çatışmadığı hallarda qida maddələrinin sorulması pozulur, bauhin qapağının selikli qişasında regenerativ proseslər zəifləyir. Təbii bağırsaq biosenozunun tərkibinin dəyişməsi və disbiozun inkişafı əlavə zədələyici amil sayılır..
- İmmunitetin zəifləməsi. Bauhinit orqanizmin ümumi və yerli müdafiə qüvvəsinin azalması fonunda şərti-patogen mikrofloranın aktivləşməsi ilə əlaqədar yarana bilər. Hiperergik immun reaksiyalar zamanı autoimmun və allergik iltihaba rast gəlinir.
Bauhinitin patogenezi
Bauhinitin inkişaf mexanizmi zədələyici amillərin ileosekal qapağa təsiri ilə bağırsağın qoruyucu faktorları arasında disbalansa əsaslanır. İnfeksion mənşəli formalarda mikroorqanizmlərin massiv disseminasiyası mühüm rol oynayır. Onların ekzo- və endotoksinləri toxumaların alterasiyasına və iltihab mediatorlarının ifrazına səbəb olur. Zədələnmiş selikli qişada damarların genişlənməsi, mirosirkulyasiyanın pozulması, damardaxili mayenin eksudasiyası və ödem müşahidə edilir. Nəticədə sorulma prosesləri pozulur, bir sıra hallarda bauhin qapağının stenozu və ya çatışmazlığı meydana çıxır.
Qeyri-infeksion bauhinit mürəkkəb patogenezlə seçilir. Reaksiyanın inkişafında T-limfositlər, anticisimlər, proteaza, sitokin, interleykin, komplement sisteminin komponentləri və digər iltihabəleyhinə agentlər iştirak edə bilər. Bauhinitin qeyri-iltihabi formaları üçün selikli qişanın atrofiyası xarakterikdir. Bu proses bəzi qida maddələrinin çatışmazlığı və apoptoz proseslərinin sürətlənməsi hesabına regenerasiyanın zəifləməsi ilə bağlıdır. Daha ağır gedişli infeksion və qeyri-infeksion formalarda selikli qişanın eroziv və xoralı-nekrotik zədələnməsi qeydə alınır.
Bauhinitin əlamətləri
Xəstəlik nadir hallarda izoləolunmuş formada inkişaf etdiyindən onun klinik təzahürlərinə adətən bağırsağın qonşu hissələrinin iltihab əlamətləri ilə birgə təsadüf olunur. Bauhinit zamanı pasiyentlər sağ qalça nahiyəsində ağrıdan şikayətlənirlər. Ağrı simptomu qida qəbulundan sonra güclənə bilər. Defekasiyanın gün ərzində 5-7 dəfəyə qədər artması, iri miqdarda maye konsistensiyalı üfunətli nəcisin ifrazı müşahidə edilir. Defekasiya aktından sonra ağrı hissiyyatı azalır. Xəstələrdə dispeptik əlamətlər: qarında qurultu, meteorizm, bəzən isə ürəkbulanma və qusma inkişaf edir.
Bauhinit ağır formalı ishalla müşayiət olunduqda orqanizmin susuzlaşması əlamətləri: dəri və selikli qişaların quruluğu, güclü susuzluq hissi, baş ağrıları və başgicəllənmə aşkarlanır. Dil ağ ərplə örtülür. Bağırsaqda ifadəli iltihabi proses zamanı bədən hərarəti 38-39°С-yə qədər yüksəlir. Xəstəliyin xroniki gedişində həzm sisteminin funksional çatışmazlığı ilə əlaqədar pasiyentlərdə çəkinin itirilməsi müşahidə edilir.
Bauhinitin ağırlaşmaları
Müalicə aparılmadıqda mikroorqanizmlər qalxan yolla yayılaraq, total enteritin inkişafına səbəb olurlar. Bu da həzm prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir. Bauhinit zamanı zülal və yağların sorulması zəifləyir, su-elektrolit mübadiləsi pozulur. İnfeksiyanın soxulcanabənzər çıxıntıya keçdiyi hallarda appendisit yarana bilər. Xəstəliyin uzunmüddətli gedişi bağırsaq divarının bütün qatlarının zədələnməsi, bağırsağın perforasiyası, qanaxma, peritonit riski ilə müşayiət olunur.
Keçirilmiş bauhinitdən sonra bauhin qapağının ikincili çatışmazlığı formalaşa bilər. Bu pozğunluq qalça-kor bağırsaq dəliyinin kip örtülməməsi ilə xarakterizə olunur. Nəticədə yoğun bağırsağın bakteriya koloniyalarından ibarət möhtəviyyatının nazik bağırsağa qayıtması baş verir, bakteriyaların miqdarı isə hədsiz dərəcədə çoxalır. Pasiyentlərdə tez-tez medikamentoz terapiyaya rezistent enterit və kolitlər inkişaf edir. Nadir hallarda ileosekal qapaq stenozlaşır.
Bauhinitin diaqnostikası
Xəstəliyin klinik şəklinin qeyri-spesifikliyi, bağırsağın digər şöbələrinin iltihab əlamətləri ilə oxşarlığı diaqnozun qoyulmasını çətinləşdirir. Ağrıların qalça nahiyəsində lokalizasiyası bauhinitdən şübhələnməyə əsas verir. Diaqnostika prosesində kompleks laborator-instrumental müayinə üsullarından istifadə olunur:
- Koproqramma. Nəcisin mikroskopik analizində malabsorbsiya və maldigestiya əlamətləri – külli miqdarda həzm olunmamış qıda hissəcikləri, köndələn-zolaqlı əzələ lifləri, nişasta dənələri aşkarlanır. Seliyin həddindən artıq miqdarda olması və leykositlərin izlənilməsi iltihabi prosesdən xəbər verir.
- Bakterioloji əkmə. Xəstəliyin bakterial etiologiyasını təsdiq etmək məqsədilə nəcis qidalı mühitə əkilir. Bu üsulla patogen mikroorqanizmin növü təyin edilir. Bauhinitin virus mənşəli olmasına şübhə yarandıqda nəcisdə antigenləri müəyyən edən immunoxromatoqrafiya üsulu tətbiq edilir.
- Qarın boşluğu orqanlarının USM. Bauhinitin həzm sisteminin digər xəstəlikləri ilə differensial diaqnostikasında sürətli qeyri-invaziv müayinə üsulu qismində ultrasəs müayinədən istifadə olunur. Soxulçanabənzər çıxıntının iltihab əlamətlərini vaxtında aşkar etmək üçün ileosekal nahiyəyə xüsusi diqqət yetirilir.
- İrriqoskopiya. Kontrast maddənin retroqrad yeridilməsi və ikiqat kontrastlaşdırma ilə bağırsağın rentgenoloji müayinəsi bauhin qapağının zədələnmə əlamətlərini müəyyən etməyə imkan verir. Kontrast maddənin nazik bağırsağa reflüksü ileosekal qapağın çatışmazlığına dəlalət edir.
Bauhinit zamanı qanın klinik analizində iltihab əlamətləri – leykositoz və EÇS-nin yüksəlməsi izlənilir. Qanın biokimyəvi analizində ümumi zülalın səviyyəsinin azalması, qamma-qlobulinlərin üstünlük təşkil etməsi ilə disproteinemiya qeyd olunur. Mədə-bağırsaq qanaxmalarından şübhələndikdə nəcisdə gizli qanın təyini (Qreqersen sınağı) aparılır. Digər üsulların az informativ olduğu hallarda qarın boşluğunun KT təyin edilir.
Bauhinit ileosekal nahiyənin yanaşı yerləşən anatomik strukturlarının iltihabı (appendisit və mezadenit) ilə differensiasiya edilir. Ultrasəs müayinədə soxulcanabənzər çıxıntının və qalça limfa düyünlərinin zədələnmə əlamətlərinin aşkarlanmaması bauhin qapağının iltihabından xəbər verir. Pasiyentin fizikal müayinəsi mühüm əhəmiyyət kəsb edir – peritonun müsbət qıcıqlanma simptomları appendisit üçün daha tipik sayılır. Göstərişlərə əsasən müayinə prosesinə qastroenteroloq və proktoloqdan əlavə infeksionist və ya cərrah cəlb oluna bilər.
Bauhinitin müalicəsi
Terapevtik taktika bauhinitin inkişaf dinamikasından, onun klinik əlamətlərinin ifadəliliyindən və xəstəliyin etiologiyasından asılı olaraq seçilir. İnfeksion formalı bauhinitin rast gəlindiyi pasiyentlər infeksion stasionara, kəskin infeksion prosesin müşahidə edildiyi xəstələr isə qastroenteroloji və ya terapevtik şöbələrə hospitalizasiya edilir. Bauhinitin xroniki formasında ambulator müalicə aparıla bilər. Xəstələrə kiçik porsiyalarla tez-tez qidalanma, gündəlik rasiondan karbohidrat və yağların çıxarılması məsləhət görülür. Müalicə sxeminə aşağıdakılar daxildir:
- Antibiotiklər. Bauhinitin infeksion mənşəli olması təsdiqləndikdə antibakterial terapiya tətbiq edilir. Preparat seçimində törədicinin həssaslığı nəzərə alınır. Əksər hallarda sulfanilamidlər, 8-oksixinolin törəmələrinin bağırsaq florasını normallaşdıran probiotiklərlə kombinasiyasına üstünlük verilir.
- Kristalloid və kolloid məhlullar. Orqanizmin susuzlaşmasına gətirib çıxaran ifadəli ishal infuzion terapiyaya göstəriş sayılır. Venadaxili infuziyalar həmçinin parenteral qidalanma və dezintoksikasiya məqsədilə təyin edilir.
- Həzm fermentləri. Əvəzedici enzimoterapiyadan həzm sistemi orqanlarının sekresiyasının azalması ilə müşayiət edilən xəstəliklərdə istifadə olunur. Həzm proseslərinin yaxşılaşması qida maddələrinin tam sorulmasına, selikli qişanın regenerasiyasına və iltihabın ifadəliliyinin azalmasına səbəb olur.
- İmmunomodulyatorlar. İmmun çatışmazlıq fonunda yaranan bauhinitdə orqanizmin patogen və şərti-patogen floraya qarşı müqavimətini yüksəldən immunostimulyatorların tətbiqi effektiv sayılır. Autoimmun iltihab zamanı pasiyentlərə patoloji immun reaksiyanı zəiflədən immunosupressorlar məsləhət görülür.
Göstərişlərə əsasən bauhinitin medikamentoz terapiyasına adsorbent (meteorizmi aradan qaldıran), işlədici və ya ishal əleyhinə vasitələr (nəcisi tənzimləyən), selikli qişanın regenerasiyasının stimulyatorları, desensibilizəedicilər, vitamin preparatları, spastik vəziyyətlərdə xolino- və spazmolitiklər əlavə olunur. Fizioterpevtik üsullar arasında bağırsağın yuyulması, diatermiya müsbət nəticələr verir. Remissiya dövrünü stabil saxlamaq məqsədilə pasiyentlər qastroenteroloji profilli müəssisələrdə sanator-kurort müalicəsinə yönəldilir.
Bauhinitin proqnoz və profilaktikası
Kəskin bauhinit əksər hallarda tam sağalma ilə nəticələnir. Xəstəliyin xroniki formalarında proqnoz bir o qədər də qənaətbəxş olmur. Müalicə kursundan sonra residiv riski mövcuddur.
Bauhinitin profilaktikası həzm traktının istənilən patologiyalarının erkən diaqnostika və müalicəsindən, qida məhsullarının düzgün yuyulma və termiki işlənməsindən, rasionun balanslaşdırılmasından, immunosupressiya əlamətləri olduqda immunostimulyatorların qəbulundan ibarətdir.