Bazu oynağının artriti
Bazu oynağının artriti – bazu sümüyünün başının kürək sümüyünün oynaq çalası ilə birləşən nahiyəsinin iltihabi prosesidir. Patologiya intensivliyi müxtəlif dərəcəli olan ağrılar, hərəkətin çətinləşməsi, hərəkət zamanı krepitasiya, oynaq nahiyəsində şişkinliklə müşayiət olunur. Bazu oynağı artriti rentgenoqrafiya, USM, MRT, artroskopiya, qanın biokimyəvi analizi və sinovial mayenin müayinəsinin nəticələrinə əsasən diaqnostika olunur. Xəstəliyin müalicəsi iltihab əleyhinə, analgetik preparatların qəbulu, oynaqdaxili inyeksiyalar, massaj, müalicəvi bədən tərbiyəsi, fizioterapevtik prosedurların aparılmasını təklif edir.
Bazu oynağının artriti barədə ümumi məlumat
Bazu oynağının artriti kürək-torakal (çiyin) oynağın iltihabi xarakterli xəstəliklər qrupudur. Bazu oynağının patologiyası rəngarəngdir və özündə inkişaf qüsurları (bazu sümüyü başının hipoplaziyası, bazu sümüyünün anadangəlmə yarımçıxıqları və çıxıqları), oynaq elementlərinin zədələnməsi (bağların və kapsulun, əzələ və vətərlərin əzilməsi, dartılması, cırılması; bazu çıxıqları, sınıqlar) və xəstəlikləri (artrit, periartrit, osteoartroz, şişlər, ankiloz və s.) cəmləyir. Bazu oynağının müxtəlif patologiyaları arasında artrit aparıcı yerlərdən birini tutur; əsasən orta və yuxarı yaşlı insanlarda rast gəlinir. Bazu oynağının artriti izoləolunmuş patologiya kimi və ya sistem xəstəliklərin təzahürü kimi meydana çıxa bilər; buna görə də həm travmatologiya, həm də revmatologiya çərçivəsində dəyərləndirilir.
Bazu oynağı şarabənzər oynaqlara aiddir; kasaşəkilli dərinlik (kürək sümüyünün oynaq çalası) və bazu sümüyünün şarabənzər başını özündə ehtiva edir; geniş hərəkət diapazonunu – bükmə-açma, yaxınlaşdırma-uzaqlaşdırma, yuxarı ətrafın dairəvi fırladılmasını təmin edir. Oynaq xaricdən elastik kapsulla əhatə olunub; güclü dimdik-çiyin çıxıntısı bağı və ətraf əzələrlə – deltayabənzər, kürəkaltı, tinüstü və tinaltı, kiçik və böyük girdə əzələlərlə möhkəm stabilləşdirilir. Yuxarı ətrafların hərəkətində sərbəstliyin böyük olması çiyin oynağının quruluş xüsusiyyətləri ilə təmin olunur.
Bazu oynağı artritləri yaranma səbəbindən asılı olaraq infeksion və qeyri-infeksion mənşəli olur. İnfeksion-iltihabi artritlərə kəskin irinli artrit, vərəm artriti, sifilitik artrit, qonoreya mənşəli artrit və s. aid edilir. Bazu oynağının qeyri-infeksion artritləri podaqrik, revmatoid, posttravmatik və psoriatik artritlər, osteoartrit və s. ilə özünü göstərir. Bazu oynağı artritlərinin gedişi kəskin və xroniki xarakter daşıya bilər.
Bazu oynağının artritinin səbəbləri
Bazu oynaqları infeksion, sistemli, metabolik xəstəliklər və travmalar zamanı zədələnə bilər. Bazu oynağının posttravmatik artritləri keçirilmiş travmalar (sümüyün oynaq səthinin çatları və sınıqları, çıxıqlar, bazunun rotasiya edən manjetinin cırılması və s.) nəticəsində inkişaf edir. Revmatoid artritin əsasında sinovit, qranulyasiya toxumasının formalaşması, qığırdağın destruksiyası, fibroz və sümük ankilozları ilə müşayiət olunan autoimmun iltihab durur. Revmatoid artritin inkişafına səbəb olan əsas faktorlar məlum deyil; infeksion agentlərin, hüceyrə immunitetinin anadangəlmə defektlərinin, ailəvi-irsi meyilliyin və s. rolu araşdırılır. Osteoartrit, başlıca olaraq, yaşla bağlı degenerativ proseslərin nəticəsidir və oynaq qığırdağının “aşınması”na gətirib çıxarır. Bazu oynağının qeyri-infeksion artritləri psoriaz və podaqra xəstəliklərində də inkişaf edə bilər.
Bazu oynağının irinli artriti infeksiyanın birbaşa (məsələn, çiynin yaralanmalarında və travmalarında, müalicəvi-diaqnostik punksiyanın icrası zamanı) və ya başqa septik ocaqdan (qoltuqaltı nahiyənin fleqmonası, bazu sümüyünün osteomieliti, irinli bursit və s.) törədicinin limfogen və ya hematogen yolla çiyin oynağına gətirilməsi ilə əlaqəli ola bilər. Bazu oynağının infeksion artritlərinin tez-tez rast gəlinən formaları etioloji baxımdan ağciyərdənkənar (sümük və oynaq vərəmi) vərəm, CYYX (qonoreya, sifilis) ilə əlaqəli ola bilər. Artritin inkişafı və fəsadlaşmasını provokasiya edən faktorlar kimi bədən temperaturunun həddən artıq soyuması, çiyin oynağının fiziki yüklənməsi, hipokineziya, stress və s. çıxış edir.
Bazu oynağının artritinin simptomları
Bazu oynağının artritlərinin müəyyənləşdirici simptomları ağrı, oynaq nahiyəsində şişkinlik və hərəkət məhdudluğudur. Bu və başqa əlamətlərin ifadəliliyindən asılı olaraq çiyin oynağı artritlərinin üç dərəcəsi ayırd edilir. Erkən mərhələlərdə çiyin oynağında ağrılar qısamüddətli və davamsızdır; adətən, yüksək fiziki yüklənmə nəticəsində inkişaf edir, yüklənmə dayandıqdan sonra sürətlə sönür. Revmatoid artritin xüsusiliyi çiyin oynaqlarının simmetrik zədələnməsidir. Bu mərhələdə pasiyentlər tibbi yardıma nadir hallarda müraciət edirlər.
Bazu oynağının artriti ikinci dərəcəli artriti həm yüklənmə, həm də sakitlik dövründə meydana çıxan ağrılarla xarakterizə olunur. Ağrı tutmalarının gecə saatlarında baş verməsi tipikdir. Oynaqda hərəkət məhdudlaşır; pasiyent qollarını çətinliklə qaldıra bilir. Oynağın müxtəlif səviyyələrdə hərəkəti zamanı krepitasiya səsi eşidilir. Artritin fəsadlaşması zamanı oynaq üzərindəki dəri hiperemiyalaşmış və ödemli olur; toxunmada dərinin isti olduğu aşkar olunur. Bazu oynağının üçüncü dərəcəli artriti palpasiyada kəskin ağrı, oynağın deformasiyası və oynaqda hərəkətin tamamilə itirilməsi ilə müşayiət olunur. Qığırdaq toxumasının güclü degenerativ dəyişiklikləri əlilliyə gətirib çıxara bilər.
Bazu oynağının irinli artriti zamanı fluktuasiya edən şişkinlik müəyyən olunur. Xarakterik vəziyyət – xəstə qol dirsək oynağında bükülmüş və göydəyə yaxınlaşdırılmışdır; çiyin azacıq düşmüş və önə doğru əyilmişdir. İrinin paraartikulyar sahəyə açılması nəticəsində dərin ödemlər və fleqmona əmələ gəlir. Xəstənin ümumi vəziyyəti pisləşmiş, temperaturu 39-40°С-yə qədər yüksəlmişdir. Oynaq kisəsinin fleqmonası əksər hallarda çiyin oynağının ankilozu ilə sonlanır. Ağır hallarda sepsis inkişaf edə bilər.
Bazu oynağının artritinin diaqnostikası
Yuxarıda qeyd edilmiş əlamətlərin meydana çıxması revmatoloq, artroloq və ya travmatoloq konsultasiyasını tələb edir. Birincili fiziki müayinə inspeksiya, palpasiya, çiyin qurşağında aktiv və passiv hərəkətin müayinəsindən ibarətdir. Patoloji prosesin hərtərəfli xarakteristikasını əldə etmək üçün çiyin oynağının rentgenoqrafiyası, termoqrafiyası, USM-i, kontrast artroqrafiya, MRT, ssintiqrafiyadan ibarət kompleks vizualizasiyaedici müayinə aparılır. Sinovial mayenin müayinəsi məqsədilə çiyin oynağının diaqnostik punksiyası icra olunur. Ehtiyac olarsa, bioptatın əldə olunması üçün çiyin oynağının diaqnostik artroskopiyasına müraciət olunur. Bazu oynağı artritinin formasının dəqiqləşdirilməsi məqsədilə qan plazmasında fibrinogen, revmatoid faktor, CRZ, oynaq toxumasına qarşı autoantitellər müayinə olunur.
Differensial diaqnostika zamanı bazu oynağı artritini stenokardiya, miokard infarktı, pnevmoniya, ağciyərin yuxarı payının xərçəngi (Pankost sindromu), xolesistitlə əlaqəli ağrılı çiyin sindromundan fərqləndirmək lazımdır. Bununla yanaşı, bazu oynağının və periartikulyar toxumanın başqa mümkün xəstəlikləri – tendinit, bursit, çiyin-kürək periartriti, artroz və s. inkar olunmalıdır.
Bazu oynağının artritinin müalicəsi
Bazu oynağının artritinin başlanğıc müalicəsi həmişə konservativdir. Kəskin fazada maksimal qoruyucu rejim, ağrını provokasiya edən vəziyyətlərin aradan qaldırılması məqsədilə fəaliyyət növlərinin dəyişilməsi, bəzi hallarda oynağın immobilizasiyası tövsiyə olunur. Dərman müalicəsi iltihabın səviyyəsinin azaldılması, artritin səbəblərinin dəf edilməsi, bazu oynağının funksiyalarının bərpasına yönəlmişdir; QSİƏP, analgetiklər, hormonal preparatlar, xondroprotektorlar, vitaminlər və s. ibarətdir. Diprospan və başqa qlükokortikosteroidlər, hialuron turşusu preparatlarının oynaqdaxili yeridilməsi ilə müalicəvi punksiya, periartikulyar blokadalar göstərişdir. Bazu oynağının irinli artritinin konservativ müalicəsi antibiotikoterapiya, irinin aspirasiyası ilə müalicəvi punksiyalar seriyası, oynaq boşluğunun antiseptiklərlə yuyulması və boşluğa proteolitik fermentlərin yeridilməsindən (oynağın lavajı) ibarətdir.
Dərmanlarla yanaşı fizioterapiya (cərəyanın sinusoidal modullaşdırılması, UYT terapiya, maqnitoterapiya, lazeroterapiya), balneoterapiya, müalicəvi bədən tərbiyəsi, massaj, manual terapiya, krioterapiya istifadə olunur. Artritin gecikmiş və ağırlaşmış gedişində operativ müalicə – çiyin oynağının artrotomiyası, rezeksiyası, endoprotezlənməsi (total artroplastika və ya hemiartroplastika) və s. göstəriş ola bilər.
Bazu oynağının artritinin proqnozu və profilaktikası
Bazu oynağının artriti müalicə olunmadıqda çiyin qurşağında və yuxarı ətrafda hərəkət xeyli məhdudlaşır və hətta olmur; bu isə pasiyentin həyatını ciddi şəkildə pisləşdirir. Ağır hallarda yeganə müalicə üsulu uzunmüddətli reablitasiya dövrünə malik bahalı cərrahi əməliyyatdır. Buna görə də xəstəliyin ilk əlamətlərini vaxtında müəyyənləşdirmək və müalicəyə erkən mərhələdə başlamaq çox vacibdir. Bazu oynağı artritinin profilaktikası oynaqda yüksək fiziki yüklənmə və travma, yanaşı gedən xəstəliklərin vaxtında müalicəsi, rasional qidalanmadan ibarətdir.