Bazu oynağının artrozu

Bazu oynağının artrozu – bu xəstəlik zamanı oynaq qığırdağı nazikləşir və dağılır, yumşaq toxumalarda patoloji dəyişikliklər əmələ gəlir və oynaq nahiyəsində sümük proliferasiyası baş verir. Zədə nahiyəsində ağrılar və oynaqda küylə təzahür edir. Gecikmiş mərhələlərdə hərəkətin həcmi azalır. Patologiya xroniki gedir və tədricən proqressivləşir. Diaqnoz klinik mənzərə və rentgenoloji əlamətlərə əsasən qoyulur. Müalicə, adətən, konservativdir: fizioterapiya, iltihab əleyhinə preparatlar, xondroprotektorlar, müalicəvi bədən tərbiyəsi. Oynaq tamamilə zədələndikdə endoprotezləmə həyata keçirilir.

Bazu oynağının artrozu barədə ümumi məlumat

Bazu oynağının artrozu – degenerativ-distrofik proseslər nəticəsində qığırdaq və oynağın başqa toxumalarının tədricən zədələnməsi ilə gedən xroniki xəstəlikdir. Artrozdan, adətən, 45 yaşdan böyük insanlar əziyyət çəkir; lakin bir sıra hallarda (travmalardan, iltihabdan və s. sonra) xəstəlik daha cavan yaşlarda inkişaf edə bilər. Patologiya qadınlarda və kişilərdə eyni tezliklə meydana çıxır; idmançılarda və ağır fiziki işlə məşğul olan insanlarda daha çox müşahidə olunur.

Bazu oynağının artrozunun səbəbləri

Artroz zamanı dəyişikliklərin yaranmasında əsas məqam onların həm normal qocalma, həm də mexaniki təsir və müxtəlif patoloji proseslər nəticəsində qığırdaq strukturunun pozulması ola bilər. Patologiyaya irsi meyillik mövcuddur; belə ki, bazu artrozu olan bir çox pasientin bu və ya başqa lokalizasiyalı artrozdan (qonartroz, koksartroz, aşıq-baldır oynağının artrozu və s.) əziyyət çəkən yaxın qohumları var. Artroz görünən səbəb olmadan inkişaf etdikdə birincili, hər hansı başqa xəstəlik və ya patoloji vəziyyət nəticəsində inkişaf etdikdə isə ikincili adlandırılır. Birincili artroz, adətən, yaşlı insanlarda əmələ gəlir; ikincili isə istənilən yaşda meydana çıxa bilər. Risk faktorlarına aşağıdakılar aiddir:

  • İnkişaf qüsurları. Patologiya bazu sümüyünün və ya oynaq çalasının inkişafdan qalması, bazunun kapomeliyası və yuxarı ətrafların başqa anomaliyalarında aşkarlana bilər.
  • Travmatik zədələnmələr. Travmatik etiologiyalı artrozlar daha çox oynaqdaxili sınıqlardan sonra yaranır. Xəstəliyin mümkün səbəbləri xüsusən birincili bazu çıxıqları ola bilər. Nadir hallarda provokasiyaedici travmalar kimi ağır əziklər də çıxış edə bilər.
  • İltihabi proseslər. Xəstəlik uzun müddət davam edən bazu-kürək periartriti, çiyin oynağının əvvəllər keçirilmiş qeyri-spesifik irinli artriti və spesifik artriti (vərəm, sifilis və bəzi başqa xəstəliklər zamanı) zamanı diaqnostika oluna bilər.

Xəstəliyin yaranmasında oynağın daim həddən artıq yüklənməsi də müəyyən rol oynayır. Bu, voleybolçularda, tenisçilərdə, basketbolçularda, idman əşyalarının atılması ilə məşğul olan idmançılar (məs., nizəatma, çəkicatma və s.), həmçinin peşəsi ilə əlaqəli olaraq daim qollarına yük düşən insanlarda (dəmirçilər, əşya yükləyənlər və s.) yarana bilər. Artrozlar autoimmun xəstəliklər (revmatoid artrit), bəzi endokrin xəstəliklər, maddələr mübadiləsinin pozulması, birləşdirici toxumanın sistemli çatışmazlığ və oynağın həddən artıq hərəkətliliyindən əziyyət çəkən insanlarda daha çox aşkar olunur. Yaş artdıqca xəstəliyin inkişaf ehtimalı da artır. Bədənin tez-tez həddən artıq soyuması və əlverişsiz ekoloji şərait müəyyən mənfi təsir göstərir.

Bazu oynağının artrozunun patogenezi

Artrozun əsas inkişaf səbəbi oynaq qığırdağının strukturunun dəyişilməsidir. Oynaq öz hamarlığını və elastikliyini sərf edir, hərəkət zamanı oynaq səthinin sürüşməsi çətinləşir. Bu, daimi mikrotravmalara səbəb olur. Həmin mikrotravmalar sonralar qığırdaq toxumasının vəziyyətinin pisləşməsinə gətirib çıxarır. Kiçik qığırdaq hissəcikləri qığırdaqdan ayrılaraq sərbəst oynaq cisimləri əmələ gətirir və oynağın daxili səthini, o cümlədən yumşaq toxumasını zədələyirlər. Zaman keçdikcə kapsul və sinovial qişa qalınlaşır, onların üzərində fibroz hissələr əmələ gəlir. Qığırdaq nazikləşdiyindən və elastikliyini itirdiyindən amortizasiyanı təchiz edə bilmir; buna görə də qığırdağın altında yerləşən sümüyün yükü artır. Sümük deformasiya olunur və kənarları proliferasiyaya uğrayır. Oynağın normal forması pozulur və hərəkət məhdudlaşır.

Bazu oynağının artrozunun təsnifatı

Klinik praktikada, adətən, xəstəliyin simptomlarını və patoloji dəyişikliklərini əks etdirən üç mərhələli təsnifatdan istifadə olunur. Belə yanaşma prosesin ağırlıq dərəcəsinə əsasən optimal müalicə taktikasını seçməyə imkan verir.  Artrozun aşağıdakı mərhələləri ayırd edilir:

  • Birinci– qığırdaq toxumasının kobud dəyişiklikləri olmur. Sinovial mayenin tərkibi dəyişilmişdir, qığırdağın qidalanması pozulmuşdur. Qığırdaq yüklənməyə qarşı kifayət qədər müqavimət göstərə bilmir; buna görə də zaman-zaman oynaqda ağrılar əmələ gəlir (artralgiya).
  • İkinci – qığırdaq toxuması nazikləşməyə başlayır, onun strukturu dəyişir, səthi öz hamarlığını itirir, qığırdağın daxilində kistalar və kalsifikasiya ocaqları əmələ gəlir. Qığırdağın altında yerləşmiş sümük toxuması azacıq deformasiyaya uğrayır, oynaq meydançasının kənarı boyunca sümük proliferasiyası baş verir. Ağrılar daimi xarakter alır.
  • Üçüncü – qığırdağın strukturunun pozulması və xeyli nazikləşməsi, geniş miqyaslı zədə nahiyələri qeyd olunur. Oynaq meydançası deformasiya olub. Hərəkətin həcminin məhdudlaşması, bağ aparatının zəifliyi və oynaqətrafı əzələlərin atrofiyası aşkarlanır.

Bazu oynağının artrozunun simptomları

Erkən mərhələlərdə pasientləri yüklənmə və bədənin müəyyən vəziyyətlərində bazu oynağında meydana çıxan diskomfort və yüngül ağrılar narahat edir. Hərəkət zamanı oynaqda küy meydana çıxa bilər. Oynaq xaricən dəyişilməmişdir, ödem yoxdur. Sonralar ağrı sindromunun intensivliyi artır, ağrılar vərdiş halını alır; daim, nəinki yüklənmə, həm də sakitlik dövründə, həmçinin gecələr də yaranır. Bir çox pasientlər ağrı sindromunun hava şəraiti ilə bağlılığını qeyd edirlər. Sızıldayıcı ağrılarla yanaşı fiziki yüklənmə zamanı kəskin ağrılar da meydana çıxır.

Ağrı yalnız bazu oynağı nahiyəsində əmələ gələ, dirsək oynağına irradiasiya edə və bütün qola yayıla bilər. Zədə tərəfdə kürəkdə və boyunda ağrılar da mümkündür. Bir müddət sonra pasientlər səhərlər oynaqda nəzərə çarpan buxovlanma qeyd etməyə başlayırlar. Ağrılar daimi xarakter alır, hərəkətin həcmi azalır. Yüklənmədən və bədənin həddən artıq soyumasından sonra yumşaq toxumada azacıq ödem yarana bilər. Zaman keçdikcə hərəkətin həcmi daha da azalır, kontrakturalar inkişaf edir, ətrafların funksiyaları ciddi pozulur.

Bazu oynağının artrozunun diaqnostikası

Diaqnoz xarakterik klinik və rentgenoloji əlamətlərə əsasən qoyulur. Bazu oynağının rentgenoqrafiyasında distrofik dəyişikliklər və sümüklərin kənarlarında proliferasiya (osteofitlər) aşkar olunur; gecikmiş mərhələlərdə oynaq yarığının daralması, yaxınlıqdakı sümüyün deformasiyası və struktur dəyişiklikləri müəyyən olunur. Oynaq yarığı pazvari forma alır, sümüklərdə osteosklerotik dəyişikliklər və kistayabənzər törəmələr aşkar olunur. Bazu oynağının artrozunun rentgenoloji təsnifatı:

  • 1-ci mərhələ – az miqdarda osteofitlər, oynaq yarığı azacıq daralmış və ya dəyişilməmişdir.
  • 2-ci mərhələ – nəzərə çarpan miqdarda osteofitlər var, oynaq yarığı daralmışdır.
  • 3-cü mərhələ – osteofitlər aydın görünür, oynaq yarığı aşkar daralmışdır.
  • 4-cü mərhələ – iri osteofitlər aşkarlanır, oynaq yarığı xeyli daralmışdır, qığırdağın altında yerləşmiş sümük deformasiya olunmuşdur, osteoskleroz əlamətləri müəyyən olunur.

Mübahisəli hallarda, xüsusən də xəstəliyin başlanğıc mərhələlərində sümüyün və qığırdağın vəziyyəti haqda əlavə məlumat almaq məqsədilə çiyin oynağının KT-i həyata keçirilir. Ehtiyac olduqda yumşaq toxumanın vəziyyətini qiymətləndirmək üçün maqnit-rezonans tomoqrafiya icra olunur. İkincili artroza şübhə olduqda müvafiq sahənin mütəxəssisinin (cərrah, endokrinoloq və s.) konsultasiyası təyin olunur.

Differensial diaqnostika podaqrik, psoriatik, revmatoid və reaktiv artritlər, həmçinin pirofosfat artropatiyalarla aparılır. Artritlərdə qan analizində iltihab əlamətləri aşkar olunur; dəyişikliklər rentgenoqrammada az nəzərə çarpır, osteofitlər olmur, oynaq səthinin deformasiya əlamətləri olmur. Psoriatik artritdə oynaq təzahürləri ilə yanaşı tez-tez dəridə səpkilər də təyin olunur. Revmatoid artritdə revmatoid faktor müsbət olur. Pirofosfat artropatiyalar və podaqrik artritdə qanın biokimyəvi analizində müvafiq dəyişikliklər (sidik turşusu duzlarının səviyyəsinin yüksəlməsi və s.) aşkar olunur.

Bazu oynağının artrozunun müalicəsi

Pasientlər ortoped müşahidəsində olurlar. Artroz uzun müddət davam edən, tədricən proqressivləşən xəstəlikdir. Onu tamamilə müalicə etmək mümkün deyil, lakin oynaqda baş verən patoloji dəyişiklikləri xeyli ləngitmək olar. Maksimal effektə nail olmaq üçün pasient öz xəstəliyinə ciddi yanaşmalı və hətta remissiya dövründə belə həkimin göstərişlərinə əməl etməyə hazır olmalıdır. Qolların yüklənməsi məhdudlaşdırılmalıdır; bu məqsədlə kəskin hərəkət etmək, yük qaldırmaq və uzun müddət ağır əşya daşımaq olmaz. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, hərəkətsizlik özü də oynağa mənfi təsir göstərir. Əzələlərin normal vəziyyətini dəstəkləmək, həmçinin bazu oynağının bərpası məqsədilə həkim tərəfindən tövsiyə olunmuş müalicəvi bədən tərbiyəsinə müntəzəm şəkildə icra olunmalıdır.

Artroz zamanı daha aktual tapşırıqlardan biri də ağrı sindromu ilə mübarizədir. Ağrıların dəf edilməsi və iltihabın azaldılması üçün QSİƏP (nimesulid, aseklofenak, diklofenak, naproksen və s.) təyin olunur. Bu qrupun preparatları kontrolsuz qəbul olunduqda mədə divarını qıcıqlandıra, qaraciyərə və qığırdaq toxumasının maddələr mübadiləsinə mənfi təsir göstərə bilər. Buna görə də onları həkim təyinatı olmadan qəbul etmək olmaz.

Artroz zamanı daxilə qəbul üçün nəzərdə tutulmuş preparatlarla yanaşı yuxarıda sadalanan yan təsirlərə malik olmayan yerli preparatlar da istifadə edilir. Bu məqsədlə hormonal və qeyri-hormonal gellər və məlhəmlər təyin olunur. Başqa üsullarla dəf olunmayan ağrı sindromunda preparatlar (triamsinolon, hidrokortizon və s.) oynaq daxilinə yeridilir. Hormonal maddələrin tez-tez yeridilməsi də orqanizmə mənfi təsir göstərə bilər. Buna görə də blokadalar ildə 4 dəfədən artıq aparılmamalıdır.

Artrozun 1 və 2-ci mərhələsində qığırdağın bərpası və möhkəmləndirilməsi məqsədilə xondroprotektorlar (tərkibində hialuron turşusu, xondroitin sulfat və qlükozamin) təyin olunur. Müalicə kursu uzunmüddətlidir (6 aydan bir ilə qədər və daha çox), efffekti 3 ay və daha artıq vaxtdan sonra görünür. Bundan başqa, bazu oynağının artrozunda fizioterapetik metodlar – palçıq müalicəsi, müalicəvi vannalar, maqnitoterapiya aktif istifadə olunur. Ultrasəs, infraqırmızı lazeroterapiya, parafin, massaj da tətbiq olunur. Remissiya dövründə xəstələr sanator-kurort müalicəyə göndərilir.

Xəstəliyin üçüncü mərhələsində qığırdaq xeyli zədələndikdə, hərəkət məhdudlaşdıqda və əmək qabiliyyəti itirildikdə oynağın endoprotezlənməsi həyata keçirilir. Xəstələr yaş həddi, aktivliyi, ağır xroniki xəstəliklər və başqa faktorlar nəzərə alınmaqla cərrahi əməliyyata yönləndirilir. Müasir keramik, plastik və metallik endoprotezlərin istifadəsi oynağın funksiyasını tam bərpa etməyə imkan verir. Protezlər 15 il və daha uzun müddət istifadə oluna bilər.

error: Content is protected !!