Birincili sonsuzluq
Birincili sonsuzluq – reproduktiv dövrün əvvəlindən qadının mayalanma qabiliyyətinə malik olmamasıdır. Birincili sonsuzluğun kriteriyası sağlam cinsi partnyorla bir il ərzində kontrasepsiyadan istifadə etmədən müntəzəm cinsi əlaqə fonunda hamiləliyin baş tutmaması sayılır. Birincili sonsuzluğun səbəblərinin aşkar olunması üçün tam ginekoloji müayinə (baxış, fnksional testlər, USM, infeksiya və hormonlara görə analiz, USHSS və HSQ, histeroskopiya, laparoskopiya) aparılır. Müalicə – medikamentoz və ya cərrahi yolla birincili sonsuzluğun səbəblərinin aradan qaldırlması; təbii mayalanmanın mümkün olmadığı hallarda – EKM və ya surroqat analıq xidmətinin tətbiqi.
Birincili sonsuzluq barədə ümumi məlumat
Birincili sonsuzluq – qadın orqanizminin anadangəlmə və ya cinsi həyatın başlanmasından əvvəl keçirilmiş patologiyaları ilə əlaqədar hamiləliyin baş tutmamasıdır. «Sonsuzluq» və «uşaqsızlıq» anlayışlarını differensiasiya etmək lazımdır: birinci halda tam infertillik (hamiləliyin heç bir formada – uşaqlıqda və ya uşaqlıqdan kənar baş tutmaması), ikinci halda isə hamiləliyin daşınması və həyat qabiliyyətinə malik uşağın doğulmasının mümkünsüzlüyü (bu kateqoriyaya uşaqlıqdan kənar hamiləlik, özbaşına düşüklər, ölü doğuşlar və s. aiddir) nəzərdə tutulur. Tədqiqatçıların 2010-cu ilə aid məlumatlarına əsasən dünya üzrə qadınların 1,5%-i (20-44 yaş arasında) birincili sonsuzluqdan əziyyət çəkir. Qadınlarda reproduktiv funksiyanın birincili pozulmalarına ikincili sonsuzluğa nisbətən 1,5-2 dəfə çox rast gəlinir.
Birincili sonsuzluğun təsnifatı
Ginekologiyada birincili sonsuzluq anadangəlmə və qazanılmış, müvəqqəti və daimi, mütləq və nisbi formalara bölünür. Anadangəlmə sonsuzluq doğulma anından orqanizmdə mövcud olan patologiyalarla (endokrin pozğunluqlar, cinsiyyət orqanlarının inkişaf qüsurları), qazanılmış isə doğulandan cinsi həyatın başlanmasına kimi keçirilən xəstəliklərlə əlaqədardır. Müvəqqəti sonsuzluq keçici hal sayılır (məsələn, qızlarda erkən pubertat dövrü, laktasion amenoreya və ya anovulyasiya) və xüsusi tibbi müdaxilənin aparılmasını tələb etmir, daimi sonsuzluq isə özbaşına həll olunmayan səbəblərlə bağlıdır.
Mütləq sonsuzluq cinsiyyət sisteminin geridönməyən patoloji dəyişiklikləri nəticəsində orqanizmin mayalanma qabiliyyətinin tam istisna olunması; nisbi sonsuzluq aradan qaldırıla bilən səbəblərdən hamiləliyin mümkünsüzlüyü ilə xarakterizə olunur. Lakin reproduktologiyanın inkişafı ilə əlaqədar mütləq və nisbi birincili sonsuzluğun kriteriyaları dəyişə bilər. EKM-nin tətbiqi uşaqlıq borusu olmayan qadınlarda hamiləliyin baş tutmasını, uşaqlığın köçürülməsi üzrə eksperimental əməliyyatlar isə bu orqanı olmayan və bir neçə il əvvəl tam infertil sayılan qadınların ana olmaq isteyini reallaşdırır.
Qadın sonsuzluğundan əlavə birincili sonsuzluq həm də kişilərdə rast gəlinir, buna spermanın fertil olmaması və ya reproduktiv sistemin normal eyakulyasiyaya mane olan anomaliyaları (məsələn, toxum yollarının keçiriciliyinin pozulması) səbəb olur. Nadir hallarda infertillik amilləri ailənin hər 2 üzvündə (cinsi partnyorlarda) müəyyən olunur – patologiyanın bu forması kombinəolunmuş sonsuzluq kimi qiymətləndirilir.
Birincili sonsuzluğun səbəbləri
Birincili sonsuzluğun səbəblərinə neyroendokrin dəyişikliklər, cinsiyyət orqanlarının inkişaf anomaliyaları, cinsi həyatın başlanmasına qədər reproduktiv orqanların keçirilən xəstəliklərinin ağırlaşmalarını aid etmək olar. Birincili sonsuzluğun əsasında uşaqlıq, endokrin, boru, immunoloji amillər dayanır.
Endokrin disfunksiya birincili sonsuzluqdan əziyyət çəkən 60-80% qadınlarda aşkarlanır. Buna stress, əqli və fiziki yorğunluq, alimentar distrofiya (o cümlədən, anoreksiya), polikistoz yumurtalıqlar sindromu, hipotireoz, adrenogenital sindrom, piylənmə ilə əlaqədar ovulyasiyanın pozulmasını misal göstərmək olar. Həmçinin KOK-un, təcili kontrasepsiya vasitələrinin (məsələn, postinor) nəzarətsiz istifadəsi aybaşı siklinin tənziminin pozulmasına gətirib çıxara bilər. Az hallarda hipotalamo-hipofizar nahiyəsinin şiş və ya iltihabi zədələnmələri, kəllə travmaları nəticəsində yaranan cinsi infantilizm; xromosom anomaliyaları ilə bağlı qonadların disgeneziyasının müxtəlif formaları (Svayer sindromu, Şereşevski-Terner sindromu) birincili sonsuzluğa səbəb olur.
Birincili sonsuzluğun anadangəlmə səbəblərinə kiçik çanaq orqanlarının anatomik qüsurları: uşaqlıq, yumurtalıqlar, fallop borularının olmaması (o cümlədən Rokitanski-Küster sindromu); uşaqlığın hiperretrofleksiyası və hiperantefleksiyası) daxildir. Ginatreziya, qızlıq pərdəsi, uşaqlıq yolu və uşaqlığın atreziyaları kimi anomaliyalar adətən pubertat dövrdə aybaşı qanını axınının mümkünsüzlüyü və hematokolpos, hematometra, hematosalpinksin inkişafı ilə əlaqədar aşkar olunur. Cinsiyyət orqanlarının bu tip inkişaf qüsurları embrional inkişafın erkən mərhələlərində (hamiləliyin 12-ci həftəsinə qədər) yaranır və toksikoz, virus infeksiyaları, endokrin pozğunluqlar, ananın məişət və peşə intoksikasiyaları ilə bağlı olur.
Lakin cinsiyyət sistemi formalaşdıqda belə uşaqlıq dövründə keçirilmiş ümumi infeksiyalar (difteriya, skarlatina), CYKİ, genital vərəm, qeyri-spesifik iltihablar (adneksit, salpingit, endometrit, pelvioperitonit və s.) birincili sonsuzluğa gətirib çıxara bilər. Əksər hallarda bu xəstəliklərin ağır gedişi uşaqlıq borularının keçməməzliyi ilə nəticələnir, bu da hamiləliyin baş tutmasına mane olur. Keçirilmiş infeksiyalar və ya intoksikasiyalar yumurtalıqların follikulyar aparatının zədələnməsinə səbəb ola bilər, nəticədə vəzilərin hormonal funksiyası azalır, ovulyator pozğunluqlar baş verir. Birincili immunoloji sonsuzluq yumurtahüceyrə və spermanın antigen xüsusiyyətləri, bu antigenlərə qarşı yaranan immun reaksiyalarla izah olunur.
Birincili sonsuzluğun əlamətləri
Qadınlarda birincili sonsuzluğun əsas klinik təzahürlərinə sağlam cinsi partnyorla bir il ərzində kontrasepsiyadan istifadə etmədən müntəzəm cinsi əlaqə fonunda hamiləliyin baş tutmaması aiddir. Pasiyentlərdə əsasən amenoreya, qeyri-müntəzəm aybaşı sikli, hipomenstrual sindrom, alqomenoreya qeyd edilir. Digər əlamətlər əsas xəstəliyə müvafiq olur.
Cinsi infantilizm zamanı qasıq və qoltuqaltı nahiyədə tüklənmənin olmaması və ya zəif ifadə olunması, süd vəzilərinin hipoplaziyası, 15-16 yaşda menarxenin başlanmaması izlənilir. Ginekoloji müayinədə xarici və daxili cinsyyət orqanlarının inkişafdan qalması aşkarlanır: böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarını örtmür, uşaqlıq yolu qısa və dardır, uşaqlığın cismi kiçik, silindrik, uşaqlıq boynu isə uzun konusvari formadadır.
Uşaqlıq və uşaqlıq yolunun ageneziyası hallarında ikincili cinsi əlamətlər kifayət dərəcədə ifadə olunur, xarici cinsiyyət orqanları normal formalaşır. Birincili amenoreya müşahidə olunur. Uşaqlıq yolunun natamam inkişafı ilə əlaqədar cinsi əlaqələr kəskin ağrılı və ya mümkünsüzdür. Belə xəstələrin 2/3-də sidik-ifrazat sisteminin anomaliyaları: böyrəklərin aplaziya/distopiyası, sidik axarlarının ikiləşməsi, nalabənzər böyrək aşkar edilir.
Aybaşı funksiyasının bəzi pozğunluqları (məsələn, anovulyator aybaşı sikli) xarici əlamətlərlə müşayiət olunmur: aybaşı ehtimal olunan vaxtda baş verir, normal davam etmə müddəti və qan itirmə ilə gedir. Belə halda birincili sonsuzluğun yeganə əlaməti hamiləliyin baş verməməsidir. Müxtəlif mənşəli birincili sonsuzluğun psixoloji aspekti reallaşmayan analıq potensialı ilə bağlıdır, bu da nevroz, depressiya, özünü qiymətləndirmənin aşağı olması, sosial aktivliyin azalması ilə müşahidə edilir. Statistik məlumatlara əsasən uşaqsız ailələr uşaqlılarla müqayisədə daha çox dağılır.
Birincili sonsuzluğun diaqnostikası
Hamiləliyin baş tutmamasından şikayətlənən xəstələr geniş sxem üzrə müayinə olunur. Ginekoloqun ilkin qəbulu zamanı klinik-anamnestik məlumatlar dəqiqləşdirilir, baxış aparılır. Ümumi və ginekoloji anamnez, aybaşı funksiyasının xarakteri, heç bir nəticə verməyən hamiləlik cəhdlərinin müddəti müəyyən edilir. Obyektiv müayinə boy, çəki, bədən kütləsi indeksinin təyini; tüklənmə və süd vəzilərinin vəziyyətinin qiymətləndirilməsi; rektal və ya bimanual müayinənin aparılmasından ibarətdir. Artıq bu mərhələdə cinsi infantilizm, cinsiyyət orqanlarının quruluş anomaliyalarından şühələnmək və ya onları aşkar etmək mümkün olur.
Müayinənin ikinci mərhələsi laborator və instrumental üsullarla aparılır. Funksional diaqnostika testləri (kolpositologiya, servikal seliyin müayinəsi, bazal hərarətin qrafikinin analizi) aybaşı siklinin xarakterini qiymətləndirməyə kömək edir. Bundan əlavə, reproduktiv sistemin funksional vəziyyətini təyin etmək üçün hormonal status müayinə edilməlidir. Bu məqsədlə onun əsas göstəriciləri -prolaktin, qonadotropinlər (FSH, LH), estradiol, testosteron, kortizol, tireoid (TTH,T3,T4) və s. hormonların səviyyəsi yoxlanılır. Bütün xəstələrdə floraya görə yaxmanın müayinəsi aparılır. Göstərişlərə əsasən bakterioloji analiz, PZR, İFA icra edilir.
Kiçik çanaq orqanlarının USM vasitəsilə anatomik qüsurlar, iltihabdan sonra yaranan dəyişikliklər, uşaqlıq və yumurtalıqların həcmli törəmələri müəyyən edilir. Follikulogenezin və ovulyasiyanın izlənilməsi üçün follikulometriyadan istifadə olunur. Birincili uşaqlıq və boru sonsuzluğunun diaqnostikasında USHSS və histerosalpinqoqrafiya böyük əhəmiyyət kəsb edir. Endovideocərrahi müayinə (laparoskopiya) adətən diaqnostikanın son mərhələsində tətbiq olunur.
Sonsuzluğun səbəblərini aşkar etmək üçün qalxanabənzər vəzinin USM, türk yəhərinin rentgenoqrafiyası, göz dibinin müayinəsi, görmə sahəsinin təyini, endokrinoloq, oftalmoloq, genetikin konsultasiyası tələb oluna bilər. Birincili sonsuzluğun kişi amilini istisna etmək məqsədilə eyni zamanda cinsi partnyorun müayinəsi (spermoqramma, xayalığın USM, androgen statusun qiymətləndirilməsi) məsləhət görülür. Postkoital test birincili sonsuzluğun xarakterini ehtimal etməyə imkan verir.
Birincili sonsuzluğun müalicəsi
Birincili sonsuzluğun müalicəsinin imkanları və effektivliyi bir sıra amillərlə: aşkar olunan əsas və yanaşı gedən patologiya, səbəbin aradan qaldırılması, köməkçi reproduktiv texnologiyanın tətbiqinin mümkün olması ilə müəyyən edilir. Bir sıra hallarda (məsələn, yumurtalıqlar və uşaqlığın olmaması zamanı) qadın şəxsi övlad dünyaya gətirə bilmədiyindən donor oositlərdən istifadə etməklə surroqat analıq xidməti və ya övladlığa götürmə məsləhət görülür.
Endokrin mənşəli birincili sonsuzluğun müalicəsi dəyişikliklərin xarakterindən asılıdır. Piylənmədən əziyyət çəkən xəstələrə dietik korreksiya, dozalanmış fiziki yüklənmə, medikamentoz müalicə təyin edilir. Cinsi infantilizmlə əlaqəli birincili sonsuzluqda estrogen və gestagenlərlə siklik hormonoterapiya, vitaminoterapiya, fizioterapiya (kiçik çanaq orqanları nahiyəsinə elektrofarez, ginekoloji massaj, balneoprosedur) tətbiq edilir. Hiperprolaktinemiyanın səbəb olduğu anovulyasiya zamanı bromkriptin preparatlarından istifadə olunur. Yumurtalıqların polikistoz dəyişiklikləri zamanı onların pazvari rezeksiyası və ya kauterizasiyası aparılır. Görülən tədbirlərdən sonra hamiləlik baş vermirsə, ümumqəbulolunmuş protokol üzrə ovulyasiyanın medikamentoz stimulyasiyası icra oluna bilər.
Boru sonsuzluğunun müalicəsi konservativ və cərrahi yolla aparılır. I mərhələdə fiizoterapiya, təbii amillərlə müalicə; enziomoterapiya, iltihabəleyhinə və immunomoduləedici terapiya; ferment və kortikosteroidlərlə hidrotubasiya tətbiq edilir. Gözlənilən nəticə əldə edilmədikdə laparoskopik adgeziolizis, salpinqektomiya, uşaqlıq borularının plastikası icra olunur.
Birincili sonsuzluğun immunoloji formasında 4-6 ay müddətində prezervativlərdən istifadə etmək məsləhət görülür; bəzi hallarda yalnız 1 üsulla- spermatozoidlərin servikal seliklə kontaktını istisna edən süni inseminasiya yolu ilə hamilə qalmaq mümkün olur. Səbəblərdən asılı olmayaraq birincili sonsuzluğun bütün formalarında psixoterapiya, fitoterapiya, iynərefleksoterapiya göstəriş hesab olunur. Təbii yolla mayalanma mümkün olmadıqda fertilliyin bərpasının alternativ üsulu EKM-in tətbiqidir.