Blefarit

Blefarit – kirpik dibinin ikitərəfli residivləşən iltihabıdır. Patologiya göz qapaqlarının kənarlarının qızarması və şişkinliyi, ağırlıq hissi və qaşınma, parlaq işığa yüksək həssaslıq, gözlərin tez yorulması, kirpiklərin anomal böyüməsi və tökülməsi ilə təzahür edir. Blefaritin diaqnostikası xarici baxış, görmə itiliyinin təyini, biomikroskopiya, bakterioloji əkilmə, kirpiklərin demodoksə görə analizinə əsaslanır. Müalicə konservativ tədbirlərdən (göz qapaqlarının gigiyenası, göz damcıları və məlhəmlərdən istifadə, göz qapaqlarının masajı və s.) ibarət olub, xəstəliyin səbəblərinin aradan qaldırılmasına yönəldilir.

Blefarit barədə ümumi məlumat

Blefarit göz qapaqlarının iltihabi xəstəliyidir. Onun populyasiyada rastgəlmə tezliyi təxminən 30%-dir.  Bu patologiya uşaqlarda da inkişaf edir, lakin xəstəliyin pik dövrü 40-70 yaşlara təsadüf edir. Blefarit  müalicəyə çətin tabe olur. Patologiyanın ağır formalı residivləşən gedişi xalazion, konyunktivit, keratitin inkişafına, görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilir.

Blefaritin yaranma səbəbləri

Blefarit müxtəlif amillərin təsirindən yarana bilir. İnfeksion blefaritlərə bakteriya (epidermal və qızılı stafilokokk), göbələk, gənələr; qeyri-infeksion formaya isə allergik agentlər, oftalmoloji xəstəliklər səbəb olur. İnfeksion blefaritlərin əsas törədicisi kirpiklərin tük kisəciklərini zədələyən stafilokokklardır. Blefaritin risk amillərinə badamcıqlar, paranazal sinuslar, ağız boşluğu və dəridə xroniki infeksiya ocaqlarının (tonzillit, haymorit, frontit, karies, impetiqo) olması aiddir.

Çox vaxt blefarit kirpik dibinin Demodex gənəsi ilə zədələnməsi nəticəsində formalaşır. Əksər insanlarda gənələr dərinin üzərində, tük follikullarında, piy vəzilərində məskunlaşır. Orqanizmin ümumi müqaviməti zəiflədikdə onlar aktivləşərək, göz qapaqlarının dərisində toplanır. Bu da blefaritin yaranmasına gətirib çıxarır. Etioloji amillər qismində bəzən I, II və III tip herpes virusları, kontagioz molyusk, hemofil çöpü, bağırsaq qrupundan olan bakteriyalar, mayayabənzər göbələklər və s. iştirak edir. Bir sıra hallarda blefarit konyunktivitlə birgə inkişaf edir (blefarokonyunktivit).

Qeyri-infeksion blefaritin inkişafı adətən görmənin korreksiya olunmayan patologiyaları (uzaqdan görmə, yaxından görmə, astiqmatizm), quru göz sindromu ilə müşayiət edilir. Qıcıqlandırıcılara (bitki tozcuqları, kosmetika, gigiyena vasitələri, dərman preparatları) qarşı yüksək həssaslığa malik olan insanlarda blefaritin allergik forması müşahidə edilir. Göz qapaqları kontakt dermatit fonunda da zədələnə bilər. Helmintoz, qastrit, kolit, xolesistit, vərəm, şəkərli diabet zamanı orqanizmin endogen allergizasiyası mümkündür. Belə hallarda meybom vəzilərinin sekretinin tərkibi dəyişir.

İmmun statusun zəifləməsi, xroniki intoksikasiya, hipovitaminoz, anemiya, havanın tüstü və tozlarla həddindən artıq çirklənməsi, külək, günəş şüaları blefaritin yaranmasına və kəskinləşməsinə təkan verir.

Blefaritin təsnifatı

Etiologiyasından asılı olaraq, blefaritlər 2 qrupa bölünür: infeksion və qeyri-infeksion. İltihabi prosesə yalnız kirpik dibinin cəlb olunması ön kənar blefarit; meybom vəzilərinin zədələnməsi arxa kənar, göz bucaqlarında iltihabi proseslərin dominantlıq təşkil etməsi isə anqulyar blefarit kimi qiymətləndirilir.

Klinik gedişinə görə blefaritin bir neçə forması ayırd edilir:

  1. Sadə
  2. Seboreyalı və ya pulcuqlu (adətən seboreyalı dermatiti müşayiət edir)
  3. Xoralı və ya stafilokokk mənşəli (ostiofollikulit)
  4. Demodekoz mənşəli
  5. Allergik
  6. Rozasea-blefarit (çəhrayı rəngli sızanaqlarla birgə müşahidə olunur)
  7. Qarışıq.

Blefaritin əlamətləri

Blefaritin istənilən formasının gedişi tipik təzahürlərlə: göz qapaqlarının ödemi və qızarması, qaşınma, gözlərin tez yorulması, qıcıqlandırıcılara (işıq, külək) qarşı yüksək həssaslıqla müşayiət olunur. Daimi xarakterli göz yaşı təbəqəsi görmə qabiliyyətini zəiflədir. Gözlərdən axan ifrazatlar kirpiklərin bitişməsinə səbəb olur. Kontakt linzalardan uzun müddət istifadə etmək mümkün olmur.

Sadə blefarit göz qapaqlarının kənarlarının qızarması və qalınlaşması, göz bucaqlarında ağımtıl-boz sekretin toplanması, konyunktivanın mülayim hiperemiyası, meybom vəzilərinin axacaqlarının genişlənməsi ilə xarakterizə edilir.

Pulcuqlu blefaritdə göz qapaqlarının qalınlaşmış və hiperemiyalaşmış kənarlarında qopmuş epitelin pulcuqları yığılır. Onlar kirpiklərin əsasına möhkəm birləşirlər. Dəri pulcuqlarına həmçinin qaşlarda və başın tüklü hissəsində rast gəlinir. Seboreyalı blefaritin gedişi kirpiklərin itirilməsi və ağarması ilə müşayiət oluna bilər.

Xoralı blefarit sarımtıl qapıqla örtülü xoralarla səciyyələnir. Qabığı təmizlədikdə xora qanayır. Onlar sağaldıqdan sonra formalaşan çapıqlar kirpiklərin normal şəkildə böyüməsinə mane olur (trixiaz). Ağır hallarda kirpiklər rəngsizləşir (polioz) və tökülür (madaroz), kirpiklərin ön kənarları isə hipertrofiyalaşır və büzüşür.

Demodekoz mənşəli blefarit üçün göz qapaqlarında daimi xarakterli dözülməz qaşınma xarakterikdir. Bu əlamət yuxudan ayıldıqda daha ifadəli olur. Kirpiklərin kənarları qırmızı yastıqcıqlar şəklində qalınlaşır. Gün ərzində gözlərdə kəskin ağrı yaranır, qatı axıntılar ifraz olunur. Möhtəviyyatın quruması və kirpiklərdə toplanması gözlərə qeyri-estetik görünüş verir.

Allergik blefaritin əlamətləri əksər hallarda qəflətən yaranır və hər hansı bir ekzogen faktorla əlaqəli olur. Xəstəlik göz qapaqlarının ödemi və davamlı qaşınması, gözlərdən selikli ifrazatların axması, işıqdan qorxma, gözlərdə kəskin ağrı ilə müşayiət olunur. Göz qapaqlarının dərisinin tündləşməsi («allergik göyərmə») allergik blefaritin tipik əlaməti sayılır.

Rozasea-blefarit zamanı dəridə  uclarında irinliklər olan kiçik ölçülü, bozumtul-qırmızı düyünlər əmələ gəlir.

Blefarit konyunktivit, «quru göz» sindromu, keratit, kəskin meybomitin əlamətləri, xalazion, itdirsəyi, buynuz qişanın xoralarının inkişafı ilə müşahidə oluna bilir. Blefaritlər adətən xroniki gedişə malik olur. Residivlər uzun illər ərzində təkrarlanır.

Blefaritin diaqnostikası

Diaqnoz şikayətlər, göz qapaqlarına baxış, laborator müayinələr əsasında qoyulur. Diaqnostika prosesində görmə itiliyi təyin olunur. Göz qapaqlarının kənarları, konyunktiva, göz alması, buynuz qişanın vəziyyətini qiymətləndirmək üçün gözün biomikroskopiyasından istifadə edilir. Hipermetropiya, miopiya, presbiopiya, astiqmatizmi aşkar etmək məqsədilə refraksiyanın və akkomodasiyanın vəziyyəti təhlil edilir.

Demodekoz blefariti təsdiq etmək üçün kirpiklərin Demodeks gənəsinə görə mikroskopik analizi aparılır. İnfeksion blefaritdən şübhələndikdə konyunktivadan götürülmüş yaxmanın mikrobioloji əkilməsi icra olunur. Allergik xarakterli blefaritdə allerqoloq-immunoloqun konsultasiyası, allergik sınaqlar göstəriş sayılır. Qurd invaziyasını inkar etmək üçün nəcisin qurd yumurtalarına görə analizi təyin olunur.

Göz qapaqlarının kənarlarının hipertrofiyası ilə müşayiət olunan uzunmüddətli blefarit piy vəzilərinin xərçəngi, yastı və ya bazal hüceyrəli xərçənglə differensiasiya edilir. Bu məqsədlə biopsiya aparılır, toxuma nümunələri histoloji müayinəyə göndərilir.

Blefaritin müalicəsi

Blefaritin müalicəsi konservativ yolla icra olunur. Etioloji faktorlar nəzərə alınmaqla yerli və sistemli terapiya tətbiq edilir. Adətən blefaritin müalicəsində dar ixtisaslı mütəxəssislərin (otolarinqoloq, stomatoloq, dermatoloq, allerqoloq, qastroenteroloq) konsultasiyası, xroniki infeksiya ocaqlarının sanasiyası, dehelmintizasiya, qidalanmanın normaya salınması, evdə və işdə sanitar-gigiyena şəraitinin yaxşılaşdırılması, immunitetin möhkəmləndirilməsi tələb olunur. Refraksiya pozğunluqları eynək və ya lazer vasitəsilə korreksiya edilir.

Blefaritlərin topik terapiyası xəstəliyin formasına müvafiq olur. İstənilən etiologiyalı blefaritin müalicəsində göz qapaqlarının gigiyenası, əvvəlcədən penisillin və ya sulfasil məlhəmi çəkərək, nəm tamponla pulcuqların və qabıqların təmizlənməsi, konyunktiva boşluğuna sulfasetamid məhlulunun damızdırılması, kirpik kənarlarının brilliant abısı ilə işlənməsi, göz qapaqlarının masaj edilməsi mütləqdir.

Xoralı blefaritdə kortikosteroid və antibiotiklərdən ibarət (deksametazon+gentamisin, deksametazon+ neomisin+polimiksin B) məlhəmlərdən istifadə edilir. Konyuntivit və kənar keratitdə müalicə sxeminə analoji göz damcıları əlavə olunur. Buynuz qişa xoralaşdıqda dekspantenol tərkibli göz damcısı təyin edilir.

Seboreyalı blefarit zamanı hidrokortizon əsaslı göz məlhəmləri, «süni göz yaşının» instillyasiyaları göstəriş sayılır. Demodekoz mənşəli blefaritin terapiyasında ümumi gigiyenik tədbirlərdən əlavə xüsusi antiparazitar məlhəmlərə (metronidazol, sink-ixtiol), qələvi damcılarna üstünlük verilir; metronidazolla sistemli terapiya aparılır.

Allergik blefaritlərdə allergenin uzaqlaşdırılması, allergiya əleyhinə damcıların (lodoksamid, natrium-kromoqlikat) instillyasiyası, göz qapaqlarının kortikosteroid tərkibli göz məlhəmləri ilə işlənməsi, antihistamin preparatların qəbulu tələb olunur. Rozasea-blefaritdə tetrasiklin və ya doksisiklin 2-4 həftə ərzində daxilə təyin edilir.

Blefaritlərin sistemli müalicəsinə vitamin və immunostimulyatorların tətbiqi, autohemoterapiya daxildir. Yerli və ümumi terapiyanın fizioprosedurlarla (UYT, maqnitoterapiya, elektrofarez, darsonvalizasiya, UBŞ) müştərək şəkildə aparılması effektiv hesab edilir.

Blefaritin ağırlaşmış formalarında cərrahi müalicə müalicə: xalazionun xaric edilməsi, trixiaz zamanı göz qapaqlarının plastikası, göz qapaqlarının çevrilməsinin korreksiyası tələb oluna bilər.

Blefaritin proqnoz və profilaktikası

Blefarit vaxtında müalicə olunduqda görmə qabiliyyəti saxlanıla bilər. Xəstəliyin uzunmüddətli, residivləşən gedişi xalazion, itdirsəyi, trixiaz, xroniki blefarokonyunktivit, keratitin inkişafı, kirpik dibinin deformasiyası, görmə funksiyasının pozulması ilə nəticələnə bilər.

Blefaritin profilaktik tədbirlərinə xroniki infeksiyaların, piy vəzilərinin disfunksiyasının müalicəsi, allergenlərin kənarlaşdırılması, refraksiya anomaliyalarının korreksiyası, əmək və məişət şəraitinin sanitar-gigiyena nöqteyi-nəzərdən yaxşılaşdırılması daxildir.

error: Content is protected !!